MİRVARİD DİLBAZİNİN ANADAN OLMASININ 111 İLLİYİ QEYD OLUNDU

XALQ ŞAİRİ MİRVARİD DİLBAZİNİN ANADAN OLMASININ 111 İLLİYİ QEYD OLUNUB

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı və “Qazax Xeyriyyə” İctimai Birliyinin dəstəyi ilə 19 Avqust 2023-cü ildə Xalq Şairi Mirvarid Dilbazinin məzarı önündə anadan olmasının 111 illiyi qeyd olunub.
Tədbiri açılış sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, şair-publisist Güllü Eldar Tomarlı açıb. Bildirib ki, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi yarandığı gündən xalq şairinin yaradıcılığını geniş şəkildə təbliğ edir. 2022-ci ildə Mirvarid Dilbazinin 110 illik yubileyi münasibəti ilə Qeyri-Hökümət Təşkilatlarının dəstəyi ilə mirvariddilbazi.az sayıtı fəaliyyətə başladı, ictimai birlik olaraq xalq şairinin “Bənövşələr üstə göz yaşları” Çiçəkdən-çiçəyə” adlı kitabları kiril qrafikasından, latın qrafikasına çevrilərək yenidən nəşr olundu. Respublikamızın bölgələrində geniş şəkildə 110 illik yubiley tədbirləri yüksək səviyyədə keçirildi.
Tədbirdə iştirak edən xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi, Azərbaycan Tarix Muzeyinin direktor müavini Əli Məhərrəmov, “Qazax Xeyriyyə” İctimai Birliyinin idarə heyətinin üzvü şair-publisist Rəfail İncəyurd, Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli, Milli Kino Mərkəzinin sədri, kinorejissor Kəmalə Musazadə, Sayalı Əliyeva, bəstəkar müğənni Yaqut Almaz, Ailələrə Dayaq İctimai Birliyinin sədri Natavan xanım, gənc aşıq Nərmin Gədəbəyli və başqaları çıxış ediblər. Xalq şairinin həyat və yaradıcılığından söhbət açıblar. Bildiriblər ki, Mirvarid Dilbazinin “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci, “Bizim səsimiz” adlı ilk kitabı isə 1934-cü ildə nəşr edilib. Şairin “İlk bahar”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Həyat lövhələri”, “Xatirələr aləmində”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi”, üç cilddə “Seçilmiş əsərləri”, “Qar çiçəkləri”, “Durnalar ötüşəndə”, uşaqlar üçün “Nağıllar”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları”, “Abşeron bağlarında” və digər kitabları çapdan çıxıb.
Mirvarid Dilbazi ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə”, “Avey dağla söhbət” və digər poemaları, “Xocalı fəryadı”, “Məhsəti” pyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini dilimizə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlarımız Mirvarid Dilbazinin sözlərinə mahnılar yazıblar. Ağabacı Rzayevanın onun “Çoban Qara”, “Evimizə gəlin gəlir”, “Anam yadıma düşdü”, “Laylay”, “Azərbaycan elləri” şeirlərinə yazdığı mahnılar bu gün də sevilə-sevilə dinlənilir.
Yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla”, “Qoymayın ağlayım məni”, 20 Yanvar faciəsi ilə bağlı yazdığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirləri bu mövzuda yazılmış çox gözəl poeziya nümunələridir.
Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı. Ürəyində Qarabağ dərdi ilə 2001-ci il iyulun 12-də dünyadan köçən şair əbədi sənəti ilə qəlbimizdə dərin izlər qoyub.
Öz içindən yanan bir ocağam mən,
Yandıqca daha gur yanacağam mən!
– yazan Mirvarid Dilbazinin əsərləri hər zaman insanlara güc, inam verir, onları paklığa, ülvi duyğulara səsləyir.
Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi, Xalq Şairi fəxri adlarına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

Müstəqil.az

Share: