Rəna FEYZİnin “YUXUDAN GƏLƏN ÇAĞIRIŞ” hekayəsi

Rəna FEYZİnin “YUXUDAN GƏLƏN ÇAĞIRIŞ” hekayəsi

Rəna FEYZİ

 

7 yanvar 1987-ci ildə Bakı şəhərində anadan olub.  Bakı Humanitar Kollecini

 (keçmiş Mədəni-Maarif Texnikimu) və  Türkiyənin Atatürk Universitetini bitirib. 2009 cu ildən pedaqoji fəaliyyətlə məşğuldur. “Üfüqdə görünən ruhlar”, “Çardaqdakı çiçəklər”  və  “Eşq və kədər dolu həyat”  adlı kitablarının müəllifidir.

 YUXUDAN GƏLƏN ÇAĞIRIŞ

 (Hekayə)

 Alatoranlığın soyuq nəfəsi

 Alatoranlıq hələ çəkilməmişdi; o boz, çiskinli qış səhəri pəncərənin şüşələrində soyuq naxışlar qoyurdu. Şəhər hələ yuxuda ikən, bizim evimizdə zaman qəfildən dayanmışdı. Nədənsə atam hər kəsdən tez oyanmışdı. O, pəncərənin önündə bir heykəl kimi dayanıb, boş və qaranlıq küçəyə baxırdı. Çox fikirli, bir az da nədənsə qorxmuş kimi narahat görünürdü. Baxışlarını sanki bir möcüzə və ya bir fəlakət gözləyirmiş kimi çöl qapısına zilləmişdi. Əlləri titrəyir, ard-arda çəkdiyi siqaretlərin tüstüsü otağın havasını ağırlaşdırırdı.  Atamın daxilində cavabsız suallar fırtınası qopurdu: Niyə oyandım? Niyə bu qədər ağır bir yuxu gördüm… O, bu sualların məntiqi cavabını tapa bilmirdi. Lakin ruhu hiss edirdi ki, bəzi yuxular sadəcə xəyal deyil; onlar uzun müddət insanın içində yaşayır və qaçılmaz olanı xəbər verir.

Keçmişin səsi və sirli yuxu

 Anamın səsi sükutu bir bıçaq kimi kəsdi: Sabahın xeyir, nə üçün bu qədər tez oyanmısan? Hələ göyün üzü açılmayıb. Atamın səsi uzaqdan, sanki başqa bir dünyadan gəlirdi: Sabahın xeyir… İstədim istirahət edim, amma yata bilmədim. Bilirsənmi, yuxudan diskinib oyandım.

Onun dediyinə görə, bu yuxu adi yuxulara bənzəmirdi. Qaranlıq hər tərəfi bürümüşdü və o, sanki nəfəs almaqda çətinlik çəkirdi. Ən qəribəsi isə o idi ki, neçə illər əvvəl rəhmətə getmiş anam (nənəm) yuxusuna girmişdi.  Atam yuxusunu belə təsvir edirdi: “Görürəm ki, köhnə taxta küçə qapımız döyülür. Taxtaların arasındakı yarıqlardan baxıram ki, qapını döyən anamdır. Onu içəri buraxmaq, bağrıma basmaq istəyirəm. Nə qədər çalışıramsa, o qapı açılmır. Bir də baxıram ki, bayaqkı taxta qapı qəfildən keçilməz, soyuq bir dəmir qapıya çevrilib”. Birtəhər qapını açıb küçəyə çıxanda isə anamın tək olmadığını gördüm; o, kimisə özü ilə aparırdı. Atam nə qədər bağırsa da, anası arxaya baxmamış, küçənin başındakı o qaranlıq qaraltı ilə birlikdə yoxa çıxmışdı.

Qorxu dolu sükut

Atam qan-tər içində oyanmışdı, lakin o soyuq toxunuşun təsirindən çıxa bilmirdi. Görəsən bu yuxunun mənası nədir? Anamın yanında gedən kim idi? deyə çarəsizliklə soruşurdu. Zehnində o mənzərəni təkrar-təkrar canlandırırdı. Nənəm öldüyü gündən bəri heç vaxt yuxusuna girməmişdi. Bu, sadə bir təsadüf ola bilməzdi. “Görəsən o, mənə nə demək istəyirdi” sualı otaqda asılı qalmışdı.

​Anam onu sakitləşdirməyə çalışdı: “Bu qədər narahat olma. Hamımız yuxu görürük. Təki xeyir olsun”. Amma əslində anam da qorxmuşdu; o da bu qadının illər sonra qəfildən görünməsini xeyrə yozmaqda çətinlik çəkirdi. “Allah xeyir eləsin” deyə-dəyə, daxili bir gərginliklə bacımın yataq otağına doğru getdi. Otağa girəndə bacımın saçlarının yastığa dağıldığını, qəribə bir sükut içində yatdığını gördü.

Fəryadın əksi

Ay bala, niyə belə yatmısan, – deyə anam gileyləndi. Bacımın əlləri yanlarına düşmüşdü. Anam yaxınlaşıb onun üstünü örtmək istəyəndə əlləri o soyuq bədənə toxundu. “Niyə tərpənmirsən? Qurbanın olum! Yenə haran ağrıyır?” deyə sarsıldı. O, qızını öpdü, oxşadı, amma qızının nəfəsi artıq anamı isitmirdi. O anda anamın fəryadı yüksəldi; o hay-küy bütün evi, həyəti, hətta qışın o soyuq küçəsini bürüdü.  Atam otağın qapısına çatanda artıq gec idi. Əlləri gücsüzləşdi, dizləri taqətsiz halda yerə çökdü. Nəfəsi kəsilir, gözlərinə qaranlıq çökürdü. “Nə olub qızıma, niyə cavab vermir” sualına cavab verən yox idi. Anam otaqda yaralı bir quş kimi çırpınırdı. Otağa çarəsizlik və heç vaxt geri qayıtmayacaq o ağır ayrılıq çökmüşdü.

​Əbədi nərgizlər

 Anamın atama dediyi son sözlər bir ömürlük dərd oldu: Niyə ananın yanındakı qızını tanıya bilmədin? İndi hər şey aydın idi. Nənəm öz nəvəsini əlindən tutub əbədi qaranlığa aparmışdı.

​Artıq o evdə həyat əvvəlki kimi olmayacaqdı. Nə zaman qızın üçün darıxsan, ətirini küləkdən alarsan, həyətimizdən bir dəstə nərgiz çiçəkləri dərib qızına baş çəkməyə gedərsən. Çünki o, hər zaman orada, o soyuq torpağın altında, amma ruhu ilə nərgizlərin qoxusunda yolunu gözləyəcəkdi. Həyatın bizi bir gün belə tənha qoyacağını heç birimiz bilmirdik….

Share: