Tarix hər bir xalqın taleyində sınaqlarla dolu mürəkkəb mərhələlər yaradır. Bəzi xalqlar bu sınaqlardan məğlubiyyətlə çıxaraq tarix səhnəsindən silinir, bəziləri isə müdrik liderlərin ətrafında sıx birləşərək öz qurtuluşunu təmin edir və yeni inkişaf epoxasına qədəm qoyur. Müasir Azərbaycan tarixi üçün bu cür həlledici, sözün əsl mənasında “ölüm, ya olum” anı 1993-cü ilin iyun günlərinə təsadüf edir. 15 İyun – Milli Qurtuluş Günü sadəcə təqvimdə qırmızı ilə işarələnmiş bir tarix deyil, Azərbaycan xalqının dövlətçilik xronikasında tənəzzüldən tərəqqiyə keçidin, məhv olmaq təhlükəsindən əbədi yaşamaq haqqının qazanıldığı ən mühüm dönüş nöqtəsidir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız böyük ümidlərlə yeni mərhələyə qədəm qoysa da, bu sevinc çox uzun çəkmədi. 1991-1993-cü illər respublikamızın tarixinə xaos, anarxiya və tənəzzül dövrü kimi daxil oldu. Bir tərəfdən mənfur düşmənin ardıcıl hərbi təcavüzü, digər tərəfdən isə ölkə daxilindəki siyasi səriştəsizlik və hakimiyyət uğrunda silahlı mübarizə gənc dövlətimizi fəlakətin astanasına gətirmişdi. 1993-cü ilin yayında vəziyyət o həddə çatmışdı ki, dövlətçilik ənənələrinin itirilməsi və Azərbaycanın parçalanaraq xəritədən silinməsi təhlükəsi artıq qaçılmaz görünürdü. Məhz belə bir ağır və böhranlı məqamda xalq yeganə xilas yolunu dahi şəxsiyyət, qüdrətli dövlət xadimi Heydər Əliyevdə gördü.
Ümummilli Liderin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi ilə Azərbaycanın dövlətçilik tarixində tamamilə yeni – xilaskarlıq və quruculuq səhifəsi açıldı. Heydər Əliyev sadəcə bir ölkəni vətəndaş müharibəsindən xilas etmədi; o, siyasi uzaqgörənliyi, polad iradəsi və bənzərsiz idarəçilik dühası ilə Azərbaycan dövlətçiliyini yenidən, ən möhkəm təməllər üzərində inşa etdi. Dahi strateqin həyata keçirdiyi praqmatik və balanslaşdırılmış siyasət nəticəsində ölkə daxilindəki qanunsuz silahlı birləşmələr tərksilah edildi, separatçı meyillər kökündən kəsildi. O, mürəkkəb geosiyasi şəraitdə dünyanın aparıcı dövlətlərinin maraqlarını Azərbaycanın xeyrinə yönləndirməyi bacardı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması, nizami ordunun yaradılması və “Azərbaycançılıq” məfkurəsinin ümummilli ideologiya səviyyəsinə qaldırılması məhz bu sarsılmaz dövlətçilik fəlsəfəsinin və dəmir məntiqin təzahürü idi. Heydər Əliyev sübut etdi ki, qüdrətli dövlət yalnız güclü iqtisadiyyat, milli vəhdət və müdrik xarici siyasət üzərində bərqərar ola bilər.
Tarixi proseslərə qlobal və strateji müstəvidən yanaşdıqda, 15 İyun Qurtuluş Gününün əhəmiyyəti bu gün bütün əzəməti ilə qarşımızda canlanır. Çünki 1993-cü ildə atılan o müdrik və qətiyyətli addımlar onilliklər sonra xalqımıza ən böyük qürurunu – Mütləq Zəfərini yaşatdı. Bu gün 15 İyun fəlsəfəsinin ən ali təcəssümünü biz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz iradəsində və tarixi qələbələrində görürük.
Cənab İlham Əliyev Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirməklə yanaşı, onu dövrün ən yüksək çağırışlarına uyğunlaşdıraraq Azərbaycanı regionun şəksiz liderinə, dünyanın isə sayılıb-seçilən, nüfuzlu dövlətinə çevirdi. Məhz onun misilsiz sərkərdəlik qabiliyyəti, diplomatik məharəti və “Dəmir yumruğ”u sayəsində 44 günlük Vətən müharibəsində tarixi ədalət bərpa olundu. 2023-cü ilin sentyabrında isə bütün ölkə ərazisində dövlət suverenliyimizin tam təmin edilməsi ilə cənab İlham Əliyev adını Azərbaycan tarixinə Qalib və Bütövləşdirici Lider kimi qızıl hərflərlə yazdırdı. Bu gün Xankəndidə, Şuşada, Laçında və azad edilmiş digər ərazilərimizdə əzəmətlə dalğalanan üçrəngli bayrağımız 1993-cü ildən başlanan Qurtuluş yolunun ən ali zirvəsi, dövlət başçımızın öz xalqına bəxş etdiyi əbədi qürur mənbəyidir. Bizə qoyulan və bu gün daha da ucaldılan ən böyük miras – sarsılmaz, bütöv və qüdrətli Müstəqil Azərbaycandır.
Vüsal Baloğlanov
Nərimanov rayon YAP təşkilatının fəal üzvü






















