Səhər saat doqquzu təzə keçmişdi. Akademiya bağındakı zibil qutularının birinin yanında dayanıb siqaret çəkirdim.
Bir kişi mənə yaxınlaşıb Əvəz Zeynallının bağın hansı hissəsində kitab satdığını soruşdu. Dedim ki, elə mən də Əvəz bəyin kitabını almaq məqsədilə gəlmişəm, amma harada satdığını bilmirəm. Orada çalışan bir gənc oğlana yaxınlaşıb öyrəndik ki, Əvəz bəy saat 12-də gəlib, Kəramət Böyükçölün kitab satdığı avtomobilin yanında piştaxta açacaq. Saat 12-yə xeyli vaxt qaldığından Yeni Günəşlidən gələn həmin kişiyə təklif etdim ki, Akademiya bağındakı çayxanada çay içib vaxtı ötürək…
Saat 12-də Kəramətin səyyar kitab mağazasına yaxınlaşıb Əvəz bəylə görüşdük. Köhnə inqlabçılardan, sabiq baş nazir Pənah Hüseyn də orada idi. Deyəsən, Əvəz bəyin kitablarından almağa gəlmişdi. Nə isə, kitab alıb onlardan aralandım. Amma orada gördüyüm bir mənzərə məni xeyli duyğulandırdı. Son vaxtlar bir an da olsun belə Əvəz bəydən ayrılmayan, ömür-gün yoldaşı Məlahət xanımın gözlərindəki ifadələr mənə çox mətləblərdən xəbər verdi. Xural Tv-nin efirindən- “mənim Məlahətim”- söyləyib haqqında razılıqla danışan Əvəz Zeynallının dediklərinin nə qədər həqiqi olduğunu da o ifadələr mənə anlatdı…
Xülasə, bu söhbətimi Əvəz bəyin ömür-gün yoldaşı, qayğıkeş ana, əzabkeş xanım Məlahət Zeynallıya həsr etmək istəyirəm. Ərinə sədaqəti, can-dildən xidmətləri ilə vicdanımı ayağa qaldıran Məlahət xanımdan…
Məlahət xanım 1967-ci ilin, iyul ayının 27-də dünyaya gəlib. Həmin gün həftənin cümə axşamı gününə təsadüf olunur. Astroloji göstəricilərə və inanclara görə, həftənin günləri insan xarakterinə və taleyinə təsir edir. Həftənin 4-cü günü bütün doğulanlar kimi onun da haqqında aşağıdakıları söyləmək olar: Güclü intuisiya və görücülük qabbiliyyəti var. Bu qabiliyyət hərdən onu qorxudur. Konfliktlərə meyilli deyil, yersiz mübahisədən qaçır. Əgər ciddi səbəb olarsa, güzəştə getmir, qarşı tərəfi bağışlamır. Özündən əmin, liderlik gücünə malik, təşkilatçılıq qabiliyyətli, açıq sözlü, dostluqda sadiqdir. Maddi məsələlərdə şanslı, yaxşı dost və valideyn olmaqla yanaşı, güclü intuisiyaya və qeyri-adi ağıla malikdir. Xarakteri pozitiv, sosial, rahatlığı sevən və təsir imkanları yüksək olan şəxsiyyətdir. İlahinin ona bəxş etdiyi güclü intuisiyaya və qeyri-adi düşüncə tərzi onu çoxlarından fərqləndirir. İnsanlarla ünsiyyətdə aktivdir və cəmiyyətdə tanınmış şəxsiyyətə çevrilmə potensialı yüksəkdir…
Müsahibələrindən birində deyir ki:- “Əvəz bəy həbs olunanda yaşadığımız hisslər artıq keçmişdə qaldı. Əvəz bəy həbs olunanda mətbuatdan çox böyük təpki gözləyirdim. Təəssüf ki, bunun tam əksi oldu. Əlbəttə ki, gözləntimiz maddi baxımından deyildi. Əvəz bəy həbs olunanda demişdim ki, Əvəz bəyin müdafiəsi, həm də azad, müstəqil mətbuatın müdafiəsidir…”
Onun əsas xüsusiyyətləri isə bunlardır- xeyirxah, yardımsevər, həssas, incə və narahat adam olmasıdır. O, bir insan kimi başqalarının qayğısına qalmaq və yaxşılıq etmək üçün əsl nümunədir. Duyğuları oxuya bilən, insanlara qarşı nəzakətli və yaxşı davranan adamdır. İntuisiyası çox güclüdür. İstiqanlıdır, soyuq xasiyyəti yoxdur. İş həyatına da asanlıqla uyğunlaşa bilir. Fiziki gərginliyi sevmir. Ətrafındakı insanlara qarşı mehribandır. Yalan danışmağa nifrət edir. Pislik etməyi sevmədiyi üçün, daim xoş niyyətli davranışlar sərgiləyir…
Bəli, Əvəz bəy xoşbəxt adamdır. Çünki onun ərinə can-dildən xidmətləri ilə səbir, mətanət, güc və sədaqət nümayiş etdirən Məlahəti var. Məlahət xanıma möhkəm can sağlığı, təmkin və dözüm arzulayıram. Allah dostunu qorusun!..
Hörmətlə, Elman Eldaroğlu





















