Ozanlıqdan-Dədəliyə,  Dədəlikdən-Aşıqlığa gedən saz-söz sənətinin xəritəsi

AYNUR AFƏT qızı QAFARLI

Azərbaycan Dövlət Pedaqoji Universiteti,

Elmi-Tədqiqat Mərkəzinin kiçik elmi işçisi,

pedaqogika üzrə fəlsəfə doktoru

[email protected]

 Hər bir toplumun millət kimi formalaşmasında onun ədəbiyyatının xüsusi yeri var. Ədəbiyyatın kökündə isə bir qayda olaraq şifahi xalq ədəbiyyatı (ağız ədəbiyyatı) dayanır. Ağız ədə­biyyatı yazılı ədəbiyyata nisbətən daha qədim tarixə malik olmaqla, həm də milli tə­fəkkürün məhsulu kimi yaşayır. Onun hər bir janrında – nəğmə, bayatı, əfsa­nə (mif), nağıl, rəvayət, lətifə, tapmaca, atalar sözləri, zərb məsəllər, qaravəllilər, holavarlar, ağılar, alqışlar, dualar, qarğışlar, qımqımalar, oxşamalar, eydirmələr, laylalarda bütöv bir toplumun dünyagörüşü, dəyərləri, əxlaqı bədii formada öz əksini tapır. Dastanlarda bu janrlardan geniş istifadə olunur. ​Adətən, hər bir xalq öz keçmişini araşdıranda ədəbiyyatına, əsasən də şifahi xalq ədəbiyyatına üz tutur, özünü orada axtarır və özünü orada tapır, bununla da bir rahatlıq duyur. Şifahi ədə­biyyatın ən önəmli vəzifələrindən biri də mənsub olduğu xalqın dilinin qoruyu­cusu kimi çıxış etməsidir.

Belə ki, şifahi xalq ədəbiyyatında yaranmış əsərlərə müra­ciət edəndə görürük ki, burada yad dilə məxsus sözlərdən istifadəyə çox az rast gəli­nir. Ümumtürk, eləcə də Azərbaycan ədəbiyyatında da bu belədir. Adicə lirik şeirin nəğmə janrına müraciət etsək, görərik ki, bu nəğmələrdə xalqımızın həm əmək məşğuliyyəti (əkinçi nəğmələri), həm də ümumi adət-ənənələri, toyu, yası, qəhrəmanlıq tarixi, valideyn-övlad məhəbbəti öz bədii forması ilə seçilir. Azərbaycan şifahi xalq ədəbiyyatının dünya xalqlarının şifahi xalq ədəbiyya­tından müəyyən özünıməxsus çalarları ilə fərqlənir. Bu fərqlilik aşıq poeziyasında daha qabarıq şəkildə özünü göstərir desək, yanılmarıq. Bu baxımdan, bu məqaləmdə aşıq poeziyasına aid fikirlərimi, düşüncələrimi nəzərinizə çatdırmaq istəyirəm.

Bildiyimiz kimi, şifahi xalq ədəbiyyatı insan yarandığı gündən yaranmış söz sənətidir. Ana olmuş qadının öz körpəsini əzizləyərək çaldığı laylanı bu sənətin ilk nümunəsi hesab etmək olar. Bununla da Ana ilk şair, ilk bəstəkar hesab oluna bilər. Hərnhansı bir əməklə məşğul olan insanın gördüyü işin ahənginə uyğun qoşub oxuduğu nəğməni, yaxud əzizini itirmiş insanın ürəyinin dərinliklərindən qopan naləsini – ağıları da buna misal gətirmək olar. Zaman axarında, cəmiyyət formalaş­dıq­ca, bax beləcə, şifahi xalq ədəbiyyatı – ağız ədəbiyyatı yaranıb təşəkkül tapmışdır.

Fikrimcə, elin sevincini, kədərini oxuyan aşıq poeziyası, məhz, ana laylaları, əmək nəğmələri, ağılarla birbaşa səsləşir. Elə düşünülər ki, aşıq hara, ilk poeziya nümunəsi hara?! Bir az əvvələ nəzər yetirsək, bunu tam çılpaqlığı ilə görə bilərik. Dediklərimizi əlimizdə olan ilk aşıq ədəbiyyatı nümunələri də sübut edir. Baxın, əski türk dastanları dediyimizə əyani sübut deyilmi? Düzdür, burada sonralar yaranmış dastanlarda olduğu kimi sazdan (qopuzdan), aşıqdan (ozandan) və onun qoşduğu qoşmalardan söhbət getmir: forma və struktur baxımdan fərq var. Amma mahiyyət eynidir: xalq öz sevincini, kədərini dilə gətirir, qəhrəmanını tərənnüm edir. Odur ki mən cəsarətlə deyə bilərəm ki, sonralar gələn aşıqlara (yeni nəsil) məxsus bütün dastanlar həmin əski türk dastanlarından qaynaqlanmışdır. (“Yaradılış”, “Alp Ər Tonqa”, “Şu”, “Ərgənəqon”, “Köç”, “Oğuz Kağan” və s.). Bizim ədəbiyyatımızda qopuz – ozan sənətinı araşdırmaq üçün ən yaxşı qaynaq bizə məlum olan “Kitabi-Dədə Qorqud” eposudur. Bu dastan nəzmlə nəsrin vəhdətdə verildiyi ilk dastanlar­dan­dır. “Kitabi-Dədə Qorqud” eposu haqqında başqa bir elmi məqaləmdə geniş məlumat verdiyim üçün onun üzərində bir daha dayanmaq istəməzdim.

Qısaca qeyd edim ki, bu dastan İslamın Azərbaycana gəlişindən öncə yaranan bir dastandır, ancaq orada olan boylarda verilən müəyyən hadisələr eramız­dan da öncəyə, hətta əsatir dövrünə gedib çıxır. “Basatın Təpəgözü öldürməsi” boyu buna sübutdur. Elm aləminə də ilk dəfə bu boy məlum olmuşdur. “Kitabi-Dədə Qorqud” eposu təkcə Azərbaycan şifahi xalq ədəbiyyatının yox, ümum­türk ədəbiyyatında möhtəşəm bir abidə olmaqla bərabər, türk xalqının milli təsdiqidir. Dastanda verilən Dədə Qorqud obrazı Türk milli kimliyinin məhək daşıdır. Bu təkcə Aşıq-Ozan yox, böyük şair, hər şeydən xəbər verən, gələcəyi görə bilən geniş elmi düşüncəyə malik olan alim, müdrik el ağsaqqalı – yolgöstərən, eləcə də Türkün peyğəmbəridir. Belə demək mümkünsə, “Kitabi-Dədə Qorqud” eposu İslam dünyası­na məxsus Qurana oxşar müqəddəs kitab, onun yaradıcısı olan Dədə Qorqud isə Məhəmməd peyğəmbərin dünyagörüşünə bərabər böyük bir Türk mütəfəkkiridir. Bunu həm “Kitabi-Dədə Qorqud” eposunun, həm də Quranın sicilli nəsrlə yazılması da təsdiq edir. Bircə fərq ondadır ki, “Kitabi-Dədə Qorqud” eposu heca, Quran isə əruz vəznində yazılmışdır. Bu isə milli özünəməxsusluqdan xəbər verir, çünki heca türk, əruz isə ərəb şeir ölçüsüdür. Dediklərimiz “Kitabi-Dədə Qorqud” eposundan sonra gələn dastanları­mızda və həmin dastanlarımızın yaradıcısı olan aşıqlarımızın özünəməxsus yaradıcı­lıqlarında da təsdiqini tapır. Ancaq burada mən ağrılı bir məqama da toxunmaq istəyirəm. Bu ağrılı məqam VII-XIV əsr aralığında heç bir ozan aşıq yaradıcılığına məxsus bədii nümunəyə rast gəlinməməsidir. Təkcə müəyyən folklorşünasların XIII-XIV əsrə aid etdikləri aşıq Əli adlı birisinin adını istisna etməklə, deyə bilərik ki, nəinki aşıq nümunəsinə, heç bir aşıq adına rast gəlinmir. Bu məsələ Dədə Qorquddan sonra XV əsrin əvvəli Misgin Abdal adı ilə tarixə düşən Seyid Hüseynin (1430-1535, Göyçə mahalı, Sarıyaqub, Zərgərli k.) adı və yaradıcılığı ilə öz axarına düşür. Onun anadan olduğu yer haqqında müxtəlif fərziyyələr vardır. Bəzi alimlərinin dediyinə görə o, Göyçə mahalında, bəzilərinin dediyinə görə Gədəbəyin Miskinli kəndində, bəziləri­nin də dediyinə görə Tovuz elində dünyaya göz açmışdır. Böyük övliya, Səfəvi hökmdarı Şah İsmayıl Xətainin mürşidi, ozandan-aşığa, qopuzdan-saza keçidin banisi, çoxsaylı aşıq havalarının yaradıcısı olan Miskin Abdal sufi aşıq ədəbiyyatının əsasını qoyur. Onunla eyni əsrdə Şah İsmayıl Xətai sarayında yaşayıb-yaratmış, ustadlar ustadı, aşıqlığın vəziri adlandırılan haqq aşığı Dirili Qurbani isə (1477-1550, Cəbrayıl, Diri k.) öz mükəmməl yaradıcılığı ilə bərabər bir sıra saz havala­rının yaradıcısı kimi də tarixə düşmüşdür. Aşığın yaradıcılığı özündən sonra gələn aşıqların yetişməsində bir bələdçi – yol göstərən olması onun “Aşıq sənətinin vəziri” titulunu qazanmasında mühüm rol oynamışdır. Hər iki sənətkar Səfəvilər dövlətinin yaranıb inkişaf etməsin­də xüsusi xidmət göstərmişdir. Dədə Qorquddan sonra ilk olaraq onlar heca vəznli şeiri ədəbiyyata gətirmiş, həm şifahi, həm də yazılı ədəbiy­yat­da heca vəzninə keçiddə böyük rol oynamışlar (heca vəzninin yazılı ədəbiyyata isə gəlişi Şah İsmayıl Xətainin adı ilə bağlıdır). Onlar həmçinin ədəbiyyatda aşıq şeirinin janr nümunələri olan qoşma, gəraylı, varsağı, bayatı, təcnis kimi janrların əsasını qoymuş, Azərbaycanda türk şeirini və dilini əruzdan təmizləməklə ona duruluq gətirmiş və milli çalarlarını özünə qaytarmışlar. Səfəvilər dövlətinin yaradıcısı və memarı sayılan Şah İsmayıl Xətai bir şair olaraq heca vəzninin yazılı ədəbiyyata gətirilməsində Misgin Abdal və Dirili Qurbani kimi şair-aşıqların yaradıcılığından bəhrələnmişdir. “Kitabi-Dədə Qorqud” eposunda qopuzla qılınc yanaşı durduğu kimi, Səfəvilər dövlətində də saz və qılınc yanaşı duraraq döyüş meydanında şücaət göstərən igidləri qələbəyə səsləmiş, Azərbaycan Səfəvilər dövlətinin qurulmasında, onun ərazilərinin genişlənməsində, torpaq bütövlüyünün qorunmasında böyük rol oynamışdır.

Daha sonra, XVII əsr aşıqları olan Abbas Tufarqanlı (1600, Güney Azərbaycan) və Sarı Aşığın (1605-1645, Laçın, Güləbird k.) adını çəkə bilərik. XVII əsr həm də dastan yaradıcılığında məhsuldar bir dövr olmuşdur. Cinaslı bayatıların banisi və ilk yaradıcısı olan Sarı Aşıq nakam məhəbbətin vaxtsız qurbanı olmuşdur. Bir bayatısında deyildiyi kimi vəsiyyətinə uyğun olaraq Həkəri çayının sağ sahilində təpə üzərində sevdiyi qadının (Yaxşının qəbri Həkəri çayının sol sahilində yerləşir) məzarı ilə üz-üzə olsun deyə tərsinə dəfn olunmuşdur. 1993-cü ildə Sarı Aşığın qəbri erməni vandalları tərəfindən dağıdılmışdır.

Mən aşıq, tərsinə qoy,

Tər təni tərsinə qoy.

Yaxşını qibləsinə,

Aşığı tərsinə qoy. ​

“Aşıq sənətinin şahı” adlandırılan Abbas Tufarqanlı isə aşıqlıq sənətinin inkişafında daha ideal və özünəməxsusluğu ilə seçilir. Bu özünəməxsusluq aşığın qoşma, gəraylı və sair kimi aşıq şeir janrlarında yazdığı sözlərdən özünə taxt-tac quraraq sənətdə şahlıq – hökmranlıq etməsi ilə bağlıdır. Məncə, Tufarqanlının şeirlərində söylədiyi sözlər, fikirlər sözün, fikrin şahı sayıldığı üçün ona “Aşıq sənətinin şahı” adı verilmişdir.

“Kitabi-Dədə Qorqud” eposundan sonra ikinci sənət nümunəsi sayılan “Koroğlu” dastanı XVI əsrin II yarsına aiddir. Bu sırada “Abbas və Gülgəz”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl”, “Tahir və Zöhrə” kimi məhəbbət dastanlarının adlarını çəkə bilə­rik. “Koroğlu” dastanında Təkəli tayfasından olan aşıq Cünun Koroğlunun dostu və aşığı kimi göstərilir. Həm “Kitabi-Dədə Qorqud” eposu, həm “Koroğlu” eposu Azərbaycan türklərinin mədəniyyətinin, əxlaqının, dəyərlərinin formalaşmasında mühüm rol oynamışdır. Bunu biz hər iki dastanda olan bədii təsvir və ifadə vasitələrində, inanclarda, boyların və qolların baş verdiyi səfərlərin təsvirində, xeyirlə şərin, qaranlıqla işığın qarşılaşmalarına münasibətdə görə bilərik. Qorqud obrazının Günəş işığını ifadə etməsi, Koroğlu adının isə qaranlıqla bağlı olması bu dediklərimizə əyani sübutdur. XVIII əsr aşıq poeziyasında aşıq­ların həm saz-söz yaradıcılıqlarında, həm də onların yaratdıqları dastanlarda yeni özəlliklərin şahidi oluruq. M.Abdal, D.Qurbani, A.Tufarqanlı kimi aşıqların yaratmış olduğu ustadna­mələr XVIII əsrdə Xəstə Qasım (1684-1760, G.Azərbaycan – Tikmədaş k.) yaradıcı­lığında öz zirvəsinə çatır. “Aşıq sənətinin vəkili” kimi tarixə düşən Xəstə Qasım (Dədə Qasım) özündən öncə yaşayıb-yaradan şair-aşıqların özlərinin və yaradıcılıqlarının vəkili kimi çıxış edir. Özündən öncə yaşayıb-yaratmış aşıqların yaradıcılıqlarının yaşamasına və yayılmasına sanki bir vəkil­lik etmişdir. A.Tufarqanlının həyat və yaradıcılığından bəhs edən “Abbas və Gülgəz” dastanının yaşayıb yayılması birbaşa onun adı ilə bağlıdır. Təxəllüsünün mənası isə şeirin, ədəbiyyatın, təriqətin, elmin, alimliyin vurğunu, xəstəsi anlamına gəlir. X.Qasım həm də öz qıfılbəndləri ilə məşhurdur. Bu isə onun dərin zehinli söz xəzinədarı olması deməkdir. X.Qasıma aid olan dastanda da biz bunun təsdiqini görürük. Aşıq­lar sırasında Aşıq Lələ (XVII-XVIII), Dəllək Murad (XVIII), aşıq Valeh (XVIII), Ləzgi Əhməd (XVIII-XIX) və bir çox aşıqların da adı çəkilir. Aşıq Lələ əsasən bayatı ustadı kimi tanınmışdır. XVIII əsrdə yaşayıb-yaradan aşıq Valeh isə (1722-1822, Ağdam, Gülablı k.) dastan yaradıcılığında xüsusi yeri olan aşıqlarımızdandır. Onun yaradıcılığında “Valeh və Zərnigar” dastanı bunu deməyə əsas verir.

Aşıq ədəbiyyatının zirvə nöqtəsi isə XIX əsr aşıq poeziyası sayılır. Bu əsrdə dastan yaradılmasının inkişafı ilə yanaşı, aşıq şeirində yeni janrların yaranması dövrü başlayır. Bu əsr “dodaqdəy­məz”, “dodaqdəyməz təcnis”, “müstəzad təcnis”, “gəraylı təcnis”, “cığalı təcnis” və s. kimi çətin və maraqlı aşıq şeirinə məxsus janrların yaranması ilə yadda qalır. Bu da özünü ilk olaraq Göyçə mahalında göstərir. Göyçə ədəbi məktəbinin yaradıcısı, Aşıq Alının ustadı Ağ Aşıq Allahverdi (1775-1880) Cənubi Azərbaycandan Göyçə mahalına köç­müş, ömrünün sonuna kimi orada yaşayıb yaratmışdır. Aşıq Alı – Şıx Alı öz dövrünün təcnis ustadı kimi yadda qalmışdır, hətta onu Təcnis Alı adlandırırmışlar. XIX əsr aşıq poeziyasının azman sənətkarlarından olan Qızıl Vəngli aşıq Alı (1801-1911, İrəvan xanlığı – Qızılvəng) Ağ Aşıq Allahverdinin yaratdığı aşıq məktəbinin ilk şagirdi olmuşdur. Ustad Aşıq Alının özü isə aşıq Ələsgərin (1821-1926, Göyçə – Ağkilsə) böyük ustad kimi yetişməsində mühüm rol oynamışdır. “Dədə” titulunu qazanmış Dədə Ələsgərə qədər Dədə Qorqud, Dədə Yadigar (“Qurbani” dastanı), Dədə Qasım (Xəstə Qasım) da bu titulu daşımışlar. Aşıq sənətinin sirlərini aşıq Alıdan mükəmməl öyrənmiş aşıq Ələsgərin özü də həmin məktəbin davamçısı kimi 12 şagird yetişdirmişdir. Qoşmalarının birində qeyd edir: ​

Adım Ələsgərdir, mərdi-mərdana, ​

On iki şəyirdim işlər hər yana.

Bu şagirdlərə misal olaraq öz səsi ilə qara çırağı söndürən aşıq Əsədi, erməni­lər tərəfindən kürəyinə qaynar samovar bağlanan və işgəncə ilə oxutdurularaq qətlə yetirilən yüksəs səs sahibi aşıq Nəcəfi, aşıq Musa və digərlərini göstərə bilərik. Göyçə aşıq məktəbi davamlı olaraq bu gün də çox məharətli aşıqlar yetişdirməkdədir. Bildiyi­mizəə görə, yaxın keçmişdə vaxtsız dünyasını dəyişmiş aşıq Dəmir Gədəbəyli (1972-2020, Gədəbəy, Arabaçı k.) bu məktəbin ustad xeyir-duası almış son nümayəndələrindən hesab edilir. Aşıq Dəmir öz gur səsi ilə çırağı keçirən aşıq İmran Həsənovun (1928-1998, Göyçə, Ağbulaq) yetirməsidir. Aşıq İmran isə 16-17 yaşlarından sonra Tovuzda məskən salıb yaşayıb-yaratmış və Aşıq Ələsgər ədəbi məktəbinin davamçısı olmuşdur.

XIX əsr aşıq poeziyasının görkəmli nümayəndələri sırasına aşıq Hüseyn Şəmkirli (1811-1891), Yəhya bəy Dilqəmi (1830-1865, Şəmkir – Dəllər Cırdaxan), Koroğlu dastanının kamil bilicisi aşıq Hüseyn Bozalqanlı (Tovuz, 1868 və ya 1875-1941) və digərlərinin də adlarını qeyd edə bilərik. Şəmkirli aşıq Hüseyn şair aşıq olmaqla bərabər, həm də bəstəkar aşıq olmuşdur (“Hüseyni” dastanı).

XIX əsr aşıq ədəbiyyatının ən azman sənətkarlarından biri də aşıq Molla Cumadır (Molla Cümə, 1854-1920, Şəki, Layısqı k.). Biz tarixdə və ədəbi mühitdə “molla” təxəllüsü ilə bir sıra görkəmli sənətkarların, söz adamlarının adlarına rast gəli­rik. Bildiyimizə görə, “molla” təxəllüsü ilə yaradanlardan birincisi böyük Azərbaycan şairi Məhəmməd Füzuli olmuşdur (Tarixi mənbələrdə onun əsl adı Molla Məhəmməd Bağdadi kimi verilir). Daha sonra biz XVIII əsrdə yaşayıb-yaratmış Azərbaycan şairlərindən Molla Vəli Vidadi və Molla Pənah Vaqifin də bu təxəllüsü daşıdığının şahidi oluruq. Aşıqlarda isə ilk olaraq bu təxəllüs Molla Cumaya məxsus­dur. “Molla” təxəllüsü isə çox bilən, elmli, dünyagörüşlü, xalqın içində olan insanlara verilirdi. Bu məqamda Molla Cuma yaradıcılığında olan novatorluğa toxunmaq yerinə düşərdi. Bu novatorluq ilk olaraq aşıq yaradıcılığına yazılı ədəbiyyatdan keçərək özünə xüsusi yer alan müxəmməs janrında özünü göstərir. Özündən sonrakı aşıqlardan fərqli olaraq Molla Cuma müxəmməs şeir janrına cığa bəndi artıraraq cığalı müxəmməs variantını yaradır. Ondan sonra bir çox sənətkarlar bundan təsirlənərək onun ardıcılı olmuş və bu növdə özlərini sınamışlar. Buna misal olaraq Göyçəli Bəhməni nümunə gətirə bilərik. Bu da aşıq ədəbiyyatının bölgə-bölgə yox, bütöv olmasından xəbər verən bir nümunədir. Molla Cuma tarixdə aşıq Nəcəf­dən sonra ermənilər tərəfindən qətlə yetirilən ikinci azman aşığımızdır (1920, may). Azərbaycan ədəbiyyatı tarixinin yaradıcısı, Qazaxda ilk Müəllimlər gimnaziyasını yaradan elm xadimi Fürudin bəy Köçərli də həmin vaxtlar ermənilər tərəfindən qətlə yetirilmişdir. Yazılarında bu mövzuya toxunmaq, fikrimcə, hər bir elm adamının vicdan borcudur.

Bunu da qeyd edim ki, bu deyilən aşıqların əksəriyyəti yaradıcı aşıqlar­ ol­muş­lar. Məlumdur ki, həmin dövrlərdə yaradıcı aşıqlarla birgə ifaçı aşıqlar da fəaliy­­yət göstərmişdi. Ancaq onların bir çoxunun tarixdə adı itib-batmış, bizə gəlib çatma­mış­dır. Aşıq yaradıcılığının bu hissəsi tam araşdırılmamış qalmaqda davam edir. Odur ki bu sahə öz araşdırmaçısını gözləyir. Ancaq XX əsrdən başlayaraq həm yaradıcı, həm də ifaçı aşıqlar çiyin-çiyinə addımlamış, hər birisi öz sözünü mükəmməl deyə bilmiş­ və onların tanınmış nümayəndələri haqqında bizdə müfəssəl məlumat vardır. Biz yaradıcı və ifaçı aşıqlar sırasında olan aşıqların adını hörmətlə çəkə bilərik:

Yaradıcı aşıqlardan olan Hüseyn Cavan (Güney Azərbaycan), aşıq Şəmşir (Kəlbəcər), aşıq Qəmkeş Allahverdi (Kəlbəcər), 14 aşıq havasını bəstələyib ərsəyə gətirən aşıq Mikayıl Azaflı (Tovuz), aşıq Mirzə Bayramov (Tovuz), aşıq Mirzə Xəyyat (Göyçə-Tovuz), Miskinli Vəli (Gədəbəy), Ayrım Cavad (Daşkəsən), aşıq Avdı (Qazax), Dərya Məhəmməd (Qazax), Murad Niyazlı (Göyçə-Şəmkir), aşıq Murad Niyazlı (Göyçə-Şəmkir), aşıq Pənah (Salyan), aşıq Məmmədağa (Şirvan), aşıq Şakir (Şamaxı), Söhbət İsmayı­lov (Gədəbəy) və s. Laçından olan yaradıcı ifaçı aşıqlar: Aşıq Haşım – Kürən Həşim (XVIII), aşıq Ələmşah (Kamallı k.), aşıq Cəfərqulu (Şeylanlı k.), aşıq Səlim və onun nəvəsi şair Mehbalı Quluyev (Kürd Mehbalı – 1992-ci ildə ermənilərin Laçını işğalı zamanı itkin düşmüşdür), Aşıq Ələmşah, aşıq Kərəm Alxaslı və b. olmuşdur.

İfaçı aşıqlar isə: aşıq İmran (Göyçə-Tovuz), aşıq Əkbər (Tovuz), aşıq Ələsgər Tağıyev – Çopur Ələsgər (Tovuz), aşıq Mahmud (Göyçə-Tovuz), aşıq Alxan (Tovuz), aşıq Aydın Çobanoğlu (Tovuz), aşıq Aslan (Qazax), asıq Ədalət (Qazax), aşıq Fətulla (Göyçə), aşıq Firudin (Kəlbəcər), aşıq İsfəndiyar Rüstəmov (Gədəbəy), aşıq Səyyad Pənahov (Gədəbəy), Məlik Məmmədov (Gədəbəy), Sədaqət Rəsulov (Gədəbəy), İslam Əkbərov (Gədəbəy), Qədir Əkbərov (Gədəbəy), Mehbalı Qasımov (Gədəbəy), Rəsul Əmiraslanov (Gədəbəy), aşıq Süleyman Əmiraslanov (Gədəbəy), aşıq Şahsuvar (Gədəbəy), aşıq Oruc (Göyçə-Gədəbəy), aşıq Vaqif (Gədəbəy), aşıq Zahid Aslanoğlu (Gədəbəy), aşıq Fəzail İsmayılov (Gədəbəy), aşıq Musa (Gədəbəy), Dəmir Həsənoğlu), aşıq Sovqat (Daşkəsən), aşıq İlyas (Daşkəsən), Aşıq Sadıx (Borçalı) Mais Gəncəli, aşıq Kamandar (Borçalı), aşıq Əmrah (Borçalı), Hüseyn Saraclı (Borçalı), Xındı Məmməd (Borçalı), Əhməd Sadaxlı (Borçalı) və s. Laçınlı ifaçı aşıqlardan XVIII əsrin sonlarında XIX əsrin əvvəllərində aşıq Bəylər (Şəlvə k.), aşıq Mustafa (Şəlvə k.), aşıq Azad (Əhmədli k.), dastançı aşıq Məşədi Dadaş (Əhmədli) və bir çoxları olmuşlar. Çağdaş Laçın aşıqlarından ustad ifaçı aşıq Əli Süleymanoğlu, aşıq Umbay Axundov, aşıq Cabbar Cabbarov, aşıq Atdıxan Alxanov, aşıq Şakir Laçınlı (şair Mehbalının oğlu) və s.

Bu fikri də əlavə edim ki, XX əsr həm də solo saz ifaçılığında yeni bir mərhə­lədir. Aşıq sənətinin bu mərhələsi Əmrah Gülməmmədovun (Borçalı) və Ədalət Nə­si­bo­vun (Qazax) adları ilə başlayır. Onlar öz ifaçılığı ilə saz havalarının özəlliklə­rini üzə çıxarır və onu dəqiqliyi ilə dinləyicilərin zövqünə uyğunlaşdırmağı bacarır. Ədalət Nəsibov (Dədə Ədalət) isə burada özünəməxsusluğu ilə seçilir. Bununla da yeni bir saz ifaçı­lığı məktəbi yaranır, yəni solo saz ifaçılığının əsası qoyulur. Ondan sonra gə­lən bütün saz ifaçıları həmin məktəbin davamçılarıdır. Bu məqaləmdə bir səbəbdən qadın aşıqla­rının adını çəkmədim ki, onlar haqqında ayrıca bir məqalədə yer verməyi düşünürəm.

Son olaraq onu qeyd edim ki, sazı ilk olaraq nota gətirən isə İlqar İmanqu­li­yev (Gədəbəy) olmuşdur. Elektrik sazının ilk ifaçısı Seyfəddin Əhmədov (Gədəbəy) sayılır.

Biz bu məqalədə aşıq sənətinin yaranması və inkişaf etməsində onun müəyyən mərhələlərindən söhbət açdıq. Bu sənətin inkişafında ədəbi aşıq sənəti məktəblərinin xüsusi rolu olmasından isə az danışdıq. Belə düşündük ki, onların hər biri haqqında ayrıca məqalə ilə çıxış etsək daha məqsədəuyun olardı. Bu yazımızda qısa da olsa onlar haqqında şərh versək yerinə düşərdi:

1.Göyçə-Gəncəbasar aşıq sənəti məktəbi;

2.Borçalı aşıq sənəti məktəbi;

3.Təbriz-Qaradağ aşıq sənəti məktəbi;

4.Şirvan aşıq sənəti məktəbi;

5.İlisu-Dərbənd aşıq sənəti məktəbi;

6.Zəncan-Urmiya aşıq sənəti məktəbi.

Şirvan aşıq sənəti məktəbinin digər məktəblərdən fərqi ondadır ki, onlar ansambl şəklində fəaliyyət göstərir: nağara (ritm), balaban və saz. Borçalı aşıq sənəti məktəbində isə tək saz ifaçılığı öz əksini tapır. Göyçə-Gəncəbasar (Qərb) və digərlərində isə saz və sonradan əlavə olunmuş balabanla müşayiət olunur.

Beləliklə, yuxarıda qeyd etdiyimiz fikirlərə istinadən son söz olaraq deyə bilə­rik ki, indiki aşıq sənəti ozanlıqdan-dədəliyə, dədəlikdən-aşıqlığa gedən saz-söz sənə­ti­nin varisidir.  Bununla da bu məqaləmizdə bu sənətin keçdiyi yolun xəritəsini cız­maq­la dünya söz və musiqi xəritəsində onun layiqli yerinin olmasını müəyyənləş­dirməyə çalışdıq.

 

 

Share: