Şamaxıda mikroavtobus aşdı, 15 nəfər xəsarət aldı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 15 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 9:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusun aşması nəticəsində Şəki sakinləri İbrahimxəlil Məmmədli, Süleyman Babayev, İlham Rzayev, Qurban Rəhimov, Qızılgül Səmədova, Toğrul Məmmədov, Yaqub Ömərov, Röyal Məmmədov, Bəsti Darçınova, İlham Abdulrəhmanov, Humay Ağabalayev, Xəyal Rüstəmov, Raidə Zamanova və hələ ki, adları məlum olmayan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım stansiyasının 5 avtomobili ilə Şamaxı Diaqnostika Mərkəzi və rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

11:02

Şəki-Bakı marşrutu ilə sərnişin daşıyan mikroavtobus Şamaxı rayonu ərazisində qəzaya uğrayıb, yaralılar var.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Mirikənd ərazisində baş verib.

Şəkidən Bakıya sərnişin aparan “Ford” markalı mikroavtobus idarəetməni itirərək öncə “Mercedes” markalı avtomobillə çırpılıb, daha sonra yoldan çıxaraq aşıb. Qəza nəticəsində mikroavtobusda olanlardan 8 nəfər – 2 qadın 6 kişi müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblar.

Xəsarət alan Xəyal Rüstəmov əməliyyat olunub. Digər yaralılara tibbi yardım göstərilib.

“Mercedes” markalı avtomobildə olanlar isə yüngül xəsarət alıblar və xəstəxanaya müraciət etmədən yollarına davam ediblər.

Faktla bağlı araşdırma aparılır.

Share: