Müstəqilliyin dönməzliyi

Ulu Öndər Heydər Əliyev Naxçıvandan Azərbaycanın müstəqlliyinin yoluna çıxmışdır

Ötən əsrin sonlarında Azərbaycanda baş verən ictimai-siyasi gərginliyin, dövlət hakimiyyəti böhranın əsas səbəbi lidersizlik idi. Çünki dövləti düzgün şəkildə idarə edə biləcək, arxasınca kütlə apara biləcək rəhbərə ehtyac var idi. O zamanlarda Ulu Öndər Heydər Əliyev Azərbaycana gəlişi ilə insanlarda siyasi fəallıq, milli dövlətçiliyə inam hissini formalaşdıra bilmişdir. Buna görə də az müddətdə dahi rəhbərin ətrafında sağlam qüvvələr toplaşmışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi idi. Eyni zamanda həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabrın 21-də 20 yanvar hadisəsinə düzgün siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərləri Vəzirovun, Mütəllibovun və b. günahkar olduqlarını qeyd etdi, xalqa kimlərin ona rəhbərlik etmək istədiyini göstərdi. Naxçıvanda, ümummiyyətlə, Azərbaycanda Ümummilli Lider böyük sevgi ilə qarşlanmışdır. Hər kəsə ulu öndərin fəal və peşəkar fəaliyyəti bəlli idi. Ümummilli lider, ilk nöbədə bölgəni erməni təcavüzündən müdafiə etdi. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxşında demişdir ki, Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır: “Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı. O vaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək Ulu Öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir”.

Ulu Öndər məhz elə Naxçıvandan Azərbaycanın müstəqlliyinin yoluna çıxmışdır. O ağır illərdə Ulu Öndər az müddətdə Naxçıvanın hərtərəfli inkişafına naili olmuşdur. Necə deyərlər, böyük şəxsiyyət ömrünü xalqına fəda etmişdir. Ulu Öndər Heydər Əliyev 3 sentyabr 1991-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında çıxışında demişdir: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Bəli, özünün də dediyi kimi çətin dövrdə çox böyük məsulyyəti üzərinə götürmüşdür. Bu, dövlətçilik məsuliyyəti idi. Bir xalqın rifahına nail olmaq, dövləti idarə etmək həm də milli məsulliyət idi.  Ulu Öndər Heydər Əliyev Naxçıvanda bir sıra tarixi təşəbbüslər irəli sürmüşdür. Onlardan biri olaraq qeyd edək ki, 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Göründüyü kimi, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin etmiş,  bir dövlət kimi yaşatmışdır.

Bu gün Ulu Öndərin dövlətçilik ənənələri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın istər daxili, istərsə də xarici siyasət sahəsində qazandığı uğurlar göstərir ki, xalqımız cənab İlham Əliyevi Prezident seçməklə yanılmayıb. Prezident İlham Əliyev dövlətimizin müstəqlliyinin möhkəmləndirilməsi və inkişaf etidirilməsi üçün xalqımız qarşısında söz vermişdir. Dövlətimizin başçısı verdiyi bütün sözləri yerinə yetirmək üçün mühüm əməli addımlar atmışdır. Biz bir liderin sözlə əməlin üzvi vəhdətinə söykənən imicinin gələcək nəsillər üçün mükəmməl nümunəsini görürük.

 

Paşazadə Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

Share: