“Ruhundakı “məni” isə ayaqyalın barmaqlarının ucunda gəzirdi ki, qədəri oyanmasın…”-XANIM AYDIN yazır…

XANIM AYDIN

QƏDƏR

         …Yenə gülməkdən, hətta gülümsəməkdən qorxurdu. Dodağı dodağının üstündən bir balaca sürüşmüşdü ki, canını üşütmə bürüdü. Dörd bir tərəfinə boylanıb qədərin yanında olub-olmadığına nəzər saldı. Divarlara, asılan qara çərçivələrdəki bulanıq şəkillərə, kreslonun, dairəvi masanın böyür-başına – hər yerə oturduğu stuldan tərpənmədən, göz hərəkətləriylə baxdı. Özü özündən utanmasa durub jalüzləri çəkər, pərdələri də bağlayırdı…

…Ciddilik əyninə biçilmiş don kimiydi. Nə bir ölçü kiçikdi, nə bir ölçü böyük. Dərzisi də deyərdim ki, elə bil bu işin ası imiş. Cizgilərinin okean dərinliyində təbəssüm olsa da, zəhmi ona general hökmranlığı verirdi. Bircə çiyinlərində sayrışan ulduzları əskikdi. Bir dəfə küçənin döngəsində qəflətən üz-üzə gəldik. Gözlərinin içi gülürdü, anladım ki, don kimi büründüyü bu qəddar vücudun altında əslində zərif bir insan nəfəs alır. Bir anın içində özünü toparlayıb, baxışlarını “sevinc” rejimiindən “zəhm” rejiminə keçirdi. Sakit səslə salam verib kənara çəkildim. Deyim ki, onunla salamlaşmağa cəsarət etməyən kişilər də vardı. Bu, ona zövq verirdi, görürdüm. Sevirdi ona hörmət olunanda, onu dəyərləndirəndə. Amma sevilməyi istəmirdi, ya da sevirdi sevilməyi, sadəcə qorxurdu…

…Çox şeydən narazı idi. Məncə, narazı deyildi, sadəcə kimisə, nəyisə tərifləməyə, dilində olmasa belə içində heç olmasa bəyənməyə qorxurdu. Qorxurdu ki, dağılar, itər, yağlı əppək olub göyə çəkilər.

…Beyni həmişə nəyləsə məşğul idi. Tək olanda da elə bil tək deyildi. Quru, kobud səsi kompüter klaviaturasının çaqqıtısında itirdi, susurdu. O, səsə çevirmədiyi sözlərini yazıya çevirirdi. Amma yazanda daha yaxşı adam olurdu. Çünki əynindəki “qara libası” soyunub bəyazlaşırdı. “Qar kraliçası”nı andıran gözəlliklə, zərif və bənzərsiz olurdu. İncə, bir az da uzunsov, elə bil bu dəqiqə manikürdan çıxmış barmaqları kompüterin düymələrinə toxunduqca, orqanda hansısa möhtəşəm bir əsəri ifa edirdi… Sözləri melodiya olub ağ-qara dillərdən süzülərək orqanın nazik borularıyla axır, əks-səda verirdi. Onunçün qəlbin notları sözlər idi. Gecə yarısının susqun, dupduru fonunda xırdalanan çaqqıltıda vücudunun səsi eşidilirdi. Gündüz büründüyü libasını soyunur, ağ yataq mebelinin  oymalı naxışlı şifonerindən asır, üzündəki qara vualı çıxarıb səliqə ilə güzgülü komodun üstündəki fransız ətirlərinin yanına qoyurdu. İndi nəfəsini də rahat, sərbəst alırdı. Günün tamaşası bitmişdi artıq…

…Gözətrafındakı qırışlarını hər axşam təkrar-təkrar sayırdı. Bircəciyi artıq çıxan kimi, hövüllənirdi. Yenidən saymağa başlayırdı, nəfəsinin uzun boğazında daraldığını hiss edir və o andaca “qırışsayma” prosesini dayanadırırdı. Qaşlarının ortası aşağı, sol-sağ kənarları isə yuxarı qalxırdı. Əl atıb stolüstü çılçırağı söndürür yatağına uzanırdı. Gözləri yumulu və beyni işlək vəziyyətdə yuxuya gedirdi. Uşaqlığından qaranlıqdan qorxduğu üçün gecəyarısı ayılsa, durub dəhlizdəki işığı yandırır, təkrar soyumuş yerinə uzanırdı. Səhərəcən dəhlizdən uzanan zəif işıq zolağının alatoranında uşaqlıq xatirələrini bir-bir sandıqdan çıxarır, qoxlayır, əzizləyir, yenidən səliqə ilə yerinə yığır, səhər çağı, qaratoyuqların ilk səsləşməsində yenidən yuxuya gedirdi…

…Yuxuları qarışıq idi. Gah valideyn olurdu, uşağını, evini bezib tərk edirdi. Bəzən övlad olurdu, bəzən həyat yoldaşı olurdu, bəzən adi bir küçə adamı olurdu, bəzən külək olurdu, bəzən yağış olurdu, bəzən günəş, bəzən də elə sıradan adi bir adam. Balaca, zərif bir heyvanın ölümünə belə ağlayan zərif qəlbli, kövrək insana da çevrilə bilirdi. Yuxularında dolaşmaq üçün bəhanə axtaran dirilərə və dirilərdən çox ölülərə heyrətlənirdi. Nə qəribə yuxuları vardı. Yuxuları yatsa yuxusuna girməzdi. Hərdən yuxu və gerçəklik arasında qalıb, hansı hadisənin yuxu, hansının gerçək olduğunu ayırd edə bilmirdi. Bu, onu bezdirirdi. Bəzən havalı kimi görünürdü özü özünə. Vahimələnirdi. Birdən gözünün önündə dəlixana canlanırdı. Bir gün ora – oranın qorxunc barmaqlıqları arxasına atılıb təkbaşına qalacağından qorxurdu. Uzun qollarına “smeritelnaya rubaşka”  bağlanıb, özü özünə sarılmağından qorxurdu. Bu axmaq-axmaq fikirləri başından atmağa çalışırdı. Bəzən alınırdı, bəzən yox…

…Pəncərəsində göyərçinlərə hər səhər axşamdan qalan boyat çörəyin qalıqlarını yuxulu-yuxulu barmaqları arasında ovuşdurub səpirdi. Qırıntıları dimdikləriylə necə ləzzətlə və tez-tez yediklərini seyr edirdi. Başları dala-qabağa gedirdi quşların. Boyunlarındakı xırda, parıltılı tükcükləri tərpənirdi. Və belə hər səhər dəyişilməz ssenari üzrə pəncərəsinə yanakı boylanan göyərçinləri yedizdirirdi. O quşlar da, quş başlarına gəlmiş hansısa bədbəxtçilikdə bundan   şübhələnir, pəncələri boyda ürəklərində onu nədənsə ittiham edirmiş kimi gözlərini  döyə-döyə baxırdılar…

Anası öləndə tabuta elə sarılmışdı, elə sarılmışdı ki… Atasını itirəndə heç belə sınmamışdı, heç belə çökməmişdi. Güvəndiyi son insanı, inandığı son piri, son ocağı itirmişdi. Ya da ki ona tab gətirən, heç bir istisnasız qəbul edən yeganə varlığı itirmişdi. Bəlkə də, onda həmişəkindən daha çox tənha qalmışdı. Qara yaylığın biri başından açılmamış, o biri bağlandıqca həyatdan qorxurdu. Bu qorxu getdikcə nifrətə çevrilirdi. Nifrət qəzəbə, qəzəb kinə çevrilirdi bu sadə insanın gözlərində. Ayaqqabılarının taqqıltı səsindən ətrafındakı kişilər pencəklərini düymələyir, qadınlar  özlərini yığışdırıb yaxalarına, əyinlərinə göz gəzdirir, özlərini yığışdırırdılar. Ruhundakı “məni” isə ayaqyalın barmaqlarının ucunda gəzirdi ki, qədəri oyanmasın. Ona yeni kədər gətirməsin. Qədərin yanında elə şəstlə, elə qürurla, elə dikbaşlıqla dayana bilmirdi, bilməzdi də. Qorxurdu…

…Qorxurdu gülümsəməkdən. Bunu bir dəfə şair dostunun qoluna girib, üzünü çiyninə sıxıb məsumlaşmasında duydum. Ona qədər olan bütün dostlarını, hətta ən doğma canbirqəlb dostunu da kobudluğu ucbatından itirmişdi. Təpədən dırnağa peşman olsa da, içindəki iblis onu geri qaytarmağa imkan vermirdi. Və sonuncu dostu – şair onu şüşə kimi açıq-aşkar görürdü. Nə yaşadığını, nə hiss etdiyini bilirdi. Bəlkə də, ən yaxın dostu – həyat dostu elə o şair idi. Çünki o əsl şair idi. Çiçəklərdən, böcəklərdən əttökən şeirlər yazan   dırnaqrası şairlərə nifrət edirdi. Oysa başqaydı. İçindəki hissləriylə, fəhmiylə təpədən dırnağa qafiyə qəlibinin darlığına sıxılmadan, sərbəst şeir kimi, amma ağ şeir kimi yox, məhz sərbəst şeir kimi – “qadın” şeir kimi oxuyurdu onu. Onun yanında olanda teatral geyimə, qrimə, həmin an üçün ssenari qurmağa ehtiyacı qalmırdı. Adam heç atasına-anasına elə sığınmaz ki, o sığınmışdı. Və ilk dəfə gözlərini vualsız gördüm onun. Necə gözəl, necə parlaq gözləri varmış. Bu gözlər Leninqraddakı Qış sarayının divarlarından asılmış rəsmlərdən baxan səmavi gözəl ilahələrin gözləri kimi kübar, əzəmətli və dolğun baxırdı. Amma məsud baxmırdı…

…Fikirli olanda bilirdim ki, ölüm haqqında düşünür. Ölüm adı altında başına dolanan qədər daha ondan kimləri alıb aparmadı ki?! Bax elə odur ki, qədərdən qorxub gülmürdü. Gülsə ali məhkəmənin ən son qərarı kimi hakim – cənab qədər  qələmi qırıb, Allah bilir indi də hansı əzizi üçün ölüm hökmü oxuyacaqdı. Aləmə meydan oxuyan bu adam, bircə onun meydanına düşüb gözünə görünməkdən qorxurdu. Yox, bəlkə də, yavru quş kimi hürkürdü…

…Bəzən nə istədiyini özü də bilmirdi. Deyingən olmuşdu…Heç nəylə razı salmaq olmurdu ki onu. Elə hey nəsə bir səbəb tapıb çanağı hansısa bir bədbəxtin başında qırırdı. Xeyli sonralar anladım ki, bu “günah keçisi” tapıb başında çanaq sındıran adam onun özü deyildi. Heç zərrə qədər də deyildi. Sadəcə tərslikdən həmin gün teatr qarderobunda əlinə hansısa qəzəbli bir obrazın səhnə geyimi düşdüyündən, həmin rola uyğun günün səhnə əsərini oynayırmış. Gecəyarısı işıqlar sönüb ay buludların arxasına çəkiləndən sonra peşman olsa da, olmasa da yazıçının yazdığı və rejissorun qoyduğu əsər beləcə sərt sonluqla bitirdi.Yazıçı da, rejisor da elə özü olsa belə. Vəssalam…

Ətrafına qalın divarlar hörüb. Bu qalın divarları aşmaq mümkünsüzdür.  Özü də aşmağa, ya da tamamilə darmadağın etməyə meyil göstərmir. Ona yaxınlaşmaqçun divarlarına dikilmiş nərdivanları qalanın başından bir barmağının ucu ilə itələyir, bir həmləylə yerə sərir – geri çevirirdi.  Əlində silah hərbi hazırlıqla vargəl edirdi bu dörd divarın içində. Qulaqlarını şəkləyib hardansa savaş, hardansa müharibə gözləyirdi həmişə…

…Hərdən onu əjdahaya bənzədirdim. İçində vulkan yatan əjdaha. Ay başınıza dönüm, dəyəməyin də bu adama. Oyatmayın da içindəki üçbaşlı əjdahanı. Oyanıb axı yenə od püskürəcək. Yeri-göyü külə döndərənəcən qəzəbdən özü də boğulacaq axı… Vallah, oturub insani hisslərimizi işə salıb düşünsək, görərik də o da haqlıdır bəzən. Hə, bəzən. Görməzdən gəlsək də…

…Bir dəfə onu ailəsiylə gördüm. Övladlarını əzizləməkdən də qorxur. Onlarla müdir-işçi prinsipiylə danışır. Dodaqlarının arasından hökmlə səslən söz möhrlü-imzalı əmrə bənzəyir, əmrlərsə mütləq sorğu-sualsız icra olunmalıdır. Ürəyi titrəyir ki, onların başına əlləri əsə-əsə sığal çəksin. Çəkmir. Qürurdundan yox, məğrurluğundan yox, zabitəliyindın yox, sadəcə qorxudan.  Bəlkə, yenə də cənab qədər hardasa yaxındadır, hansısa küncdən gözlərini nifrətlə ona dirəyib?! Bəlkə, elə səhv etməyini gözləyir?! Bəlkə, yenə bilmək istəyir ki, o indi kimi sevir, kimə bağlanıb?!.

Həyat yoldaşı bu “Həyat Dram Teatrında” məncə, ən miskin, ən yazıq adam idi. Əli yerdən-göydən üzülmüş bu adam, hər şeyə rəğmən “bədii rəhbərin” ifa etdiyi musiqinin sədaları altında rəqs edirdi. Elə bilirəm ki, O, BUNA ruhi xəstə kimi baxır, yazığı gəlirdi. Bəlkə də, sadəcə sevirdi. Amma nəyini?! Onlar heç birlikdə normal ailə – qadın-kişi münasibətləri qura bilmirdilər. Elə hey evdə soyuq, sərt martiarxal hava hökm sürürdü. Daimi psixoloji-sosioloji gərginlik ən yüksək voltla ölçülürdü. Bəlkə də, onu itirməyə qorxduğundan od hisslərini, odun hisslərə çevirmişdi…

Beynində qaynadıb daşırdığı qorxular getdikcə qorxunc fobiyaya çevrilirdi. Və bu məsələ ciddilləşirdi. Elə hey ağlında bu fikir yula kimi fırlanırdı ki, məni Allah cəzalandıracaq, cəzam yeni kədərim, kədərim isə kimisə itirməyim olacaq. Bu, ciddi psixoloji məsələdir. Yaxa qurtarmaq da asan deyil. Zökəm deyil ki, kəklikotulu, zəncəfilli çay içəsən keçib gedə. Ya da qriphott içəsən düzələsən. Təsəvvür edirsiz, hər daim dörd gözlə həyəcan içində yaşamaq, nəsə bir bədbəxlik baş verəcəyini gözləmək nə deməkdi?! Gülmür də, gülmür bu adam. Gülməkdən qorxur. Yox, gülməkdən yox, gülüş səsindən başının üstünü kəsdirəcək qədərdən, taledən, alacağı cəzadan qorxur bu adam. Nənəm sağ olsaydı deyərdi ki, ay bala onu bir “Yeddi qapıya”, Pirhəsənə, ya da ki elə “Nizamidəki” çıldaqçının yanına aparın. Amma birincisinə yox, o fırıldaqçıdı. İkinci qapıdakı arvadın əli yüngüldü, ona. Üçcə dəfədən sonra canında qorxu-zad qalmayacaq. Ay rəhmətlik nənəm, sən bunu desəydin də, bir xeyri olmayacaqdı. Qanına, sümüyünə işləyib artıq qorxu… Qəzəbli vual altında gizlənən günəş gözlərə heyif… Vallah, heyif… Özü özünə  “bəxtəvər” dediyi, ətrafa gücünü, hakimiyyətini göstərdiyi qədər də özü özünü aldadırdı. Ətrafındakıları yox, elə özünü. Özünə nə qədər “xoşbəxt” desə də, o sözün birinci hecası nə bənizində, nə xarakterində, nə də ünsiyyətində vardı. Qalıb, qalıb tünd sirkəyə dönəcək qabında bu adam. O sirkə qabı da da bir gün…

Bu yaxınlarda onu Təzəpirdə əllərini göyə açıb dua edərkən gördüm. Başını bərk-bərk elə yaylıqla  bürümüşdü ki. Elə bil onun aciz, zəif olduğunu, ağladığını görəcəklərindən qorxurdu. Dua etdikcə ara-bir gözləri həyacan içində yan-yörəyə baxırdı. Yenə də qorxurdu. Heç burada – Tanrının hüzurunda da rahat ola bilmirdi. Allahsız, dinsiz-imansız kimi ətrafındakıları qılınclayan  bu adamın, sən demə, duyğusu varmış. Daşdan deyilmiş, tuncdan deyilmiş. Tökmə bir heykəl deyilmiş. Gözündən damcı yaş sıxıb çıxara bilirdisə, deməli insan idi. Deməli, duyğuları sonacan daşa dönməmişdi. Deməli, hələ də ümid yeri vardı…

 

Share: