Rədd olsun bu güllə günlər, açılsın güllər… – Xosrov Barışan (Təbriz)

Rədd olsun bu güllə günlər, açılsın güllər… – Xosrov Barışan (Təbriz)

SƏN MƏNİ ONDA GÖR

Yeyəsiz bir mahnı gəzirdi küçədə
Bir də mən
Onu da kimsə duymayırdı
Məni də
Amma mən onu duyurdum
Anlayırdı o məni
Bir siqar yandırdım, xəyallarımla qaranlığa
Gözümün önündə köhnə bir əks
Üzümdə yazılmamış bir yaz

Heç bir uşaqlığın donu açılmamışkən
Beton duvarlarda mahnılar
Bir durna tək köçərkən
Görmədin,
İçim savaş, dışım barış
mən içimdən düşdüm yerə
Aşmış qədəh kimi oğulmuş
Şairi intihar etmiş bir şeir kimi
Yarım qalmış

Bir gün dönsə bu dünya
Və gülləşsə o çatılmaz rövya
Bəlkə bir nəğmə tutar əlimdən
Bəlkə onda anlayarsan səbəbini
Bu susğunluğumu
Onda gör bu çıxmaz küçədən necə çıxdığımı

Hələ bir qopsun bu köhnə əksden bir üsyan
Hələ lal olsun bu kod addımlar
Şüşə sınıqları yerisin içimə
Adımı unut,
Addımımı xatırla
Bir ağıt burax səsimə
Sən məni onda gör

Hələ bir keflilik yansın gecəyə
Bir otobüs yola düşsün mənsizliyə
Yoxuşlar almasın derdimi
Enişlər çalmasın dərdimi
Ay, deliləşsin aramızı çatladan çatıların üstünde
Sən məni onda gör

Bir anlıq susğunluq qonuşsun
tökülsün
Mahnılar dillərdən yaşantıya
Şıltaqcasına
Duvarları aşsın
Yaşlanmış uşaqlıq
üzümdə niqabsz bir acı
Görülsün sırr olan açı
Sən məni onda gör

Hələ yağışlar küsməsin gözyaşlarıma
Kərəm kimi Külə dönsün bütün yarım qalmışlar
Qorxular düzülsün barmaqlarıma
Çalınsın qu quşunun son nəğməsi
Ürəyimdə yanğın, şeirim dumansız
Sən məni onda gör

Hələ ciblərimdə daşıyıım daş
Yolumda yalqızlıqdaş
Hələ qoy gəlsin bahar
Rədd olsun bu güllə günlər
Açılsın güllər
Sən məni onda gör

Təbriz

Share: