Gündəlik həyatımızda ünsiyyətdə olduğumuz, bəzən TV ekranlarında gördüyümüz və ya barəsində tez-tez eşitdiyimiz, oxuduğumuz elə şəxslər var ki, bir çoxları onları adi adam, deyib-gülən, yeyib-içən, zarafatcıl və ya tərs, qərəzli, bədxah adam kimi tanıyır.
Əslində isə bu cür adamlar bəzən böyük layihələrdə çalışan, məsul vəzifələr daşıyan, mühüm ictimai işlər görən, vacib funksiyalar yerinə yetirən, bədii yaradıcılıqla məşğul olan, publisistika və ədəbiyyatın ağır yükünü çəkən cəmiyyətin katalizator rolunu oynayan, amma özünü reklam etməyən qeyri-adi istedad sahibləri olurlar. Elə adamlar çox vaxt müstəqil failiyyət göstərdikləri üçün öz fərqli və yeni fikirlərini, ideyalarını deməkdən, yazmaqdan çəkinmirlər. Bu isə köhnə stereotipləri dağıdır, qulaqları və düşüncələri qaşıyır, didir, qıcıqlandırır, inkişafın təməl prinsiplərini formalaşdırır. Buna əslində qəhrəmanlıq da demək olar. Elə adamlara qarşı münasibət isə heç də həmişə birmənalı olmur. Onlar Keyfli İsgəndər kimi hər şeyə qarşı üsyan etmirlər, cəmiyyətdə gedən proseslərə yalnız qara eynək arxasından baxaraq və aqresiv tənqid edərək müxalifətçiliklə məşğul olmurlar. Elələri xalqı, cəmiyyəti və dövləti bəlkə də çoxlarından daha çox sevir. Kimlərinsə onları sevməsi və ya nifrət eləməsi heç veclərinə də deyil, əsas odur ki, onlar ictimai şüurda dolaşan həqiqətləri daha dolğun və vaxtından əvvəl görə və deyə bilirlər. Zaman keçir və onların haqlı olduğu bir çox fikirlər öz isbatını tapır.
Belə şəxslərdən biri də Aydın Xan Əbilovdur. Son dövrlər tamaşaçılar onu bir sıra sosial verlişlərdə görmüş, eşitmişlər. “Space”TV-nin “Söz sözü gətirdi”, ARB-nin “Elgizlə izlə”, APA TV-nin “Söz arası”, “Xəzər”TV-nin “Təsir dairəsi”, “Dünya” TV-də “Üzbəüz”, İTV, ATV və digər əksər efir və internet TV-lərin tok-şoularında o, bir kulturoloq, sosioloq, ictimai xadim, ədəbiyyat və publisistika adamı olaraq, ekspert kimi iştirak və çıxış edir. Nə vaxtsa şablon fikirlər söylədiyini heç görən olmayıb.
Tanıyanlar çox yaxşı tanıyır, əslində kim olduğunu bilməyənlər üçün isə onu qısaca belə təqdim edim:
Aydın Əhməd oğlu Əbilov 14 may 1971-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində anadan olmuşdur. Lənkəranda orta məktəbi bitirib, 12 saylı Bakı şəhəri Teхniki Peşə Məktəbində oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1992-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almağa başlamışdır. O, fakültə Həmkarlar İttifaqının sədri, BDU Həmkarlar İttifaqının İH-nin üzvü, Tələbə Elmi Şurasının sədri, həmçinin «İntibah» Gənclər Təşkilatının təsisçisi və İH üzvü olmuşdur. Aydın Əbilov 1993-cü ildə “Gənclər “Pen-klubu” adlı ictimai Birlik yaratmış və onun da sədri seçilmişdir.
Lənkəranlılar “bəy”dən daha çox “Xan” ifadəsini xoşlayırlar. Bəlkə də elə buna görə onun yazıçı-publisist, ədəbiyyatşünas və kulturoloq olaraq ədəbi təxəllüsü “Aydın Xan”dır.
1997-ci ildə Aydın Əbilov göndərişlə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin əyani aspiranturasına qəbul olunmuşdur. Orada kiçik elmi işçi kimi çalışmış, eyni vaxtda “Ədəbiyyat qəzeti” redaksiyasında хüsusi müхbir kimi işə göturulmüşdür. Hal-hazırda burada İnternet və ədəbi tənqid şöbəsinin redaktorudur.
Aydın Xan 1998-ci ildə yaradılmış və sonradan AR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin təsisçisi və rəhbəri olmuşdur və hazırda bu təşkilatın sədridir.
1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan hökümətinin vətəndaş sektorunun inkişafyla bağlı layihənin eksperti kimi çalışmışdır. O, Milli QHT Forumunun yaradanlardan və onun da təsisçilərindəndir. 2004-2014-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədr müavini kimi çalışmışdir. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB vitse-prezidenti kimi məsul ictimai vəzifələri də uğurla yerinə yetirmişdir. İndi isə sıralarında 60-dan çox QHT, KİV, İnternet resursları, ictimai təsisatları, sosial media orqanlarını birləşdirən Vətəndaş Cəmiyyəti Alyansının rəhbəridir. Aydın Xan Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqının həmtəsisçisi və sədr müavini olmuşdur.
Bir işgüzar və çoxşaxəli yaradıcılıq və xidmət mütəxəssisi olaraq Aydın Xan Müхtəlif vaхtlarda «Avanqard», «Şəhriyar», «Etimad», «Gəncliyin səsi» qəzetlərinin, «Yeni Dalğa», «Sara Xatun» dərgilərinin redaktoru, təsisçi və baş redaktoru, “Xəbərçi” İnternet buraхılışının rəhbəri vəzifələrini də yerinə yetirmişdir. Hazırda o, “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru və www.yenimedia.net sosial-analitik saytın və yenimediatv.az İnternet televiziyasının və eyni adlı saytın baş direktoru, www.kitabxana.net portalının baş redaktorudur.
1996-cı ildən etibarən 2000-dən artıq elmi-kütləvi, ədəbi-bədii, tənqidi-publisistik, analitik-kulturoloji və tərcümə yazıları işıq üzü görüb. 2014-cü ildə Azərbaycan Yazışılar Birliyinin maliyyə vəsaiti hesabına “Yeni ədəbi nəsil: aхtarışlar, problemlər” və “Ədəbi həyat: qurultaydan qurultaya” adlı kitabları işıq üzü görmüşdür. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Kulturoloji – alternativ düşüncələr” (2006), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımıyla “Dunyanın kulturoloji dərki” (2008), eləcə də müxtəlif dövlət qurumlarının maliyyə yardımı ilə “Vətən sənsən” (2019), “Kreativ-mədəni biznes” (2019), “Mir Cəlalın yaradıcılıq aləmi” (2020), “20 Yanvardan başlanan Azadlıq” (2020), “İctimai nəqliyyatda davranış mədəniyyəti” (2020), “Mir Cəlalın fikir dünyası” (2020), “Qarabağ bülbülləri – 50” (2021), “Torpağı Vətənə çevirənlər” (2021), “Biznes-mo¬ti¬va¬siya” (2022), “Kulturoloji Azərbaycan” (2022), “Kreativ-innovativ “Qırmızı Kitab” (2024), “Heydər Əliyev irsi və Gənclik” (2024) adlı monoqrafik-analitik əsərlərdən ibarət sanballı kitabları nəşr olunmuşdur. «Ədəbi-bədii publisistika: poetikası və tipologiyası» mövzusunda dissertasiya üzərində işləmişdir. Əsərləri rus, türk, fars, ingilis, fransız, alman, gürcü və başqa dillərə tərcümə edilərək хaricdə nəşr edilmişdir. O həm də 20-dən cox kitab hazırlayaraq nəşr etmiş, 10 minə yaxın elmi nəşr hazırlayaraq yayımlamış, 30-dan çox kitabın elmi və bədii redaktoru olmuşdur.
Onun barəsində daha çox vəzifələri və üzərindəki funksiyaları sadalamaq olar. Aydın Xan göründüyünüdən daha dərin qatlara nüfuz edə bilmiş işgüzar və dinamik şəxsiyyətdir. Onu da əlavə edək ki, adam ümumi izləyici sayı yüzminlərlə İnternet, videoportal, yeni media, elektron kitabxana və sosial şəbəkə resurslarının yaradanı, təsisçisi və baş redaktorudur:
Bir adamın bu qədər geniş spektrdə failiyyəti, böyük çevrəsi, işgüzarlığı fenomenal göstəricidir. Adam sosial şəbəkələrdə çoxsaylı səhifə, profil, qrup və resurslar yaradıb, onları idarə edir. O bütün bunları necə çatdırır?! Fenomen deyilmi?
Aydın xan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, AYB Analitik İnformasiya və Kreativ İnnovasiyalar Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Yanında İctimai Şuranın komissiya sədri, AR Gənclər Təşkilatları Milli Şurasının Məclis üzvü, Milli QHT Forumunun İH-nin uzvu, Vətəndaş Cəmiyyəti Alyansı TK-nin sədri və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin vitse-prezidenti kimi ölkəmizin üçüncü sektorunun inkişafında хüsusi хidmətləri ilə fərqlənir. Sadaladıqca adamın lap başı dönür! 2008-2012-ci ilər ərzində “Xəzər” Universitetində ədəbiyyat və İnternet jurnalistikası müəllimi kimi fəaliyyət göstərdiyini, müxtəlif layihələrdə ekspert, rəhbər və təlimçi kimi işlədiyini də əlavə edək. Bütün bunlar az imiş kimi hələ üstəlik tele-debatlara, sosial müzakirələrə də çatışır!
Zəhməti diqqətdən kənarda deyil: Aydın Əbilov Azərbaycanın, Rusiyanın, Türkiyənin, İranın, İraqın müхtəlif diplomlarına və mükafatlarına, habelə müхtəlif vaхtlarda TÜRKSOY-un beynəlxalq ödüllərinə, Beynəlxalq Rəsul Rza mükafatına, “İlin gənc yazarı”, “İlin Jurnalisti”, “İlin İctimai fəalı”, “İlin Tənqidçisi”, İlin “Media açarı”, “İlin İnternet saytı yaradıcısı” kimi fəхri adlara, mükafatlara layiq görülmüşdür.
” Onu bu vəzifələrə seçənlər, təyin və təltif edənlər nə etdiklərini çox yaxşı bilənlərdir” deyə bilərik.
Aydın Xan Əbilov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Türizm Nazirliyinin, Təhsil Nazirliyinin, Müəllif Hüquqları Agentliyinin, Yazıçılar Birliyinin, Gənclər Təşkilatları Milli Şurasının, Milli QHT Forumunun və başqa qurumların Fəхri fərmanları ilə də təltif edilmişdir. Meyvəli ağaca tərifat yağdırmaqla yanaşı həsəd aparan və ona daş atanlar da az olmur. O isə öz yolunda inamla irəliləməkdə davam edir.
Hərdən sözarası dostlarına, tanışlarına və bədxahlarına Ağ Şeyxlər ocağının son nümayəndəsi və ağır seyid olduğunu bildirir, cəddinin bədxahlara xətər yetirə biləcəyindən narahat olur. Ancaq onu yaxşı tanıyanlar yaxşı bilir ki, əslində o kimsəyə yamanlıq arzulayacaq şəxs deyil. Hətta bədxahların ona stimul verdiyini deyib, onların mövcudluğundan zövq aldığını da gizlətmir.
Həm də kulturoloq olaraq Aydın Xanın fikirləri mədəni inkişafımızın gələcəyinə hesablan-mışdır. Bu mütəfəkkir insana qahmar çıxmağı bacarmayanlar üçün ona öz gələcək failiyyətində ən azından uğurlar arzulamaq düşər. Uğurlar Aydın Xanın yol bələdçisidir.
Hafiz MİRZƏ





















