…buranin adamları təkcə şəkil çəkdirəndə dayanırlar qol-boyun- Salam SARVANın yeni şeirləri

Kim idik?
Pis söyüşlər söyməyi sünnətdən sonra öyrənmiş
kirvəsindən, dəlləyindən qorxan bir kənd uşağı.

Öz oyuncaqlarımızı da özümüz düzəltdik – 
taxtadan tapança, məftildən araba…

İndi kimik?
Təkadamlıq xaraba!

Çəkimiz gül çəkisidi,
boyumuz kol boyu.

Getmək lazımdı, şair:
buranin adamları təkcə şəkil çəkdirəndə
dayanırlar qol-boyun.

***

Heyif ki gec bildin:
qəfil zülmət çöksə,
ən əvvəl özünü axtarar adam,
sonra sevdiklərini, sonra günəşi…

Ömür boyu evdən-işə,
işdən-evə gedib-gəldik,
yaşamaqsa – günəşin ətrafına fırlanmaqmış:
heyif ki gec bildik.

***

Bütün hərflərin əlifba sırasıyla
düzülüşü də bir sözdü.
Və yeganə sözdü ki, mənası
nəfəs dərməklə tələffüzdü.

Hündürlük yıxılmış evlər səviyyəsindən,
səs sürəti iniltidən hesablanırsa,
deməli, bütün ölçülər dəqiqdi, düzdü.

Mənaların hamısı uydurmadı:
sevgili qadın nəfəsi də, son nəfəs də
adicə tənəffüsdü.

***

Pəncərədən baxıram payızın son ayında
vərəqləri saralmış səmavi kitablara.
Göydən yağışlar yağır, göydən yağışlar yağır,
dolur yer altındakı qədim saxsı qablara.

Mənaların hamısı cəfəng imiş, rəng imiş,
nə yarpaq qoxlar daha, nə ağaca sarıllam.
İndi mən bir qadının qaşına-gözünə yox,
indi mən bir qadının taleyinə vurullam.

Hələ də vurnuxuram zaman şəcərəsində:
bu epoxa, bu əsr, bu il, bu gün, bu saat.
İllərlə məşq edərsən finişə tez çatmağa,
finişdən o yandasa elə əvvəlki həyat.

Ürəyimdən nə keçir, deyim sən də biləsən:
hər yerdən çıxıb getmək və hər kəsi unutmaq.
Cəmisi bircə dəfə, cəmisi bircə dəfə
Günəşlə birgə çıxıb Günəşlə birgə batmaq.

Share: