Sabir Zəkullaoğlunun “Sabirlə bacara bilsəm” Status-kitabı haqda…

“Bir dəfə kitab buraxsam gülməyin..!)) Çünki kitabı tam ag vərəqlərlə, bircə kəlmə yazılmamış  buraxacam!..”

2016-ci ildə yazılmış bir status-fikir. Açığını desəm Sabir Zəkullaoğlunun bu fikrinə “Sabirlə bacara bilsəm…))”  kitabını tərtib edərkən səhifələrində gəzinəndə  rast gəldim. Heç şübhəsiz ki, Sabir Zəkullaoğlu bunu zarafatyana yazıb, amma ürəyinin dərinliklərində bu arzusunun olduğunu bəlkə heç özü də başa düşməyib.

Bu o gündür! Onun imzası ilə kitabının yayımlandığı gün – amma “tam ağ vərəqlərlə” deyil, ağ vərəqlərin üzərinə Sabir Zəkullaoğlunun ürəyinə, beyninə, ağlına nə vaxtsa hopub bizlərlə – facebook dostları ilə bölüşdüyü fikirlərinin daha geniş kütləyə çatması üçün hopduğu gün!

Ürəyindən özü bilmədən keçən arzusunu reallaşdırmaq xoşbəxtliyi mənim bəxtimə düşdü Sabir Zəkullaoğlunun. Bu “xoşbəxtliyə” çatmaq elə də asan başa gəlmədi, çünki kitabın yayımlanmasına Sabir Zəkullaoğlunu məcbur elədik, desəm daha doğru olar. Əslində dəfələrlə onun facebook səhifəsindən dostlarının yazdıqlarını kitablaşdırmaq arzularını oxumuşdum.

2011-ci ildə Facebookda səhifə açdığım gün ilk dostlarımdan oldu. Bu virtual aləmin sehrinə düşməyimiz  dostlarımızın paylaşımları ilə oldu ki, bunlardan ən fəalı, ən enerjilisi, ən söz dolusu Sabir idi, desəm yalan olmaz. Onun paylaşımlarını-aforizim gücündə fikirlərini oxuduqca  mənə bir düşüncə hakim kəsildi – bu insan illərlə deyə – bölüşə bilmədiyi fikirlərini bölüşmək üçün geniş arena kəşf edib – Facebook.

Kitabı tərtib edərkən təbii ki azacıq araşdırma elədim. Addım-addım, damla-damla öyrənməyə çalışdım, illərlə ruhuna bələd olduğum Sabir Zəkullaoğlunu.

Azərbaycanın cənub bölgəsində – Cəlilabad rayonunda anadan olmuş Sabir rayonun Ağusəm kəndində böyüyüb. Kitabın üzərində işlərkən bu kəndə səyahət etdim. Qəhrəmanımın boya-başa çatdığı mühiti öz gözlərimlə görmək, bu mühitin onun xarakterində hansı izlər qoyduğunu gözlərimlə görmək istədim.

Kənd üzəri al-əlvan çiçəkli yam-yaşıl atlasa bənzəyirdi –  Sabirin ipək xasiyyəti kimi…

Dərəli-təpəli kəndin evləri bir-birindən xeyli uzaqda yerləşirdi. Dolayısıyla hər evin ətrafı bağ-bağat, gül-çiçək meydanı idi –  Sabirin dünyagörüşündəki genişlik kimi…

Əlləri, üst-başları halal toz-torpaqla bərəkətlənmiş kənd camaatının  “Sabir” adını eşidəndə gözlərinə qonan təbəssüm görülməyə dəyərdi. Sabirin xarakterindəki mehribanlıq bu adamlardan – illərlə təmasda olduğu yaxınlarından, doğmalarından qaynaqlandığının qənaətinə vardım.

Ağayev Sabir Zəkullaoğlu kənddə düzlüyü ilə seçilən, sözlərini birbaşa deyən Əcirli tayfasındandı. Babası Ağayev Məşədəli Ağayar oğlu XX əsrin əvvəllərində Cənubi Azərbaycanın Əcirli kəndindən gəlib Ağusəm kəndində  məskunlaşıb. Kənddə hallaclıq və sınıqçılıqla məşğul olub. Qorxmaz, sözünü deyən ailə başçısı, el ağsaqqalı olmaqla bərabər ziyalı təfəkkürlü, müasir dünyagörüşə malik, zamanın nəbzini tuta bilən bir kişi olub. Təsadüfi deyil ki, kənddə ilk ali təhsili bu ailənin oğulları – Sabir müəllimin qardaşları – Eyyub və Sahib Ağayev qardaşları alıb.1 Ailənin bütün övladları bu sözlərin əsl mənasında ziyalı, tərbiyəli, uzaqgörən yetişiblər. 5 oğul, iki qız övladın böyüyüb-mükəmməl təhsil, tərbiyə, davranış qaydalarına yiyələnməklərində cəmi 45 il ömür sürmüş, min bir zillətlə böyütdüyü  ataları Zəkulla kişi ilə bərabər-onunla qadınlığı, qarğıkeşliyi, zəhmətsevərliyi, balalarına məhəbbəti ilə çiyin-çiyinə dayanan Noğul ananın zəhməti böyükdür, hətta çox böyükdür! Çox gənc yaşlarında nəinki özünün böyük külfətini, hətta bir elin-obanın yükünü çiyinlərində daşımaq gücündə olan həyat yoldaşını itirmək hər qadının tab gətirəcəyi yük deyildi. Noğul Ananın  övladları ilə tanış olmaq kifayət edir ki, bu Ananın ana gücünün böyüklüyünü dərk edəsən! Sabirin bu yaşda hələ də bir tərəfi ilə uşaq qalmasının səbəbi budurmu əcəba?  2 yaşdan atasız, yalnız ana zəhməti ilə böyümək?.. Axı ananın sığalı atanın sığalını əvəz eləmir, ya da əksinə…

Sabir heç böyümədi ki…

Ağılı, dərrakəsi, dünyaya, insanlara baxışı böyüdü,  amma  ruhu hər zaman uşaq qaldı. Ruhu  uşaq saflığını, təmizliyini, şəffaflığını qorudu.

Ətrafında baş verən – “böyüklərin” ağılalmaz hərəkətlərini görəndə gözləri böyüdü, amma ruhu böyümədi… Uşaq yaşlarından sahib olduğu ağsaqqal düşüncəsi belə uşaq ruhunu böyüdə bilmədi. Çünki mayasında, genində, qanında bir saflıq vardı. Noğul Anaya, artıq ailənin yükünü çiyinlərinə götürməyə, anasına kömək etməyə məcbur qalmış Eyyub, Sahib qardaşlarına atasına söykənmiş kimi söykəndi, Əlövsətə, Adilə qısılıb, onların gözlərinin içinə baxıb ilmə-ilmə dikəldi, addım-addım böyüdü ailənin ən kiçik övladı Sabir. “Ot kökü üstə bitər” – deyirlər, bu günkü Sabir bütünlüklə o günlərdən tunclaşmış Sabirdir.

Sabir bu gündən, gələcəkdən çox keçmişlə yaşayan biridi. Uşaqları görəndə öz uşaqlığını, Ana kimi Ana görəndə Noğul ananı, gənc ölümləri görəndə dünyadan nakam gedən atasını xatırlayır. Üzünü xatırlamadığı atasından,  artıq neçə illərdi üzünə həsrət qaldığı Noğul anasından heç ayrılmadı ki. Hər an onlarladı, hər müşkülünü, hər sevincini onlarla bölüşür, məsləhətləşir, beləcə həyatın bütün çətinliklərinə sinə gərməyi bacarır.

Noğul anadan sonra Ana məhəbbətini bacılarının arasında böldü. Çox güman ki, yaşlarından dolayı böyük bacısı Nərminənin payına analığın ciddi, rəsmi tərəfi düşdü, Yeganənin payına ərköyünlük, şıltaqlıq, ərk düşdü.

Sabir ailəsi, qardaşları, bacıları ilə güclüdür!

Sabir qardaşlarının, bacılarının balaları ilə nəfəs alan, onlarla öyünən, qürrələnən biridi!

Sabir dostları ilə nəfəs alan biridi!

Sabir eyni zamanda o qədər həssasdır ki, ən zərif çiçəkdən, sərt əsən giləvardan, ləpələri şahə qalxan dənizdən belə inciyə bilir. Amma bu küsülülük, inciklik Sabirin ən çox sevdiyi fəslin – baharın yağışına bənzəyər…

Nə olur olsun heç bir zaman dünyadan, yaşamaq eşqindən vaz keçməz – “Bütün bəşəriyyət intihar etsə, mənim həyata olan sevgimi öldürə bilməz…!” – deyir…

Sabir dilində, görüntüdə deyil, qanında, canında, ruhunda vətənpərvərliyi yaşadan Vətən daşıdır!

Doğulduğu, yaşadığı ölkəyə kor-koranə deyil, onun kəm-kəsirini bütün çılpaqlığı ilə görən, duyan, yaşayan,  bunlarla yanaşı onu sevən insandı.

Sabir ölkəsini yaşama məntəqəsi deyil, Vətən bilən insandı.

Sabir şeirlə, musiqiylə dop-doludu. Ən çox Elnarə Abdullayevanın, Əflatun Qubadovun mahnıları   ürəyindən süzülüb dodaqlarında qönçələnir… Onların mahnılarını dinlərkən hərdən təbəssüm bələnmiş gözləri işıqlanır, kiprikləri nəmlənir…

Hər kəsə, hər vəziyyətə xoş əhvalla yanaşan Sabirə bu xüsusuyyətindən dolayı ona tutulan iradları qəbul etmir, çünki o başqa cür ola bilmir.

Biz bu kitabla bir ilkə imza atmış olduq. Çünki “Sabirlə bacara bilsəm…” kitabı Facebookdakı statuslardan toplanmış ilk kitabdı.

İmkanlarımın açdığı cığırla bu qədər yeriyə bildim, əzizlərim…

Kitabın II hissəsində görüşmək arzusu ilə…

Tərtibçi Təranə Musayeva

Share: