İraq kürdlərinin yeni lideri hansı Bərzani olacaq?

Noyabrın 1-dən vəzifəsindən gedəcək Məsud Bərzaninin əsas varisi qardaşı oğlu və kürəkəni Nəçrivan və oğlu Məsrur Bərzanilərdir

Şimali İraq Regional Administrasiyasının rəhbəri Məsud Bərzani muxtariyyət parlamentinə məktub göndərərək noyabrın 1-dən etibarən vəzifədən istefa verəcəyini  bəyan edib. “Frans Press” agentliyi xəbər verir ki, məktub muxtariyyət parlamentinin qapalı toplantısında oxunub.

Bərzani məktubunda səlahiyyət müddətinin 1 noyabrda bitdiyini və bundan sonra vəzifədə qalmayacağını qeyd edib. Eyni zamanda o, muxtariyyət başçısının səlahiyyət müddətinin uzadılması və ya qanunun dəyişdirilməsinə qarşı olduğunu bildirib. BBC-nin xəbərinə görə, ötən çərşənbə günü kürd parlamenti Məsud Bərzani və müavini Kosrat Rəsulun, eləcə də rəhbərlik divanı sədri Fuad Hüseynin səlahiyyətlərini dondurub və qarşıdakı 8 ay içərisində parlament seçkiləri keçirilməsi haqqında qərar qəbul edib. Ancaq Kürdüstan başçısı seçkiləri barədə hər hansı məlumat verilməyib.

Məlumatlara görə, təklif olunan variant Bərzaninin səlahiyyətlərinin parlament və hökumət arasında bölüşdürülməsi ilə bağlıdır. Belə ki. seçkilərə qədər Bərzaninin səlahiyyətlərinin baş nazir və parlament arasında bölüşdürülməsi gözlənilir.

İndi dünya mediası Bərzani sonrası kürd muxtariyyətinin idarə olunması, Bərzaninin taleyinin necə olacağı mövzularını müzakirə edir.

Kürdüstanın tarixində danılmaz rolu olan Mustafa Bərzaninin oğlu Məsud Barzani 1947-ci ildə İranda Mahabadda anadan olub. Daha sonra ailəsi ilə birlikdə SSRİ-yə qaçıb və 1958-ci ilə qədər SSRİ-də sürgündə qalıb. 1976-cı ildən sonra qardaşı İdrislə KDP-yə rəhbərlik edib. 1979-cu ildə İrana qaçıb.

İran-İraq müharibəsi zamanı mərkəzi hökumətin başının müharibəyə qarışmasından istifadə edərək Bərzanilər üsyan qaldırıb və İraq ordusuna qarşı savaşıblar. Ancaq Səddam Hüseyn rejimi muxtariyyətin yenidən bərpasını tələb edən kürd üsyanlarını yatırıb, Hələpçədə kürdlərə qarşı kimyəvi silahlarla qırğın törədib. 1991-ci ildə Səddam Hüseyn ABŞ-a qarşı savaşda məğlub olur və bundan sonra kürdlər faktiki olaraq muxtariyyəti yenidən bərpa etmək haqqı əldə edirlər. Bu zaman ABŞ artıq İraqın şimalında kürdlər üçün təhlükəsizlik zonası yaradıb.

90-cı illərdə İraq kürd muxtariyyəti xaricdən müdaxiləyə məruz qalmasa da, PKK-ya qarşı əməliyyatlar və eləcə də Tələbani və Bərzani arasında savaşa səhnə olub. 1996-cı ildə mərkəzi İraq hökuməti ilə anlaşan Bərzaniyə Səddam Hüseyn ordusu dəstək verib və Ərbili ələ keçirən İraq ordusu muxtariyyətin idarəçiliyini Bərzaniyə təhvil verib.

Image result for Mesrur Barzani

Məsud Bərzani PKK-ya qarşı əməliyyat keçirən Türkiyə ordusuna dəstək verib, hətta bu əməliyyatlara silahlı qüvvə göndərib. Bu səbəbdən də 1997-ci ildən sonra Türkiyə ilə yaxın əlaqələr qura bilib. 2003-cü ildə ABŞ İraqı işğal etdikdən sonra kürdlərin vəziyyəti daha da yaxşılaşıb. Məsud Bərzani 2005-ci ildə Şimali İraq Kürd Administrasiyası təşkil olunduqdan sonra muxtariyyət lideri seçilib. Və ikinci dəfə 2009-cu ildə bu vəzifəyə seçildiyi üçün 2-ci müddətə vəzifədə qalıb. 2013-cü ildə Məsud Bərzaninin səlahiyyət müddəti bitsə də, parlament onun səlahiyyət müddətini daha 2 il artırıb. 2015-ci ildə Bərzani səlahiyyət müddətini daha iki il də artırmaq istədiyi üçün parlamentlə hökumət arasında gərginlik yaranıb. Qoran Hərəkatı və Kürdüstan Vətənpərvərlər İttifaqı Partiyasının bu təklifə qarşı çıxması nəticəsində Bərzani parlamenti buraxıb və səlahiyyətlərini daha 2 il də artırmağa nail olub. Bundan sonra faktiki olaraq Kürdüstan parlamentinin fəaliyyəti məhdudlaşıb. Parlamentin sədri isə Süleymaniyyədə oturub və Ərbillə əlaqələri məhdudlaşıb.

Image result for Nəçrivan

İndi isə Bərzani istefa verdiyini bəyan etsə də, əslində yenə də kürd muxtariyyətinin rəhbərliyində qalır. İstefa məktubunda da Bərzani “bundan sonrakı həyatını peşmərgə olaraq davam edəcəyini” yazıb. Kürd muxtariyyətinin ordusu peşmərgə hazırda muxtariyyətin əsas gücüdür və Bərzaninin peşmərgə olaraq davam etdiyini deməsi həm atalarından qalan silahlı gücü qoruyub saxlaması, həm də siyasi proseslərə təsirinin olacağı kimi oxunmalıdır. Yəni muxtariyyətin idarə olunmasında “pərdə arxasında” iştirak edəcək.

Hazırda Bərzani ailəsindən iqtidara iddialı bir neçə nəfər var. İlk sırada Məsud Bərzaninin qardaşı oğlu və kürəkəni Nəçrivan Bərzani gəlir. Artıq 15 ildir Şimali İraq Kürd Administrasiyasının baş naziri postunu tutan Nəçrivan Bərzani siyasi və diplomatik təcrübəsinə güvənir. Həm Ankara, həm də Tehranla yaxşı əlaqələri olan Nəçrivan Tehranda təhsil alıb. Hər iki qonşu ölkə ilə yaxşı əlaqələri var və mülayim qanadı təmsil edir. O da atası İdris Bərzani kimi hərbi istiqamətə deyil, siyasi və diplomatik sahəyə güc verib.

İqtidara iddialı daha bir şəxs  Məsud Bərzaninin oğlu Məsrur Bərzanidir. Kürdüstan Milli Təhlükəsizlik Şurasının sədri postunu tutan Məsrur eyni zamanda KDP (Kürdüstan Demokrat Partiyası – K.R.) kəşfiyyat xidməti “Parastin”ə rəhbərlik edir. Peşmərgə güclərinin Bərzanilərin əlində olduğunu nəzərə aldıqda daxildəki hərbi güc baxımından Məsrur, siyasi və diplomatik güc baxımından Nəçrivan daha irəlidədir.

Bu baxımdan hazırda baş nazir olan və qonşu ölkələrlə yanaşı Qoran Hərəkatı və KVİP (Kürdüstan Vətənpərvərlər İttifaqı) kimi müxalif partiyalarla mülayim münasibətləri olan Nəçrivanın önə çıxacağı şəksizdir. Ancaq burada Məsud Bərzaninin rolu da önəmli olacaq.

Muxtariyyətin digər siyasi gücü Qoran Hərəkatının lideri Ömər Seyid Əli və bu günlərdə dünyasını dəyişən Kürdüstan KVP lideri Cəlal Tələbaninin oğlu Pavel Tələbani də gənc və iddialı liderlərdir. Ancaq digər qruplardan olan şəxslərin kürd muxtariyyətinə lider seçiləcəyi inandırıcı görünmür. Çünki Məsud Bərzaninin rolu, o cümlədən əsas hərbi güc olan peşmərgənin böyük hissəsinin Bərzan tayfasına məxsus olması bu tayfanın şansını artırır. Bu isə onu deməyə əsas verir ki, növbəti lider Bərzani olacaq. Ancaq bunun üçün Məsud Bərzaninin, o cümlədən Ankara, Tehran və Vaşinqtonun, eləcə də müəyyən qədər Bağdadın rəyi önəmli olacaq.

Hələlik kürdlər aralıq dönəmdə Bərzaninin səlahiyyətlərini parlament və hökumət arasında bölməklə nisbi sabitlik yaratmağa çalışırlar. Ancaq ötən gündən etibarən müxalif siyasi təşkilatların ofislərinə naməlum şəxslərin hücum etməsi, kiçik miqyaslı toqquşmalar hər şeyin sabit və axarında olmayacağını göstərir. Baş verən gərginliyin böyüyüb 90-cı illərdə olduğu kimi daxili müharibəyə çevrilməsi fəlakət riskini daha da artırır.

Share: