Səfirliklər informasiya savaşında necə töhfə verirlər?..

“Erməni şəbəkəsinin” taktiki hədəfləri

Prezident İlham Əliyevin  düşünülmüş, uzaqgörən, qətiyyətli və rasional siyasəti  Ermənistanı hərbi və diplomatik müstəvidə məğlub duruma salıb. Ordusu  məhv edilib, işğal altında saxladığı torpaqlardan çəkilib. 30 il müddətində fəaliyyət göstərmiş separatçı rejim çıxılmaz duruma düşərək özü-özünü buraxmaq məcburiyyətində qalıb. “Böyük Ermənistan” illuziyası dağıdılıb, aktuallığını itirib. İndi böyük ambisiyalar uğrunda deyil, sadəcə sağ qalmaq üçün çalışırlar. 200 il ərzində “qazanılmış” hər şeyin qısa zaman kəsiyində – 3 il müddətində itirilməsi erməni cəmiyyətində psixoloji sarsıntılar yaradıb.

Mövcud durum “erməni şəbəkəsini” aqressivləşdirir. Qisas almaq, Azərbaycana qarşı hansısa formada zərər yetirmək üçün çalışırlar. Hərbi və diplomatik müstəvidə bacarmadıqları üçün bütün güclərini informasiya savaşına yönəldiblər. Yalan məlumatlar yaymaqla dünya ictimai rəyini çaşdırmaq, Azərbaycana qarşı hansısa formada sanksiyaların tətbiq edilməsinə nail olmaq istəyirlər. Bunun üçün bütün vasitələrə əl atırlar.

Son olaraq Qarabağ regionundan köç etmiş erməniəsilli şəxslərin üzərində fokuslaşıblar. Bu kontekstdə çaşdırıcı tezislər hazırlayaraq dünyaya sırıyırlar. “Ermənilərin Qarabağdan zorla çıxarılması, onlara fiziki xəsarətlər yetirilməsi, mülkiyyətlərinin talan edilməsi, uşaqların öldürülməsi” kimi feyk xəbərlər yayırlar.

Prosesi müsəlman-xristian sivilizasiyalarının qarşıdurması kontekstində təqdim etmək səyləri də özünü göstərir. “Dünyanın ən qədim xristian icmasının-ermənilərin -soyqırıma uğradılması” kimi  qondarma təbliğat aparırlar. Təəssüf ki, bəzən tərəfdaşlar da tapırlar. “ABŞ-dakı xristian dərnəkləri liderlərinin prezident  Baydenə müraciət etmələri”, “Artsaxın xristian xalqının probleminə son qoymaq üçün təcili tədbirlər görməyə çağırmaları”  “erməni şəbəkəsi”  üçün arqumentə çevrilib (https://www.armenpress.am/eng/news/1118491.html). Son günlərdə isə “Azərbaycanın Ermənistan ərazisini işğal etməyə hazırlaşması” kimi cəfəng xəbərləri tirajlayırlar. 

Azərbaycan informasiya işini effektiv qura bilib, amma…

19 sentyabrda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərin dünya KİV-lərində əks olunma dərəcəsi deməyə əsas yaradır  ki, Azərbaycan tərəfi də informasiya müstəvisində effektiv iş qura bilib.  Qlobal ictimai rəyə təsir imkanları ilə seçilən  BBC, CNN,  Reuters, The Guardian, The Washington Post, The New York Times, Bloomberg,  Al-Jazira, The Wall Street Journal, Euronews TV,  Deutsche Welle (DW), TRT World  və digər nüfuzlu  KİV-lər 19 sentyabr tədbirləri barədə operativ məlumatlar yaydılar. “Google scholar”da  aparılan axtarışlar  bu istiqamətdə 1 gün üçün 204  nəticə göstərir. O deməkdir ki, Azərbaycanın Qarabağ regionunda başlatdığı antiterror tədbirləri qlobal informasiya trendinə çevirə bilib. Amma burada diqqət çəkən məqam təkcə mövzuya yer ayırmış transmilli və transsərhəd   KİV-lərin kəmiyyəti ilə bağlı  deyil. Onların  mövzuya yanaşmaları, baxış istiqamətləri də maraqlıdır. Paylaşılan ilk informasiyalarda  Azərbaycanın rəsmi qurumlarının, o cümlədən,  Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin açıqlamalarına istinad edilib. Antiterror tədbirlərinin səbəbləri, hədəfləri və gedişatı barədə  detallar bu xəbərlərdə öz əksini tapıb. Qeyd olunması zəruridir ki, Azərbaycan tərəfi  2020-ci ildən-II Qarabağ müharibəsi dönəmindən başlayaraq, qlobal ictimai rəyə ünvanlanan informasiya işini modern tələblərə uyğun qurur. Azərbaycan Müdafiə Nazirliyinin nəzdində yaradılmış İnformasiya Mərkəzi vasitəsilə keçirilən brifinqlərdə dövlət qurumlarının təmsilçiləri ilə həm yerli, həm də xarici  jurnalistlərin canlı təmaslarının təşkil edilməsi ciddi effekt verir. Azərbaycan Prezidenti İlham Əliyevin sosial media platformaları  üzərindən paylaşdığı postlar, xarici KİV-lərə verdiyi açıqlamalar, o cümlədən,  bu sahəyə məsul vəzifəli şəxslərin xarici KİV-lərə verdikləri  müsahibələr, diplomatik korpusun nümayəndələri ilə keçirdikləri görüşlər, Xarici İşlər Nazirliyinin paylaşdığı bəyanatlar transmilli KİV-lərin istinad mənbəyinə çevrilir. İşin bu formada qurulması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını təmin edir. 

Amma hazırda rastlaşdığımız situasiyanın şərtləri bir qədər fərqlidir. Söhbət normal informasiya təminatından deyil, informasiya savaşından, informasiya müharibəsindən gedir. Qarşı tərəf bu müharibədə yalana, böhtana, feyk xəbərə istinad edir. Öz yalanlarını həqiqət kimi sırımaq üçün fərqli güc  mərkəzlərdən yardım alır. Bu kontekstdə Azərbaycanı  qlobal həcmli informasiya müharibəsi ilə üz-üzədir.

Başda Fransa olmaqla, Cənubi Qafqazda maraq savaşı aparan bir sıra dövlətlərin erməni yalanlarına dəstək vermələri, regionda öz proqramlarını “erməni şəbəkəsi” ilə koordinasiya etmələri   işi mürəkkəbləşdirir. Dünya ictimai rəyinə təsir göstərən media resurslarına malik olması  Fransanın öz və erməni öz yalanlarını tirajlamaq üçün şans verir.

“Erməni şəbəkəsinin” Azərbaycana qarşı apardığı informasiya müharibəsində görünən hal budur ki, onlar öz kampaniyalarına  ən müxtəlif komponentləri cəlb ediblər. Ermənistanın rəsmi dövlət qurumları, o cümlədən, Xarici İşlər Nazirli, səfirlikləri, lobbi qrupları,  diaspor təşkilatları və KİV qurumları  başladılmış informasiya müharibəsində sinxron hərəkət edirlər. Məsələn, Ermənistan Xarici İşlər Nazirliyi sentyabrın 27-də bəyanat yayaraq, Qarabağ bölgəsində yaşamış erməni sakinlərin  “etnik təmizləməyə məruz qoyulduğunu” iddia edib. Bu iddia sinxron olaraq erməni lobbisinin təsirində olan ABŞ siyasətçilərinin dilindən səsləndirilib. Həmçinin, erməni diaspor nümayəndələri Nyu-Yorkda aksiya keçirərək  Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktından olan şəkilləri “Qarabağda zərərçəkmiş ermənilərin şəkilləri” kimi təqdim ediblər. Kampaniyada Ermənistanın xarici ölkələrdəki  səfirlikləri də iştirak ediblər. 

Azərbaycan Xarici İşlər Nazirliyi bir gün sonra-sentyabrın 28-də bəyanat yayaraq, Ermənistan XİN-in 27 sentyabr tarixli bəyanatına cavab verib (https://azertag.az/xeber/azerbaycan_xin_ermenistan_xarici_isler_nazirliyinin_beynelxalq_ictimaiyyeti_yanlis_yonlendiren_beyanatini_pisleyib-2766340). Onun arqumentlərinin əsassızlığını sübuta yetirib. Bəs bizim səfirliklər, lobbi qrupları, diaspor nümayəndələri bu işdə hansı sinxron addımları atıblar? “Erməni şəbəkəsinin” yalanlarının ifşa edilməsi üçün hansı töhvələri verirlər?  “Səfirliklər haqqında Əsasnamə”də göstərilir ki, səfirliklərin əsas vəzifələrindən biri “qəbul edən dövlətdə Azərbaycan Respublikasının xarici və daxili siyasəti… haqqında rəsmi məlumatın yayılmasını təmin etməkdir”. 

Azərbaycanın İsveçdəki səfirliyi nümunələr göstərir

Mövzu üzrə araşdırmlar  göstərir ki, öz  öhdəliklərini  layiqincə yerinə yetirən səfirliklərimiz mövcuddur. 19 sentyabr antiterror tədbirlərinin xarici ölkələrdə informativ təqdimatı və Azərbaycan səfirliklərinin bu kontekstdə rolu mövzusunda internet üzərindən  axtarışlar aparılarkən, Azərbaycan Respublikasının İsveç krallığındakı Səfirliyinin fəaliyyəti ilə bağlı xəbərlər önə çıxır. Məlumatdan aydın olur ki, 19 sentyabrda Azərbaycan tərəfindən həyata keçirilmiş anti-terror tədbirlərindən sonra İsveçdəki ermənipərəst dairələr fəallaşıblar. İsveç Parlamentindəki  ifrat sağçı və xristian təəssübkeşliyi ilə seçilən qüvvələr məsələni dini qarşıdurma prizmasından təqdim etməyə çalışıblar. Belə bir qarşıdurmada Azərbaycanı haqsız çıxarmağa təşəbbüs göstəriblər. Buna cavab olaraq, Azərbaycan Respublikasının İsveç krallığındakı Səfirliyi tərəfindən Parlament üzvlərinə Azərbaycanın mövqeyini əsaslandıran məlumatlar təqdim edilib. Rikqsdaqda mövzuya həsr edilmiş görüş keçirilib. Səfir Zaur Əhmədov deputatlar tərəfindən verilmiş sualları  cavablandırıb.

Səfir öz çıxışı zamanı Ermənistanın 30 il müddətində Azərbaycana qarşı tətbiq etdiyi işğal siyasəti, 10 min  kv metrdən artıq ərazinin yerlə yeksan edilməsi, 1 milyonadək Azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, mina təhlükəsi, mədəni irsimizə vurulmuş ziyan barədə İsveçli deputatlara ətraflı məlumatlar  verib. Onların Qarabağın erməni sakinlərinin gələcəyi, xristian dini abidələrinin qorunması və s. mövzularda suallarını cavablandırıb.



  

Antiterror tədbirlərindən sonra İsveçdə və Norveçdə fəallaşmış qərəzli dairələrin neytrallaşdırılması, onların  Azərbaycana qarşı çıxışlarının zərərsizləşdirilməsi üçün səfirlik əlavə addımlar da atıb. Bu ölkələrin KİV-lərində  təbliğati işlər aparıb. Səfir Zaur Əhmədov  mövzu üzrə həm lokal, həm də beynəlxalq KİV-lərə müsahibələr verib. Onun  BBC World -a verdiyi  müsahibə ciddi diqqət çəkib. Paralel olaraq, səfirin İsveçin “Dagen”, “Altinget”, Norveçin “Dagbladet” qəzetlərində dərc edilmiş müsahibələrində də Azərbaycanın haqlı mövqeyi əsaslandırılıb.

“Altinget” qəzetindəki müsahibəsində Zaur Əhmədov Azərbaycanın 19 sentyabrda  atdığı addımların beynəlxalq hüquqa əsaslandığını  vurğulayıb (https://www.altinget.se/artikel/replik-azerbajdzjans-ambassador-svarar-karin-karlsbro)

“Dagbladet” qəzetində dərc edilmiş müsahibə də Azərbaycanın  haqlı mövqeyinin əsaslandırılmasına həsr edilib (https://www.dagbladet.no/meninger/ber-ikke-etniske-armenere-dra/80262886). 

Səfirliyin həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq ermənipərəst dairələrin bir çox planları iflasa uğradılıb. Belə ki, erməni lobbisinin himayəsi altında fəaliyyət göstərən,  Vətən Müharibəsindən sonrakı dövrdə Azərbaycana qarşı 100-lərlə qarayaxma yazısına imza atan Rasmus Canbackin fəaliyyəti ifşa edilib. İsveçin diplomatik  nümayəndələrinin Şuşaya səfərinə dair İsveç Xarici İşlər Nazirliyinə göndərdiyi iradlara cavab olaraq, İsveç Xarici İşlər Nazirliyi bildirib ki,  Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. İsveç bu kontekstdə qəti mövqe sərgiləyən ilk Qərb ölkəsi olmuşdur ( https://blankspot.se/usas-ambassador-kriget-har-inte-lost-nagorno-karabachs-status/).

Səfirlik ictimai diplomatiyanın imkanlarından da faydalanır 

Araşdırmaların davamı göstərir ki, İsveç krallığındakı Səfirliyimiz akkreditə oldunğu ölkələrdə və beynəlxalq platformada  Azərbaycan maraqlarının təşviqi üçün ictimai diplomatiyanın imkanlarından da geniş şəkildə istifadə edir. Bu xüsusda onların təşəbbüsü ilə İsveçli mütəxəssislər tərəfindən yaradılan və  Şuşaya həsr olunan “The Legend of Khari Bulbul” filmi diqqət çəkir. O, Şuşaya həsr edilmiş ilk beynəlxalq film kimi də qeyd edilə bilər. Bir sıra avropalı mütəxəssislərin də iştirak etdiyi film İsveç və Finlandiyadan başqa, digər 10-larla xarici ölkələrdə nümayiş etdirilib.

Məlumatlardan görünür ki, səfirliyimiz  fəaliyyət göstərdiyi ölkənin sosial- mədəni həyatında yaxından  iştirak edir. Ölkənin ən nüfuzlu mədəniyyət mərkəzlərində tədbirlər keçirir, Azərbaycan mədəniyyənin bu ölkədə tanıdılması üçün çalışır (https://x.com/z_ahmadov/status/1662213292587356160?s=20 https://x.com/z_ahmadov/status/1527382633101017088?s=20).

Pararlel olaraq siyasi və  iqtisadi məzmunlu tədbirlər də təşkil edərək, ölkəmizin iqtisadi-siyasi potensialını  təqdim edir (https://codeshusha.com/ : https://x.com/z_ahmadov/status/1596556338808901634?s=20). Məsələn, belə tədbirlərdən biri  « Ələt İqtisadi Zonasının İsveç və Finlandiyada təqdimatı »na həsr edilib ( https://x.com/z_ahmadov/status/1704453474006573507?s=20 ). 

İsveçin siyasi, iqtisadi, mədəni mühiti ilə yaradılmış intensiv və effektiv  təmasların nəticəsidir ki, bu ölkədə Azərbaycana qarşı maraq genişlənir, ölkəmizə qarşı xoş, isti münasibət sərgilənir.  Azərbaycan XİN təmsilçilərinin İsveç və Finlandiyada yüksək səviyyəli qəbulu da bu faktı təsdiq edir (https://x.com/AnnLinde/status/1526978723664257024?s=20

https://x.com/z_ahmadov/status/1527281105446920192?s=20). 

Fikrimizcə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin, diaspor qruplarının son 3 ildəki fəaliyyətlərləri bu kontekstdə   təhlil edilməli, işlərinin effektivliyi araşdırılmalıdır. Bu kontekstdə tədqiqatların davam etdirilməsinə ehtiyac vardır. 


Share: