Qadağan olunmuş tamaşa – Kamal Abdulla yazır…

Müstəqil.Az  Xalq yazıçısı Kamal Abdullanın ““Casus”: qadağan olunmuş tamaşa” yazısını təqdim edir.

Vaqif İbrahimoğlu ilə tanışlığımızın birinci günündən (bu mənim Moskvadan aspiranturanı bitirib geri döndüyüm vaxta, təxminən, 1979-cu ilin sonlarına təsadüf edir) dostluğumuzun sonuncu gününədək, yəni onun vəfatınadək bizim münasibətlərimiz qarşılıqlı anlaşma, hörmət və sevgi üzərində quruldu. Vaqif ən azından bir insan kimi çox maraqlı, nəcib və mərd biri idi. Bilmirəm, o buna necə nail olurdu, amma onunla təmasda olan hər kəs bu təmasın müddətini mümkün qədər uzatmağa cəhd edirdi. Onunla ünsiyyət bütün tanıyanlar üçün yavaş-yavaş daxili ehtiyaca dönürdü. Bu ünsiyyət zamanı hiss edirdin ki, səndə əməlli-başlı saflaşma prosesi getməkdədir. Sənin ətrafa, insanlara münasibətin dəyişirdi, sən hamını, ilk növbədə həyatı sevməyə hazır bir vəziyyətə gəlirdin. Həyat gözəlləşirdi, səndəki yaşamaq eşqi güclənir, ən əlçatmaz arzular reallaşmağa yaxınlaşırdı. Sən yazmağa və yaratmağa daha həvəslə köklənirdin. Bəlkə də əsl katarsis elə bu idi. Mən həyatım boyu az adama rast gəlmişəm ki, mürəkkəb mətləbləri asanlıqla sadə məxrəclərə gətirə bilsin. Məncə, bu, xüsusi və nadir bir istedaddır. Həyatımın müəllimləri olmuş yeznələrim Yəhya müəllim, Ağamusa müəllim belə şəxslər idi. Ünsiyyəti ilə fəxr etdiyim Azad Mirzəcanzadə belə şəxs idi. Unudulmaz Həsənağa Turabov belə şəxs idi. Vaqif də, heç şübhəsiz, onların sırasında yer alır. Bu adamlarla nə barədə istəyirsən, söhbət edib istədiyin sualı verə bilərdin. Qorxmaq lazım gəlməyəcəkdi ki, sən bu suala normal cavab ala bilməyəcəksən. Bu çox vacib məqamdır. Bəzən adam kiməsə sual verməyə qorxur ki, qarşısındakı o sualın cavabını birdən bilməz və pis vəziyyətə düşər. Bundan isə ən çox sən özün utanmalı olarsan. Əgər utanmırsansa, mənə elə gəlir ki, bu hal ilk növbədə sənin özünün tərbiyə dərəcənin əskikliyini göstərir.

Vaqif hər cür söhbətə əvvəlcədən hazır idi. O danışanda söz sözü, cümlə cümləni ahəngdar, məntiqli və sistemli şəkildə çəkib gətirirdi. Adam mat qalırdı ki, heç bir elmi adı, yazdığı qalın, lap elə nazik kitabı olmayan bu cavan oğlan necə ola bilir ki, belə fəlsəfi, kulturoloji, psixoloji, filoloji dərinliklərə baş vura bilir?! Sənin mühasirəsinə düşdüyün mürəkkəblikləri necə ola bilir ki, o bu cür sadə məxrəclərə gətirə bilir?!

Vaqif Teatr İnstitutunda fəaliyyət göstərən tədris teatrının direktoru idi. Artıq ölkənin teatral dairələrində onu xüsusi istedada malik rejissor kimi tanıyırdılar. Dalıyca danışanlar da az deyildi. Biz belə başa düşürdük ki, bu adamlar onun istedadının paxıllığını edirlər. Vaqif hərdən aktyorluq da edirdi. Hətta Anarın “Dantenin yubileyi” filmində Kəbirlinskinin oğlu rolunda da çəkilmişdi. Bizi tanış edən Niyazi Mehdinin dediyinə görə indi də “Kitabi-Dədə Qorqud” üzərində haman Tədris teatrında sirli və qəribə eksperimentlər aparırdı. Niyazi də, Zeynal da, Rəhman da, başqa intellektual dostlarımız da onun gördüyü işlərə heyran idilər. Ağız büzənlər də az deyildi. Bu cür ağız büzənlər və Vaqifə heyran olmayanlar onun heyranları tərəfindən anındaca haman “paxıllar” qrupuna daxil edilirdilər.

Vaqiflə mənim Dədə Qorqudumuz xeyli mülayim, dünya xalqlarına və alimlərinə açıq, hələ də bizlərə nəyisə öyrətməyə çalışan bir müdrik idi. Bizi bu “Dədə Qorqud” birləşdirirdi. Amma bu birləşmə, bəziləri elə güman edirdi ki, iki bir-birini tam anlayan adam arasında baş verir. Həqiqət isə bundan ibarət idi ki, bu, tam şəkildə belə deyildi. Mən Vaqifi ilk zamanlar heç də adekvat anlamırdım. Bizim baxış bucaqlarımız bir-birindən fərqlənirdi. Mən “Dədə Qorqud”a o zamanın dilçilik rakursundan baxırdım, Vaqif isə müasir strukturalizmin, semiotikanın, fəlsəfənin, müasir kulturoloji metodların rakursundan. Mən o zaman qəbul edə bilmirdim ki, o, özünün “Dədə Qorqud” tamaşalarında sözü niyə hərəkətlə əvəz eləməyə çalışır?! Anlamırdım ki, “Dədə Qorqud” qəhrəmanları bu balaca tədris teatrının balaca səhnəsində niyə bədənlərini əsdirə-əsdirə gəzirlər?! Niyə onlar bir-birinə sözlə müraciət etmək əvəzinə, yəni Dastanın mətnindən real olaraq istifadə etmək əvəzinə tamaşaçıya müxtəlif hərəkətlər göstərirlər?! Niyə tamaşaya baxan dostlarımız bundan vəcdə gəlir?! (O da var idi ki, bəziləri özlərini elə göstərirdilər ki, guya vəcdə gəlirlər). Onların da bəziləri mənim qədər məsələnin mahiyyətini qəbul edə bilmirdilər. Vaqif isə bundan qətiyyən rəncidə olmurdu. Vaqif səbrli idi. Hər dəfə tamaşadan sonra tamaşa ətrafında maraqlı müzakirələr, söhbətlər düzənləyirdi. Biz onun balaca otağına yığışıb “Dədə Qorqud”la söhbətə başlayıb, tamam başqa bir mövzu ilə, məsələn, Niçşenin Zərdüştü ilə söhbəti bitirirdik. Haman tamaşasonrası söhbətlərin dadı-duzu, estafeti sonralar onun tərəfindən yaradılmış “YUĞ” teatrına da keçdi. Bu da təbii idi. Vaqif harda idisə o dad, o duz orda olurdu. Unudulmaz insanlar, unudulmaz əhval-ruhiyyə… Bu gün mən o söhbətlər və oradakı ünsiyyət üçün çox qəribsəmişəm. Onların hər biri bitkin bir dərs idi.

Mən Vaqifin “Dədə Qorqud”la bağlı böyük təşəbbüsünü sonralar, özü də yavaş-yavaş mənimsədim və qəbul etdim. Amma bu o zaman baş verdi ki, Vaqif artıq bu təşəbbüsü irəli sürməkdən uzaqlaşmışdı, onun “Dədə Qorqud” dərsləri bitmiş kimi idi. Və bu zaman artıq mən onu öz “cazibəmə” salmışdım. Mən artıq “Dədə Qorqud”a yalnız məhdud dilçilik rakursundan baxmırdım. Semantik dərinlik, strukturalist yanaşma, psixoloji nüanslar, məntiq və alogizmin “ərazi” yayqınlığı və sərhədlərinin bir-birinə keçməsi məni get-gedə daha çox maraqlandırırdı. Vaqif “Gizli Dədə Qorqud” adlı mənim bir neçə kitabda üzə çıxan yeni elmi istiqamətimi, bu istiqamətdən doğan mətləbləri yüksək dəyərləndirmişdi, bu barədə məqalələr yazmışdı. Öz teatrında müzakirələr təşkil etmişdi. Vaqif “Gizli Dədə Qorqud”dan sonra ləngiməyib “Casus” adlı pyesimin peşinə düşmüşdü. Onu Azdramada səhnəyə qoymuşdu. O, çox dəyər verdiyi “Yarımçıq əlyazma” romanını rus dilinə tərcümə etmişdi. Özü də görkəmli rus filosofu, münəqqidi Lev Anninskinin dediyi kimi o bu işi virtuozcasına görmüşdü. Vaqif “Dəvə yağışı”nı ayrı-ayrı variantlarda artıq özünün yaratdığı “YUĞ” Teatrında səhnəyə qoymuşdu. Eyni zamanda o, Gənc Tamaşaçılar Teatrında “Unutmağa kimsə yox…”a rejissorluq edirdi. “Bir-iki, bizimki…” adlı pyesimə YUĞ-da unudulmaz quruluş verirdi. Tbilisidə “Bir-iki, bizimki…”ni Azərbaycan Dram Teatrında tamaşaya qoyan məşhur gürcü rejissoru Kapanadze ilə dəfələrlə bu pyesi müzakirə edirdi. Estoniyada “Kim dedi ki, Simurq quşu var imiş?!” pyesimin quruluşuna rəhbərlik edirdi. Bütün bunlar azmış kimi, dilçiliyin populyarizasiyasına həsr olunmuş “Dilçiliyə səyahət” (dilçi olmayanlar üçün dilçilik) əsərimi YUĞ-da hamıya oxutmuş, bütün tanıdıqlarına təbliğatını aparmış, sonra da teatrda müzakirəsini təşkil etmişdi.

Estoniyadakı tamaşa üçün mən birbaşa Vaqifə borcluyam. O öz eston dostlarına mənim “Kim dedi ki, Simurq quşu var imiş?!” pyesimi verib onlara öz vətənlərində məhz bu pyesi səhnələşdirməyi məsləhət görmüşdü. Rejissorluğuna da gənc Gümrahı uyğun görmüşdü. Özü isə tamaşanın bədii rəhbəri olmuşdu.

Mən Vaqifin quruluş verdiyi və hamı tərəfindən eksperiment adlandırılan səhnələri izlədikcə, onun şərhlərini, passajlarını dinlədikcə, sözün əsl mənasında, yeni bir teatr aləminə, yeni bir teatr estetikasının içinə düşdüyümü hiss edirdim. Hiss edirdim və anlayırdım ki, ümumiyyətlə, tamaşa təkcə aktyorların səhnədə bir-birinə dedikləri mətndən ibarət deyil. Tamaşa mətnin özü boyda, bəlkə də ondan da böyük mətnaltıdan ibarətdir. Teatr artıq yavaş-yavaş mənim üçün gözəl qadınların və yaraşıqlı, gözəl kostyumlu, rəngbərəng qalstuklu kişilərin toplaşdığı yerdən gözəl duyğuların, incə hisslərin toqquşduğu məkana çevrilirdi. Vaqifin “eksperimentlər”i məni digər tamaşalara da bu cür yanaşmağa, onları da anlamaqla yanaşı, həm də hiss etməyə (!) sövq edirdi.

Vaqiflə ardıcıl təmas məndə qəribə bir öncəduyumun baş qaldırmasına səbəb olmuşdu. Mən qəflətən inanmışdım ki, öz balaca otağında qarşımda oturub tünd “Maxorka” siqaretlərini bir-birinə calayan, sözlə yox, gözlərilə sənə “səni anlayıram” deyən bu arıq və cılız, gənc mədəniyyət fədaisi bizim çoxumuzun intuitiv olaraq gəlişini hiss etdiyimiz təntənəni bizə nə vaxtsa yaşadacaq. Bu eksperimentlər boşuna getməyəcək və biz “Dədə Qorqud”un layiqli səhnə təcəssümünü, nəhayət, görəcəyik. Vaqif böyük bir sıçrayış üçün artıq özünü öz gördüyü yüksəklikdən atmışdı. Bizə – onu sevənlərə isə bu sıçrayışı ancaq gözlərimizlə müşahidə etmək qalırdı.

Yalançı təvazökarlığı bir kənara qoyub deməliyəm ki, Vaqif də mənim simamda öz layiqli pərəstişkarını tapmışdı. Müzakirələr zamanı əsas etibarilə, bir-birimizi dəstəkləməyimiz, teatrdan kənarda – çayxanalarda, yeməkxanalarda söhbətlərimiz bizi bir-birimizə çox yaxınlaşdırmışdı. Ümumiyyətlə, onu qeyd eləmək vacibdir ki, Vaqif istənilən mövzuda aparılan söhbətdə əvəzsiz tərəf-müqabil idi. Söhbətin şirinliyini təmin etməyin ustası idi. Məncə, o buna özünün klassik üsulu ilə nail olurdu. Vaqif qarşısındakı həmsöhbəti nə söyləyirdisə, onunla qeyd-şərtsiz razı olurdu. Razı olandan sonra, o da ola bilirdi ki, Vaqif onun dediklərinə əks bir fikri irəli sürsün, ona etiraz etsin. Bu çox maraqlı və hardasa “hiyləgər” bir üsul idi. Söhbəti ələ almaq üçün gözəl bir fənd idi. Söhbətin “ayrı-ayrı operalardan” olan calaqları (söhbət isə Dədə Qorquddan Stanislavskiyə, oradan antik mədəniyyətə, oradan rus ədəbiyyatına, oradan Nəsimiyə, Füzuliyə, Xətaiyə, oradan Üzeyir Hacıbəyova keçə bilirdi) bu şəkildə bir-birinə üzvi şəkildə bağlanır, bütün kəskin və qaranlıq bucaqlar bir də görürdün ki, aydın şəkildə cilalanırdı. Amma onu da demək olmaz ki, hər hansı bir söhbət Vaqif üçün ancaq öz rahat axarı ilə maraqlı idi. Onun da sonadək razılaşmadığı məqamlar az olmurdu. Bu zaman o, sakitcə çoxmənalı bir “hm…” eləyib söhbətin istiqamətini qarşıdakı maneədən yan keçirirdi. Bu nəhəng “gəmi” riflərlə, aysberqlərlə heç zaman toqquşmurdu.

Vaqiflə görüşlərimiz daha çox kamera üslubunda olurdu. Əlbəttə ki, onun teatrındakı tamaşalardan sonra keçirilən müzakirələri nəzərə almasaq. Bu teatrda onun balaca kabineti vardı. Dörd-beş adamın güclə otura biləcəyi bu otağa bəzən on beş adam (buraya hökmən tamaşada iştirak edən aktyor və aktrisalar da dəvət olunardılar) toplaşardı. Siqaret tüstüsü, külqabıdakı cızdağı çıxıb söndürülmüş siqaret kötükləri, bunun ürəkbulandıran qoxusu, amansız bürkü, amma bütün bunlarla yanaşı – mənəvi ləzzət… Həqiqətən, YUĞ bir bayram idi.

Bəzən tamaşa olmayan günlərdə də biz Vaqiflə görüşürdük. Bu zaman haman kamera dediyim üslubda ancaq ikimiz olardıq. Evə çoxdan getməli olsa da (iş vaxtı bitmişdi) Vaqif mənimlə gecə yarıyadək, hər ikimiz artıq yorulub söz tapmayana qədər qalar, bütün müəmmaları həll etməyə, labirintdən, əgər vardısa, çıxış yolu tapmağa çalışardı. Vaqif sanki səhərə qədər maxorkanı maxorkaya calayıb, mənimlə üzbəüz oturub, mənə qulaq asmağa hazır idi. Mən danışmaqdan yorulardım, o qulaq asmaqdan yorulmazdı. Əgər soruşsalar ki, bəs bu uzun-uzadı söhbətlərin mayasında, canında nə dururdu, onların mənası nə idi, mən ayrı-ayrı detalları xatırlamadan belə deyərdim. Söhbətimizin canında onun gördüklərini və mənim yazdıqlarımı təhlil etmək və yeri gəldikcə bir-birimizə tərifləmək dururdu. Özü də elə-belə tərifdən söhbət gedə bilməzdi. Bu tərif dərin əsaslandırılmış mülahizələrə söykənməli idi. Və bu tərif bizi yeni çalışmalara, yeni yaradıcı üfüqlərə sövq edirdi.

Vaqif məni teatra bağlayan əsas qüvvələrdən biri idi. Məni çox təşviq edirdi. Əlbəttə ki, mən o zaman yatıb yuxumda da görməzdim ki, Vaqif nə zamansa mənim pyesimə quruluş vermək istəyər. Bu barədə bizim heç bir söhbətimiz olmamışdı. Mənim o zaman ona belə bir təklif etməyə cəsarətim çatmazdı. Səmimiyyətlə deyim ki, bu heç mənim ağlımdan da keçmirdi.

Hələ biz onun balaca otağında qarşı-qarşıya oturmuşuq. O siqaretini tüstülədir, mən isə danışıram. Vaqifə danışdıqlarım o biri dostlarım Natiqlə, Vidadi ilə söhbətlərimdə olan kimi sevgi macəraları deyildi. Ona, deyəsən, dissertasiyamı, ədəbi-bədii düşüncələrimi danışırdım. Məsələn, “Dədə Qorqud”da sintaktik paralelizm hansı poetik dərinliklərə, hansı fəlsəfi genişliyə çıxarır?! Vaqif çox maraqla qulaq asırdı. Təsəvvür edirsinizmi?! Bu təmiz dilçilik məsələləri və onlardan doğan dolanbaclı yollar ona çox maraqlı görünürdü. Mənim özümə də maraqlı olan və bir az da qəribə gələn o idi ki, Vaqif bunları ciddi şəkildə qavramağa çalışır…

Ümumiyyətlə, mən həmişə belə fikirləşmişəm və bu fikri əlimdə bayraq kimi tutmuşam ki, mənim işim yazmaqdı. Pyesi yazandan sonra onun bir uşaq kimi qayğısına qalmaq – bu, artıq mənim işim deyil. Yazdığım pyes hansı rejissorun xoşuna gəlirsə, özü bilər. İstər tamaşaya qoyar, istəməz, yenə də özü bilər. Həsənağa Turabov mənim əziz dostum idi. O zaman Azdramanın bədii rəhbəri idi. İki gündən bir görüşüb ya çay içirdik, ya da elə-belə yeyib-içirdik. Bir-birimiz üçün həmişə darıxmışıq. O, teatrda nə istəsəydi, edə bilərdi. Mənim yalnız bir əsərim onun vaxtında Azdramada səhnə üzü gördü. “Hərdən mənə mələk də deyirlər” adlı pyesimi öz istəyi və təşəbbüsü ilə teatrın rejissoru Əsgər Əsgərov səhnələşdirdi. Mən Həsənağaya bir dəfə də demədim ki, mənim o biri əsərlərimi niyə tamaşaya qoymursan?! Nə o mənimlə, nə də mən onunla bu barədə bir kəlmə də kəsmədik. Halbuki, mənim Həsənağaya ərkim çatardı bu sözləri deməyə. Nə bu barədə ona dedim, nə də deməməyimdən peşman oldum.

Bir sözlə, mənim tamaşasız, səhnə üzünə həsrət dram yaradıcılığım bir xeyli çəkdi. Lap axırda Vaqif Həsənağanı nə şəkildə inandırdısa (Həsənağa Vaqifə çox inanırdı) o, razılıq verdi ki, Vaqif mənim “Casus” pyesimi Azdramanın səhnəsində Azdramanın aktyorları ilə tamaşaya hazırlasın. İlk dəfə idi ki, YUĞ-un bədii rəhbəri Azdramada tamaşa qoyurdu. Həsənağa inanmışdı ki, bu simbioz uğurlu olacaq. Əslində, həm elə oldu, həm də elə olmadı. “Casus”un bir tamaşa kimi bəxti bir qədər başqa cür gətirdi. Belə deyim, bəxti həm gətirdi, həm də gətirmədi.

Vaqif elə bir tamaşa hazırlayırdı ki, Azdramada, digər teatrlarda, eləcə də bu teatrlara baxıb mədəni dairələrdə, necə deyərlər, hamı “Casus”un məşqlərindən danışırdı. Azdramanın aktyorları, məncə, nadir hallarda belə həvəslə məşq etmişdilər. Əslində, mənə indi də elə gəlir ki, onlar Vaqifin dəst-xətti üçün susamışdılar. Tamaşaya cəlb olunmayan aktyorların bir çoxu bu tamaşada rol almaq üçün Vaqifə, Həsənağaya minnətçi düşürdülər.

Hər şeyin nizamla getdiyi son dərəcə ciddi hazırlıqdan, ədəbi-bədii “ajiotajdan” sonra biz “Casus”un başı üstündə dumanlar dolaşdığının şahidi olduq. Ona bir tamaşa kimi teatrın repertuarına düşmək qismət deyilmiş. Sirri-xudamı?! Xeyir, sirri-bəni adəm.

2001-ci ilin iyun ayı idi. 9 ay gərgin çalışmalardan sonra, nəhayət, bizim tamaşanın ictimai baxış günü gəlib çatdı. Vaqif həyəcanlı olsa da bunu hiss etdirməyə bilirdi. Elə təkcə baxışdan əvvəl aktyorlara səhnə arxasında müraciətlə söylədiyi emosional nitqi bundan xəbər verir. Onun sözləri tamaşanın həm sahibi, həm də xidmətçisi olan adamın sözləri idi. Teatra aid nə varsa, ona təmənnasız xidmətin nümayişi idi. O dedi:

– Gözünüzə baxıb sizdən halallıq diləmək istəyirəm. Tamaşa indi başlayacaq. Mən hamınızın qarşısında baş əyirəm, uğurlar diləyirəm. Siz peşəkarsınız, sənətkarsınız. Dediyimi bu işığın qarşısında təkrar edirəm: hamınızın peşəkarlığını yüksək dəyərləndirirəm. Sənətinizi sevirəm. Tərinizə qurban olum. Bu teatrda tər tökmüsünüz. Bu, müqəddəs tərdir. Bizim sənətimiz nazirliklərlə-filanla yaşamayıb. O qutlu, peşəkar, sənətini sevən adamların təridir buranı sulayan. Buna görə hamınızı böyük hərflə sənətçi adlandırıram. Bu sənəti yaşadırsınız. Ona görə öpürəm sizi. Əlinizdən öpürəm, ayağınızdan öpürəm. Qurban olum sizə. Uğurlar olsun! İnanıram sizə. Halal edin!

Mədəniyyət Nazirliyinin, cürbəcür teatrların nümayəndələrinin, mədəniyyət xadimlərinin, jurnalistlərin, YUĞ-un dostlarının iştirakı ilə baş tutan ictimai baxış yüksək səviyyədə keçdi. Tamaşa böyük təriflərlə qəbul edildi. Azdramanın bədii rəhbəri Həsənağa Turabov tamaşaya yüksək qiymət verdi. Hamı deyirdi ki, Azdramanın aktyorları “qan elədilər”. Əlabbas Qədirov (Salur Qazan), Cəfər Namiq Kamal (Dədə Qorqud), Laləzar Mustafayeva (Boğazca Fatma), Hicran Nəsirova (Burla Xatun), Sabir Məmmədov (Şirşəmsəddin), Mətləb Abdullayev (Beyrək), Məzahir Cəlilov (Aruz Qoca) bu tamaşada, sözün əsl mənasında, tanınmaz olmuşdular. Dostum İlham Rəhimli danışır ki, “Casus”un qapalı məşqinə baxdıqdan sonra o, teatrın yeməkxanasında Əlabbas Qədirova deyib ki, sənin indiyənədək bu tamaşadakı rolun qədər maraqlı rolun olmayıb. Əlabbas Qədirov da onunla razılaşıb.

Hətta Əlabbas Qədirov ictimai baxışdan sonra Vaqifin YUĞ-dakı otağında söhbət zamanı mətnə, rejissor işinə, aktyorların oyununa yüksək qiymət verərək tamaşanı “bənzəri olmayan tamaşa” adlandırdı. Laləzar “inanmazdım ki, nə zamansa belə oynaya bilərəm” etirafında bulundu. Məzahir Cəlilov Vaqifə “siz möcüzə yaratdınız” dedi. Amma sən saydığını say…

Belə bir müsbət enerjili ictimai baxışdan sonra labüd şəkildə “Casus”un premyerası olmalı idi. Premyera isə olmadı. Niyə? Bunun əsl səbəbini mən indiyənə qədər bilmirəm. Dedilər, kənardan, hətta mədəniyyətə siyasi rəhbərlik tərəfindən müdaxilə olub. Guya deyiblər ki, bizə belə Dədə Qorqud lazım deyil. Belə Salur Qazan – olmaz! Belə Burla Xatun – ömründə olmaz! Bilmirəm, deyə bilmərəm. Heç maraqlanıb məsələnin kökünə getmək belə istəməmişəm. Səmimiyyətlə deyim ki, Azdramanın səhnəsində ilk və son dəfə ictimai baxış üçün oynanmış və premyerasına qadağa qoyulmuş “Casus” mənim üçün dəfələrlə oynanıb “kökdən düşmüş” “Casus”dan qat-qat maraqlı idi.

Mən tərəfdən təvazökarlıqdan uzaq da olsa deməliyəm ki, Vaqif İbrahimoğlunun Azdramada hazırladığı “Casus” tamaşası haqda indi də əfsanələr gəzir. Və yeganə təsəlli kimi onu deyə bilərəm ki, bu gün həmən tamaşadan bizə, sadəcə, Vaqifin tələbəsi, türkiyəli rejissor Rasim Aşının çəkdiyi video qalıb.

Vaqifin “Casus” tamaşası Azdramanın aktyorlarının sanki “pas”ını açdı, onlar yeni teatr estetikasının astanasına gəldilər. Aktyorların potensialı özünü aşkar şəkildə göstərdi. Əlabbas Qədirovun (Salur Qazan) yumoristik qatı bütün çılpaqlığı ilə üzə çıxdı. Laləzar xanımın (Boğazca Fatma) səhnədə “şpaqat” getməsi tamaşaçını diksindirdi.

Vaqifin tamaşanın sonuna əlavəsi isə (Gənc Fatmanın “Bəraqcuq” çağıra-çağıra səhnədən keçməsi) yadıma düşdükcə məni indi də romantik əhvala qaytarır.

Biz həmişə eşidirdik ki, tamaşaların, bədii əsərlərin qadağan olunması ağır repressiyalar dövrünün “yadigarıdır”. Gözümüzün qabağında dünyanın “düz-əməlli” vaxtında “Casus”la bağlı bu repressiyanın adı nə idi? Qadağan olunmuş tamaşanın bədii dəyəri digər tamaşalardan aşağı deyildi ki, yuxarı idi. İctimai baxış iştirakçılarının tərif dolu çıxışları bu gün də xatirələrdədir. Bütün bunlarla yanaşı, “Casus” premyeraya qədər addımlaya bilmədi. Bəs o zaman “Casus” tamaşasından bizə qalan nə oldu?! Vaqifin gözünün dərinliyindəki nur aktyorların üzünə hopmuşdu. “Casus”dan qalan bu oldu.

“Ədəbiyyat” qəzeti

 

Share: