Rus və türk orduları üz-üzə: “Açıq toqquşma gedir” – İdlibdə son durum

“Mövcud reallıqda Suriya və ümumilikdə, Yaxın Şərqdə dayanıqlı sülh və stabilliyin əsası Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşmasından asılıdır. Bunun da yolu, iki ölkə arasında əldə olunacaq razılaşmalardan keçir”.

Müstəqil.Az bildirir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Ekspertin fikrincə, Türkiyə Suriyanın şimalındakı əməliyyatları iki istiqamətdə – daxili təhlükəsizliyini, özünün və tərəfdaşlarının maraqlarını qorumaq məqsədilə həyata keçirir:

“Türkiyə özünü separatizm və terrordan, tərəfdaşları isə Avropanı Yaxın Şərqdən gələn, qitədə iqtisadi-siyasi fəsadlara yola aça biləcək təhlükələrdən qoruyur. Hesab edirəm ki, Türkiyənin dövlət sərhədlərinin təhlükəsizliyini təmin etmək hüququ var, bu ölkə illərdir 3 milyona yaxın suriyalı qaçqını himayəsində saxlayır.

Rusiyanın Suriyadakı mövcudluğuna gəlincə, Yaxın Şərq tarixən istər siyasi, istər iqtisadi, istərsə də ideoloji olaraq Moskvanın maraq dairəsində olub. Ən əsası isə Rusiya Suriya üzərindən Qərblə geosiyasi mübarizədə balansını qorumağa çalışır. Bu bölgənin 1990-cı illərdə Rusiyanı cənginə alan terror və separatizm dalğasının yayılmasında ideoloji mərkəz rolu oynadığını da xatırlamaq lazımdır. Başqa sözlə, hər iki ölkənin Suriyada həyati əhəmiyyət kəsb edən maraqları var”.

Bölgədə fəlakətə səbəb ola biləcək açıq Rusiya-Türkiyə toqquşması ehtimalına gəlincə, Yeganə Hacıyeva hesab edir ki, faktiki olaraq belə bir toqquşma artıq baş verir:

“Artıq prezidentlər səviyyəsində görüş razılaşdırılıb, bu görüş də Moskvada keçiriləcək. Bundan başqa, Fransa və Almaniyada tərəflər arasında ortaq dil tapmağa cəhd edir. Yəni, Ankaranın suriyalı qaçqınlar üçün Türkiyə-Avropa sərhədlərini açması, son bir neçə gün ərzində 80 mindən çox miqrantın Avropaya üz tutması illərdir seyirçi mövqedə dayanan Avropa İttifaqı ölkələrini hərəkətə gətirib.

Amma onu da qeyd edə bilərəm ki, artıq Rusiya tarixən arzuladığı Yaxın Şərq regionuna tam təsir imkanları əldə etmək üçün Türkiyəni ram etmək xülyasında deyil. Rusiyanın buna gücü çatmaz, Türkiyənin müasir standartlara cavab verən ordusu və NATO kimi müttəfiqi var”.

Politoloq Rusiya-Türkiyə gərginliyini zəiflədəcək digər amillərin olduğunu da bildirib:

“Türkiyə qaz ehtiyacının 58 faizini Rusiyadan təmin edir, hər il çoxsaylı rusiyalı turist Türkiyə kurortlarında dincəlir və bu, iqtisadiyyata böyük töhfədir. Fikrimcə, Moskvanın bu mövzuda diqqətə almalı olduğu bir neçə məqam var ki, bunlardan da ən əsası, aparıcı dünya dövlətlərinin Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməsidir. Belə bir vəziyyətdə Türkiyənin Rusiyanı təkləməyə çalışan bloka qoşulmaması, Moskvanının lehinə olan amillərdən biridir.

Hesab edirəm ki, hazırkı durumda Türkiyədən Avropaya uzanan miqrant dalğasının qitədə yaradacağı fəsadların siyasi nəticələri Rusiyanın işinə yarayacaq. Nəzərə alsaq ki, irəlidə Avropanın aparıcı dövlətlərində seçkilər keçiriləcək, o zaman qitə dövlətlərinin bu məsələyə həssaslığını anlamaq olar. Buna görə də, düşünürəm ki, Rusiya və Türkiyə arasında Suriya məsələsində fikir ayrılıqları olsa da, bu gərginlik uzun müddət davam etməyəcək”.

Mənsur

Share: