Nəcibliyə bərabər ömür: Vəfa Nəsirli – Leyla Məcidova yazır

Nəcibliyə bərabər ömür: Vəfa Nəsirli – Leyla Məcidova yazır

 

Bəzi insanlar var ki, onların varlığı əhatə olunduqları mühitə ,nəciblik və xüsusi bir ruh bəxş edir. Əsl aristokratizm, yüksək mənəviyyat və mədəniyyət insanın zahiri davranışında deyil, onun genindən, kökündən, ailə tərbiyəsindən və ruhunun dərinliyindən gələn bir hikmətdir. Belə işıqlı insanlardan biri də Lənkəran torpağının, ziyalı mühitinin yetirməsi, Həzi Aslanovun ev-muzeyinin direktoru Vəfa xanım Nəsirlidir.
Doğum gününün keçməsinə baxmayaraq, xeyirxah, nəcib insanları təbrik etməyin zamanı olmur. Çünki onların ömür yolu hər gün xatırlanmağa, hər gün ehtirama layiqdir.

Ömür bir nəğmədir, ötüb keçsə də,
Nəciblik süzülür hər addımından.
Ocağın işığı gur yansa belə,
İnsan ucalacaq öz əməlindən.

Vəfa xanım 1981-ci il iyulun 21-də Lənkəran şəhərində el-oba arasında dərin hörmət qazanmış ziyalı bir ocaqda dünyaya göz açıb. O, el arasında böyük nüfuz sahibi olan tarzan İbrahim Nəsirlinin ailəsində böyüyüb. Anası Esmira xanım da Lənkəranda hər kəsin xatirinə əziz tutduğu, xanımlığı, nəzakəti və xeyirxahlığı ilə seçilən möhtərəm bir insandır. Məhz belə mənəvi zənginliyi olan ailə mühitində boy-başa çatan Vəfa xanım uşaqlıqdan zəriflik, işgüzarlıq və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə alıb.
Təhsil illərində göstərdiyi səy, elmə olan həvəsi onu gənc yaşlarından uğurlara daşıyıb. 1998-ci ildə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbi bitirdikdən sonra “Qərb” Universitetinin “İngilis dili və ədəbiyyatı” ixtisasına qəbul olunmuş, daha sonra təhsilini Lənkəran Dövlət Universitetində uğurla davam etdirərək başa vurmuşdur.
2003-cü ildən əmək fəaliyyətinə başlayan Vəfa xanım pedaqoji və mədəniyyət sahəsində səmərəli addımlar atıb. O, ilk olaraq ingilis dili müəllimi kimi gənc nəslin təlim-tərbiyəsinə töhfə verib, Velədi kənd bağçasında tədbirlər üzrə məsul şəxs, H.Rzayeva adına şəhər mədəniyyət evində metodist kimi çalışaraq təşkilatçılıq bacarığını göstərib.
Lakin onun həyatında və fəaliyyətində ən şərəfli mərhələ mədəniyyət və tarix ocağına xidmətlə bağlıdır. 2019-cu ildə İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev-muzeyində elmi işçi kimi fəaliyyətə başlayan Vəfa xanım, 2025-ci ildən həmin muzeyin rəhbəri vəzifəsinə həvalə olunmuşdur.
Həzi Aslanovun ev-muzeyi sadəcə eksponatların saxlandığı bir məkan deyil, eyni zamanda böyük bir şücaət salnaməsi, gənclər üçün vətənpərvərlik məktəbidir. Vəfa xanım muzeyə rəhbərlik etdiyi dövrdən bu günə kimi tarixi yaddaşın qorunmasına xüsusi incəliklə yanaşır. O, muzeyin qapısından daxil olan hər bir qonağı böyük samimiyyət və xanım diqqəti ilə qarşılayır, İki dəfə Sovet İttifaqı Qəhrəmanının şanlı döyüş yolu, göstərdiyi igidliklər və zəngin irsi haqqında həvəslə məlumat verir. Xüsusilə muzeyi ziyarət edən məktəblilərə və gənclərə Həzi Aslanovun qəhrəmanlıq salnaməsindən danışarkən, onların qəlbində vətənə sevgini, qürur hissini böyük həssaslıqla alovlandırır. Tarixi yaşatmaq, onu mədəniyyət ocağında səliqə, səmimiyyət və doğmalıqla qoruyub gələcək nəsillərə ötürmək məhz belə nəcib və diqqətli münasibətdən başlanır.
O, daim öz üzərində çalışan, yeniliyə açıq mütəxəssisdir. Muzey işi sahəsində bir çox konfrans və seminarların fəal iştirakçısı olmuş, 2026-cı ildə isə UNESCO-nun Mədəniyyət və Təhsil İnstitutunun “Muzey Menedcmenti üzrə Peşəkar Proqram”ını uğurla başa vuraraq beynəlxalq sertifikatla təltif edilmişdir. Bu uğur onun peşəkarlığının və işinə olan sonsuz məhəbbətinin növbəti təsdiqidir.
Vəfa xanım təkcə işgüzar, təşkilatçı rəhbər deyil, həm də nümunəvi, qayğıkeş anadır. O, cəmiyyətimiz üçün ləyaqətli, vətənpərvər iki oğul övladı böyüdüb boya-başa çatdırıb. Bir analıq məqamı, bir də ziyalı xanım ucalığı onun simasında harmonik şəkildə birləşir.
Milli-mədəni irsimizin qorunması, tarixi yaddaşımızın gələcək nəsillərə çatdırılması kimi şərəfli və məsuliyyətli missiyanı ləyaqətlə yerinə yetirən hörmətli Vəfa xanımı doğum günü münasibətilə samimi qəlbdən təbrik edirəm. Hər gün böyük fədakarla çalışdığı bu mədəniyyət və tarix ocağındakı elmi-təşkilati fəaliyyətində, Azərbaycan mədəniyyətinə və tarixi irsimizin təbliğinə verdiyi dəyərli töhfələrdə yeni-yeni elmi və peşəkar uğurlar arzulayıram.

Tarixin yaddaşı saxlanc yeridir,
İrsinə sədaqət şərəfdir, şandır.
Mədəni sərvəti yaşadan qəlbə,
Zamanın özü də ehtiramdadır.

Lənkəran Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Leyla Qadırqızı Məcidova

Share: