“Azərbaycanın Vətən müharibəsindəki hərbi qələbəsinin iqtisadi və diplomatik üstünlüklə müşayiət olunması bütün dünya tərəfindən qəbul olunur. Bu gün artıq Avropa, ABŞ və digər güc mərkəzlərində Azərbaycanın haqlı mövqeyi, tələbləri müzakirə mövzusudur”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
O qeyd edib ki, Rusiyanın və Qərbin sülh təmaslarının ardınca Ermənistanın “Laçın” postunda törətdiyi təxribatdan sonra Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi, səsləndirdiyi fikirlər bütövlükdə ölkəmizin mövqeyinin ən yüksək şəkildə ifadəsidir:
“Prezident İlham Əliyev müsahibəsində sülh danışıqlarının tarixinə diqqət yetirərək 1992-ci ildən etibarən – hələ işğal dövründə aparılan müzakirələr zamanı Avropa İttifaqının passivliyini qeyd etməklə yanaşı, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə son Brüssel danışıqlarında fəaliyyətini yüksək qiymətləndirdi. Zəfər savaşından sonra Minsk qrupunun sıradan çıxması ilə Avropa İttifaqı ən yaxşı vasitəçi mövqeyini qazandı. Eyni zamanda ölü doğulmuş keçmiş Minsk qrupundan sonra Avropa İttifaqının vasitəçiliyinin aktiv və obyektiv şəkildə müşahidə olunması təqdirəlayiq haldır. Prezident İkinci Qarabağ müharibəsindən danışaraq qeyd etdi ki, düşmən ölkənin işğal zamanı bütün vəhşiliklərinə rəğmən, Azərbaycanın məqsədi qisas deyil, tarixi ədalətin bərpası idi. Ermənistan müharibə zamanı Azərbaycanın tələb etdiyi ərazilərdən geri çəkiləcəyi tarixləri təqdim edən kimi ölkəmiz cəbhə istiqamətində bütün hərbi əməliyyatları dayandırdı. Növbəti mərhələdə sülh məsələsi gündəmə gəldi və faktiki olaraq sülh gündəlikdə duran əsas məsələyə çevrildi. Prezident bir daha bəyan etdi ki, əgər Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki Azərbaycan olaraq bizim Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur və biz istərdik ki, qarşı tərəfin də bizə ərazi iddiaları olmasın. Ölkəmizin başçısı Qarabağda yaşayan erməni sakinlərdən danışaraq vurğuladı ki, onlar Azərbaycan vətəndaşları olaraq yaşamağa və ya Azərbaycanı tərk edəcəklərinə dair özləri seçim etməlidirlər. Azərbaycan vətəndaşları olacaqları təqdirdə, ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi tam təhlükəsiz bir həyat yaşamaları dövlət tərəfindən yüksək şəkildə təmin olunacaq”.
Deputat R.Mahmudov söyləyib ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan Ermənistandan fərqli olaraq, ölkəmiz bütün xalqlara qucaq açıb və multikultural dəyərlər dövlət siyasətimizdir:
“Azərbaycanın tarixi torpaqlarında məskunlaşan ermənilər “lider”lərin məsuliyyətsiz bəyanatlarına deyil, reallığa inanmalıdırlar. O “lider”lərin təxribatları məqsədlidir. “Laçın” sərhəd-buraxılış məntəqəsini əlində bayraq edərək, hay-həşir salaraq, bunun “qeyri-legitim” olduğu barədə sərsəm fikirləri ilə növbəti həyasızlığa əl atırlar. İstər Ermənistan, istərsə də onun havadarları bilməlidirlər ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması, fəaliyyəti tam qanunidir, Azərbaycanın daxili işi və suveren hüququdur. Azərbaycanın erməni sakinlərini blokadada saxladığı barədə Ermənistanın iddiaları gülünc və həqiqəti əks etdirmir”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev son müsahibəsində sülh gündəliyinə və digər vacib məsələlərə toxunmaqla, onları təhlil etməklə, həmçinin fikirlərini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə əsaslandırmaqla ölkəmizin qəti mövqeyini ortaya qoyub. Rəsmi Bakının mövqeyini həm də dünyanın qəbul edəcəyi qətiyyətlə ifadə olundu. Məsələ burasındadır ki, bu gün Azərbaycan Prezidentinin fikirləri bölgənin gələcəyi və inkişafı üçün əsas faktor kimi qəbul olunur və hər kəs bununla hesablaşmaqdadır. Ermənistan da anlamalıdır ki, regionun tərəqqisi naminə Azərbaycanın yaratdığı reallıqları qəbul etməyə məhkumdur, başqa çıxış yolu yoxdur”.