Bir alimin elmdə qoyduğu iz onun akademik ağırlığını göstərir. Azərbaycan elmində Səadət xanımın elmi yaradıcılığı haqqında çox adamın məlumatı var.
Onun akademik fəaliyyəti, keçdiyi yol hər kəsə məlumdur. Bu barədə geniş məlumat almaq üçün Səadət xanımın sevimli tələbələrindən biri, mənim keçmiş qrup yoldaşım Eminin yazısını nəzərdən keçirə bilərsiniz. Mən isə istəyirəm ki, əziz müəllimimi bir tələbəsi kimi təsvir edim. Çünki müəllim tələbəsinin həqiqi yolgöstərənidir, əsl müəllim də tələbəsinin müəllimi olan şəxsdir.
Mən magistraturaya qəbul olunanda deyirdilər ki, mövzu götürəcəm, elmi rəhbərim olacaq və onunla işləyəcəyəm. Hər birimiz tələbə olmuşuq; elmi rəhbərimin Səadət xanım təyin olunduğunu biləndə kiçik bir “kəşfiyyata” başladım. Kimdən soruşurdumsa, hamısı eyni şeyi deyirdi: “Çox işləməli olacaqsan”, “Ciddi məşğul olur”. Səmimi desəm, ölkəmizdə bir çox universitetlərdə elə tələbələr tərəfindən də magistratura təhsilinə layiqincə qiymət vermirlər. Mən də hamı kimi nə ilə qarşılaşacağımı tam anlamadan bu yola qədəm qoymuşdum. İlk dəfə Səadət xanımla görüşəndə içimdə qəribə bir narahatlıq var idi. Amma onun söhbətə başlama tərzi, mənim hansı mövzuya marağımın olduğunu soruşması məni dərhal ümidləndirdi. Sabir yaradıcılığını sevdiyimi dedim. Səadət xanım başqa təkliflər də etdi, amma birbaşa qarşı çıxmasam da, öz incə müəllim duyğusu ilə ürəyimdən keçəni anlayıb mənə elə Sabir yaradıcılığından bir mövzu verdi.
Kitabla bəzənmiş bir ömür yolu,
Səhifə-səhifə çiçək deməkdir,
Əziz müəllimin hər xatirəsi,
Hər vaxt dilimizdə səslənəcəkdir.
O gündən əziz müəllimim məni öyrətməyə başladı: mövzuya uyğun mənbə seçmək, kartotekalarla işləmək, arxivlərlə məşğul olmaq, eləcə də mövcud bilikləri sistemləşdirib elmi hala salmaq bacarıqlarını mənə addım-addım mənimsətdi. Adi esse səviyyəsində olan yazılarımın üstündə dəfələrlə işləyərək onları elə bir səviyyəyə gətirdi ki, hətta özüm də yazdıqlarıma inana bilmirdim. Təbii ki, əvvəllər çətin gəlirdi. Yaş və təcrübə azlığı bəzi şeylərin gərəksiz, artıq olduğunu düşündürürdü. Amma Səadət xanımın təcrübəsi və peşəkarlığı məni yavaş-yavaş doğru istiqamətə yönləndirdi. İnsanın nəfsinə hər şeyi yola vermək, üstündən keçmək xoş gəlsə də, nəticəsində bir uğur görməyəndən sonra o rahatlığın da əzab olduğunu anlayırsan. Təbii ki, hər uğuru nəsib edən Allahdır, amma düşünürəm ki, mənim təhsilimi davam etdirməkdə əsas səbəbim Səadət xanımın rəhbərliyi olmuşdur. Ona görə də Səadət xanımın rəhbərliyini bu yolda özümə Allahın lütfü kimi bilirəm.
Hərdən bitirərdik dərs saatını,
Sonra tələsərdik gələn dərsinə,
Var elə insanlar, bir hədiyyədir..
Allahın lütfündən öz bəndəsinə.
Elə müəllimlər var ki, ciddiyyətlə səmimiyyət onların xarakterində kəsişmir. Səadət xanımın mənə ən çox təsir edən tərəfi isə onun akademik ciddiyyətlə insani səmimiyyəti ustadcasına bir arada cəmləşdirməsidir. Hərdən bir şeyi soruşmağa tərəddüd edirdim ki, bəlkə sərt reaksiya verər, amma dərhal onun nəzakəti, izah tərzi, gözəl üslubu və öyrətmək həvəsi yadıma düşürdü və tərəddüd etmədən suallarımı verirdim. Səadət xanım öyrətməyi çox sevir; təki kimsə ondan nəsə soruşsun, nəsə öyrənmək istəsin. Verdiyim hər sualın cavabına görə təşəkkür edəndə gözlərində qəribə bir sevinci görürdüm. Çünki niyyəti neçə təmizdirsə, cavabının da o qədər dəqiq olduğundan əmin idi. Onun yanında qaranlıq qalan bir məqam ola bilməz, əgər varsa da, Səadət xanımın izahında dərhal aydınlığa qovuşacaq. Ona görə də zaman keçdikcə özümü Səadət xanımı daha çox dinləmək məcbüriyyətində hiss edirdim. Bəzən elə bir ortam olurdu ki, Səadət xanımla söhbət etmək, məsləhət almaq üçün bir məqam olmasa da, eyni mühitdə olmaq belə rahat hiss etdirir, xoş təsir bağışlayırdı.
İnsanın öz müəlliminin ona dəyər verməsi və uğurlarına sevinməsi əvəzedilməz hissdir. Səadət xanım başqalarının uğuruna səmimi şəkildə sevinməyi bacarır. Çünki o bilir ki, biri uğur qazanırsa, deməli, elm də qazanır. Bu da onu sevindirmək üçün kifayətdir. Mən nə qədər yolun əvvəlində olsam da, xırda addımlar atsam da, o, hər zəhmətimi yüksək qiymətləndirir və hər kiçik uğurumu alqışlayır. Düşünəndə ki, bu xoş sözləri Səadət xanım deyib, anlayıram ki, bunlar sadəcə xətrə dəyməmək və ya həvəsləndirmək üçün deyilən sözlər deyil, həqiqi dəyərdir. İnsanın başqalarının uğuruna sevinməsi kamillik göstəricilərindəndir, Səadət xanımda bu kamillikdən böyük bir pay var.
Bütün bunlarla bərabər hər zaman Səadət xanım öz cəsarəti ilə də xatırlanır. Gündəmdə olan məsələlərə, elmin inkişafına təsir edən problemlərə hər zaman toxunmuş, toxunmaqla qalmayıb həlli yollarını təklif etmişdir. Əsl elm fədaisi necə olmalıdırsa, Səadət xanımın mövqeyi hər zaman bunu göstərmişdir.
Sonda Allahdan Səadət xanımın ömrünü bərəkətli etməsini istəyirəm. Həmişə sanballı tədqiqatları və nümunəvi xarakteri ilə bizim hər birimizə öndər olsun. Arzusunda olduğu hər şeyin xeyirlisini əldə etmək qisməti olsun.
Ruhunu duyarsan bu qoca Şərqin,
Dinləsən sözünü, duysan səsini,
Özgələr unutsa, Amil unutmaz,
Dövrünün səadət nümunəsini.
Sevimli tələbəsi Əzimli Amil




















