Müstəqil. Az gənc yazıçı Elnur NƏHMƏDİN yeni hekayəsini təqdim edir
Üşüyürdüm… Qış gələndə daha çox üşüyürdüm. Nə isti geyim, nə isti otaq, nə də isti yeməklər – heç biri bu soyuğu canımdan çıxara bilmirdi.
Üşümək adi üşümək deyildi ha. Kürəyimin tən ortasında ovuc içi boyda yer ətrafda olun soyuğu sanki özünə çəkib bədənimə ötürürdü. Əvvəllər əhəmiyyət verməsəm də, 2012-ci ilin ilk günlərindən səhhətimdə ciddi problemlər yarandı. O xəstəxana sənin, bu xəstəxana mənim. Gəzmədiyim yer, danışmadığım həkim qalmadı. Sonda həkimlər konsilium təşkil edib dedilər ki, səndə heç nə yoxdur. Sadəcə, başqa yerdə, təmiz havası olan kurortda bir müddət qalsan, sağalarsan. Məni vətəndən uzaqlara – Kislovodska göndərməyə qərar verdilər.
Atam çox xəsis adamdır. Kurort adı eşidən kimi cibiylə birlikdə qeybə çəkildi.
Hərdən ara – sıra qeybdən gələn səsini eşidirdim. Elə bilirdim, qiyamətdir.
Qış boyu görmədiyimiz soyuq oldu həmin il. Yəni o qədər soyuq ki, qonşu Gülqız nənənin tumanı zivədə qırov bağladı, əri həmin qış dünyasını dəyişdi.
Mart çıxdı, dərd çıxmadı.
Ağrılarım get-gedə artırdı. Hava istiləşsə də, üşüyürdüm.Həmin il Avroviziya musiqi yarışması Azərbaycanda keçiriləcəkdi.
Aprel ayında bu yarışmada könüllü kimi çalışmağa qərar verdim. Düşünürdüm ki, bir işin qulpundan yapışsam, üşüməyim keçər.İlk könüllülərdən oldum. Mənimlə eyni gündə müraciət edən iki xanımla da elə oradaca tanış oldum. Qazaxıstandan gələn qonur saçlı, çəkik gözlü Alisa adlı gözəlin nəinki özünü, səsini eşidən kimi müalicəm başladı.
Roksalina… Ax, Roksalina… Polşalı sarısaç, sarışın qızla tanış olanda artıq üşümək hissim itdi.
Düşünürdüm ki, onları mənə Günəş tanrısı göndərib. Onların gözəlliyini də sözgəlişi demirəm, hətta
mənə elə gəlirdi ki, Tanrı onlara o dərəcədə gözəllik verməkdə kiminləsə yarışa giribmiş. Amma kiminlə?! Bəlkə, allahların sayı, həqiqətən də, çoxdur.
Nə Alisa, nə də Roksalina bircə addımlarını da mənsiz atmırdılar. Hər gün mənə vurulduqlarını deyirdilər. Guya qafqazlı məğrurluğu, gözəlliyi, nə bilim, cəsarəti məndə cəmlənibmiş.
Alisa qazax olduğundan həm türk, həm də rusca gözəl danışa bilirdi. Roksalina isə balaca lüğəti çantasından çıxarmırdı. Onunla ingilis dilində danışırdıq.
Simic atamın canı, tamam sağalmışdım. Onların mənə münasibəti idi məni sağaldan. Özümü gümrah hiss edirdim. Elə bil o xəstəlik məndə heç olmayıbmış.
Yarışma bitəndən sonra geri dönmək istəmədilər. Onları ölkəmizdəki maraqlı yerlərlərlə tanış etməyi xahiş etdilər. Pul məsələsində narahat deyildim. Çünki yarışma ərəfəsində valideynləri ilə tanış olmuşdum. Qızları üçün nə qədər lazımdırsa, pul göndərirdilər.
Ağlıma gələn ilk yer cənub zonası oldu. Ömür boyu istirahət adına ora getmişik axı. Düşünürdüm ki, Lənkəranın daş-kəsəkli sahilində, Masallının bürküyə bürünən İstisuyunda “rahatlıq” taparlar. Xəritədə göstərdim, bəyənmədilər.
Şimal-qərb tərəfə getmək istədiklərini dedilər. Heç vaxt görmədiyim yerlər.. Yalandan dedim ki, o tərəflərdə, məsələn, Zaqatalada dost-tanış çoxdur, bələdçilik edərlər. Ora üz tutduq.
Qızlar Zaqatalanın ağaclara qərq olmuş təbiətinə heyran qalmışdılar. Hər tərəf yaşıllığa bürünmüşdü. Yumşaq havanı ciyərlərimizə çəkib zövq alırdıq. Ürəyimdə düşünürdüm ki, buranın havası Kislovodskun havasıyla elə eyni olar. Əslində buna ehtiyacım yox idi, amma yenə də…
İstirahət mərkəzlərindən birinə daxil olanda artıq hava qaralmışdı. Roksalinanın qışqırtısına diksindim. Zaqatalanın rəmzi sayılan qoz ağaclarının arasında “Zorro” filminin baş qəhrəmanı kimi geyinmiş, ağappaq saqqalı sinəsinədək düşən, başında panaması, bir əlində əsa, digərində silah olan kök, hündür, yaşlı bir qoca dayanmışdı. Qoca bizi zəhmli baxışları ilə süzürdü. Qəfildən əsasını yerə vurmağa başladı:
– I am The King of Zaqatala!
Həm Alisa, həm də Roksalina qorxudan tir-tir əsirdi.
Bilmirəm, necə oldusa, neçə vaxt idi ki, canımda hiss etmədiyim üşütmə geri qayıtdı. Özümü pis hiss etməyə başladım.
Qocanın kim olması, nə düşündüyünü, burada nə axtarmasını fikirləşirdim ki, yenidən yüksək səslə qışqırdı:
– Mən buranın sahibiyəm, ardımca gəlin!
Üçümüz də onun arxasıyca düşdük. Xeyli getdikdən sonra meşənin dərinliyində kiçik bir otağa girdi. İçəridə yerini rahatlayıb bizi çağırdı.
Oturduğu stolun arxa tərəfində iri hərflərlə “Ş E R İ F F” yazılmış bu otaq Amerika filmlərindəki səhnələri xatırladırdı.
The King of Zaqatala üzündəki sərt ifadəni dəyişmədən sözə başladı:
– Buraya istirahət üçün gələn hər kəs qaydalara ciddi şəkildə əməl etməlidir. Otaqların bir gecəlik qiyməti 30 manatdan başlayır. Təmizlik yüksək səviyyədədir. Yemək pulludur. Səs-küy yaratmaq, digər müştəriləri rahatsız edəcək hər hansı hərəkət bağışlanılmır. Nəinki buranın, hətta bütün Zaqatalanın sahibi mənəm. Rayonun bütün güc strukturları məndən çəkinir və hörmət edir. Mənim icazəm olmadan kimsə bu ərazilərdə at oynada bilməz. Kəsdiyim başın hesabı soruşulmur (otağın divarlarında, həqiqətən də, ayı, tülkü, keçəl kərkəz, canavar başı asılmışdı). Bunu deyib otağın sağ divarından asılmış tüfənginə və ” Zülfüqar” adlı məşhur qılınca bənzəyən silahına baxdı. Artıq üşümə hissimi titrəmə əvəzləyirdi. Qızların üzünə baxmağa utanırdım. Alisa nədənsə bizimlə bir otaqda yatmaqdan imtina etdi. Roksalina ilə gecəni bir otaqda keçirməyi qərara aldıq. Onun nəvazişi içimdəki hərarəti artırırdı. Gecəyarı əcaib səsə ayıldıq. Taxtadan düzəldilmiş divarlardan siçovul səsi gəlirdi. Roksalinanın bənizi ağappaq idi. Səhərədək nə qədər bürünsək də, soyuqdan qurtula bilmədik. Sübh tezdən polis maşınlarının səsinə ayıldıq. Ətrafda güllə səsi eşidildi. Qapıya çıxdıq. The King of Zaqatalanın qolu qandallanmışdı. Polislər onu maşına mindirib apardılar. Həmin gün Alisa Qazaxıstana, Roksalina da Polşaya qayıtdı. Mən isə o gündən yenə də xəstəxanalardayam. Səkkiz ildir ki, canımla əlləşirəm.