“Qarmon…” – Arzu Nehrəmlinin yeni hekayəsi

Qarmon
( hekayə )
Bir, iki, sol…
Bir, iki, sol…
Bir, iki, sol…
Eeeh yoruldum, bu günlük “soldat” oldum bəsdir. Ay daaad, bəs mənim ayağımın altına qoyduğum daşım hanı, kimin başına düşüb, indi mən bu boyda divara necə dırmaşacağam? Yenə Yavərin işidir. Aparıb balıq tutanda üstündə otursun. Gedim gətirim.
Start, hazır olum, üç, iki, bir, marş. Nə yaxşı oldu, iki yüz metri finişə həmişəkindən tez qaçıb çatdım. Çünki bu gün mənə heç kəs qışqırıb mane olmadı. Bir də ki camaata nə vare mən harada qaçıram, bunların divarlarının üstü deyil ki, kolxoz həyətinin divarıdır, kolxoz bilər, mən bilərəm! İşlərim yaxşı gedir, bu gün stadionu 2 “kruq” qaçacağam. Gərək başmaq geyinməyərdim, stadion onsuz da çəmənlikdir, ayaqyalın qaçmaq çox rahat olur. Yoox, sonra atamın yanına çatanda elə biləcək puldan ötəri çıxarmışam başmaqlarımı. Bu gün bir manatım bəsimdir, onsuz da onu elə atam başmaqlarım ayaqlarımda olanda da verir də. Hitler əmidən qırx qəpiklik semiçka alaram, altmış qəpiyinə də ….. Altmış qəpiyi neyniyim, görəsən. Məktəb də açıq deyil ki, bufetindən kolbasa-çörək alım yeyim, pul sandığıma da salmayacağam, onsuz da bacım çıxarıb özünə cehiz alacaq. Elə hamısına semiçka alaram, Hitler əminin də xoşu gələr, həmişəki kimi “Sən kişi balasısan” deyib, semiçka stəkanlarını bir az dolu edər. Mən də bir-iki stəkanını çırtlayıb qalanlarını tökərəm kolxoz həyətinin arxına.
Hitler əmi kor idi, bu korluğa da səbəb Böyük Vətən Müharibəsi olmuşdu. Elə adını da, daha doğrusu təxəllüsünü də o illərdə qazanmışdı. Nəyə gülürsünüz? Sizə asan gəlməsine, o vaxt dünyaya meydan oxuyan Almaniyanın, onun liderinin adını qazanmaq hər kişinin işi deyildi. Bunun üçün ağıllı, qorxmaz, müdrik, qəddar, zalım, yalançı, dəliqanlı qoç Koroğlu yox, bu onluq deyildi, soyuqqanlı, cəsarətli, böyük siyasətçi, ən əsası isə səliqəli olasan ki, bu adı qazana biləsən. Yəqin ki, sadaladıqlarım arasında axırıncı dediyim hamınızın diqqətini cəlb elədi: səliqəli olmaq. O dövrün barmaqla sayılası tək-tük şahidlərindən soruşa bilərsiniz, tapa bilməsəniz, baxdığınız tarixi kinolar, oxuduğunuz əsərlər, bir barmağınızın işarəsinə bənd olan ən yaxın arif dostunuz internetdən də soruşsanız sizə eyni cavabı verəcək. Köpək oğlunun almanı o qədər səliqəli davranıb hərəkət edirdi ki, bu nizam-intizamı dünya ölkələri bir araya gəlib sahmanlı kino şəklinə də sala bilmirdilər. Qırıcı bombardmançı təyyarələr səmada durna qatarına, bombalar isə dallarından tökülən yumurtalara bənzəyirdi. Təyyarələrin çıxardığı harmonik səslər – oy oy oy – ritm notlar üstündə köklənmiş klassik əsər təsiri bağışlayırdı. Araşdırsanız, siz də görərsiniz ki, o illərin bəstəkarlarının qeyri-adi üslub tərzi olub. Bu da yüz faiz o səslərin təsirinin nəticəsindən imiş. Şəhərləri elə dağıdıb, elə viran qoyurdular ki, kənardan baxanda abad parka bənzəyirdi. Başıye, başı elə kəsirdilər ki, üstlərinə bir damcı qan sıçramırdı. Yoxsa pinti rus kimi, başı elə kəsir ki, adamın başını bədənindən ayıranacan üst-başını qana bulayıb kənddəki dana başı kəsən qəssab Kərəmə oxşayırdı. Hələ 1944-cü ildə atamın ayağına vurduqları gülləni demirəm, bəh, bəh… qəlpəni sol aşıq sümüyünün altına uğurla başa çatmış plastik əməliyyatda olduğu kimi elə “akkuratnıy” yerləşdirmişdilər ki, rəhmətliyin ölənə qədər qırx il ayağından səliqəli irin axdı. Vallah-billah, mənə elə gəlir ki, bizim, bizim kimilərin və böyük qardaşımız bildiyimiz rusun pintiliyi məğlub etdi bu səliqəli möhtəşəm almanı.
Hitler əminin korluğuna səbəb olan bu hadisə müharibədən əvvəlmi, ortasındamı, sonramı olmuşdu, bilmirəm, imanımı yandırammaram. Hadisənin də dəqiqliyini günün bu vaxtında gecə saat 2-də kimdən soruşub dəqiqləşdirə bilərəm ki. O dövrdən bu yana gör neçə nəsil dəyişib. Vallah deyəsən, mən düşüncə əyriliyinə ya nəyəsə yol verdim, Allaha xoş getmədi, işıqlarımız partladı, indi şamı mən hardan tapıb yandıracağam. Əziz oxucularım, bir az gözləyin, işıq məsələsini həll edim, gəlirəm, sizi çox intizarda qoymayacağam. Lənət şeytana, korluq nə pis şey imiş. Şükür, hər şey qaydasındadır. Deməli belə, harda qalmışdıq – Hitler əmi həqiqətən kor idi. Məni yüz metrdən görüb, yox, duyub hiss edirdi. Alverimiz baş tutanda isə dördgöz olurdu. Stəkan-stəkan ölçdüyü semiçka tumlarının sayına qədər hiss edirdi. Bu gün də bir manatlıq on stəkan alaram, o da altı-yeddi stəkan verər bəsimdir. Durub yaşlı, gözləri görməyən adamla say hesabı gedəsi deyiləm ki?
Mənə də stolovoyçu Kazımın qızı deyərlər. Atam da, mən də bu riyaziyyat deyilən hesab kitabı Hitler əmi kimi gözü yumulu həll edir, semiçka kimi çırtlayırdıq. Atam bütün problemli misalların həllində elə gözəl, yaraşıqlı kəsib doğrayıb, rəndələyib, ortaq məxrəc çıxardırdı ki, nəinki məxrəclərin, heç surətlərin də ruhu incimir, xətri xoş olurdu. Özünün çox təmkinli, pozitiv tənliklər sistemi var idi. Bir məchul gözündən yayına bilməzdi. İqrik birin dalınca olanda, iks ikini elə xətircəmliklə tapıb yerinə otuzdururdu ki, heç əvvəldən kvadrat tənliyi mötərizəyə alıb kvadrata yüksəltməyə, yəni ikini qozbel mötərizənin əyri boynuna mindirməyə ehtiyac qalmırdı. Bütün bunlara rəğmən mənə elə gəlir ki, riyaziyyatçıların – Rene Dekart, Evklid, David Hibert, Qabriel, hətta Pifaqorun özü belə atam kimi stolovoyçu olublar.
Nə isə… Çox uzağa getməyim, artıq stadiona çatmışam. Böyük yaşıl futbol meydançasının arxa qapısından girib bir kruq edib giriş qapısından çıxacaqdım – hamının dükançı Əsgər kimi tanıdığı şirin dilli kişinin – Əsgər dayının ev-eşiyi, həyət-bacası qədər sevdiyi və rəhbərlik etdiyi universal mağazanın qarşısına….
Əsgər dayını çox istəyirdim, ona görə də dayı deyirdim. O da mənə qohumumun balası deyirdi. Bilirəm ki, Əsgər dayı da məni çox istəyir. Çünki mən onun ən sevimli, ən əziz, əli cibində olan daimi müştərilərindən biri idim. Bir şey də var ki, bu qədər əziz bildiyim bu kişinin gələcəkdə həqiqətən dayım olacağına, yəni qızımın atasının dayısı olacağına bir səbəb imiş.
Ürəyim istəyən qədər qaçmışdım. Həqiqətən o gün mənim üçün çox uğurlu başlamışdı. Stadionda da bir yaraşıqlı , rəngi rəngimə, baxışı baxışıma bənzəyən, gülərüz it mənə əvvəldən axıra qoşularaq qulaq yoldaşı olmuş, darıxmağa qoymamışdı. Stadionun qapısından çıxar-çıxmaz, elə dostum itlə təzəcə sağollaşmışdım ki, birdən o gün mənim üçün ən böyük uğurum olan Əsgər dayımla rastlaşdım. O da məni çoxdan gözləyirmiş kimi:
-Qohumumun balası, harada qalmısan? Heç bilirsən səhər-səhər nə gözəl mal almışıq? Qarmon.
– Nə qarmon? Doğruçudur, Əsgər dayı? “Cücələrim”i çalır?
– “Cücələrim”i nədir, lap belə atanın havasını – “Hüseyni tormoz”u da çalır.
“Hüseyni tormoz” məsələsi söz gəlişi elə-belə deyilməmişdi. Bütün el-oba, ətraf kənd, şəhər – hamı bilirdi ki, “Hüseyni tormoz” Kazım kişinin oynadığı havadır. Buna görə də, hansı toy-düyün, el şənliyi olsa idi sifarişsiz-zadsız çalınar, Kazım kişi özünün tərzində asta-asta ağayana süzər, musiqiçilərin də həm oyunu, həm də şabaşı ilə könüllərini ələ alardı. Onu da qeyd edim ki, kənddə atamdan başqa heç kəs bu mahnıya oynamağa cürət etməzdi. Atam “Hüseyni tormoz” havasını elə mənimsəmişdi ki, əvvəllər elə bilirdim bizim bu adda çox yaxın, üzünü görmədiyimiz bir qohumumuz var, bu mahnını da atam şəxsən onun üçün bəstələyib. Nə bilim axı, uşaq idim də… Bununla bağlı bir maraqlı hadisəni də xatırladım ki, bəlkə də çoxunuz bu əhvalatla çoxdan tanışsınız. Bir gün atam rayona toya çağırılır. Tostunu deyib bitirdikdən sonra masabəyi: “Dayı, hansı havanı oynayacaqsan?” – deyə soruşduqda, atam da öz baməzəliyindən geri qalmayıb: “Ay oğlum, kim nə çalır çalsın mən öz havamı oynayacağam”. Ona da Kazım kişi deyərdilər…
Canım-gözüm atam, şirin atam, niyə bu qədər oğlunun, qızının içində sənə ən çox oxşayan mən olmuşam: hal-xasiyyət, görünüş, baxış, əməl, ağız-burun, göz-qaş, rəng, daha nələr… Mən fərqinə varmasam da tanıyanlar – hamı bunu dəfələrlə deyib xatırladırlar. Məsəl üçün yoxluğundan uzun illər keçməsinə baxmayaraq, indinin özündə Yaqub baba – “Elə bil Kazımdır danışır və baxır.” – deyir. Yəni bu qədərmi oxşamışam sənə? Deyirlər, atasına oxşayan qız xoşbəxt olar, ata, nigaran olma, mən də xoşbəxtəm! Çünki üzünü görmədiyin gözümün ağı-qarası, biricik qızım da atasına oxşayır. Çox xoşbəxtəm, ata…
– Neçəyədir, Əsgər dayı?
– Qırx yeddi manat, get atandan əlli manat al, gəl.
– Əlli yox, iki iyirmi beşlik.
Deməli, mənə iki iyirmi beşlik lazımdır. İndi deyəcəksiniz, niyə məhz üçlük, beşlik, onluq yox, iyirmi beşlik?
İyirmi beşliyi çox sevirdim, çox orijinal görünüşü var idi, rəngi də, ölçüləri də digər pullardan seçilib fərqlənirdi. Həm də böyük tələbatlarımın ödənilməsi üçün iyirmi beşlik bəs edirdi. Əlliliyə heç vaxt quşum qonmamışdı. Özündən razı, təkəbbürlü adamlara bənzəyirdi. Yüzlüksə heç ağlımdan da keçmirdi, mənimçün yox kimi bir şey idi. Onsuz da dövr üçün az tapılan, əlçatmaz idi bu şöhrətpərəst yekə pul.
– Əsgər dayı, qarmonumu saxla, heç kəsə vermə gəlirəm!
Məsələ ciddiləşmişdi: bugünkü proses asan başa gələn iş deyil, atam üçün də, mənim üçün də çətin olacağı göz qabağında idi. Buna görə də, yüz ölçüb, bir biçmək, aradakı məsafələri nəzərə almaq lazım idi. Bütün bu baş verənlərə rəğmən Hitler əmi ilə baş tutacaq xırda alverimiz təbii ki, bir müddət təxirə salınacaqdı. Ona görə ki, qəflətən meydana çıxan mən, atam, Əsgər dayı və işçiləri ilə ortaya qoyduğumuz yeni sövdələşməyə, daha doğrusu müqaviləyə imza atmış olurduq. Yəqin ki, Hitler əmi də məni bağışlayacaqdı. Çünki o, dünya görmüş, od-alov içindən çıxmış, həyatın dərinliklərinə varmış, qaranlıqları yarıb keçmiş, çətinliklərə sinə gərmiş, mərd, humanist, müdrik insan idi. Deyirəm, kim mənim yerimdə olsaydı bu qədər alqı-satqı nəticəsində dünyanın ən böyük alverçisi, mədəni dildə desək biznesmeni olmuşdu. Amma mən, nə faydası, yarıtmadım ki, yarıtmadım. Sözün əsl mənasında taleyimi zəbt eləmiş şanssızlıq ucbatından…
Stolovamıza çatmağa az qalmışdı: klubun qabağını qarşıdakı yüz illərin çinar ağacları bəzəyən geniş parkı ötdükdən sonra çatmış kimi idim oraya. Başımı qaldırıb parkın içində Lenin babanın tuncdan qoyulmuş əzəmətli heykəlinə baxıb ürəkləndim. Ayaq saxlayıb ərkyana atamdan bir xeyli şikayətləndim də. Hətta əlindən tutub atamın yanına aparmaq da istədim. Tərəfimi saxladığını bilirdim, bilirdim ki, o, uşaqları çox sevir. Lenin baba gülümsəyirdi və əli ilə qarşı tərəfdəki stolovamızı göstərirdi. Lenin babanın bu mehribançılığı məni bir az da haqlı olduğuma inandıraraq bu işin həmişəki kimi mənim xeyrimə həll olunacağına əminlik yaratdı. Niyə də yaratmasın, hə? Qarmonu mən almamış kim alacaq?
Dayan, ata, gör indi sənin başına “Cücələrim”, “Hüseyni Tormoz” oyunu açıram, ya yox. Açmasam mənə də Kazımın qızı deməsinlər.
İndi hər şey atama olunan kənar təzyiqlərin təsir gücündən asılı idi. Bəlkə elə ayaqqabılarımı burada çıxarım – Lenin babanın yanında, saçlarımı parkın çıxışında açaram, belə etsəm stolovayacan ayaqlarım çox tozlanar, saçlarım da həmişəkindən çox purtlaşar. Atam məni belə görsə dəli olacaq, nəinki mənə qarmon, Lətif əminin tarını, Mamed əminin nağarasını da alacaq. Həm də belə etsəm çatan kimi özümü götürüb göydən yerə vurmayacağam, stolovanın həyətindəki ağacların dibindən axan arxın içinə çırpmayacağam. Atamın məni yaxşı tanıyan daimi müştəriləri: “Kazım, gəldi” – deməyə macal tapmayacaqlar. Atam da oyunbazlığıma həmişə oturduğu stol arxasından baxaraq təmkinli-təmkinli gözləri yaşarana qədər gülməyəcək. Sonra mənim heydən düşənə qədər qışqırıb ağlamağıma, üzü üstə düşüb qalmağıma, atamın gəlib məni qaldırmağa, qucağına alıb bir tərəfində şüşəsi ilə stəkanı olan stolunun üstündə oturtmağına ehtiyac qalmayacaqdır. Həqiqətən də bütün bunlara o gün ehtiyac yox idi. Çünki çox tələsirdim. Bu beş-on dəqiqə arasında baş verən musiqiyə hədsiz həvəsim məni gündəlik təkrarlanan oyun şərtlərimdən yaman daşındırmışdı. Stolovamızın həyətinin iki giriş qapısı var idi. Mən həmişə hücuma sol cinahdan girirdim. Bu qapıya atamın oturduğu yerin yan tərəfi düşürdü. Atam oturmağa elə yer seçmişdi ki, sahib olduğu məkanın bütün tərəfləri onun nəzarəti altında olurdu. Yandan baxanda atam çox qürürlu, məğrur, həm də səksəkəli, gözü yolda, qulağı səsdə görünürdü. Əlbəttə ki, bu həssaslığı müştərilərinə yeni gələn mallarına görə deyil, sözsüz ki, mənə görə idi. Atamın arxasında oturduğu stolda həmişə bir şüşə su və stəkan olurdu. Deyəsən, atam o su ilə dərdlərini udur, fikirlərini başına çəkir, övladlarının qayğısını yuyurdu qayğıkeş atam. O sudan heç vaxt mənə verməzdi, mənimçün ayrıca limonad şüşəsi açardı. Atam çox fikirli görünürdü, təkcə uşaqlarını, qarma-qarışıq taleyini düşünmür, ətrafa, yan-yörəyə, qəriblərə də diqqət yetirib qəribsəyirdi, könlü qubarlı atam. Bilirdim, atam mənsiz darıxır. Mənim bu nadürüst hərəkətlərim atamın işlərinin xeyir-duasına, stolovamızın himninə çevrilmişdi. Etdiklərimdən bezib yorulmazdı, əksinə, doyunca gülər, bağrına basıb saçımı-başımı doya-doya qoxlayardı. Tozlanmış ayaqlarımı təmizləyib, iyirmi-otuz metr aralıda soyunduğum ayaqqabılarımı tapıb gətirib geyindirər və ən əsası mənə lazım olan xərclərimi cibimə qoyub yola salardı. Bu da olardı mənim min cür əziyyətlə, halal zəhmətlə qazandığım zəhmət haqqım. Zəhmətlə qazanılan pul şirin və bərəkətli olar. Bir də ki, belə etməsəydim, bilirəm ki, qazancım nağd olmayacaq, atamın dilindən düşməyən və hər zaman güvəndiyi “birinci günə qalsın” deyəcəkdi. Mən də axmaq-zad deyildim ki. Nağdı qoyub, nisyə dalınca gedim. Gün bu gündür deyib iki ayağımı bir başmağa dirəyib durardım. Atam da bunu hamıdan yaxşı bilirdi. Stolovoyçu adam idi, dedim axı onu haqq-hesabda aldatmaq çətin məsələ idi. Amma mənə elə gəlirdi ki, mən atamı diri-diri soyurdum, özü də çox qəddarcasına. Dəcəlliyim, şıltaqlığım, uşaqlığımla onu bu islahatlara məruz qoyurdum. Bu hadisələr ona xoş, mənə ondan da xoş olurdu. Hər gün bir oyun qurardıq, hər gün bir nağıl bitirərdik atamla… Bir ata-bala sevgisinin şəkərini, noğulunu, duzunu, istiotunu qatıb-qarışdırar, görənlərə göz xoşluğu, duyanlara qəlb xoşluğu bəxş edərdik. Bəlkə də, atam düşünərmiş, mən tez böyüyüm, boya-başa çatım, ağıllanım, sakitləşim. Amma mən nə böyümək, nə də kiçilmək arzusunun nə olduğunu anlamırdım. Mənim arzularım gündəlik idi. Sabaha boylanmağı bacarmırdım, arzularım ani idi, ancaq özümü düşünürdüm. Amma hərdən bu fırtınalı təzadların içində elə bil böyüyürdüm. Atam gözlərimdə su şüşəsinin arxasında itib görünməz olurdu. Stəkanı içilməmiş dolu, stolu boş qalırdı. Diksinirdim bu yoxluqdan – bu gün keçsin atamı daha incitməyəcəm. Əşi deyirdim də, uşaq ağlı, sizcə, indi mən qarmonumdan vaz keçə bilərəmmi, əlbəttə ki, yox.
Artıq saçlarımı da açmışdım, ilk payız küləyinin mehi də onları qarışdıraraq lap istədiyim formaya salmışdı. İndi qalırdı stolovamıza sol cinahdan hücuma keçmək. Tərs kimi də qarmon həyəcanımı idi, nə idisə, ağlamağım da gəlmirdi. İlk qarşılayan qardaşlarımdan biri oldu. Görkəmim qardaşımın xoşuna gəlməmişdi. Hamı Kazım kişi ola bilməz e, gözəlliyi ilk baxışdan duya bilsin.
– Atam hanı?
– Ata burada yoxdur, tez get ayaqqabılarını geyin, qaç evə.
– Necə yəni yoxdur? Qarmonumu aparacaqlar. Tez elə de görüm, atam harada?
– Ata dəlləkdə.
– Orada yoxdur, indi ordan keçdim, görmədim.
Mən məişət evini nəzərdə tuturdum, yol üstündə yerləşən kənd sakinlərinin xidmətində olan, böyük, yaraşıqlı məişət evini. Hər dəfə yanından keçəndə pəncərə şüşələrindən bərbərlərin saçlara düzüm verməsinə boylanıb bir xeyli tamaşa edərdim. Atam orada deyildi, ən azından o məni görmüş olardı.
– Çaylaq məhəlləsindəki dəlləkdə.
– Uzağa niyə gedib? Qarmonumu aparacaqlar.
“Çaylaq” məhəlləsi aralıda olduğundan birbaşa ora ayaqyalın qaçmağım asan olmayacaqdı, ayaqqabılarımı da uzaqda soyunmuşam. Səhərdən su kimi axan işlərimin qarşısına bu nə bənd-bərə idi salındı. İndi mən nə edəcəyəm? Qarmonumu aparacaqlar.
Artıq “Çaylaq” məhəlləsindəki dəlləkxananın astanasında idim. Atam imkan tapıb üz-gözünü təraş etməmiş ciblərini təraş edən dəlləklə üzbəüzdə idi.
– Bura necə gəlib çıxdın?
Bir az qanan vaxtım olsa idi, deyərdim: “Sənin atınla”.
– Tez elə, mənə qarmon al.
Atam arxamdakı su dolu çuxurdan ehtiyat etdimi, qorxdumu deyim, tez əlini cibinə salıb bir üçlük çıxartdı.
– Götür, get, al, qaç burdan.
– Mən yalançı qarmon istəmirəm, ondan evciyimdə üç dənə var. Doğruçu qarmon istəyirəm, “Cücələrim”i çalacaq.
– Onu birinci gün alarıq.
– Yoooox! Tez elə mənə qarmon al, tez elə, qarmonumu aparacaqlar, Əsgər dayı saxlayıb.
– Yaxşı, Əsgər, sənlə mənimki qalsın sonraya.
Atam artıq işin nə yerdə olduğunu anlamışdı. Bilirdi ki, öldü var, döndü yoxdur.
– Neçəyədir?
– İki iyirmi beşliyə.
– Nəəə? Çox yekə oldu axı. Sənin də, mənim də ona gücümüz çatmaz, a bala.
– Tez elə, mənə qarmon al, çatacaq!
Atam artıq çarəsiz olduğunu anlamışdı. Uzaq “Çaylaq” məhəlləsində vəziyyətin sabitləşəcəyinə ümidini itirmişdi. Ciblərini eşələməyə başladı. Birtəhər arzusunda olduğum məbləği bir yerə toplayıb ovcumun içinə basdı. İyirmi beşlik olmadığı üçün pullarla soyuq davranıb narazı görkəm almışdım. Atam bu pulları güclə bir yerə yığmışdı, sözsüz ki, dəlləyə həmin gün nisyə iş gördürəcəkdi.
İşlər axarına düşmüşdü. Lenin babaya əmanət buraxdığım, o da göz bəbəyi kimi qoruduğu ayaqqabılarımı da tapıb geyinmişdim. Əsgər dayının başı müştərilərə qarışmışdı. Adamların arasından başımı görən kimi: “Boy, qohumumun balası” – deyib əlimdən tutub maqazinin divarlarına çəkilmiş piştaxtaların ən yuxarı hissəsində yerləşən bir qara, bir yaşıl rəngdə olan iki qarmonu mənə göstərdi.
– De görüm, hansını istəyirsən?
Allah heç kəsi seçim qarşısında qoymasın. Ovcumdakı pulları Əsgər dayıya uzadaraq:
– İkisini də.
Açığı bu tonu yüksək əmrimdən Əsgər dayı diksinən kimi, hətta bir az da qorxantəhər oldu. Tez qara qarmonun qayışlarını çiynimə salıb, hər zaman fotoaparatı ilə iş başında hazır olan Əli əmiyə göz-qaşı ilə işarə etdi. Əli əmi də qarmonumla mənim gözəl bir anımı tarixə çevirdi. İkinci pozaya vaxtım yox idi. Artıq ayaqqabılarımı soyunmuşdum.
– Dayan, a bala.
– Əsgər dayı, qarmonlarımı saxla, mən atama dəyib qayıdıram.
– Yox, a bala – deyə bir əlini mənə istiqamətləndirərək, bir gözü məndə, o birisi gözü ilə əli arxadakı işçilərində qısa zaman çərçivəsində mən də bu sözləri eşidib anlaya bildim Əsgər dayıdan: “Ay oğlum, Bağır, Kamran, tez olun bu uşaq qayıdıb gələnə qədər anbardakı klarnet və nağaranı və bir də qutuların altındakı şeypuru tapıb, tozunu silib, tez gətirib, düzün piştaxtaya”.
***
Qarmonlarımı, klarnetimi, nağaramı deyə bilmərəm, onlara qarşı “slux”um zəif idi, amma şeypurumda ifa tərzim o qədər mükəmməl idi ki, ağzını bir dəfə üfürüb aşağı lüləsini yuxarı qaldıran kimi yeddi məhəllə o tərəfə uşaqları səsləyib ətrafıma toplaya bilirdim.
Dit – diri – dit – dit
Dit – diri – dit – dit
Dit – diri – dit – dit
Dit – dit – dit!!!
Arzu Nehrəmli
Müstəqil.az
La imagen puede contener: 1 persona, niños e interior
Share: