Nəcəfzadə Abbasqulu İsmayıl oğlu
sənətşünaslıq elmlər doktoru, professor
23.05.2026 tarixində İctimai TV-nin “Ustad dərsi” verilişində Əşrəf Əşrəfzadənin repoertuarında “Xoşbəxtlik” (əslində, gerçək adı “Mustafa Kamal Paşa”dır) adı ilə yer almış rəqsi ifa etdim. Verilişdən sonra dərhal mənə zənglər gəldi, dedilər, bu rəqslə bağlı araşdırmaların var. Hətta zəng edənlərdən biri İlqar Kərimov mənə “müstəqil.az” saytındakı “Türkün bayrağı” və “Lalələr” mahnıları haqqında bildiklərimiz və bilmədiklərimiz…” adlı məqaləmi xatırlatdı və bildirdi ki, burada “Xoşbəxtlik” rəqsi haqqında cəmi iki cümlə yazmısınız: “H.Cəbrayılov söyləyirdi ki, uşaq olanda böyüklərdən “Mustafa Kamal Paşa” adlı mahnı da eşidibmiş. Sonralar bu mahnı “Xoşbəxtlik” (yaxud “Volqa”) adlı rəqs kimi lentə alınıb…”. Niyə “Ustad dərsi”ndə bununla bağlı məlumat vermədiniz? Doğru iraddır, amma verilişə ayrılan vaxt bitdiyindən buna imkan olmadı. Xatırladım ki, bununla bağlı məqaləm illər öncə işıq üzü görmüşdür: Nəcəfzadə A.İ. Musiqi. “Azərbaycan incəsənət tarixi” beşcildliyindən II c. Bakı: “Şərq-Qərb”, 2018, s. 293-294, link: http://web2.anl.az:81/read/page.php?bibid=vtls000724349.
İndi isə, “Mustafa Kamal Paşa” havası ilə bağlı yazdığım həmin məqaləni kiçik artırma ilə təqdim edirəm.
Gerçək adı “Mustafa Kamal Paşa” olan bu melodiyanı klarnet ifaçısı Əşrəf Əşrəfzadə (1940–1973), qarmonçalan, Xalq artisti Avtandil İsrafilov (1941–2023) lentə yazdırarkən “Xoşbəxtlik” adı ilə qeydə aldırmışılar. Əslində, bu rəqs hələ 1920-ci illərdə “Mustafa Kamal Paşa” adı ilə mahnı şəklində ifa olunurdu. Bilindiyi kimi, musiqiçilər Türkiyə Cümhuriyyətinin qurucusu, marşal Mustafa Kamal Paşa Atatürkün (1881–1938) şərəfinə müxtəlif mahnı və rəqslər ithaf etmişlər. Təbii ki, keçmiş SSRİ dövründə bu qəbildən olan melodiyalar öz adı ilə səslənə bilməzdi. Amma dahi Üzeyir bəy Hacıbəyli (1885–1948) hələ 1925-ci ilə aid edilən “Azərbaycan musiqi həyatına bir nəzər” (“Maarif və mədəniyyət” jurnalının 1925-ci il 1-ci və 2-3-cü nömrələri) adlı məqaləsində “Mustafa Kəmal” mahnısının adını çəkir (Hacıbəyli Ü.Ə. Seçilmiş əsərləri. İki cilddə, II c. Bakı: “Şərq-Qərb”, 2005, s. 381)[2]. Bundan bir qədər gec xəbər tutan şovinist kamançaçı Saşa Oqanezaşvili (Oqanezyan) Üzeyir bəyə qarayaxmalar atır, onu şərləyərək pantürkist olduğunu hakim dairələrə donos yazaraq çatdırır.
Elmlər doktoru, professor Kamran İmanov Saşa Oqanezaşvilinin (1887–1932) faktlara istinad etməklə xalqımızın qəddar düşməni olduğunu bildirir: “Bolşeviklər hakimiyyəti ələ keçirəndən bir neçə gün sonra gürcü familiyasına uyğunlaşmış hansısa bir erməni kamança ifaçısı Saşa Oqanezaşvili (Al. Oqanezyan) həcvlə Ü.Hacıbəyov və M.Maqomayevə hücum çəkmişdir. O yazırdı ki, Ü.Hacıbəyov Azərbaycan musiqisini məqsədyönlü şəkildə təhrif edərək, onun inkişafını dayandırır, üstəlik də mahnı bəstələməkdə Azərbaycan və Şərq musiqisini bilmir. “Kralın özündən də böyük royalçı” olmağa can atan erməninin mənasız fikrinin konkret məqsədi vardı. Bir tərəfdən bizim korifeylərin ilk musiqi mənbələrinə zərbə endirilir, musiqi ənənələrimiz şübhə altına salınır, digər tərəfdən isə bizim elə bizim musiqi ənənələrimizə əsaslanan “erməni” musiqisi üçün meydan təmizlənirdi. Nəhayət, bütün bunlar inqilabdan əvvəlki musiqinin qeyri-xəlqiliyini iddia edən bolşeviklər tərəfindən dəstəklənməyə bilməzdi. Bu cəfənglik başqa bir cəfəngiyatı doğurdu: Respublika Xalq Maarif Komissarlığı erməni kamançaçısına Azərbaycan Şərq musiqisinin təlim proqramını hazırlamağı tapşırır… Baxın bolşeviklər böyük Üzeyir bəyə qarşı kimi qoyaraq, Azərbaycan ümumtəhsil musiqi proqramının yaradılmasını kimə etibar etmişlər” (İmanov K.S. Erməni (yad) el(li) nağılları. Bakı: “Şərq-Qərb”, 2013, s. 141-142)[3].
“Mustafa Kamal Paşa” mahısı ilə bağlı söhbətimizi davam etdirək. Bu mahnının sözlərini Azərbaycanda müasir parodiya məktəbinin yaradıcısı, “Tərəqqi” medallı, Azərbaycan Dövlət Teleradio Verilişləri QSC-də “Videokino materialları” şöbəsinin keçmiş rəis müavini rəhmətlik Həsən Cəbrayılov (1949–2019) bizə söyləyib:
Əldə bayraq edib qeyrəti, namusu
Qədəmin mübarək, şanlı türk ordusu.
Nəqərat:
Sağ ol, min yaşa, Mustafa Kamal Paşa,
Ey qəhrəman Paşa, igid Paşa, min yaşa.
Haqq yürüşünü uğurla vur başa,
Zəfər vüsalıyla sevinc aşıb-daşa.
Vur, əlinə qurban, vur yağı düşməni,
Tanrı hifz eyləsin, böyük əsgər, səni.
Nəqərat:
H.Cəbrayılov bildirir: “Uşaq olanda bu mahnını rəhmətlik atam mənə öyrətmişdi, onda nə “Xoşbəxtlik”, nə də “Volqa” adı ilə bu rəqs hələ ortaya çıxmamışdı”. Xatırladaq ki, mahnının sözləri Həsən Cəbrayılovun yaddaşında dağınıq vəziyyətdə qalıb. Mahnının poetik mətninin bərpa olunmasında ona şair Rəfail Oğuztürk kömək etmişdir. Nəticədə poetik mətni unudulmuş “Mustafa Kamal Paşa” havası vokal ifaçılarının repertuarına daxil edilə bilər.
Haqqında danışdığımız rəqsi Avtandil İsrafilovun rəhbərlik etdiyi üçlük – qarmonda özü, klarnetdə Xalq artisti Vəli Qədimov (1940–2009) və nağarada Tahir Hüseynov çalmışlar. Həmin ifa Azərbaycan radiosunun fonduna da qəbul edilmişdir. Bu rəqs el arasında daha çox “Volqa” adı ilə yayılmışdır. Bilindiyi kimi, Xəzər dənizinə Volqa adlı çay axır. Sovetlər dönəmində istehsal olunan “Volqa” markalı minik avtomobili dəbdə idi. Rəqsi də həmin avtomobilə görə “Volqa” da adlandırmışlar.
“Xoşbəxtlik” rəqsi sənətşünaslıq üzrə fəlsəfə doktorları Arzu və Malik Quliyevlər nota almışlar (Azərbaycan xalq rəqs musiqisi. Tərtibçilər: Quliyeva A.M., Quliyev M.B. Bakı: “MBM”, 2011, s. 34)[4]. 6/8 ölçüdə, yəni el dili ilə desək, “üç badam bir qoz” ritmində olan bu melodiya allegretto tempində, şur məqamında və “lya” minor tonallığında yazılıb.
[1] Nəcəfzadə A.İ. Musiqi. “Azərbaycan incəsənət tarixi” beşcildliyindən II c. Bakı: “Şərq-Qərb”, 2018, s. 293-294 (328 s.); http://web2.anl.az:81/read/page.php?bibid=vtls000724349
[2] Hacıbəyli Ü.Ə. Seçilmiş əsərləri. İki cilddə, II c. Bakı: “Şərq-Qərb”, 2005, s. 381
[3] İmanov K.S. Erməni (yad) el(li) nağılları. Bakı: “Şərq-Qərb”, 2013, s. 141-142
[4] Azərbaycan xalq rəqs musiqisi. Tərtibçilər: Quliyeva A.M., Quliyev M.B. Bakı: “MBM”, 2011, s. 34



















