Səlim Babullaoğlu və Jalə İsmayıl beynəlxalq mükafatlara layiq görüldülər

 

Şairlər ,Səlim Babullaoğlu və Jalə İsmayıl 17 -21 iyun tarixlərində Ruminiyanın Krayova şəhərində keçirilən “Mihay Eminesku” Dünya Poeziya Festivalına qatılıblar.

Bu il XII dəfə keçirilən festivala ədəbiyyatçılarımız festivalın direktoru, tanınmış rumın şairi, akademik İon Deakoneskunun dəvəti ilə qatılıblar. Festivalın xeyli dərəcədə maraqlı proqramı tərtib olunub. Krayova İncəsənət Muzeyi və Nəbatat Bağı, Kalafat şəhəri “Stefan Marinku” Sənət Muzeyi, Krayova Tibb Universiteti, Brankuşi İncəsənt Muzeyi və Mədəniyyət Mərkəzi, Nikolar Romanesku Parkı və başqa tarixi yerlərdə, təhsil və sənət məkanlarında, habelə görkəmli rumın şairi Mihay Emineskunun abidəsi yanında gerçəkləşən festival boyu dəvətli şairlər şeirlər oxuyub, çıxışlar ediblər. XII “Mihay Eminesku” Dünya Poeziya Festivalına rumıniyalı şairlərlə yanaşı ABŞ, Almaniya, İtaliya, Fransa, İspaniya, Meksika, Seneqal, Makedoniya, Serbiya, Kosovo, Yunanıstan, Monteneqro, Belçika, Argentina, Bolqarıstan, Braziliya və Çilidən 30-a yaxın şair iştirak ediblər.
Tədbirin sonuncu günü görkəmli rumın şairi Mihay Emineskunun şeirilərinin Azərbaycan dilinə tərcüməsinə görə Səlim Babullaoğlu və Jalə İsmayıl Beynəlxalq Mihay Eminesku Akademiyasının “Tərcümə mükafatı” və akademiyanın “Mihay Eminesku” medalıyla təltif ediliblər.
Eyni zamanda,hər iki şair Avropa Mihay Eminesku Fondu və Beynəlxalq Mihay Eminesku Akademiyasının
“Mədəniyyət Səfiri” adına da layiq görülüblər.
Səlim Babullaoğlu əməkdaşımıza açıqlama verib: “Biz bu festivala Rumıniyanın ölkəmizdəki səfiri hörmətli cənab Vasile Soarenin təqdimatı ilə qatılmışdıq. Bilirsiz ki, son 2 ildə biz “Dünya ədəbiyyatı” dərgisinin rumın ədəbiyyatı xüsusi sayını, eləcə də görkəmli rumın şairi Mihay Emineskunun “Dan ulduzu” adlı seçmə şeirlər kitabını 2 versiyada nəşr etmişik. Kitabı Eminsekunun Azərbaycan dilinə orijinaldan ilk çevrisi hesab etmək olar. Hərçənd böyük şairin daha əvvəl həm prozası, həm də poeziyası Fəridə Hacıyeva və Güllü Yoloğlunun rus və türk dilindən tərcümə edilərək nəşr olunmuşdu. Son nəşrlərin birini, həm rumın, həm Azərbaycan dilində olan və rumın rəssamlarının rəsmləri ilə müşayiət edilən kitabı cənab Vasile Soarenin təşəbbüsü və iştirakı çap etmişdik. İkinci nəşr isə ancaq ana dilimizdə olan nəşrdir, 21 şeir və 1 poema daxil olunub kitaba və rəssam Ayxanın qrafik işləri də daxil olunub nəşrə. Tərcümələr ədəbiyyatımızın dostu, tanınmış ictimai xadim və iş adamı Vüqar Novruzovun dəstəyi ilə hazırlanıb. Ümumiyyətlə, Vüqar Novruzov rumındilli ədəbiyyatın dilimizə tərcüməsi işində xeyli böyük işlər görüb, heç vaxt dəstəyini əsirgəməyib ki, buna görə biz ona minnətdarıq. Şeirlərin dilimizə sətri tərcümələrini tanınmış və istedadlı şairəmiz Jalə İsmayıl hazırlamışdı, bədii tərcümələri mən eləmişdim. Bütün bu işlər nəzərə alındı və həm Jalə xanım, həm də mən Beynəlxalq Mihay Eminesku Akademiyasının “Tərcümə mükafatı”na və akademiyanın “Mihay Eminesku” medalına layiq görüldük. Eyni zamanda, Avropa Mihay Eminesku Fondu və Beynəlxalq Mihay Eminesku Akademiyasının“Mədəniyyət Səfiri” adını aldıq ki, bu təltiflərə görə də cənab Deokaneskuya minnətdarıq.
Festivalın olduqca maraqlı proqramı vardı. Xüsusən yaddaqalan məqamlardan biri tramvayda necə deyərlər tramvay gəzintisi idi. Dəvətli şairlərlə birgə bütün şəhəri gəzdik, şairlər ana dillərində növbəylə şeirlərini oxuyur, sonra həmin şeirlər tərcümə olunurdu. Tramvaya minən və düşən sərnişinlər isə bu canlı prosesin dinləyicisinə, iştirakçısına çevrilirdilər. Mən həm cənab səfir Vasile Soareyə, həm də akademik İon Deakaneskuya festivala görə Jalə xanımın adından, öz adımdan təşəkkür edirəm…”
Biz də öz adımızdan bu ali mükafatlar münasibəti ilə həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq.

Share: