Qəribə elmi taleyi olan xanım

“Facebook” dostluğumda olan xanımlardan daha birinin- Pərvanə Məmmədlinin bu gün ad günüdür. Bu xoş günündə onun haqqında bildiklərimi sizinlə bölüşmək istəyirəm. Ali təhsilini BDU-nun jurnalistika fakultəsində başa vurub. “1979-1999-cu illərdə Tehranda nəşr olunan “Varlıq” jurnalında ədəbiyyat məsələlri” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. Daha sonra “Cənubi Azərbaycanda milli mətbuat və ədəbi fikrin inkişaf mərhələləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib…

Deyir ki,- “Qəribə elmi taleyim var. Universiteti bitirəndə diplom işim İranda azərbaycanlı ziyalıların nəşr etdiyi bir jurnala həsr olunmuşdu. Sovet dövründə xarici ölkələrlə əlaqə saxlamaq mümkün deyildı. Xoşbəxtlikdən diplom rəhbərim və həmişə adını minnətdarlıqla xatırladığım vətənpərvər ziyalı Abbas Zamanov idi. O, mənim xariclə əlaqə saxlamağıma və lazım olan materialları əldə etməyə kömək etdi. Bu həvəs və maraq, uzun illər məni tərk etmədi. KİV-də, tədbirlərdə iştirak etdim, silsilə məqalələr yazdım. Nəhayət, monoqrafiyam çap olundu və mən dissertasiya müdafiə edib elmi ad aldım. Cənubi Azərbaycanda və İranda sayı bizdən 3-4 dəfə cox olan soydaşlarımız yaşayır. Onlar İranda yaşayıb oranın vətəndaşı olsalar da, fərqli kültürə, tarixə, ədəbiyyata, dilə və daha saymaqla bitməyən təzadlı dəyərlərə malikdirlər.”
Haqqında söhbət açdığım Pərvanə xanım Şəmkirdə dünyaya gəlib. AMEA-nın Ədəbiyyat institutunun baş elmi işçisidir. Güney ədəbiyyatı, mədəniyyəti və mətbuatı ilə bağlı 20 kitabın məllifidir…
“O vaxt Cənubi Azərbaycan mətbuatının öyrənilməsi sahəsində bir boşluq vardı. Düzdür, M.Tərbiyət, Nazim Axundov, Çeşmazər, Səməd Sərdar Niya və başqa bu kimi ünlü tədqiqatçılar bu mövzunun müəyyən dövrlərini təhlilə cəlb etmişdilər. Amma yenə də bir boşluq var idi. Qərara gəldim ki, ”Cənubi Azərbaycan mətbuatı tarixi” kitabını ərsəyə gətirim. Və mən bu mövzuya konseptual yanaşdım 150 ildən artıq bir dövrün “yaddaşını”, “aynasını” arayıb-araşdırmaq çətin olduğu qədər, həm də məsuliyyətli idi. Kitabda XIX əsrin birinci yarısından müasir dövrümüzədək İranda və ondan qıraqda yaşayan azərbaycanlı ziyalıların ədəbi-ictimai fəaliyyətindən, onların nəşr etdikləri çeşidli mətbu orqanlarını araşdırmaya cəlb etmişəm. XIX əsrin əvvəllərindən başlamış mətbuatın keçdiyi yol, Cənubi Azərbaycanda mətbuatın formalaşması, mətbuatın cəmiyyətdə rolu, çoxsaylı mətbuat vasitələrinin fəaliyyəti, 1978-1979-cu illərdə İran inqilabında mətbuatın rolu, inqilabdan sonrakı və çağdaş dövrü fəaliyyəti əks olunub.”- söyləyir…
Özünə qarşı çox tələbkardır. Başladığı işi sona çatdırmayanadək yorulmaq bilmir. Ünsiyyətdə mehriban və gülərüzdür. Bütün ömrünü tədqiqata, yaradıcılığıa həsr edib…
Bəli, bu gün onun ad günüdür. Ona möhkəm can sağlığı, həyatda və işlərində uğurlar arzulayıram.
Yeni yaşınız mübarək, Pərvanə xanım!
Hörmətlə, Elman Eldaroğlu
Share: