“Mənə dünya boyda bir vərəq verin, Dərdimi- sərimi yazım üstünə…”-Əli Əlibəylinin şeirləri…

Müstəqil.Az Əli Əlibəylinin şeirlərini təqdim edir:
De ki…
De ki, sevməyir səni,
Yalan danış adımdan…
De ki, çoxdandır səni
Çıxarıbdır yadından..,
Yalan danış adımdan…
De ki, xoşbəxtdir indi-
Daha heç səni anmır .
Unudub artıq səni,
Daha alışıb yanmır…
Sevgi gözləmə daha
O vəfasız adamdan
Yalan danış adımdan…
De ki, dərd çəkmir daha,
De ki, çox bəxtəvərdi.
Feyz alır bu dünyanın
Ləzzətindən,dadından,
Yalan danış adımdan…
 
Amma söyləmə ona
Gördüyün bu halımı,
Pəjmürdə əhvalımı
Dərdimi, məlalımı…
   Görüşəndə
Dünya nura bürünər
Hər yan gözəl görünər…
Hicran yerdə sürünər,
Sevənlər görüşəndə…
 
Ürək yanar, alışar,
Sevinc qəmlə barışar…
Təkcə gözlər danışar,
Sevənlər görüşəndə…
 
Vüsal sevinc gətirər,
Daş da çiçək bitirər…
Qocalar köks ötürər,
Sevənlər görüşəndə…
Üstünə
Sənin qədəmlərin dəyən torpağı,
Öpüb qoyacağam gözüm üstünə…
Yorulub kədərli düşüncələrdən,
Başımı qoyacam dizin üstünə…
 
Mənim şeirlərim al- əlvan, rəng- rəng,
Söz deyən olmayıb sözüm üstünə…
Mənə dünya boyda bir vərəq verin,
Dərdimi- sərimi yazım üstünə…
Gedirəm 
Daha yol üstəyəm,
saxlama məni
Bu fani dünyadan bezib gedirəm…
Sən bilə bilmədin nə çəkdiyimi,
Boyat sevgilərdən küsüb gedirəm…
Həsrət uzandıqca dözməyir ürək,
Yolların bağrını əzib gedirəm…
O qulac saçların nəyimə gərək,
Saçından bircə tel üzüb gedirəm…
Yamanca üşüdür bu hicran məni,
Dərdlərin əlində azıb gedirəm…
O sənli günlərdən ay, ömrüm- günüm
Qəmli bir xatirə yazıb gedirəm…

 

Share: