SEVGİNİN “GÖZ YAŞLARI” – Tofiq Əmrahın şeirləri

SEVGİNİN “GÖZ YAŞLARI” – Tofiq Əmrahın şeirləri

 

Sevgidən danışma, a qardaş,

naləyə, kədərə dönəcəyəm mən…

Bir vaxtlar sevgi deyəndə

ürəyimdə güllər açardı.

İndi isə o sözün özü

içimdə yaraya çevrilib.

 

Sevgi vardı…

İki insanın bir-birinə baxışında

sözə ehtiyac qoymayan bir sevgi.

Bir baxışla min cümlə danışılırdı.

Bir gülüşlə bütün dünya işıqlanırdı.

Amma tale onların sevincinə

çox da uzun ömür vermədi.

 

Nə oldu?

 

Kim günahkar idi?

 

Bəlkə zaman…

Bəlkə insanların dili…

Bəlkə susmağı bacarmayanlar,

bəlkə də vaxtında danışmayanlar

 

Amma bir həqiqət vardı:

sevgi bitməmişdi —

sadəcə, yaşanmağa imkan tapmamışdı.

 

Onlar ayrıldılar.

 

Biri öz yoluna getdi,

digəri başqa bir yola.

Lakin insanın ayaqları

ürəyinin getmək istədiyi yerə

həmişə gedə bilmir.

 

İllər keçdi…

 

Üzlər dəyişdi,

saçlara dən düşdü,

həyat öz hökmünü verdi.

Amma bir xatirə vardı ki,

illər onu qocalda bilmədi.

 

O gün…

 

O baxış…

 

O yarımçıq qalan cümlə…

 

Və deyilməyən son söz.

 

Bəzən insan bir sevgini itirmir,

onu içində yaşadır.

Sadəcə, heç kimə göstərmir.

 

Gecələr hamı yatanda

ürəyinin qapısını sakitcə açır,

illər əvvəl qalan o insanı

yenidən qarşısında görür.

 

Sonra bir damla yaş…

 

Ardınca ikinci…

 

Və insan anlayır ki,

bəzi sevgilər gözlərdən getmir,

göz yaşına çevrilib orada yaşayır.

 

Sevgidən danışma, a qardaş…

 

Mən o sevgini çoxdan dəfn etmişəm,

amma qəbrinin üstünə

hələ də hər bahar bir gül qoyuram.

 

Bəlkə ona görədir ki,

o sevgi ölməyib.

 

Sadəcə…

 

yarıda qalıb.

 

Və yarıda qalan sevgilər

tamamlanan sevgilərdən daha çox yaşayır.

 

Çünki onların sonu yoxdur…

 

Sonu olmayan hər şey kimi,

onların da bir ümid qapısı var.

 

Bəlkə bir gün…

 

Bəlkə başqa bir ömürdə…

 

Bəlkə də heç vaxt…

 

Amma insan ürəyində

bir dəfə həqiqətən sevibsə,

o sevginin göz yaşları

ömür boyu susmur.

Dost idik onunla.

 

Aramızda yaş fərqi olsa da, sirrimiz bir idi. Bir-birimizdən heç nəyi gizlədə bilməzdik. İstəsək də, istəməsək də, ürəyimizdə olanı bir-birimizə danışardıq.

 

Bəlkə də dostluğun ən böyük xoşbəxtliyi elə budur — yanında özünü gizlətməyə ehtiyac duymadığın bir insanın olması…

 

Bir gün o, gündəliyini mənə verdi.

 

Bir qədər susdu. Sonra gözlərini məndən qaçıraraq sakitcə dedi:

 

— Oxu, qardaşım… oxu. Yarıda qalan, tamamlanmayan bu həyatımı oxu…

 

Gündəliyi əlimə aldım.

 

Vərəqlədim.

 

Oxudum…

 

Yetmişinci illərin söhbəti idi.

 

O vaxt mən gənc idim. İyirmi yeddi yaşım vardı. Böyük bir təsərrüfata rəhbər təyin olunmuşdum. Gecə-gündüz həvəslə çalışırdım. Planlar, öhdəliklər, təsərrüfatın qayğıları… Hər günün öz işi, hər işin öz məsuliyyəti vardı.

 

Rayon rəhbərliyi arasında xeyli hörmət qazanmışdım. Hətta mənə böyük etimad göstərirdilər.

 

Hər il sanatoriya-kurortlara göndərilirdim. Soçi, Kislovodsk, Krım, Yalta

 

Hər biri ayrı bir xatirə idi.

 

Amma həmin il nədənsə getmək istəmədim.

 

Öz-özümə dedim:

 

— Bu dəfə uzaqlara getməyəcəyəm. Elə öz sanatoriyalarımızdan birində dincələrəm.

 

Mərdəkan-Günəşli sanatoriyasını seçdim.

 

Onda bilmirdim ki, insan bəzən istirahət etmək üçün getdiyi bir yerdən bütün ömrünü dəyişdirən bir xatirə ilə qayıdır.

 

Mən də bilmirdim…

 

Mərdəkan-Günəşli mənim üçün sadəcə bir sanatoriya olmayacaqdı.

 

Orada keçirdiyim günlər həyatımın ən gözəl və ən ağrılı səhifəsinə çevriləcəkdi.

 

Elə hər şey də oradan başladı…

 

Sanatoriyaya çatdığım gün hava sakit idi. Dənizdən gələn yüngül meh adamın üzünə toxunur, sanki bütün yorğunluğunu özü ilə aparırdı.

 

Mən isə illərin iş yükündən sonra ilk dəfə idi ki, heç nə haqqında düşünmədən bir neçə gün keçirmək istəyirdim.

 

Səhər tezdən dənizin sahilinə düşürdüm. İnsanlara baxır, onların söhbətlərini dinləyir, bəzən də tək-tənha gəzirdim.

 

Həmin gün də belə idi.

 

Sahil boyu gedirdim.

 

Birdən…

 

Bir qadın gördüm.

 

İlk baxışda onun kim olduğunu, haradan gəldiyini bilmirdim.

 

Amma qəribə bir hiss keçirdim içimdən.

 

Sanki onu ilk dəfə görmürdüm.

 

Sanki haradasa, nə vaxtsa, başqa bir zamanda onunla rastlaşmışdım.

 

O mənə baxdı.

 

Mən ona…

 

Və həmin bircə baxışın içində

illərlə davam edəcək bir sevginin ilk işığı yandı.

 

O zaman bilmirdim ki,

bəzi baxışlar insanın ömrünə təsadüfən gəlmir.

 

Bəzən bir baxış

bir ömrün başlanğıcı olur.

 

Bəzən isə…

 

yarıda qalacaq bir ömrün.

Bəli, bəli…

 

Çox vaxt göz deyəni ürək deyə bilmir axı.

 

Ürək nə çəkirsə, içində çəkir.

Nə deyirsə, özü-özünə deyir.

 

İnsan bəzən bir baxışla min söz söyləyir, amma dilindən bircə kəlmə də çıxmır.

 

O gecə yata bilmədim.

 

Gözlərimi yumurdum, qarşıma onun baxışları gəlirdi. Gözlərimi açırdım, yenə onu düşünürdüm.

 

“Bu nədir belə?” — deyə öz-özümə sual verirdim.

 

Axı onu cəmi bir dəfə görmüşdüm.

 

Bircə baxış…

 

Bircə baxış insanın gecəsini belə dəyişə bilərdimi?

 

Səhər açıldı.

 

Sanatoriyada ilk günüm idi. Həkim qəbuluna getməli idim. Kitabçamı əlimə aldım. Otağın nömrəsinə, həkimin adı və soyadına baxdım.

 

Qapının qarşısına çatdım.

 

İcazə istəyib otağa daxil oldum.

 

Və…

 

İlahi!

 

O idi!

 

Dünən səhər göz-gözə gəldiyimiz həmin xanım…

 

Bir anlıq elə bildim ki, nəfəsim kəsildi.

 

Vücudum əsdi.

 

O da məni görəndə bir anlığa özünü itirdi. Baxışlarında dünənki təəccübün davamını gördüm.

 

Amma özünü ələ aldı.

 

Sanki heç nə olmamış kimi, sakit görünməyə çalışaraq dedi:

 

— Əyləşin…

 

Səsində isə gizlətməyə çalışdığı bir titrəklik vardı.

 

Mən əyləşdim.

 

Amma nə oturduğumu, nə də qarşısında nə etdiyimi anlayırdım.

 

O, kitabçama baxırdı.

 

Mən isə ona…

 

Bir neçə saniyəlik sükut yarandı.

 

Həkim kimi suallar verməli idi.

 

Mən xəstə kimi cavab verməli idim.

 

Amma ikimiz də dünəndən bəri içimizdə yaranan o qəribə duyğunu bir-birimizdən gizlətməyə çalışırdıq.

 

Nə o soruşa bilirdi,

nə mən danışa bilirdim.

 

Gözlərimiz isə bizdən xəbərsiz

bir-birinə söz deyirdi.

 

Bəlkə də həmin an

ikimizin də ürəyindən eyni fikir keçdi:

 

“Kaş bu görüş heç bitməyəydi…”

 

Amma insan ürəyinin yazdığı ssenarini

həmişə ağıl idarə edə bilmir.

 

O gün mən həkim qəbuluna gəlmişdim.

 

Amma bilmirdim ki,

əslində taleyimin qəbuluna gəlmişəm.

 

Və bilmirdim ki,

bu qısa görüş

illər sonra bir gündəliyin saralmış vərəqlərində

mənə belə bir cümlə oxudacaq:

 

“Qardaşım, oxu…

Mənim yarıda qalan sevgimi oxu…”

Demək olar ki, vurulmuşduq bir-birimizə. Nə o məndən ayrı dura bilirdi, nə də mən ondan. Mənim tərcümeyi-halımı tam bilirdi. Pasportumdakı “subay” möhürünə kimi yoxlayıbmış.

 

Putyovkanın müddəti qurtarmaq üzrə idi. Bir gün mənə dedi:

 

— Ülvi, bu gecə növbətçiyəm…

 

Sözünü eşidən kimi ürəyimdən bir istilik keçdi.

 

— Ürəyimdən oldu, həkim.

 

Bir qədər susdu. Sonra səsini alçaldıb əlavə etdi:

 

— İndiyə kimi sənə demədiklərimi deyərəm. Sən də demədiklərini, içində saxladığın sirləri mənə deyərsən. Sonra… yekun qərara gələrik.

 

O, ilıq bir təbəssümlə başını tərpətdi.

 

Mən isə həmin andan gecənin tez gəlməsini gözləməyə başladım.

 

Elə bil gecə ilə birlikdə həyatımın da taleyi gələcəkdi.

 

Saatlar keçmək bilmirdi. Günəşin batmasına, sanatoriyanın həyətinə qaranlığın çökməsinə az qalırdı. Hərdən öz-özümə deyirdim: “Görəsən, nə deyəcək? Mənə ürəyində saxladığı hansı sirri açacaq?”

 

Bəlkə də mənim düşündüklərimi düşünürdü.

 

Bəlkə də bu gecə ikimizin də həyatında yeni bir səhifə açılacaqdı.

 

Amma insan ürəyi qəribədir…

 

Ən xoşbəxt olacağını düşündüyü anın içində belə, gələcəkdə onu hansı ağrının gözlədiyini bilmir.

 

Mən isə hələ heç nədən xəbərsiz idim.

 

Sadəcə sevirdim.

 

Və inanırdım ki, bu sevgi bizi bir-birimizə qovuşduracaq.

Gəlmişdi… Növbəyə gəlmişdi Ülkər həkim.

 

Bizim mərtəbədə yenə üz-üzə gəldik. Bir anlıq gözlərimiz toqquşdu. Elə bil gözlərimiz danışır, bir-birinə əhd-peyman edirdi. Sözə ehtiyac yox idi. Hər şeyi baxışlarımız deyirdi.

 

Onun nə düşündüyünü bilmirəm. Amma mənim fikrim qəti idi. Ürəyim bu ayrılığa necə dözəcəkdi, onu bilmirdim…

 

“Yox, yox!” — dedim öz-özümə. “Qəti qərara gəlməliyik. Beləcə ayrılıb getmək olmaz.”

 

Otağıma qayıtdım.

 

Bir qədər sonra tibb bacısı gəlib dedi:

 

— Ülvi həkim sizi otağına çağırır.

 

Ürəyim bir anlıq dayandı sanki.

 

Deməli, vaxt gəlib çatmışdı.

 

Sakit görünməyə çalışsam da, içimdə tufan qopurdu. Addımlarımı onun otağına tərəf yönəltdim.

 

Qapının qarşısında bir anlıq dayandım. Nəfəsimi dərdim. Sonra qapını döydüm.

 

— Gəl…

 

Səsini eşidən kimi ürəyim daha sürətlə çırpınmağa başladı.

 

Qapını açıb içəri girdim.

 

Ülkər həkim qarşımda idi.

 

O da həyəcanlı görünürdü. Bir neçə saniyə heç birimiz danışmadıq. Sükut otağı bürümüşdü.

 

Mən onun gözlərinə baxdım.

 

O da mənim gözlərimə…

 

Bu dəfə baxışlarımız əvvəlki kimi deyildi.

 

Bu baxışlarda sual da vardı, cavab da.

 

Sevgi də vardı…

 

Və ayrılıq qorxusu da.

 

Nəhayət, Ülkər sakitcə dedi:

 

— Otur, Ülvi… Bu gecə çox şey danışacağıq.

— Bəlkə divanda əyləşək, həkim?

 

— Əyləşək, müdir, əyləşək…

 

Hər ikimiz gülüşdük.

 

Bu gülüşdə bir az həyəcan, bir az utancaqlıq, bir az da yaxınlaşmağın sevinci vardı.

 

Dedim:

 

— Bəlkə rəsmiyyətdən uzaqlaşaq? Elə adımızla müraciət edək.

 

— Oldu, müdir, oldu…

 

— Yenə “müdir”?

 

— Yaxşı, yaxşı… Ülvi müəllim!

 

— Bax belə, Ülkər xanım!

 

Yenə gülümsədik.

 

Sonra divanda yanaşı əyləşdik. Əlləri əllərimdə, gözləri gözlərimdə idi. O an mənə elə gəlirdi ki, dünyada ikimizdən başqa heç kim yoxdur.

 

Ürəyimdə qəribə bir həyəcan vardı. Ona getdikcə yaxınlaşmaq, dodaqlarımı yanaqlarında gəzdirmək istədim.

 

Sanki bunu gözlərimdən oxudu.

 

— Olmaz… — dedi astadan.

 

Mən dayandım.

 

Bir an sonra başımı qollarının arasına aldı.

 

— Mən öpərəm… — dedi.

 

Və öpdü də.

 

O öpüşdə nə şəhvət, nə də tələskənlik vardı. Sanki çoxdan bir-birini axtaran iki ürəyin səssiz görüşü idi.

 

Mən təəccüblə soruşdum:

 

— Bəs mən niyə?

 

İlıq bir təbəssümlə üzümə baxdı.

 

— Səbəbini sonra bilərsən…

 

Bir qədər susdu. Sonra gözlərimin içinə baxaraq dedi:

 

— Hələ sınaq dövründəyik, Ülvi…

 

Bu sözlər məni həm düşündürdü, həm də gülümsətdi.

 

— Deməli, mən imtahan verirəm?

 

— Bəli.

 

— Bəs imtahanın nəticəsi nə vaxt məlum olacaq, Ülkər?

 

Gülümsədi.

 

— Vaxtı çatanda…

 

Mən onun əllərini daha möhkəm sıxdım.

 

O gecə başa düşdüm ki, sevgi yalnız bir-birinə sarılmaq, öpüşmək deyilmiş. Sevgi həm də gözləmək, inanmaq və qarşısındakı insanın ürəyinə toxunmadan əvvəl onun ruhunu tanımaq imiş.

 

Amma mənim içimdə bir sual vardı:

 

Görəsən, Ülkərin “sınaq dövrü” dediyi bu yolun sonunda bizi nə gözləyirdi?

 

Yuxusuz qalmışdıq hər ikimiz…

 

Amma bunun fərqində deyildik. Çünki ortada saf məhəbbət, təmiz sevgi vardı. Gecənin necə keçdiyini, səhərin necə açıldığını hiss etmirdik. Sanki zaman bizim üçün dayanmışdı.

 

Ülkər bir gün mənə dedi:

 

— Ülvi, sən əlavə on gün qala bilərsən?

 

Bir anlıq susdum. Onun bu sözünün arxasında gizlənən arzunu başa düşdüm.

 

— Çalışaram… — dedim.

 

Elə həmin gün raykomun köməkçisinə zəng etdim. Vəziyyəti izah etdim, əlavə on gün qalmağıma icazə istədim.

 

Sağ olsunlar, razılıq verdilər.

 

Bu xəbər mənim üçün adi bir icazə deyildi.

 

Sanki mənə ömrümdən daha on gün bağışlamışdılar.

 

Ülkərə xəbər verəndə üzündə elə bir sevinc yarandı ki, o təbəssümü bu gün də xatırlayıram.

 

Daha on gün…

 

On gün bizə çox uzun görünürdü.

 

Elə bil bu on günün içində bütün gələcəyimizi yaşayacaqdıq.

 

Amma bilmirdik ki, insanın taleyində bəzən on gün bir ömrə sığacaq qədər böyük olur…

 

Və bəzən bir ömür boyu xatırlanacaq günlər cəmi bir neçə gecənin içində yaşanır.

Yenə üz-üzə, göz-gözəydik. Gecə Sanatoriyanın çiçəklərə bürünmüş parkına öz səssizliyini yaymışdı. Ay bərq vururdu başımızın üstündə. Elə bil göydən enib bu gecəyə şahidlik edirdi. Şahidlikmi edirdi bu sevgiyə, bu məhəbbətə?..

 

Mən ona baxıb astadan dedim:

 

— Ülkər, yenə olmaz?

 

O bir müddət susdu. Gözlərini gözlərimdən qaçırdı. Sonra dərin bir nəfəs alıb sakit səslə dedi:

 

— Sənə bir əhvalat danışım… Bəlkə ondan sonra…

 

Sözünün ardını gətirmədi.

 

Mən səbirsizliklə soruşdum:

 

— Hansı əhvalat?

 

O, yenə susdu. Sonra sanki illərin uzaqlığından bir xatirəni çağırırmış kimi başını qaldırıb aya baxdı.

 

— Axı sənə demişdim… bu, sınaq dövrüdür…

 

Bu söz məni düşündürdü. Sınaq dövrü… Sevginin də sınağı olarmı? İnsan sevdiyini niyə sınağa çəkər? Bəlkə həqiqi məhəbbət elə sınaqlardan keçəndən sonra öz adını qazanırdı?

 

Mən heç nə demədim.

 

O isə danışmağa başladı…

 

— Bir vaxtlar bir insan vardı…

— O insan tələbə idi, institutun son kursunda oxuyurdu. Praktikaya Gəncənin Mərkəzi xəstəxanasına təcrübə keçməyə göndərilmişdi. Qızın əmisi Gəncədə yaşayırdı. Tələbə qız da əmisi gilə qalırdı.

 

Əmisinin oğlu hər axşam işdən çıxanda gedib onu özü gətirərdi. Əmisi qızı isə onun bu canfəşanlığına heç bir əhəmiyyət verməzdi.

 

“Əmi oğludur da…” — deyə düşünərdi.

 

Amma əmioğlunun fikri tamam başqa imiş…

 

Bir gün xəstəxananın yaşlı həkimlərindən biri həmin təcrübə keçən qızdan xahiş edir ki, gecə növbəsində onu əvəz etsin. Qız da razı olur.

 

Ülkər burada bir anlıq susdu.

 

Mən daha dözə bilmədim:

 

— Yaxşı, qurtar, Ülkər… Qurtar da! Bu nə uzun əhvalat oldu belə?..

 

Dodaqlarım əsirdi. Nə isə içimdə məni sıxırdı. Ülkərin danışdığı əhvalatın sadəcə bir əhvalat olmadığını hiss edirdim. Hər cümləsinin arxasında mənə demək istədiyi başqa bir söz vardı.

 

O isə mənə baxdı.

 

Ay işığında gözləri əvvəlkindən də sirli görünürdü.

 

— Tələsmə, Ülvi… — dedi. — Hələ ən vacib yerini danışmamışam.

 

— Bəs nə oldu həmin gecə?

 

Ülkər gözlərini yerə dikdi.

 

— Həmin gecə xəstəxanada gözlənilməz bir hadisə baş verdi…

 

Ürəyim daha sürətlə döyünməyə başladı.

 

— Hansı hadisə?

 

O, dərindən nəfəs aldı.

 

— Əmioğlu qızın gecə növbəsində olduğunu biləndə xəstəxanaya gəldi…

Növbətçi otağında iki nəfər idi: təcrübə keçən qız və əmisi oğlu.

 

— Əmi qızı, çayın olar? Gəldim ki, sənə baş çəkim. Həm də meyvə-mürəbbə gətirmişəm ki, gecə başını qatasan.

 

— Çox sağ ol, əmioğlu…

 

Qız çay hazırlayıb gətirdi. Bir müddət söhbət edə-edə çay içdilər. Əmioğlu cibindən iki şokolad çıxarıb birini qıza uzatdı:

 

— Əmi qızı, biri sənin, biri mənim.

 

Qız heç nədən şübhələnmirdi. Onu doğma bilirdi. Qarşısındakı insanın niyyətinin qaranlıq olduğunu düşünmürdü.

 

Sonrasını isə Ülkər danışmaqda çətinlik çəkirdi…

 

Səsi titrədi. Gözləri doldu.

 

— Bir vaxt gözlərimi açanda artıq gec idi… Mən huşsuz vəziyyətdə idim. O isə… — Ülkərin səsi qırıldı. — O, namərdcəsinə mənim gələcək taleyimə qara bir ləkə vurmuşdu…

 

— Nə?! Nə?! — deyə qışqırdım.

 

Sanki dünya başıma uçmuşdu.

 

Ülkər göz yaşlarını saxlaya bilmədi.

 

Mən ona baxa-baxa, boğuq səslə soruşdum:

 

— Bu… sən olmusan?

 

Ülkər hönkür-hönkür ağlayaraq başını tərpətdi.

 

— Hə… Mən olmuşam… Mən…

 

Bir anlıq aramızda yalnız ağlamaq səsi eşidildi.

 

Sonra Ülkər göz yaşlarının arasından pıçıltıyla dedi:

 

— İndi istəyirsən… öp. İstəmirsənsə

 

Bu söz ürəyimi parçaladı.

 

Mən onun qarşısında dayanıb ağlayırdım. İçimdə isə bir fəryad qopurdu:

 

— Ay alçaq! Ay bişərəf əmioğlu! Sən bir insanın həyatını necə belə məhv edə bildin?!

 

Ülkər hönkür-hönkür ağlayırdı.

 

Mən də ağlayırdım.

 

Ay isə hələ də başımızın üstündə idi.

 

Bir az əvvəl sevgimizin şahidi kimi görünən o ay indi sanki iki insanın göz yaşlarına, yarımçıq qalmış ümidlərinə və bir qadının illərlə içində daşıdığı ağrıya şahidlik edirdi.

 

O gecə mən Ülkərə baxanda artıq yalnız sevdiyim gözəl qızı görmürdüm.

 

Mən onun gözlərinin dərinliyində illərdir gizlənən bir yaraya baxırdım.

 

Və ilk dəfə anladım:

 

Bəzən insanın günahı olmayan bir bədbəxtlik onun taleyinin üstünə ömürlük kölgə sala bilir…

TOFİQ ƏMRAH

AYB və AJB üzvü, Birinci Qarabağ Müharibəsinin İştirakçısı

Share: