Parçaya bükülmüş QURAN         

Təranə FAZİLQLZI

(esse)

O gün Bakı küləkli, hava tutqun idi. Dolanbanc küçələrdə yerimək müşkülə çevrilmişdi. Tozanaq, qum, xışıltıyla səs salan yarpaqlar dövrə vurub göyə sovrulur, külək dayandıqda isə xəzəllər ətrafa səpələnirdi.

Təxminən 10-12 yaşım olardı, tay-tuşlarımla həyətdə oynayırdım. Bir andaca bütün məhəllə  bir-birinə dəydi. Məlum oldu ki, qonşumuz Ağamehdi kişini maşın vurub. Qonşu qadınlar bir yerə yığışıb onu vurana qarğış edir, kişlər isə gərgin simalarıyla xosunlaşırdılar. Həmin gün bizim evdə gecəyarıyadək ancaq bu haqda  danışdılar. Mən də kənardan   deyilənləri çinədanıma yığırdım. Bir neçə gündən sonra öyrəndik ki, kişinin onurğa sütunu möhkəm zədələndiyindən ömürlük yatağa məhkum olub.  O hadisədən sonra bu ailənin qara  günləri başladı.  Ağamehdi kişinin həyat yoldaşı  Gülnisə xala  günorta əl-ayaq  çəkilən vaxtı, qonşular görməsin deyə, xəlvətcə  həyət-bacalardan quru çörəkləri, boz parçaya büküb qoltuğunda evinə gətirər, isladıb uşaqlarına yedizdirərdi. Biz üzbəüz  evdə yaşadığımızdan bir uşaq marağıyla qonşumuzu izləyir, zibil yeşiklərinə tullanmış köhnə ərzaqları yığdığının canlı şahidi olurdum. Bir gün gördüklərimi evdə danışanda   bizimkilər az qala məni öldürsünlər. Onda  atam mənə bərk-bərk tapışırdı:“Gördüyünü bir adama desən vay halına.”

Ramazan  ayı idi.  Qızlarla blokda gəlincik-gəlincik oynayırdıq. Elə bu vaxt  tanımadığımız bir kişi  yanımızdan  keçib  Ağamehdi  kişigilin qapısının zəngini basdı. Qapını açan yox idi. Bu yad kişi, mənim ona diqqətlə  baxdığımı görüb:

– Bala, mən tələsirəm, bu bağlamanı  verərsən bunlara.

“Narahat olmayın, yəqin əminin ağrıları tutub, eşitmirlər.  İndicə verərəm.” – Sözüm qurtarar-qurtarmaz o, sürətlə blokdan çıxdı.   Bağlamanı qucağıma sıxdığımdan qapını ayağımla təpikləməyə başladım. Gülnisə xala uşaqlarıyla qapının ağzında peyda oldu.   Bağlamanın bir kişinin gətirdiyini deyib,  evimizə getdim.

Bir az  keçmiş  qonşu otaqdan  atamın qəzəbli  səsini eşitdim:

“Bura gəl!”Atamla-anam qapının kandarında dayanmışdılar.  Anam əl atıb qolumdan yapışdı:

-“Keç görüm.” Məni az qala sürüyüb Gülnisə xalagilə gətirdilər. Hamı pərişan idi. Düzü, çox qorxmuşdum. Nə baş verdiyini  anlaya bilmirdim.   Sarıbənizli Ağamehdi  əmi balışa söykənmişdi. O,  iri, qabarlı əllərini mənə tərəf uzadıb ağlamsınan bir səslə dedi:

“Bala,  de  görüm  bu  Quranı sənə  kim verdi?”  O, başını aşağı  əyib dönə-dönə kitabı opüb, “Bisimillah” deyərək vərəqləyirdi.  Sonra, əlindəki   bükülünü  yavaş -yavaş açmağa başladı.   Həyəcanlı şəkildə pulu xışmalayıb əlini qabağa uzatdı:

“Bu pulları görürsüz,  ay qonşular? Axı, bunu mənə kim göndərib?  Mən indi kimə “sağ ol”  deyib,  əllərindən öpüm?  Balalarıma çörək, ocağıma  Quran göndərənə necə təşəkkür edim, hə, balaca?  Sən tanıyırsan, bilirsən kimdi o əmi?

Tez-tələsik “yoox, tanımıram, bilmirəm,”- desəm də, əslində mənə fikir verən yox idi. Mən anamın ətəyinə qısılıb  ağlayırdım. Hamının üzündə  kədər qarışıq  sevinc bir-birinə  qarışmışdı.  Təkcə Ağamehdi kişinin  gözlərində yaş  gilələnmişdi…

Artıq  o  illər  arxada  qalıb. Ağamehdi  kişi  haqq  dünyasına qovuşub.  Uşaqları  ev-eşik, ailə sahibidirlər. Lakin o, hadisə  hələ də yadımdan çıxmır.  O bağlamanı gətirən kişinin siması dumanlı olsa da, gözümün qabağındadır. Hərdən öz-özümə düşünürəm.  Görəsən, indi,  belə xeyirxah, işıqlı insanlar  kiminsə qapısını  tələsik döyürmü?

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share: