“Plastik əməliyyatdan sonra burunda əyilmənin səbəbi…” — Dr. Araz Salmanov

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı uzman plastik, rekonstruktiv və estetik cərrah Araz Salmanovdur. Müsahibimiz rinoplastika (burunun estetik, plastik əməliyyatı) haqqında suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni təqdim edir:

Arayış

Uzm. Dr. Araz Salmanov 2002-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2003-2010-cu illərdə Türkiyə Respublikasında İzmir Doqquz Sentyabr Universitetinin Plastik, estetik və rekonstruktiv cərrahiyyə kafedrasında uzmanlıq təhsili alıb. O, Türkiyə Plastik Cərrahiyyə Dərnəyi, Balkan Plastik Cərrahiyyə DərnəyiAzərbaycan Plastik Cərrahiyyə İctimai Birliyinin üzvüdür. Hər il Avropada plastik cərrahiyyə üzrə keçirilən beynəlxalq tədbir və təlimlərdə iştirak edir. Dr. Araz Salmanov bütün növ plastik əməliyyatları peşəkarlıqla icra edən yüksək təhsilli mütəxəssisdir. Hazırda Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərir.

-Rinoplastika əməliyyatı üçün yaş məhdudiyyəti varmı?

-Bəli, məhdudiyyət qızlarda 15-17, oğlanlarda isə 16-18 yaşdır.

-Gözəl və sağlam buruna necə sahib olmalı?

-İlk növbədə, cərrah seçimi düzgün olmalıdır. Əgər burnunuzdan məmnun deyilsinizsə, rinoplastika üçün mütləq peşəkar həkimə üz tutun. Yalnız işinin mütəxəssisi olan cərrah sizə gözəl olmaqla yanaşı, sağlam burun verə bilər. Peşəkar həkim sizin şikayət və komplekslərinizi diqqətlə dinləyib burnunuza müxtəlif profillərdən baxacaq, endoskopla burun içini müayinə edəcək və birlikdə müzakirə aparıb ortaq bir qərara gələcəksiniz. Əlbəttə, ilk növbədə, burun funksiyalarının qorunması şərtdir. Bütün pasiyentlərimə deyirəm: “burun bir aksesuar deyil, orqandır”. Sadəcə görüntüyə önəm verib sağlamlığa zərər vurmaq olmaz. Hətta nəfəsalma, iybilmə kimi əsas burun funksiyaları pozulubsa, əvvəlcə onlar bərpa edilməlidir. Bu problemlər həll edildikdən sonra burnun estetik dəyişikliyinə keçmək olar.

-Bəzən əməliyyatdan sonra burunda əyilmə, dəliklərinin asimmetriyası, nəfəsalma problemi kimi hallarla rastlaşırıq. Bunlar nə ilə bağlıdır?

-Bütün estetik əməliyyatlar kimi, rinoplastikada da bir sıra fəsadların yaranma ehtimalı var. Bu zaman pasiyentlər ikinci dəfə əməliyyata üz tutmalı olurlar. Dünyanın qabaqcıl estetik mərkəzlərinin yaydığı məlumata görə, rinoplastika olmuş insanların 10-15 faizi ikinci dəfə əməliyyata qərar verir.

-Fəsadlar nə üçün baş verir?

-Bunun bir neçə əsas səbəbi var. Birinci səbəb cərrahın savadsızlığı və təcrübəsizliyidir. Son vaxtlar dəb düşüb, sırf pul qazanmaq üçün plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə ali təhsili olmayan qeyri-ixtisas həkimləri də rinoplastika ilə məşğuldurlar. İşləyə-işləyə öyrənməyə çalışdıqları üçün bir sıra fəsadlar ortaya çıxır. Qeyri-peşəkar plastik cərrahların qurbanına çevrilən çox insan var.

Adətən, plastik cərrahiyyə üzrə ali təhsili olmayan, savadsız, tərcübəsiz cərrahlarda bu kimi fəsadlar daha çox baş verir. Belə hallarla çox qarşılaşıram. İkinci səbəb əməliyyatdan sonra pasiyentin həkim tövsiyələrinə düzgün əməl etməməsidir. Üçüncüsü isə üzdə mövcud olan anadangəlmə asimmetriyalarla bağlıdır. Bəzən elə asimmetrik üzlər olur ki, ən peşəkar cərrah da asimmetriyanı tam aradan qaldıra bilmir və burun qanadlarında, dəliklərdə qeyri-bərabər ölçülər nisbətən qalır. Başqa bir səbəb isə pasiyentin fərdi orqanizmi ilə əlaqəlidir. Məsələn, bəzən elə kobud çapıqlaşmalar yaranır ki, bu da dəliklərdə, burun qanadlarında asimmetriyalara səbəb olur.

-Əməliyyatdan sonra masaj etmək lazımdırmı?

-Mən pasiyentlərimə masajı, bir qayda olaraq, tövsiyə etmirəm. Çünki hər rinoplastikadan sonra buna ehtiyac yaranmır. Əgər zərurət varsa, masajı şəxsən özüm edirəm. Yanlış edilən masaj burnun yeni şəklini korlaya, dəyişə bilir. Ehtiyatlı və diqqətli olmaq önəmlidir.

-İllər keçsə də, “burnumun ucunu hələ də hiss etmirəm”, – deyən adamlar var. Bunun səbəbi nədir?

-Burnun uc hissəsindəki hissiyyatı həyata keçirən sinirlər dodaqdan başlayaraq burun ucuna doğru uzanır. Açıq rinoplastika zamanı bu sinirlər dartılır, kəsilir, zədələnir. Ona görə də burun ucunda keçici olaraq hissiyyat pozğunluğu yaranır. Bəzi pasiyentlərdə isə qalıcı olur. Əsas səbəbi burun ucuna çox cərrahi müdaxilə edilməsi ilə bağlıdır. Xüsusən də qalın dərili burunlarda belə müdaxilələr çox vaxt qaçılmaz olur. Başqa bir səbəb isə cərrahın iş qabiliyyəti ilə əlaqəlidir. Bəzən o qədər kobud, qeyri-peşəkar müdaxilələr edilir ki, sinirlər ömürlük zədələnir və bərpa olunmur.

-Burunu əməliyyatsız, dolğu ilə də korreksiya edirlər. Bir peşəkar cərrah olaraq, buna necə baxırsınız?

-Cəmiyyətimizdə insanların çoxu burnundan narazıdır. Əməliyyata getməyənlər başqa yollarla komplekslərindən azad olmağa çalışırlar. Kimsə bu vasitələrlə arzuladığı buruna sahib ola bilirsə, bizim bir etirazımız yox, nə əla! Amma bu cür metodlar qalıcı deyil və burnu yalnız müəyyən qədər korreksiya edə bilir. Ciddi bir dəyişiklik üçün cərrahi müdaxilə qaçılmazdır.

Dərialtı iplərlə də burnu korreksiya etməyə çalışanlar var. Doğrusu, buna o qədər də etimad etmirəm, bu yolla qalıcı nəticə almaq inandırıcı deyil.

-Açıq və qapalı rinoplastika əməliyyatlarının hansı fərqləri var?

-Əməliyyat texnikaları müxtəlifdir. Hər ikisinin də üstün və çatışmayan tərəfləri var. Birmənalı olaraq, qapalı əməliyyat açıqdan daha üstündür demək olmaz. Açıq əməliyyatın əsas çatışmayan cəhəti xaricdən kəsiyin olmasıdır ki, bunun da izi zamanla itir. Həmçinin burun ucunda hissiyyatın pozulması, şişkinliyin çox olması kimi hallar da baş verir. Qapalı əməliyyatda isə xaricdən heç bir kəsik aparılmır. Çatışmayan tərəfi isə odur ki, burnun hər hissəsinə müdaxilə etmək imkanı olmur, xüsusən də burun ucunda işləmək çox sıxıntılı, əziyyətlidir. Odur ki, yeni başlayan cərraha açıq metodla çalışmaq məsləhətdir. Qapalı əməliyyatda kiçik dəliklərdən işləmək üçün kifayət qədər təcrübə lazımdır. Eyni zamanda açıq üsulda qanaxmanı kontrol etmək də daha asandır.

-Hansı hallarda açıq, hansı hallarda qapalı əməliyyata üstünlük verilir?

-Əməliyyatın hansı metodla olacağına cərrah deyil, pasiyent qərar verməlidir. Peşəkar həkim hər iki metodu da bilməli, xəstənin seçiminə uyğun texnika ilə əməliyyatı icra etməlidir.

Onu da qeyd edim ki, hər iki üsulla çox gözəl nəticələr əldə edən cərrahlar var. Deməli, ən yaxşı metod ən yaxşı bildiyimiz, bacardığımız metoddur.

-“Beybis nos” deyilən burun da dəbdədir…

-Bəli, cürbəcür əcaib adlar qoyulur. Bütün hallarda əsas şərt sağlamlıq, burun funksiyalarının qorunmasıdır. Cərrahın ilk vəzifəsi pasiyentə zərər verməməkdir. Peşəkar bir həkim üçün öncəlik  sağlamlıqdır. Rinoplastikaya qərar veribsinizsə, araşdırıb savadlı və təcrübəli plastik cərrah seçin.

Bu gün qeyri-peşəkar plastik cərrahlar da sosial mediada səhifə açıb pasiyent cəlb edirlər. Odur ki, seçiminizdə yanılmamağınız üçün həkimləri mütləq araşdırın! Gözəlliyinizi və sağlamlığınızı əsl mütəxəssislərə etibar edin!

Qeyd: Maraqlananlar Uzm. Dr. Araz Salmanovla (051) 971-55-09 mobil nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər. Həmçinin https://www.facebook.com/plastikcerraharazsalmanov feysbuk və  “plastik_cerrah_araz_salmanov” instaqram hesabları ilə də həkimə elektron müraciət etmək olar. 


Share: