“İşığ”ın ahənrübası.

İlhamə Nasirin “İşıq” romanı haqqında düşüncələr.

Ötən ilin sonunda ədəbi-estetik zövqünə və obyektiv qiymətləndirməsinə inandığım sənətşünas, Beynəlxalq. Televiziya və Radio Akademiyasının həqiqi üzvü Elçin Əlibəyli zəng vurub bir kitabı oxumağımı istədi və Azərbaycan Yazıçılar birliyində keçiriləcək təqdimata dəvət etdi.
İlhamə Nasirin “İşıq” romanı ilə tanışlığım belə başladı. Açığını söyləyim: müəllifin adını ilk dəfə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddindən və Türkiyədə, Mersində ədəbiyyat dərgisinin redaktoru , şair dostumuz Çinar Arıkandan eşitmişdim, amma yazılarını oxumağa macal tapmamışdım.
O ərəfədə Ankaradan dostumuz Fethi Akının göndərdiyi, Güner Dinçaslanın Sakarya zəfərinə həsr etdiyi ” iyirmi iki” romanını yenicə bitirmişdim. Ardınca “İşıq” romanını başladım. Nə xoş ki, Güner xanımın qələmindən çıxan ədəbi mətndən aldığım bədii-estetik zövq, duyduğum yurdsevərlik “İşıq”da da davam etdi. Kitabın birinci səhifəsindəki bir cümlə diqqətimi çəkdi:
“… elə bilirdi ana elə bu cür şəkil olub, divardan asılmalıdır. Yerini dəyişmədən, lal-dinməz ona baxmalıdır”. Dünyaya gələr-gəlməz anasını itirmiş qızcığazın ana haqqında təsəvvürünün rəsmi çox mükəmməl və kövrəkdir, təsirlidir.
Bədii mənalandırma, rəmz və metaforalar, dil və üslub gözəlliyi, təhkiyə manerası əsərin səciyyəvi cəhətləridir Roman bir epoxanın , bir qərinənin ictimai -siyasi yükünü, ağır gərdişlərin acı mənzərəsini bədii təxəyyül süzgəcindən keçirib oxucuya çatdırır. Obrazlar öz rəng və çalarları, yaddaş kartı, mübarizə yolu, arzu və istəkləri ilə dolğun təsvir olunub. Onların fiziolojisini tamamlayan mənəvi-psixoloji durumları, mizanları dürüst tapılıb.
“İşıq” Qubadlının, qubadlıların dərdi, nisgili kontekstində xalqın çoxillik yarasına işıq salır, onu bizə göstərir. Romanda yazıçının ağrı-acısı ilə bərabər cəsarəti də özünü göstərir. İranın, fars-despot rejiminin iç üzü bütün çılpaqlığı ilə açıqlanır.
Romanın , habelə qəhrəmanın adı təkcə başına min bir müsibət gəlmiş qızın doğum haqqında şəhadətnaməsində yazılmış ad deyil, məzmun yükü dərin, rəmzi əhəmiyyət kəsb edən metaforadır. Öləziyən, yanıb-sönən, fəqət aydınlatmaq missiyasından qalmayan işığın ümumiləşmiş, ədəbiyyatlaşmış- əbədiləşmiş obrazıdır. İctimai-siyasi formasiyaların dolanbaclarında təntimiş zamanın qaranlıq döngələrinə işıq salıb gələcək üçün ünvanlayan bədii simvoldan “İşıq” romanı
Qərinənin hər bir hadisəsi bədii mənalandırma dili ilə açılır. İşığın atası uzun illər sevə-sevə rus dilini tədris edib.
Ta 20 Yanvar faciəsinə qədər. O gündən rus dili müəllimliyindən imtina edib. Çünki məhz o dildə verilən əmrlə xalqı qanına qəltan olub.
“Hər cümə axşamı ora gedirdi. Saatlarla “daş xanımı”yla söhbət edirdi. Elə hey balasından danışırdı ona. Axırda sağollaşıb evə qayıdırdı. Ailəsi bu cür idi: xanımı-çiçəklər arasında üstüyazılı daş, özü o daşa və çiçəklərə qulluq edən kişi, qızı İşıq isə onların söhbətinin mövzusu. Sevirdi ailəsini”.
Bədii epitetdə nisgilin mənzərəsi çözülür, kədərli bir ailənin tablosu yaradılır.
Gerçək qəhrəmanların, sənədli faktların peşəkar formada ədəbi mətndə əriməsi dövrün yaddaşlara köçürülməsi baxımından təqdirəlayiqdir.
Cəsurluğu ilə tarix yazmış Milli Qəhrəman Əliyar Əliyevin, cəsarətin heyrət məqamında qərar tutmuş Namiq Qasımovun, Cənubi Azərbaycan Azadlıq Hərəkatının lideri Seyid Cəfər Pişəvərinin romanda xatırlanması, yerində, məqamında onlara istinad edilməsi məhz bu niyyət və məqsədin göstəricisidir.
Qaçqınlıq, məcburi köçkünlük, yurd həsrətində qovrulmaq dözülməz müsibət, çəkilməz zillətdir.
Ötən əsrin 80-ci illərdən başlayaraq havadarlarına arxalanan erməni quldurları soydaşlarımıza bu acı taleyi yaşatdılar.
Məcburi köçkünlərin üzüntüsünün qap-qara rəngi. rəssam fırçası ilə çəkilib sanki.
Köçkünlüyün ilk günündə, ilk qərib gecədə İşıq evlərin pəncərəsinə, o evlərdən gələn işıqlara həsrətlə baxır. Görəsən burda da işıq sönür, buralara da “Qrad”düşür?, — müharibə uşaqlarının psixoloji durumu, mənəvi təbəddülatları ustalıqla təsvir edilib.
İşığın atası ağaca, kola, gülə baxmağa utanır. Sanki ondan soruşacaqdılar ki, Qubadlıda əkdiyin ağacları, gülləri, çiçəkləri niyə yiyəsiz qoyub gəldin?” Və ya İşıq ömründə ilk dəfə günəşin qürubu üçün üzülür. Ağır səhnələrdir, mənəvi-ruhi sarsıntı gətirir, həyəcan və kədərsiz oxumaq olmur.
Roman boyu erməni vandalizmi müəllif təhkiyəsində, bəzən də ayrı-ayrı epizodlarda digər qəhrəmanların dilində oxucuya çatdırılır.
İlhamə Nasirin qəhrəmanı qəm köynəyində doğulub. Eyni zamanda kədərin içindən sıyrılmış qılınc kimidir. Könlü qarsımış vətənin acılarında boğulub, qaranlıq döngələrin qaramatlığında təngiyib. Amma karıxmayıb, inadkarlıq və prinsipiallıq əsasını əlinə alıb, zülməti qovmaq üçün çarpışıb, İşığın sönməsinə imkan verməyib. Düşmən əsirliyində inildəyən doğma Qubadlısına getmək, anasının qəbrini ziyarət etmək təşnəsi ilə alışıb-yanan İşıq riskdən belə, çəkinmir. Fars dilini öyrənir, İrandakı dəllalların köməyi iləfars jurnalisti adı altında sərhədi keçir. Tələbə yoldaşı, həm də sevdiyi Muradla birgə. Ağır, gərgin bir səhnəni təsvirin öhdəsindən layiqincə gəlir müəllif. Samvel onun yanında lovğalanır:
– Məndən də yaz. Yaz ki,Samvel öz əlləri ilə 3 türkün başını kəsib.
Bu sözləri düşməndən eşidən, dişin bağırsağını kəsə, sirrin açılmaması üçün dözəsən və bunun öhdəsindən gəlməyi bacarasan. Amma və lakin bunu bacarmaqdan da çox mövcud vəziyyəti bütün psixoloji durumuyla dürüst şəkildə təsvir etmək, şəklini çəkmək üçün daha çox ustalıq gərəkir.
Əsərin son səhifəsində qəlbin tellərini sızladan bir epizod var. İranın 3 illik zindan həyatından sonra Vətənə dönüb atasını sağ görməyən, onun məzarını Sumqayıtda axtaran İşıq aclıqdan ayaqüstə dayana bilmir. Yemək almağa qəpiyi belə yoxdur. Saçlarını Sumqayıtda yol pulu düzəltməkdən ötrü satıb. Başqa çarəsi qalmır. Qarğa bayramqabağı məzarların üstünə qoyulmuş qoğalı götürüb havaya qalxdıqda İşıq ayaqqabısını çıxarıb ona atır. Yerə düşən qoğal qırıntılarını toz-torpaq qarışıq, acgözlüklə yeyir. Bu kadr-trop olacaq səhnənin təsviri müəllif tərəfindən mükəmməl işlənib.
“”İndi lap qulağının dibindəcə eşitdi adını.Və eşitdikcə süstləşməyə başladı. Gözlərini isti bir əlin təması ilə açdı-onun üz-gözünə yapışan toz-torpağı təmizləyirdi. Göy üzü əvvəlki maviliyinə bürünmüşdü, yerə düşən topa-topa ağ buludlar yenidən öz yerinə qayıtmışdı.
Muradın baxışlarındakı İşıqda tut ağacından asılmış yelləncəyin kölgəsi görünürdü.”
Sanki yazıçı kasandra qanununun diktəsi ilə oxucunu o İşığın haləsinə bürüyür.
… Və o işıq irəlidəki Zəfər yolunu aydınladır.
P.S. Zənnimcə, “İşıq” romanının film və ya bədii serial versiyası üzərində düşünməyə dəyər.

Hafiz Ataxanlı.

Share: