Mən bu yazıçıya inandım! – NARINGÜL yazdı

Kitab şkafımı səliqəyə salarkən Şamo Arifin “Anamın yuxusuna girməsin” romanını tapdım. Kiril əlifbasıyla yazılıb və 1977 -ci ildə nəşr olunub. Vərəqləri saralıb. Kitabı ikinci əl olaraq, yaxın illərdə, hardansa almışam.

Bu kitabı məktəb illərimdə oxumuşam. Çox bəyənmişdim. Elə ona görə də küçədən, hansısa kitabxananın qarşısına tökülmüş kitabların arasından, həvəslə götürmüşəm.


Bəlkə yenidən oxuyum? Bir az da təşviş var ürəyimdə… Uşaq vaxtı maraqla oxuduğum, təsirindən uzun müddət çıxa bilmədiyim, o zamanlar dəbdə olan “hansı bədii əsəri xoşlayırsan?” ənənvi sualına, əzbərləmişəmmiş kimi: “Anamın yuxusuna girməsin” romanını” deməyimi xatırlayıram. İndi necə, əsər məni çəkəcəkmi? Keçmişə istehza ilə əlimi yelləyib keçəcəyəmmi? Görəsən, oxu zövqüm nə qədər dəyişib? Axı o illərdən xeyli zaman keçib. Artıq mən başqa bir oxucu kimi formalaşmışam. Özüm də nəsr əsərləri yazıram. Daha mənə hər əsəri bəyəndirmək olmaz. Bəzən bir abzasdan sonra kənara qoyduğum kitablar da var. Bəzən sona qədər oxuyub, tamamilə başqa aspektdən yanaşdığım, ürəyimdə istehza etdiyim, bunun bu hissəsini belə yazardım deyə lovğalandığım vaxtlar da mövcuddur. Bəzən həvəslə, bəzən də eləcə məlumatlı olmaq xətrinə dünya ədəbiyyatına baş vurmuşam… O vaxtdan çox sular axıb…
Axşam saat 12-dir. Dünəndən ayırıb bir kənara qoyduğum kitabı əlimə götürüb pəncərənin qarşısına gəlirəm. Hər tərəfin qaranlıq, gündüzlər maşınlar şütüyən küçənin bomboş olmasına baxmayaraq, adətim üzrə gözlərimi pəncərədən çölə ziiləyir, bəbəklərimlə hərəkət troyektoriyası cızıram.
Əlimdəki kitabı o tərəf, bu tərəfə çevirirəm. Tərəddüdlüyəm. Oxuyummu? Bəlkə heç lazım deyil. İllər əvvəl güvəndiyim zövqümü yerlə-yeksan da edə bilərəm axı. Özümə gülə, rişxənd edə bilərəm. Necə ki, illər öncə yazdığı şeirləri indi dəftərdən rişxəndlə oxuyub qəti şəkildə imtina etdiyim kimi… Keçmişimi niyə param-parça etməliyəm axı?
Saat 03-dür. Kitabın sonuncu səhifəsini oxuyuram. Rahat nəfəs alıram. Əladır! Heç nə dəyişməyib. Özümü və yazıçını təbrik edirəm. (Ruhu qarşısında baş əyirəm). İndicə, son illərin, həm də xeyli əvvəlki illərin gözəl bir əsərini oxudum. O vaxt təhtəlşüur şəklində bəyəndiyim təhkiyə, adını bilmədiyim, amma nəsə sehrli bir nəsnə olduğunu anladığım fəlsəfə, nağıl kimi qəbul etdiyim sujet xətti – hamısı dirildi! Diridir! Diridir!Əbədi olanlar da varmış!
Həm də, ən əsası, mən öz ədəbi zövqümə inandım! Mən bu yazıçıya inandım!

Share: