Özünü haqq aşiqi adlandıran Almaz YANARQƏLB

Bilal Alarlı HÜSEYNOV

filologiya üzrə fəlsəfə doktoru

yaxud el şairinin çağdaş ədəbi yaradıcılığı

Almas Sərdar oğlu Fərziyev 1947-ci ildə Cəli­labad rayonunun Ocaqlı kəndində anadan olub. Uzun müddət kənd kitabxanasının müdiri işləyib və eyni vaxtda dindarlıqla məşğul olub. Ocaqlı camatı onun maraqlı dini söhbətlərini həvəslə dinləyir. Əhvalatçı deyil, fəlsəfi danışır, fikirlərini elmi şəkildə əsaslandırır. Bilmə­diyi şey haqqında fikir bildirməz, “Öyrənib danışaram” deyir. Almas Fərziyev “Yanarqəlb” təxəllüsü ilə şeirlər yazır. Bir neçə şeiri ilk dəfə “Nöqtələr” ədəbi toplu­sun­da işıq üzü görüb. Şeirəri işıq üzü görəndən sonra Almas Yanarqəlbin özünə və sözünə inamı artdı. Yazdıq­ları yavaş-yavaş mətbuata ayaq açdı.

Ocaqlıda Almas Yanarqəlbin şeirlərini eşitməyən yoxdur. Onun şeirləri daha çox dini məclislərdə səslənir:

 

Əgər şaqqıldasa göylər, dəmadəm ildırım çaxsa,

Əgər dünya təlatüm eyləsə, qövsü-qüzeh axsa,

Əgər saçsa fələklər od, alovlar üstümə yağsa,

Qəmim yoxdur, sənin eşqinlə yandım, ya Rəsuləllah.

 

Əgər yüz min qəvi düşmən məni nizəpuş eylərsə,

Əgər yüz min mələk-mənzər gözəllər mədhuş eylərsə,

Əgər dövrüm ala atəş, təmamən sərpuş eylərsə,

Qəmim yoxdur, sənin eşqinlə yandım, ya Rəsuləllah.

 

Əgər düşsəm qaranlıq məhbəsə dövrün cəfasından,

Əgər bibəhrə olsam da bu gün dövrün səfasından,

Əgər naümid olsam da bu gün dostun vəfasından,

Qəmim yoxdur, sənin eşqinlə yandım, ya Rəsuləllah.

 

Əgər şəqqülqəmər tək şəqqələnsə göylərin taqi,

Əgər ki, bürcülər yansa. Alovlar alsa afaqi,

Əgər fironlar külli cahanda salsa nifaqi,

Qəmim yoxdur, sənin eşqinlə yandım, ya Rəsuləllah.

 

Nə qədri bixəbər idim yarın hüsn-camalından,

Bir miqdarın hədər verdim gənc ömrümün baharından,

Şükür ki, bəhrəmənd oldu Yanarqəlb öz nigarından,

Qəmim yoxdur, sənin eşqinlə yandım, ya Rəsuləllah.

Təkcə lirik şeirlər deyil, satirik və dini şeirlər yazan Almas Yanarqəlbin yaradıcılığının mövzusu rən­ga­rəngdir, bədahətən dediyi şeirlər də var:

 

Bilal qardaş, xahişim var əzəldən,

Məclis quraq şeiriyyatdan, qəzəldən.

Söhbət açaq gözəllikdən, gözəldən,

İncə şeir sorağına gəlmişəm.

 

Şeir də hikmətdir, şeir də candır,

Gözəl şeir dürəfşandır, mərcandır.

Şair təbib, şeiriyyatsa dərmandır,

Dərmanımın sorağına gəlmişəm.

 

Aşiq sevgisindən çəkməz xəcalət,

Mərd insanın peşəsidir kəramət.

Sən şəmsən! Sən də eylə səxavət,

Pərvanəyəm, çırağına gəlmişəm.

 

Yanarqəlbəm, can mülkümü üzmüşəm,

Azad quşam, səmalarda süzmüşəm.

Eşqinlə mirvari, inci düzmüşəm,

Sərrafımın sorağına gəlmişəm.

 

Almas Yanarqəlbin şeirlərində söz sənə­tinə ehtiram göstərilir. Təəssüf ki, Almas Yanarqəlbin çoxlu sayda ibrətamiz əhəmiyyətli şeirləri unudulub gedir. Onun çox az qisimdə yaradıcılıq nümunəsi işıq üzü görüb. 2014-cü ildə Qəlb yanğısı” adlı ilk poetik toplusu çap olunub. Bu kitabda lirik, satirik şeirlərlə yanaşı, “Tale” adlı poeması da yer alıb. 2015-ci ildə şairin “Ovçunun da günü bir gün şikara dönməyi var” adlı ikinci poetik toplusu nəşr olunub. İkinci poetik topluda klassik üslubda olan şeirlər, daha çox qəzəllər verilib. Almas Yanarqəlb həm də dastanvari əsərlər də qələmə alır. Onun belə yaradıcılıq nümunələrindən biri “Tahir və Əminə” əsəridir. Bu dastan 2014-cü ildə povest adıyla işıq üzü görüb. Bu əsər təsadüfdən povest adlanmayıb. Almas Yanarqəlb aşıq yaradıcılığına xas üslubla kifayətlənmir, o özünü həm də çağdaş şair kimi göstərir, hətta dili sadə, fəlsəfəsi dərin sərbəst şeirlər də yazır. Çoxçalarlı poetik yaşantıları ilə oxucularını heyrətləndirməyi bacaran şairin satirik şeirlərində sarkazm, lirik şeirlərində səmimiyyət güclüdür:

 

Allah! Bu dünyanın nəyini sevim,

Gədalıq insana tac olan yerdə?

Nadanlar, nakəslər at oynadırlar

Alimlər, aqillər ac olan yerdə!

 

“Nəğməkar bülbülüyəm dinimin, həm millətimin” şüarı ilə şeirə gələn Almas Yanarqəlb Vətənə məhəbbət aşılayan şeirlərini trafaret misralar üzərində qurmur, əksinə, fikrini sadə dillə daha inandırıcı şəkildə ifadə edir:

 

Ölməyim Vətənin nicatıdırsa,

Ölüm, Vətənimin nicatı olum.

 

Şair özünü Haqq aşiqi adlandırır. Əslində, bu, rəmzi xarakterli bir deyimdir. Haqq aşiqi olmaq həqiqəti söyləmək, həqiqəti söyləyənlərə dəstək vermək, haqqı qorumaq, yalana qarşı mübarizə aparmaq deməkdir:

 

Hünər meydanıdı şeir meydanı,

Hünərin var, bu meydana gəl görüm.

Nə bayağı söz de, nə də şişirtmə,

Doğru söylə, düz imana gəl görüm.

 

Şairin fikrinə görə, həqiqətin astar üzü yalan və iftiradır. Almas Yanarqəlb el şairidir, şeirinin nəfəsi eldən gəlir. onun poetikləşdirdiyi rəvayətlər, təmsillər ibrətamizdir. El sözünü deyənin hikməti dərin, şöhrəti böyük olur. Almas Yanarqəlb belə ucalıqda dayana bilir. Bunu bədahətləri daha yaxşı ifadə edir:

 

İqbal başqa şeydir, hünər başqadır,

Əqil yaşda deyil, əqil başdadır.

Ay Bilal, tərs gəlsə baş da daşlanır,

Hünər meydanına gəlməmişəm mən.

 

Yüz ölçüb-biçməyə tənə baş gərək,

Görüb-götürməyə ömrə yaş gərək.

Ağac əldən düşdü, başa daş gərək,

Yüz ölçüb-biçməyi bilməmişəm mən.

 

Yaz qardaşım! Ömrün yüz il var olsun,

Hər işində Tanrım sənə yar olsun.

Yanarqəlb sevinsin, əğyar xar olsun,

Çoxdandır sevinib gülməmişəm mən.

 

Söz, sözün məna çaları, sözün poetik imkanları Almas Yanar­qəl­bi həmişə düşündürüb. Müxtəlif janrlara müraciət etməsi, xüsusən, klassik janrlara üz tutması Almasın Azərbaycan ədəbiyyat korifey­lə­rı­nın yaradıcılığını yaxşı bilməsindən irəli gəlir. O, dini məclislərdə et­di­yi söhbətləri Azərbaycan klassiklərinin yaradıcılığı üzərində qurur, bəzən günlərlə söhbətini Nəsiminin, Füzulinin və Xətayinin qəzəl­lə­rinin təhlilinə həsr edir. Almas Yanarqəlbin öz şeirləri də klassik şairlərimizin şeirlərindən geri qalmır, hətta bədahətən dediyi bir qəzəl heyrətamiz dərəcədə ritmikdir:

 

Aşiq olanın dərdini canan bilər ancaq,

Eşq atəşinə yanmağı hicran bilər ancaq.

 

Baxdıqca gəda dünyasınınn bar-həmlinə,

Arif gələcək günləri heyran bilər ancaq.

 

Kim açsa gözün diqqət ilə nur-hikmətə,

Gədası ilə şahını insan bilər ancaq.

 

Zülmətlə işıq, həqq ilə batil nə məqamdır,

Kim etsə təmənna, onu əlan bilər ancaq.

 

Çün yoxdu sözüm, söyləməyə yoxdu məqamım,

Könlümdə yanan atəşi suzan bilər ancaq.

 

Tanrım sənə vermiş, a Bilal, bir belə hikmət,

Bu quş dilini Süleyman bilər ancaq.

 

Həqq aşiqidi yurduna bu bəndə Yanarqəlb,

Həqq aşiqinin həqqini mizan bilər ancaq.

 

Almas Yanarqəlb yaradıcılıq kre­do­­suna sadiq qala bilib. O, əsasən, əxlaqi mövzulara üstünlük verir, həm dini, həm də satirik şeirlərində ibrətamiz, tərbiyəvi keyfiyyətləri təbliğ edir. Allaha xatir yol çəkməyi, quyu qazmağı savab sayırsa, ar-namu­sunu, şərəfini satanlardan yorulduğunu bildirir, bu cür eybə­cərlikləri görməmək üçün, “Ana torpaq, qucağına al məni” deyir. Başqa bir şeirində musiqini qadağan edən yalançı dindaşlarını qınayır:

 

Suyun lətafəti var musiqinin dilində,

Həyat eşqi çırpınır çiçəyində, gülündə.

Musiqi ilə süd verir körpəsinə gəlin də,

Musiqini sevməyi günah yazmayın bizə.

 

Qəm günündə ağılar söyləyibdir nənələr,

Bayatılar, nağıllar söyləyibdir nənələr.

Musiqini beşikdə öyrədibdir nənələr.

Musiqini sevməyi günah yazmayın bizə.

 

Quran da müəyyən bir avazla oxunur. Ahəng, ritm həyatın özün­dən gəlir. Şeiri də sevdirən, ürəyəyatımlı edən onun müəyyən bir ahəng üzərində qurulması ilə bağlıdır. Belə tərbiyəvi təsirə malik şeir­lər Almas Yanarqəlbin peşəsindən irəli gəlir, o, islam dinin bilicilə­rin­dən biridir, məhərrəmliklə bağlı tədbirlərdə, yas mərasimlərində fəal iştirak edir. Amma şair Almas dindar Almasdan fərqli olaraq, sözü daha uca tutur. Buna görə də şair “Ömrümün mənası sözdə qalıbdır, bu nemətdən məhrum etmə, İlahi” deyir:

 

Hər sevən aşiqdi öz dünyasına,

Səltənət, var-dövlət, naz dünyasına.

Mən də vurulmuşam söz dünyasına,

Bu nemətdən məhrum etmə, İlahi.

 

Almas Yanarqəlbin satirik şeirləri isə ətrafda baş verən bəd olaylara, dünyanı və insanı eybəcərləşdirən xislətlərə qarşıdır.

 

 

Share: