O mənə “ Qatar”ı öyrətməsəydi…

Muğam İfaçılığı tarixində xanəndələrimiz çox olub, indidə var. Yəqin yenə də olacaq.
Uşaqlıq illərimi yada salıram… Uşaqlıq illərimi xatırlayıram… Kövrək xatirələr aylara, illərə aparır məni. Qəribədir ki, gələcək olaylar nə qədər cazibədar olsa da qəlbimdə cücərən arzu-diləklər məni nə qədər irəli çəksə də yenə keçmiş xatirələr daha əziz,daha həzin, daha duyğuludur . Həmişə bu xatirəmi qələmə almaq istəmişəm. O xatirələr ki, illərdir qəlbimdə yuva salıb və get- gedə də şirinləşib, doğmalaşıb. Haqqında danışmaq istədiyim böyük sənətkarın ecazkar, şirin səsi kimi…
Salyan torpağında boya- başa çatmışam. Musiqiyə olan həvəsim uşaqlıqdan olub. Harda olsam səsim ordan gəlirdi. Məsələn, ağacların başından , evimizin yan –yörəsindən bir sözlə hər yerdən. Oxuduğum məktəbin, eləcə də rayonun bütün tədbirlərində çıxış edirdim. Rayonda məni ən çox “ Qarabağ Şikəstəsi “ oxuyan qız kimi tanıyırdılar.
Bir gün xəbər çıxdı ki, istedadlı uşaqları seçib Bakıya aparmaq üçün bir dəstə mədəniyyət və incəsənət xadimləri rayona gələcək və biz də onların qarşısında çıxış edəcəyik.
Həmin gun gəldi. O vaxtlar “ Pionerlər evi”ndə səsimizə qulaq asdılar. Oxuyan uşaqlar içərisində ən çox mənim səsimi bəyəndilər. Daha sonra zonalararası müsabiqə o zamanlar Əli Bayramlı ( indiki Şirvan) şəhərində oldu. Mən müsabiqədə birincilik əldə etdim. Bizi seçməyə gələn sənətkarlar arasında mərhum sənətkarımız tarzən Həbib Bayramov da var idi. Mənim səsim Həbib müəllimi yaman ovsunlamışdı. Hətta Pionerlər evinin direktoru Cəfərağa müəllimə istedadlı olduğumu və Bakıya üçüncü mərhələyə mütləq gəlməyimi tapşırmışdı. Mən nə qədər sevinirdimsə bir o qədər də kədərlənirdim. Çünki atam mənim Bakıya getməyimə narazı idi. Ona görə yox ki, atam mühafizəkar insan idi,mənim oxumağımın əleyhinə idi. Əsla! Sadəcə məni başqa sənət sahibi görmək istəyirdi. Cəfərağa müllim atamı dilə tutdu ki, Həbib müəllim tapşırıb qızı mütləq Bakıya gətirim.O, həm də İncəsənət giminaziyasında Tükəzban xanım İsmayılovanın sinifində təhsil alar.
Düzü valideyinlərim Tükəzban İsmayılova sənətinin, səsinin vurğunu idilər.Elə ona görə də valideyinlərim Tükəzban xanımın adını eşidib mənim yoluma çəkəcəkləri sərhədləri götürdülər.
Bakıda gimnaziyada məni ilk qarşılayan o vaxtlar “ Bənövşə” uşaq xorunun rəhbəri olan mərhum bəstəkarımız Əfsər Cavanşirov oldu. O, piano arxasına keçdi və məndən nə oxuyacağımı soruşdu. Qarabağ şikəstəsi dedim.O, pianoda Qarabağ şikəstəsini çaldı və mən oxudum.
Tükəzban xanım məni elə maraqla dinləyirdiki…Mən oxuyub qurtarandan sonra ilk sözü bu oldu: Əla, Afərin! Sənə “ Qatar” öyrədəcəm.
Bu o demək idi ki,mən qəbul olunmuşam.Yeni dərs ilini səbirsizliklə gözləyirdim. Nəhayət ilk muğam dərsim başladı.Tükəzban xanım mənə “ Qatar” öyrədirdi. Mən belə böyük xanəndədən dərs aldığım üçün xoşbəxt idim.
Daha sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Milli Konservatoriyanın xanəndəlik sinifini bitirdim. Çox müəllimlərim oldu, hamısına da hörmətlə yanaşdım, sevdim.Amma ilk müəllimim Tükəzban xanımı unuda bilmirəm. Qəlbimin ən dərin guşəsində özünə əbədi məskən salıb Tükəzban xanım.Mənə elə gəlir ki,Tükəzban xanım olmasaydı mən bu sənəti belə sevə bilməzdim, ona bu qədər məsuliyyətlə yanaşmazdım.O, muğamın sirlərini zərgər dəqiqliyi ilə öyrədirdi.Onun hər dərsi, hər zənguləsi, hər xırdalığı mənim üçün açılmamış bir xəzinə idi.O, çox zəngin insan idi. Həm sənətkarlıq, həm də mənəvi baxımından əvəzsiz müğənni idi.
Gözəl ailəcanlı eyni zamanda cazibədar bir xanım idi. Onun səsi çoxçalarlı və geniş diapazonlu idi. Oxuduğu hər bir muğam və mahnılarda özünə məxsuz ifa üslubu yarada bilmişdir.
Tükəzban xanımın özüdə sənəti kimi möcüzə idi.Ona bənzəmək istəyirdim Onun kimi olmaq, onun kimi səhnədə durmaq istəyirdim. Istəyirdim onun bütün ədaları davranış tərzi məndə olsun.
O, çox sədaqətli həyat yoldaşı idi. Onun rəhmətlik Həbib müəllimə necə hörmətlə davrandığının şahidi olmuşam. Həbib müəllim həmişə dərsdən sonra onu evə aparmağa gəlirdi. Bəzən də bizim dərslərimizdə iştirak edirdi. Həbib müəllim icəri daxil olan kimi Tükəzban xanım ipəkdən olan əl yaylığını pianonun üstünə sərərdi və onun o vaxtlar dəbdə olan “ Panama” papağını alıb sərdiyi əl yaylığının üzərinə qoyardı ki toz dəyməsin . Çox mehriban idilər. Həbib müəllim dünyasını dəyişəndə Tükəzban xanım çox sarsıntı keçirdi. Ondan sonra heç bir tarzənin müşayəti ilə oxumadı Tükəzban xanım. Onların bir- birinə olan sevgisindən bir roman yazmaq olardı. Bir film çəkmək olardı. Bəlkə də onların iksi də sənətkar olduqları üçün bu hisslər ali idi.
Muğam bizim milli sərvətimizdir. əsrlərlə zaman süzgəcindən keçərək bizlərə miras qalıb. Müğamı yaşadanlar isə xanədələr sənətkarlar olub. Belə sənətkarların ən layiqli nümayəndələrindən biri də orjinal ifa tərzi, gözəl səs tembri ilə seçilən Tükəzban İsmayılovadır. Bu gün də onun qizil fondda qorunub saxlanılan “ Xaric segah “ , “Qatar “, “Şahnaz”, kimi muğamları, onlarla xalq mahnı təsnifləri, bəstəkar mahnılarını sevə -sevə dinləyirik.
Deyirlər tarix təkrar olunur. Bu gün mən də müəlliməm, xanəndəlik sənətini tədris edirəm. Tükəzban xanımın mənə öyrətdiyi “ Qatar”ı mən də şagirdlərimə öyrədirəm. Dərs zamanı “Qatar”ı onun oxuduğu sözlərlə keçirəm. Şöbə və guşələrdə hansı nəfəslərdən istifadə edirdisə eynən onun öyrətdiyi kimi mən də şagirdərimə öyrətməyə çalışıram. Bununla sanki bir təsəlli tapıram.
Allaha min şükürlər olsun ki, mən onu canlı görmüşəm, onunla ünsiyyətdə olmuşam.Ondan çox şey öyrənmişəm.
İnsan ömrü sərnişin qatarına bənzəyir.Musiqi də qatar kimidir. Onun sehrinə qoşulub gedirsən.Mən də mənə “Qatar” öyrədən ölməz ustadım Tükəzban xanımın yola saldığı “Qatar”dayam. Nə yaxşı ki mən Tükəzban xanımın “Qatar”ının sərnişiniyəm.O, mənə “Qatar”ı öyrətməsəydi mən sənət qatarının sərnişini ola bilməzdim. Hər şeyə görə Ulu yaradana və ustadıma minnətdaram.
Bu gün onun doğum günüdür.
Ruhun şad olsun Tükəzban xanım!
Ruhun şad olsun ustadım!
Fəridə Mirişova
Folklor inistitunun əməkdaşı
Share: