“Onun dünyanın o başından parlayan gülüşü mənim otağımı qızdıran günəşdir…”- Əfsanə Rəvan yazır

Niyəsə 2019-cu il özünü axıra yaxın yaxşı aparmağa başladı. Mənimçün etdiyi hər mənfini bir nəfərlə qarşılaşdırdığına görə bağışlayıram. Ən yad insanı, ən doğmam etdi. Həmin insanın dili ilə desəm “ən yad doğmam” oldu.
Onun haqqında yazacaqlarımı elə həmin xanımın özünə də yaza bilərdim. Amma düşündüm ki, içimdən keçənləri ona bu cür çatdırsam daha yaxşı olar. Əsmər Hüseyn Xan artıq bir çoxlarının tanıdığı imzadır. Sözün canını ala da bilir, sözə can verə də.
Mən onun şeirlərini təhlil etmirəm yox, əsla! Ancaq içimdən onun şeirlərini tək-tək, misra-misra hamıya oxumağım gəlir.
” Sən elə bir ata oldun ki, mənə, timsalında bütün ataları sevirəm, ata”- deyən qadının içindəki ata yanğısına qızınmağım gəlir.
Əsmərin yazılarını oxuduqca sözün səsini eşidirəm. Elə bil demək istədiyimi deyir. Mən də çox vaxt, kaş mən yazardım bunu, deyirəm.
Məsələn :
 
Şəhərə kədər yağır,
Mən qorxuram kədərdən.
Bir nəfərlik yer varsa
Çətirinin altında,
Gəl,
Gəl, gedək bu şəhərdən.
Onun şeirlərini oxuyanda mənə elə gəlir ki, yaşadıqlarımdan xəbəri olub, illərdi məni tanıyıb, məndən yazıb. Hər kəs özüylə rastlaşa bilir onun yazılarında.
Əsmər həm də şeirlərə ikinci can verən, yaddaşlara həkk olunmağına vasitəçi olan gözəl qiraətçidir.
Əsmərin şairliyi də, qiraətçiliyi də hamı üçündür. Ancaq mənə məxsus olan doğmalığı, qayğıkeşliyi, hər səslədiyimdə yanımda olmağıdı. Onun dünyanın o başından parlayan gülüşü mənim otağımı qızdıran günəşdir.
Mənə ikinci ana əvəzidi Əsmər.
Mənimlə bir ağlayıb, mənimlə gülənim, nə yaxşı tanımışam səni. Tanımadığım illəri isə zamanın tənbəlliyinə sayıram. Ağrılarıma dözənim, əllərimi dizlərimin arasında cütləyib uşaq kimi ağlamaq istəyirəm. Bilirəm ki, səbəbini bilirsən.
Sən mənə 2019-un ən böyük hədiyyəsisən. Bundan sonra heç vaxt yanımdan ayrılmaman diləyiylə, bircə dənəm.
Bu da Əsmər Hüseyn Xan möcüzəsi :
 
Çıxıb getsəm indi…
Ayaqyalın keçsəm arpa zəmilərindən,
Qızmar günəşin altında dayansam…
Görsəm,
Necə olur başqa cür yanmaq…
 
Çıxıb getsəm indi…
Sonuncu izlərimi ləpələr udsa,
Boğulsam mavi sularında dənizin
Görsəm,
Necə olur başqa cür boğulmaq…
 
Çıxıb getsəm indi…
Bilmədiyim yollarla bilmədiyim şəhərə,
Ruhum köçsə yad bir bədənə
Görsəm,
Necə olur başqa cür doğulmaq…
 
Çıxıb getsəm indi…
Hopsam oxunmamış kitab səhifələrinə
Bəzən yetmir anlamağa, anlatmaq..
Görsəm,
Necə fərqli olur oxumaqla, yaşamaq…
(Əsmər Hüseyn Xan)
Əfsanə Rəvan 
Müstəqil.Az
Share: