Sabir Rüstəmxanlının Yazıçılar Birliyinin qurultayındakı məruzəsindən…

 

Xalq şairi Sabir Rüstəmxanlı dərin, məzmunlu çıxışında ölkənin, millətin ümumi dərdləri, problemləri ilə əlaqədar məsələlərə diqqət çəkib.

Bildirib ki, ideoloji işlərə başçılıq edənlərin sovet təfəkküründən qopa bilməməsi bəzən güneylə bağlı siyasətin düzgün qurulmasına mane olur. Xalq şairi güneydən gələn gənclərimizin dövlət hesabına oxudulmamasına diqqət çəkib: “Rəsmi orqanlarımız illər boyu Güney Azərbaycan üçün kadr hazırlığını əldən verib. Amma müxtəlif yerlərdən gələnlər oxuyublar. Çünki ideoloji işimizə başçılıq edənlərin sovet təfəkküründən qopa bilməməsi bəzən güneylə bağlı siyasətimizin düzgün qurulmasına mane olub”.

S.Rüstəmxanlı mədəni problemlərimizin olduğunu qeyd edib: “Əslində, qeyd ediləsi problem çoxdur. Məsələn, kəndlərdə mədəniyyət ocaqları, kitabxanalar yarıbayarı ixtisar edilib. Televiziyalarda kitab təbliğatı unudulub. Kəndlərin əksəriyyətində əhalinin bir yerə yığışması ancaq məscidlərdə olur, başqa yer yoxdur”. Xalq şairi sözügedən məsələni ciddi problem adlandırıb: “Bu, son dərəcə ciddi bir problemdir. Oxucularımız çox sürətlə azalır, hətta əlimizdən alınır. İngilis və rusdilli məktəblərin içində bütün dərslər həmin dillərdə keçirilir. Sual doğurur ki, həmin gənclərlə bizim yazıçılarımızın əlaqəsi necə qurulacaq? O gənclərimiz ədəbiyyatımızda xəbər tuta biləcəkmi? Yox. Hesab edirəm ki, Azərbaycanda çağdaş tələblərə cavab verən yeni muzey kompleksi tikilməlidir. Əlyazmalar institutu daha etibarlı şəraitdə qorunmalıdır. Dünya muzeylərində Azərbaycan klassik ədəbiyyatının inciləri çoxdur və onlar nə qədər ki, məhv olunmayıb, Azərbaycana qaytarılmalıdır”.

S.Rüstəmxanlı mədəniyyət sahəsindəki problemlərdən, gənclərin kitablardan ayrı düşməsindən, kitabxanaların durumundan bəhs edib, ürəkağrısı ilə danışıb. O, müasir Azərbaycan ədəbiyyatının inkişafı ilə yanaşı, ədəbiyyatımızın çatışmayan məqamlarına toxunub. Sabir Rüstəmxanlı ədəbiyyatımızın milli ruhunun diri qalmasındakı mühüm missiyasından danışıb. Bildirib ki, tariximizin bütün dövrlərində milli mübarizəmizin ön sıralarında yazıçılar dayanıb, qələm adamları durub. Azərbaycan ədəbiyyatının qarşısında duran vəzifələrdən danışan Xalq şairi deyib ki, Qarabağda qazandığımız tarixi Qələbə qələm adamlarının əsərlərində öz əksini tapmalıdır.

Müstəqil.az 

Share: