Qabilin dərdləri – VAQİF OSMANLI yazır.

(Qabil Nəbinin yaradıcılığına baxış)

O, həssasdır, sarı sim kimi, ağacdakı payız yarpağı kimi. Həzin bir meh onu ehtizaza
gətirər. “Öz aləmi – söz aləmi” var. “Yad qapısı dardı” ona. Yad qapısına getməz nə özü, nə
də sözü. Ona görə də şeirlərində yad nəfəs yoxdu, özüdü, səmimidi. Nöqtəsi, nidası, vergülü
də doğmadı – ürəyi, təbi, təxəyyülü, misraları kimi.
Misraları ağır yüklüdü – ilahi dərd kimi. O, dərdini də sevməyə qabildi, doğmadı axı. Bizi
də dərdləri ilə doğmalaşdırır, duyğulandırır, düşündürür, saflaşdırır.

Nöqtəyə, vergülə nə var ki, şair,
Bir xitab, bir cümlə deyərsən bitər.
“Nida”lar görürəm elə yandırır,
Cavabı olmayan “sual”dan betər…

Hər ovqata – sevincə, dərdə, vüsala, həsrətə, inama, gümana köklənən könül nəğmələrinin
həzin, kövrək, pıçıltılı zümzüməsi oxucusunu ovsunlayır, sehirli aləmə səsləyir. Bu misralar
üstünə şeh duşən yarpaq, çiçəyin ləçəyi kimi məsumdur, əsl söz, fikir təşnəlilərə mənəvi
qidadır. Qabil sözə könül verib onunla qol-boyun olanda, sözə hamilə olanda qəlbinin
duyğusallığından hətta əli, qolu üşüyür, onda sənsizliyi qınayır: “bir-birinə keçən qollar
yanımızda donub indi”:

Gözüm baxır, görmür yeri,
Çatışmayır bir “Sən” məndə.
Qolumun sən tutan yeri,
Üşüyür mən yol gedəndə…

Yaradıcı insanın uğurlarının təməlində söz dayanır. Dili, fəhmi, fantaziyası zəngin
olmayan söz adamı sözün dəyərini bilənləri inandıra bilməz. Poeziyanın dili zəngin, həm də
sadə olmalıdır. Səmimi söz unudulmur, müəllifini də yaşadır. Qabilin duyğu yarpaqları sadə
dildə yazıldığına, əndrəbadi misralardan uzaq olduğuna görə yaddaqalandır. Bəzən eyni sözün
çox təkrarlanması şeiri yeknəsək edir, məna itir. Ancaq klassik poeziyamızdan üzü bəri şeirdə,
hətta misralarda eyni sözün dəfələrlə təkrarlanması şeirə əlavə poetik güc verir, təkrir sözün
dəyərini artırır. Bunu Qabil də bilir:

Gözlərin gözümə göz dağı çəkdi,
Gözlərim gözündə gözümü əkdi.
Gözlərin gözümə göz etdi bir an,
Gözlərim gözünün gözünə qurban.

Qabilin “Siyahıda 6-cı söz” kitabına çağdaş Azərbaycan poeziyasının azman ustadı Musa
Yaqub ön söz yazıb. Bəli, Musa Yaqub! Həssas oxucular da, mən də dəqiq bilirik ki,
şeirimizin haqq-ədalət meyarlarından biri Musa Yaqub heç kimin zəif şeirlərinə “yaxşıdı”
deməzdi. Nə olsun ki, Qabil ustad şairin xalasının nəvəsidi, rəhmətlik atası Yusiflə Musa
müəllim dost olub, nəsillərinin kökü eyni kənddəndi – Babadağın ətəyində yerləşən keçmiş
Zanqıdan.
Musa müəllim Qabilin şeirlərinin çatışmazlıqlarına – “dağlardan-bağlardan” qafiyələrinə,
bəzən fikrinin “niyə?”sini bildirməməsinə irad tumaqla yanaşı, vurğulayır ki, “şeirlərində
təzəliyə can atır, müxtəlif mövzularda yazır, müqayisələr aparır”. Bu ustadın əslində Qabilə
böyük dəyəridi. Qeyd edir ki, “məsələn, onun bir şeiri var, “Buxar çıxır yanğılarımdan”.
Yaxşı bildirib hisslərini. Tövsiyə etmişəm ki, axırında niyəsini bildirsin ki, kimdən ötrüdür bu
yanğı”.
Qabilin “Ayrılıq şeirləri” bölümü lap məktəbli vaxtlarımızda qorxa-qorxa, utana-utana,
pörtə-pörtə yazdığımız sevgi məktubları kimi başlayır:

Əvvəla salam…
Sonra isə…
Hal-əhval tutmayacağam
Sadəcə,
elə bilmə ki, gedişin məni çökdürəcək…
Yox!..
Mənə öyrətdiyin əzmkarlıqla
Davam edəcəyəm həyatıma.
Özüm üçün olmasa da,
Qoyub getdiyin övladların üçün…

Bu şeir doğrudan da bir şagird hürkəkliyi ilə başlasa da, lirik qəhrəman özünə gəlir, qürur
hissi onu əyilməyə qoymur, həsrət onu böyüdür, artıq nə “o”nu düşünür, nə də özünü, qayğılı
ata övladları üçün yaşayır, ona “əzmkarlıq” öyrədənin də qayıdacağına ümidlidir. Bu, mənə
on kiçik misranın göndərdiyi informasiyadır…
“Ayrılıq şeirləri”ni oxuduqca bir el gözəlinin evlərinin yanındakı duracaqdakı səkidə
dayanan boynubükük sevgimiz gəlir gözlərimizin önünə. Bax, buna görə deyirəm, Qabil sadə
sözlərlə poeziya yarada bilir. Uğurlu şeir bizi müxtəlif ovqata kökləməyə qadirdir. Söz ürəyə
yol tapırsa, o ürəkdən əl çəkən deyil, niyə də əl çəksin, isti yuvanı qoyub ürəyi, beyni
sazaqlılara, onu anlamayanlara pənah aparsın? Getməz! Həqiqi söz çox sədaqətli gözəldir!
Qabil də sözlə rəsm çəkir:

Bəlkə çəkim mən rəsmini?
Bir misrada gözlərini,
Başqasında sözlərini
Vəsf eləyim.
Şeirimdə çəkə-çəkə
Bəlkə,
Səni mən yenidən kəşf eləyim?
Tellərini gül üzündən,
Götürüm mən son misrada.
Təbəssümün olmayanda
Ağlayacaq fon misrada.

Uşaq vaxtımızda yağışa əllərimizi açıb sevinmişik, nur damcıların gözümüzü, yanağımızı
öpməsindən xoşhallanmışıq. Böyüyəndə isə yağışın altından qaçmışıq. Qabilin duyğuları o
məsum uşaqlıq kimi safdı. İndi də yağışın altında dayanıb əllərini Tanrıya açıb. Körpəlikdə
yağışı qucan Qabil sevincindən qanad açıb buludlara uçardu. İndi isə…

Sərinləyirəm,
Su sıçradıqca göydən üstümə.
Altında dayanıb
Qaldırıram göyə əllərimi…
Buxar çıxır yanğılarımdan.

Dərd, ayrılıq, həsrət, nisgil Qabil yaradıcılığının Vətən, ana torpaq, sevgi, təbiət
gözəllikləri ilə yanaşı, ana xəttlərindəndir. Bu şeirlərdə üzüntü də var, ümiddə, küsmək də var,
barışmaq da, “küləyin o qızın tellərini saçaqlamaq istəyi”nə qarşı qısqanclıq da var, o gözələ
inam da, onun “nə vaxt gələcəyini bilməsə də yollarına sərilmək” də keçir könlündən, vüqarlı
aşiq kimi üz çevirib getmək də. Ancaq bu “həyat oyunu”nda qaydaları sevgi diktə edir. Onda
aşiqin bircə təmənnası qalır: “barı, təsəlli ver”:

Bilmirəm nə deyim, gəlsin xoşuna,
Mən həmin adamam, sadə, beləcə.
Barı təsəlli ver boşu-boşuna,
Barı yalan söylə, de ki, gələcəm.

Bütün vətənsevərlər kimi Qabilin ən böyük dərdi Vətən dərdidir. Böyük Qafqazda doğulsa
da, belə kiçik əraziyə sığışmaz şair xəyalı, yurd Vətən duyğuları. Qabil bütöv Azərbayacan,
Türk elləri, möhtəşəm Turan həsrətlidir. Zəfər bayramına qədər tez-tez uçağan xəyalları ilə
yuxuda Şuşaya gədərdi, Xan qızını, Xan bağını, Cıdır düzünü, İsa bulağını ziyarət edərdi.

…Qarabağ atını görmək üçünsə
Mərdəkana getməliydim.
Özüm getmədim…
Çünki…
Atların rişxəndli baxışlarından qorxdum...

Nəhayət təkcə Qabilin yox, Bütün Azərbaycan xalqının arzuları, xəyalları, istəkləri,
yuxuları çin oldu. Vətən igidləri qanı, canıyla, “dəmir yumruq”la hər qarış torpağımızı azğın,
xain, bədnam düşməndən azad etdilər, üçrəngli bayrağımızı Qarabağ və onun ətrafındakı ulu
Türk yurdlarında dalğalandırdılar. İndi də Xankəndində Zəfər paradı keçirməyə hazırlaşırıq.
Qürurverici anları yaşatdı bizə Azərbaycan xalqının birliyi.
Qabil bəzən “Ayağı baş dünya”dan bezib uşaq olmaq istəyir, “dəyişmiş zəmanədə”
azadlığın nəinki özündən, havasından, hətta “azadlıq” sözündən qorxanları qəflət yuxusundan
oyadır ki, ey dili-qafil, “azad ol!”. Göynən gedənlərə xəbərdarlıq edir ki, həyat amansızdır,
ayağını yerə bərk bas, əvvəl-axır bu qaydasız döyüşdə uduzacaqsan, yıxılanda yanın az
ağrısın. Bir də yerlibaz, tayfabaz, klanbaz, nəsilbaz feodal təfəkkürlülərə barmaq silkələyir ki,
“Haralıyam soruşma”, mən bütöv Vətənin oğluyam. “Hədəf Qarabağa, Şuşaya keçəndən
Xocalılıdı, Qalalıdı, İrəvanlıdı, Kərküklüdü, bir sözlə, soyulub, doğranıb dağılsa da, Türk oğlu
Türkdü”:

Hər gün eşidilir Təbrizin səsi,
Bağlanıb Dərbəndin dəmir qapısı.
Göyçədə yasaqdır “Göyçə” kəlməsi,
Bolnisi çığırır: – Mən Borçalıyam!

Bütün dərdlərə qalib gələn Qabil bircə ilahi sevgiyə baş əyir. Onu intzarda qoyan, aşiqini
gözləyən nigaran gözələ serenadalar – “dəli könlünün” nəğmələrini oxuyur, rica edir ki, “məni
ürəyində saxla, gəl məni bağışla”, hələ bir əhd-peyman da də edir ki, “həmişə səni sevəcəyəm
indiki kimi”. Romantik Qabil ağ atını minib o yerlərə – “qonşu bağı”na sürür, “yadındamı,
qonşu bağı” müraciəti ilə orada yerini isti eləyir, el gözəlinə söz verir ki, “səni gizli
sevəcəyəm, demədiyim nəğmə” deyəcəyəm sənə, aradabir də sızıldayıb şikayətlənir ki,
“dərdimdən ölənim yoxdu”. Ancaq qüruru onu tənha qoymur, guya özü yox, “dəniz sənin
üçün darıxıb”. Hələ bir el gözəlini qınayır ki, “mən şeir yazmayacaqdım”, sən yazdırdın,
minnət qoyur: “tək səni düşünürəm”.
Sevən hədd, sərhəd, limit hardan bilsin, ay şair? Lap sənin kimi. Bilsəydi, nə ürəkdən
sevərdi, nə da şair olardı. Şairlər hər işi ürəkdən, sevə-sevə görməsə əbədiyaşar olmazlar. Söz
xəyanəti bağışlamır. Elə həqiqi sevgi də…

Gün batdı, dənizin havası sərin,
Gəzirəm sahildə izini sənin…
Dənizsə darıxıb səninçün məntək,
Axtarıb tapmaqçün səni orada,
Göndərir sahilə ləpələrini.
Tapmayıb dönürlər ləpələr tək-tək…
Dayanıb baxardıq dənizə birgə,
Indi hardan tapım gözünü sənin?
Artıq itirmişik izini sənin…

Dənizin ləpələri kimi həzin, dənizin suları kimi saf, qayaları kimi vüqarlı poetik misralar!..
Dəfələrlə vurğuladım ki, Qabilin şeirləri mərhəmətli ürəyi kimi həssasdı, narahatdı.
“Tənha uçan durna”nın dadına yetmək, onu ayrı düşdüyü qatarına qovuşdurmaq üçün göylərə
səfər edən ruhu elə notlarla süslənib ki, bizi də tənha durnanın harayına aparır. Özü də
narahatdı ki, bəlkə “yükü ağır olub”, “vaxtı unudub” bəlkə “onları ayıran, milyonları öz
torpağından qovan bir atəş səsi” olub. Eh… Bəlkələr, bəlkələr… Bu bəlkələr məni də
kövrəltdi… Daha bir ilahi bəlkə: “bu durna həmdəmmiş könül yarıyla”, hansı ürəyidaşın atəşi
onları ayrı salıb?. Ona görəmi tənha qalıb? “Bu durna niyə tək uçur görəsən, dözəcəkmi
ənginliklərin soyuq küləklərinə, yağmurlarına…
“Tək uçan durna” şeiri qan qoxuyan, ölüm gözlə qaş arasında olan, siyasətbazlarla
silahbazların iş biriyində ölkələr qan çanağına dönən, insan başı kəsmək imandan sayılan
zəmanənin söz barometridir. Qabilin yaradıcılığında bu şeirin müstəsna yeri olacaq. Yüz illər
sonraya qalacaq ədəbi nümunədir.
Bir də şair Tanrının yerdə elçisidir, lənətini də, sevgisini də Tanrı eşidir, qəbul edir…

Qayıtma, buralar qan çanağıdı,
Bu yerdə amanlıq qalmadı, durna!
Uyma nankorların xoş sifətinə,
Bizim də qız-gəlin gülyanaq idi,
Əclaflıq əcdaddan qalmadı, durna.
Uç, tüpür, bunların sədaqətinə.
Bu durna niyə tək uçur görəsən,
Niyə ayrı düşüb öz qatarından?
Yoxsa ayrı düşüb o öz yarından?

Qabilin poetik axtarışları klassik söz sənəti ilə çağdaş ədəbi mühitin vəhdətindən
qaynaqlanır, qoşma, ustadnamə, təcnis, mənzum hekayə, “ata nəsihəti” də yazır, sərbəst şeir
də. Müxtəlif janrlarda özünü sınamasının səbəbi ana dilimizin zənginliyini bilməsidir, ona
görə də poetik cəsarətlidir. Bilrsiniz ki, təcnis yazmaq dilin incəliklərinə bələd olmayanların
işi deyil.

Apar dərdimi yu, dara, sər telə,
Qıyğacı baxışın daha sərt elə.
Umunu, küsüni bir az ertələ,
Qalan ömrümüzü vuraq bir başa.

Ustadnamədən:

Yüz can yatır altında hər təpçəyin,
Nahaq yerə öldürmə bir milçəyi.
Məzlumların yox dili, yox dilçəyi,
Zalımlara sinə gərmək çətindir.

Doğrudan da “həyat bir oyundu”, ay Qabil. Məmməd Araz demişkən, “bilmək olmur kim
uduzar, kim udar”. Sən də dərdli sinəni ova-ova dərdlərini ovundurursan, heç xətrinə
dəymirsən. Necə dəyəsən, özününküdür, doğmandır axı. Xeyirxahlığınla, mərhəmətinlə,
humanistliyinlə qidalandırdın onları, daha əl çəkən deyillər. Artıq sevincinlə əkizdirlər. Dərd
sevinc tandemi şeir ümmanının həzin-həzin pıçıldaşan, ilham pərini yanına səsləyən könül
çırpıntılarıdır. Söz adamı könlünü duyğulara verəndən onun üçün dərd də ilahiləşir…
Poeziya ilahi işdir…
İlahi işin, yolun həmişə uğurlu olsun…

VAQİF OSMANLI
Noyabr 2023

Share: