Oğlunun ad günüdə şəhid olan zabitin atası Mais kişi ilə söhbət…

44 günlük vətən müharibəsinin şəhidi olan Xeyrulla İbrahimovun atası Mais kişi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibində olan “Dənizçi” istirahət mərkəzində tanış oldum. Onu tanımaqla oğlu, qəhraman şəhid Xeyrulla İbrahimovu tanıdım.

İstirahət zamanı imkan düşdükcə Mais kişi ilə söhbət edir, onun həyat təcrübəsindən, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğlunun döyüş yolundan bilgilər əldə edirdim. Qərara gəldim ki, qəhramanımızın atası Mais kişi ilə “Müstəqil.Az” sqaytının oxucuları üçün söhbət edim. Növbət gün ərklə yaxınlaşdım, hal-əhval tutdum:

Musa dayı, necəsiz?

– Necə olacam?! Belə də. Yol gəlmişik. Uzun yol. Yolda da kiçik qəza oldu. Çox şükür ki, ölüm-itim olmadı. Rauf Vəliyevin Allah balalarını saxlasın. Mənim kimi vetiran dənizçiləri də unutmur. Şəhid atası olduğuma görə  mənə xüsusi qayğı göstərirlər.

-Şəhidlik böyük addır, hər kəsin nəsib ola bilməyəcəyi zirvədir. Allah şəhidlərimizə rəhmət eləsin, sizə, ağır olsa da bu ad nəsib olub, – deyirəm və şəklini çəkmək istəyirəm. Razı olmur:

– Bilirsən, bala, mənim şəklimə ehtiyac yoxdur, o şəklin də yerinə balamın şəklini qoyarsan. Mən həm şəhid oğluyam, həm də şəhid atasıyam. Xeyrulla mənim atamın adı olub. Oğluma atamın adını qoymuşam. Onu çağıranda sanki atamı səsləyirdim.

Mais dayının səsi titrəyir, amma bunu hiss etmək üçün diqqətli olmalısan, səsindəki dəyişikliyi hiss etdirməməyə çalışır, susmaq məqamında söhbətimizi davam etdirirəm:

Bir az oğlunuzdan danışın, bizim qəhrəmanımızdan…

-Xeyrulla elə oğul idi ki, tayı bərabəri yox idi. Bu müharibədə təkcə oğul itirmədim ki, həm də arxa dayağımı itirdim. Biri var evdən gedəsən, bir də var eldən. Xeyrulla eldən getdi. Balam 1971-ci il aprelin 19-da Bakı şəhərində anadan olmuşdu. 1978–1985-ci illərdə Xətai rayonunda 116 nömrəli tam orta məktəbdə, 1985–1988-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdı. 1988–1992-ci illərdə isə Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində “Artilleriya” ixtisası üzrə ali hərbi təhsil aldı. Oğlum çox savadlı zabit idi. Onu oxuduğu məktəbdə saxlayırdılar. Anası yalvardı, bala gəlmə, qal orda, dedi. Amma qala bilərdimi, əlbəttə ki, yox. Onda 1-ci Qarabağ müharibəsi də təzə başlamışdı. Döyüşçüyə, zabitə ehtiyac çox idi. Oğlum 1-ci Qarabağ müharibəsində də xüsusi fərqlənmişdi. Xeyrullam şəhid olana qədə qəlpələrlə gəzirdi.

Açıklama yok.

–  Bu haqda sual verəcəkdim…

– 83 yaşım var. Yadımdan çıxmamış danışım- sözümü kəsir.

Buyurun, Mais dayı…

– Onu deyirəm axı, Xeyrulla 1992-ci il sentyabrın 28-dən 1993-cü il iyunun 5-nə qədər Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində Haubitsalı Artilleriya Divizionunun Qərargah rəisi — Divizion Komandirinin müavini vəzifəsində, 1993-cü il iyunun 5-dən 1993-cü il noyabrın 1-nə qədər isə Hacı Zeynalabdin qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə Zenit Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib. Onu Artilleriyanın günəşi hesab edirlər. O artilleriya sılahlarını çox yaxşı bilirdi.

-Birinci Qarabağ müharibəsi zamanı döyüş yolu hansı bölgələrdən keçdi?

-1992–1994-cü illərdə 1-ci Qarabağ müharibəsi zamanı Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə savaşıb. 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə isə yaralanmişdı.

Yaralandığına görə onu 5 günlük evə buraxmışdılar. Anası onun formasın yuyanda görüb ki, ləyən qanla doldu. Xeyrullaya deyib bala sənin forman niyə belə qanlıdır? O isə göz yaşların saxlmayıb, “Dostum başından ağır yaralanmışdı, onunun başı boynundan qopmasın deyə köksümə sıxmışdım”.

Açıklama yok.

Mais kişi, xatirələri ilə yanaşı, oğlunun həyat və döyüş yolunu xronoloji ardıcıllıqla danışır:

-Oğlum 1993-cü il noyabrın 1-dən 1993-cü il yanvarın 18-nə qədər Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHM) sərəncamında olan, 1994-cü il yanvarın 18-dən 1997-ci il mayın 14-nə qədər Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə Artilleriya Divizionunun Komandiri, 1997-ci il mayın 14-dən 1998-ci il noyabrın 1-nə qədər isə həmin hərbi hissədə Haubitsalı Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib. 1994-cü il iyunun 24-də “Baş leytenant” hərbi rütbəsi, 1997-ci il iyunun 30-da isə “Kapitan” hərbi rütbəsi verilib. 1998-ci il noyabrın 1-dən 1999-cu il iyunun 29-na qədər Abşeron rayonunda yerləşən 4-cü Ordu Korpusunda Artilleriya rəisi vəzifəsində xidmət etmişdi.

Açıklama yok.

– Mayor rütbəsini neçənci ildə aldı?

-Elə ora gəlirəm 1999-cu il iyunun 29-dan 2000-ci il iyunun 26-na qədər Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Academiyasında dinləyici olub. Ona 2000-ci il iyunun 30-da “mayor” hərbi rütbəsi verilib.  Mayor rütbəsin aldıqdan sonra  2000-ci il iyulun 26-dan 2003-cü il sentyabrın 30-na qədər Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə Komandir müavini, 2003-cü il sentyabrın 30-dan 2004-cü il aprelin 1-nə qədər həmin hərbi hissədə Komandirin MTT üzrə müavini — MTT bölmə rəisi vəzifəsində xidmət edib. Oğluma dörd ildən sonra 2004-cü il iyunun 30-da “polkovnik-leytenant” hərbi rütbəsi verildi.

2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olundu.

Sonra növbəti 7 il ərzində Xeyrulla hərbi hissələrin Komandiri vəzifəsində xidmət edib. O, əvvəlcə 2004-cü il aprelin 1-dən 2009-cu il iyulun 25-nə qədər Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissənin, sonra isə 2009-cu il iyulun 25-dən 2011-ci ilə qədər Naxçıvan şəhərində yerləşən “N” sayı hərbi hissənin Komandiri olub.

– Əvvəl söhbətimiz zamanı demişdiniz ki, ordudan aralanmışdı, bu qədər hərbi sahədəki uğur və perespektivlərdən sonra ordu sıralarında niyə ayrıldı?

– Oğluma Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə rəhbər təyin etmək istəyirdilər. O, razı olmadı. Ona görə ki, o vaxtlar o mərkəzdə yeyintilər çox idi. Oğlum da bilirdi ki, məqsədləri nədir. Ora rəhbər təyin etsinlər,  Sonra o yeyintini oğlumun üstünə atsınlar. Və könüllü olaraq 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxıldı. 20 il davam edən qüsursuz xidməti ərzində “Kobra” ləqəbini qazanmışdı. Ehtiyata buraxılsa da içində heç zaman vətənə olan sevgi azalmadı. Vətən müharibəsi başlayanda yenidən orduya qayıtdı. Qızı Ləman ona sual verdi, vətən yoxsa, biz? Əlbətdə Vətən, çünkü sizlərin varlığı üçün Vətən lazımdır. Oğlum Ordu sıralarından ayrılandan sonra taksi sürürdü.

Açıklama yok.

Əsl vətənpərvər oğul böyütmüsüz. Mais dayı, Xeyrullanın  Vətən müharibəsinə yollanmasından danışaq.

Ani olaraq gözlərini hansısa məchul nöqtəyə dikir, baxır, sanki oğlunu görürmüş kimi, dərindən nəfəs alır, yenə də aramla danışır:

– Övladımı sonuncu dəfə 2020-ci il sentyabrın 28-i gördüm. Evə gəlib müharibə başladığını və cəbhəyə yollanacağını dedi. Anası da mən də yalvardıq, getmə, dedik. Həyat yoldaşın 4 aydır rəhmətə gedib, anasız uşaqları, qona ata-ananı kimə tapşırıb gedirsən? O isə cavabında, “uca tanrıya” tapşırıram, dedi.  Onun iki övladı qaldı…

Peşəkar zabit idi, döyüşün dilini yaxşı bilirdi, özünə zabit kimi arxayın imiş, ona görə də çəkinmədən döyüşə atılıb…

– Hə, düz deyirsən, Xeyrulla 20 ilə yaxın hərbçi kimi xidmət etdiyinə görə ermənilərin mövqeyini yaxşı bilirdi.  Peşəsini ürəkdən sevdiyi üçün evdə hərbə aid heç bir şey danışmazdı. Zəng edəndə də ancaq yaxşı olduğunu, övladlarından müğayat olmağımı istəyirdi. Ən sonuncu telefon zəngini qardaşına etmişdi. Oktyabrın 26-da, günorta şəhadətə yüksəlməzdən təxminən 1 saat əvvəl danışıblar. Qardaşına “əməliyyata gedirəm, vacib sözün yoxdursa, telefonu söndürüm” deyib. Həmin gün Xeyrullanın oğlunun doğum tarixi idi. Çox diqqətçil adam olmasına baxmayaraq, oğlunu təbrik etməyib. Şəhid olaraq oğluna ən şərəfli hədiyyə verib.

– Oğlunun doğum günündə Xeyrullanın şəhadətə qovuşduğunu söylədiniz. Övladları atalarının yoxluğunu necə qarşıladı?

– Ondan mənə yadigar iki övladı qaldı: biri qız, biri oğlan. Qızı Xətai Rayonu İcra Hakimiyyətində işləyir. Oğlu isə Türkiyənin Sakarya Universitetində təhsil alır. Hazırda qızının 22, oğlunun 18 yaşı var. Onlar atalarının yoxluğu ilə barışa bilmirlər. Xüsusən də qızı. O özünə hələ də gələ bilməyib. Qardaşına görə ayaqda qalmağa çalışır. Övladları atalarını güclü bir insan  kimi xatırlayırlar. Hər ata kimi onun da arzusu övladlarını xoşbəxt görmək idi.

– Maraqlandım, bildim ki, oğlunuz Xeyrulla İbrahimovun tabeçiliyində vuruşan döyüşçülərimizə  “Vətən Müharibəsi Qəhrəmanı” adı verilsə ndə, onları döyüşə aparan, taktika quran komandirlərinə, oğlunuza bu ad verilməyib…

– Elədir, Xeyrullanın tabeliyində vuruşmuş hərbçilərə “Vətən Müharibəsi Qəhrəmanı” adı veriblər. Amma mənim dağ boyda oğluma, Vətən uğrunda canını qurban verən polkovnik-leytenanta bu adı layiq görməyiblər. Mən şikayət etmirəm. Bilirəm ki, Ali Baş Komandanımızın hər xırda problemdən xəbəri ola bilməz. Ona bunu deyən lazım idi, təqdimat yazan lazım idi.

Bilirsən, bala, mən dövlətdən heç nə istəmirəm, biz hamımız bu ölkənin vətəndaşıyıq və onu da qorumalıyıq. Sadəcə, oğlumun ruhunun şad olması üçün dövlət tərəfindən ona bir status, göstərdiyi qəhrəmanlığa görə bir adı verilsin, deyirəm.

Onlara sual vermək istəyirəm: qəhrəmanlıq etmək üçün oğlum daha nə etməli idi? Bu suala  cavab vermələrini istəyirəm… Vətən üçün şəhid oldu…

– Oğlunuz hansı ərazilərin azad olunmasında iştirak edib?

– Beş rayonun azad olunmasında iştirak edib. Füzuli, Şuşa, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə medallarla və ordenlə təltif olunub. Oktyabrın 26-da Şuşa istiqamətdə döyüşdə şəhid olub.

P.S Şəhid polkovnik-leytenant İbrahimov Xeyrulla Musa oğlunun təltif edildiyi orden və medallar

 (26.06.2001) — “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı

 (24.06.2003) — “Hərbi xidmətlərə görə” medalı

 (26.06.2003) — “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı

 (26.06.2005) — “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı

 (26.06.2008) — “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı

 (26.06.2008) — “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı

 (15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra)

 (15.12.2020) — “Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra)

 (25.12.2020) — “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra)

 (24.06.2021) — “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra)

 (24.06.2021) — “Şuşanın azad olunmasına görə” medalı (ölümündən sonra)

Söhbətləşdi: Tural Balabəyli

 

Share: