Qırx il bir ömrə dəyər və ya “Mətbuatın fəhləsi”I – Daşdəmir Əjdəroğluna dost təbriki

Qırx il bir ömrə dəyər  və ya  “Mətbuatın fəhləsi”I – Daşdəmir Əjdəroğluna dost təbriki

 

Uzaqlardan baxıram – Almaniyadan, amma gözlərimdə hələ də Basqalın daşlı küçələri, qəlbimdə isə o küçələrin ruhunu daşıyan bir insan: Daşdəmir Əjdəroğlu. Adı kimi möhkəm, özü kimi təmiz, yazdığı kimi dürüst…
Bu gün o, ömrün 60-cı pilləsini arxada qoyub. Amma onun üçün yaş sadəcə bir rəqəmdir. Onun əsl yaşı – qələminin yazdıqları, vicdanla keçirdiyi ömür, sədaqətlə qoruduğu dəyərlərdir. O, ömrünü sözə bağlayan, sözü ömrə çevirən adamlardandır.
Ona “mətbuatın fəhləsi” deyirəm – çünki o, bu sahənin həm daşını çəkib, həm də işığını yandırıb. Sözə təmtəraq verməyib – əvəzində sözü adam eləyib. “Qızıl qələm” verilməyib ona – çünki özü o qələmin özüdür: halaldan yazan, halalla yaşayan.
Dostluğumuzun 40 ili geridə qalıb. Amma bu illər içində nə bir inciklik, nə bir küsgünlüyümüz olub. Həmişə səmimiyyətlə görüşüb, ürəkdən hal-əhval tutmuşuq. Əsl dost budur: dar günündə yanında olan, dərdini sən deməmiş anlayan, təskinlik əvəzinə ürəyini verən. Daşdəmir özünü düşünmədən başqasını yaşadan insanlardandır.
Bu gün onun yanında ola bilmədiyim üçün qəlbimdə bir sızı var. Amma bilirəm, bizə söz yetər – çünki dostluğumuz sözlə başlayıb, sözlə böyüyüb. Söz bizim körpümüz olub, bu gün də körpü kimi birləşdirir bizi.
Daşdəmir – İsmayıllının təbiəti kimi
saf və möhkəmdir – sanki dağların dilsiz müdrikliyini, bulaqların tükənməz axarını, meşələrin təmkinli nəfəsini özü ilə daşıyır. O, fəsillər kimi dəyişmir, əksinə, hər fəsildə bir dəyər bəxş edir ətrafına – payızda təmkin, qışda sükut, yazda yenilik, yayda işıqlı istilik gətirir. Daşdəmirin təbiəti də elə doğulduğu torpaq kimidir – təkəbbürsüz, qüdrətli, səmimi, köklərinə bağlı və sadə gözəlliklərlə doludur.
O, yazdığı hər cümləyə vicdan qatıb, danışdığı hər kəlməyə ömür verib. Qələmi kağızla yox, insanla danışıb. Yazdıqları oxunmaq üçün deyil, yaşanmaq üçündür. Ona görə də Daşdəmir Əjdəroğlunu tanıyan hər kəs, sanki onu oxuyaraq yox, yaşayaraq tanıyıb.
Altımış yaş nədir ki… O, illəri yaşlanmaq üçün deyil, işıq saça-saça yaşamaq üçün keçib. Hər yaşında bir işıq, hər addımında bir iz qoyub. Bu gün uzaqlardan olsa da, ürəyimdə o daşlı Basqal küçələrinin səsi, o səslərin içində Daşdəmirin gülər üzü, səssiz hikməti yaşayır.
Qırx il bir ömrə dəyər – əgər o ömür dost kimi Daşdəmirlə paylaşılırsa…
Və bu ömrün hər səhifəsində tək bir söz yazılıb: ETİBAR!!!
Ad günün mübarək, sözün, özün kimi təmiz insan!

 

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı.

Share: