“Sonra qəribə bir hərəkət etdi. Sağ əlini yumub stolun üstünə vuraraq qısa bir “türk şarkısı” söylədi.”-Gülər Eldarqızı həkim,şair Oqtay Şəfioğludan yazır…

 

Peşəkar həkim, Istedadli şair…
Hardasa bir ayın söhbətidir. Rəfiqəmin oğlunun bərk xəstələndiyini eşidib zəng etdim, hal-əhval tutdum. Dedi, vəziyyəti çox ağırdır. Təcili əməliyyat olunmalıdır.
Həkim müayinəsindən sonra nəticə belə idi: – “Th12 fəqərə cismi səviyyəsində onurğa beynini ikiyə ayıran 13 mm. uzunluğunda, 3 mm. diametrində sümük arakəsmə (diastematomieliya) . -Conusmedularis hər iki yarımda mielopatiyaya bağlı siqnal artışı”…
Bu diaqnoz çox ağır bir “onurğa” əməliyyatından xəbər verir. Bildirdi ki, Azərbaycanda heç bir həkim bu əməliyyatı risq edib öhdəsinə götürmək istəmir. Çarəsi uşağı ancaq Almaniyaya aparmağa qalıb.
Dəqiq məlumata görə orada bu xəstəliyin öhdəsindən gələn həkimlər var.
Amma imkan hardadı?! Elə böyük məbləğdən danışırlar ki, yazıq qız bilmir nə etsin. Bütün qohumlar maddi yardım edib. Özü də dost-tanışdan çoxlu pul borc götürüb. Bu az imiş kimi yaşadığı evi də təcili satışa qoyub.
Bəli, nə etməli? Övlad varlığının şirinliyini bütün valideynlər bilir. Bir də rəfiqəm onu qeyd etdi ki, bu qohum evliliyindən yaranma qüsurdur. Amma çox gecdir. İndi təcili tədbir görməliyik. Əks halda 13 yaşlı yeganə oğlu ömürlük yataq xəstəsi ola bilər.
Çox düşünüb-daşınandan sonra Oqtay adlı şairi xatırladım. Onu tədbirlərdə, kitab təqdimatlarında tez-tez görürdüm. Haqqında eşitmişdim ki, “onurğa” həkimidir. Həm də mükəmməl bir həkim olduğunu demişdilər.
Dərhal Oqtay bəylə əlaqə saxladım. Vəziyyət barədə danışdım. Dedi, xəstəni görməsəm heç nə deyə bilmərəm.
Beləcə, rəfiqəmlə danışıb onun çalışdığı “Medical house” tibb mərkəzinə getdik. Bizi gülərüzlə qarşıladı. “MRT”cavabını nəzərdən keçirdikdən sonra xəstəyə baxış keçirdi. Hardasa 20 dəqiqə keçdikdən sonra qəribə bir hərəkət etdi. Sağ əlini yumub stolun üstünə vurub qısa bir “türk şarkısı” söylədi. Həmişə ciddi görkəmdə gördüyüm bu insanın hərəkətini anlamadım. Rəfiqəmlə məəttəl halda bir-birimizə baxdıq. Köməkçisi Aysel xanım isə gülümsədi. Sən demə Oqtay həkim çarəsi tapılan, müalicəsi baş tuta bilən xəstələri ilk müayinə etdikdən sonra bu hərəkəti edirmiş. Deməli bu- “hər şey yaxşı olacaq” demək idi.
O anda rəfiqəmin göz yaşları məni də kövrəltdi. O, gülümsəyərək ağlayırdı. Bu sevinc göz yaşları idi.
O gündən bir neçə gün ötdükdən sonra səhhətimdə ağırlıq hiss etdiyim üçün işdən 20 günlük məzuniyyət götürüb dincəlmək qərarına gəldim. Həm də bir az yazılarım var idi. Onları bitirməli idim. Yaradıcılıqla məşğul olanda isə demək olar ki, ətrafdan təcrid oluram. Sosial şəbəkədən və telefon əlaqələrindən uzaqlaşıram.
Bir gün rəfiqəmi, əsasən də oğlunu fikirləşəndə insafa gəlib zəng etdim, səhhəti ilə maraqlandım. Yenə kövrəldi. Səsi o qədər titrək idi ki, sözlərini başa düşə bilmirdim. Nəhayət özünü toplayıb danışdı. Oğlunun artıq əməliyyat olunduğunu və ayağa qalxıb asta-asta addımladığını dedi. İnana bilmədim. Deməli, o görüşdən sonra Oqtay həkim 10 gün mütəmadi olaraq xəstənin onurğa sinir sistemində manualterapiya proseduralarını keçirib. Dəqiq təyin etdiyi müalicə ilə təhlükəni aradan qaldıraraq xəstənin əməliyyatına tam zəmanət verərək onu “Baku Medical Plaza” tibb mərkəzində çalışan Tural adlı gənc cərraha yönləndirib. Özü də  əməliyyatdan sonra da bir neçə dəfə xəstəyə baş çəkib. Nə deyəsən, nə söz tapasan belə böyük ürəkli, xeyirxah, təmənnasız insan haqda yazmağa…
Qələm də acizlik çəkir. Eşitdiklərimə çox sevindim. Çox da böyük məbləğ təşkil etməyən əməliyyat uğurlu alınmışdı. Rəfiqəm indi öz evində, ailəsi və sağlam övladı ilə birlikdə özünü xoşbəxt hiss edir. Dərhal zəng edib Oqtay həkimə təşəkkürlərimi bildirdim.
“Tərifə ehtiyac yoxdur, Gülər xanım. Nə etmişəm ki… Öz həkimlik borcumu yerinə yetirdim mən…”- dedi.
Kaş ki, bütün insanlar çalışdığı peşədə belə peşəkar və xeyirxah olaydı. Elə olsa idi xalqımız böyük xalq, cəmiyyətimiz böyük cəmiyyət adına layiq görülərdi.
Qısa da olsa Oqtay Şəfioğlunun tərcümeyi-halına nəzər salaq:
Həşimov Oqtay Şəfi oğlu 1956-cı ildə Azərbaycanın Qax rayonunda doğulub. 20 il İstanbulda yaşayıb, ömrünün 40 ilini manual terapiya sahəsinə həsr edib. Azərbaycanda yaşadığı müddətdə Qax rayonunda böyrək xəstəlikləri üzrə pansionatda, Bakıda “8-ci km”də yerləşən köhnə 26-lar klinikasında fizioterapi üzrə, 28 Mayda yerləşən könə Kirov adına xəstəxanada Qarabağ yaralıları ilə və s. çalışıb. Cüdo üzrə 3-cü dan Qara Kəmər sahibi, idman sahəsi üzrə İdman universitetində dərs demiş, peşəkar idmançıların yetişdirilməsində böyük rolu olmuşdur. Türkiyədə yaşadığı müddətdə bilik və təcrübələrini vücudun biomexanik sistemi üzərinə yönəltmiş, işində daha da mükəmməlləşmiş, tanınmış mütəxəssis olaraq çalışmışdır. Aydın Universitetində Türkiyə iş adamlarının 55-60 yaş üzərində insanların yaşam tərzləri haqqından seminarlar verib, Kazım Qarabəkir vəqfinin doğal sağlıq danışmanı, Kayseri problemli uşaqlar mərkəzinin yeriməyən, əlil doğulan uşaqlar üzərində böyük uğurlara imza atmış manual terapevti və s. olaraq çalışmışdır. Gənc yaşlarından şeirlər yazır, R.Z Xəndanın yetirməsi olmuşdur.
2019-cu il yanvarın 6-da “Azərkitab kitab təbliğatı mərkəzində” yeni işıq üzü görmüş “Yağmur mələyi” adlı ilk şeirlər kitabının təqdimatı keçirildi. Oqtay Şəfioğluna uzun ömür, can sağlığı, həm bədii yaradıcılıq, həm də həkimlik peşəsində uğurlar diləyirəm.
Sonda “Yağmur mələyi”ndən qısa parçaları dinləyək:
“Güneşin batışını, ayın çıkışını izlədinmi hiç?
Güneş gibi umutlu, sıcacık başlarız bu hayata…
Ay gibi sönük-sönük bakarız sonra keçmişe,
Ağır- ağır batarız…”
“Ölende acılarıma sarıyın beni,
Çok çekdiyim yetimlik acılarıma…
Mezarıma su dökmeyin,
Sevgilimin göz yaşları bana yeter…”
Gülər Eldarqızı

FOTOLAR:

Share: