Birinci yazı
1956-ci ildə XX qurultaydan sonra intensiv xarakter almış Xruşşov islahatları SSRİ-də qadınların, o cümlədən Sovet Azərbaycanı qadınlarının da həyatından yan keçmədi. Nikita Xruşşovun çıxışları və söhbətləri xalq dilinə yaxın idi.
1959-cu ilin iyununda millətçiliklə bağlı Azərbaycan rəhbərliyinin, xüsusilə Mirzə İbrahimovun məsələsi Moskvada müzakirə ediləndə o, dedi ki, “peyin gur axında üzür, burulğanda da fırlanır. Bunları (Mirzə İbrahimov kimi kommunistləri) borş bişirən evdar qadın xörəyin üzündən kəfi qaşıqla yığıb atdığı kimi atmalıyıq.” Sovet qadınları geniş kommunizm qrupçuluğuna cəlb edilsə də, bu ifadə bir növ Sovet rəhbərliyinin düşüncəsində qadının yerinə bir işarə idi.

Azərbaycanda qadının sosial vəziyyəti ilə bağlı XX əsrdə tarixi bir yol keçilmişdi. 1901-ci ildə Tağıyev qız məktəbinin açılması uğurlu bir başlanğıc idi. Sonrakı dövrdə ölkənin həyatında mühüm rol oynayan qadınların bir hissəsi məhz bu məktəbin məzunları idi.
Onlardan Nabat xanım Nərimanova, əməkdar müəllimə Qumru xanım Nərimanova, əməkdar müəllimə Sara xanım Əfəndiyeva, professor Umnisə xanım Musabəyova, böyük bəstəkar Qara Qarayevin anası professor Sona xanım Axundova, Ayna Sultanova, Azərbaycan KP MK-nın keçmiş katibi Əliheydər Qarayevin həyat yoldaşı həkim Xavər xanım Qarayeva-Şabanova, onun bacısı ixtisasca həkim olan Şəhrəbanu xanım Xasməmmədova-Şabanova, həkim Səkinə xanım Əlikişibəyova, elmi işçilər İzzət xanım Məcidova, Dostu xanım Səfərova, Təzə xanım Həşimova, Gövhər xanım Usubova, Məryəm xanım Sazonova, tanınmış bəstəkar Tofiq Quliyevin anası Yaxşı xanım Mahmudova, rəssam Reyhan xanım Topçibaşova, tanınmış həkimlər Firəngiz Novruzova, Həyatnisə Dilbazi, Cənnət xanım Muxranskaya, Səriyyə xanım Əhmədova, Səlimə xanım Yaqubova, Xədicə xanım Ağayeva, Adilə xanım Şahtaxtinskaya və digərləri Azərbaycanın sosial-mədəni, maarif və elmi həyatında mühüm rol oynadılar. Təkcə bu fakt təhsilin qadınların inkişafında nə qədər böyük rol oynadığın göstərir.
Cümhuriyyətin verdiyi seçki hüququndan qadınlar istifadə edə bilmədilər. Lakin Sovetlər də öz qanunverciliyində bu hüquq təsbit etdi. Ötən əsrin 20-ci illərdə qadınların seçki hüququ Konstitusiyada təsbit olunsa da, lakin seçki yox idi və bu hüquq deklarativ xarakter daşıyırdı.
20-ci illərin sonu – 30-cu illərin əvvəllərində Azərbaycanda dinə qarşı mübarizə həm də çadraya qarşı mübarizə fonunda aparılırdı. Azərbaycan Kommunist Bolşevik Partiyası 1929-cu ilin aprel ayında “Mübariz Allahsızlar İttifaqının” işini gücləndirmək, çadranın və papağın atılması ilə bağlı qərar qəbul etdi.
Qərarda deyilirdi ki, “çadra sinfi mübarizənin əsas sahələrindən biridir.” Məhz sinfi mübarizə şəraitində Azərbaycan qadınının bir hissəsi çadranı atdı. Hətta Bakının mərkəzində azad qadına heykəl də qoyuldu. Amma qadın azad oldumu? Bu suala birmənalı cavab vermək çətindir.
Böyük Vətən Müharibəsindən sonra qadınların siyasi, sosial-ictimai həyata inteqrasiyası bir qədər sürətləndi. 40-cı illərin sonu – 50-ci illərdə əmək sahəsində (xüsusilə kənd təsərrüfatında) çalışan xeyli sayda qadına Sosialist Əməyi Qəhrəmanı kimi yüksək adlar verildi. SSRİ və yeri Ali Sovet seçkilərində qadınlar üçün yuxarıdan müəyyən edilmiş kvotalar vardı.
Bəzi qadınlar yüksək dövlət və hökumət vəzifələrinə təyin edildilər. Sovet dövründə Ayna Sultanova Ədliyyə komissarı, Kübra Fərəcova səhiyyə naziri, Züleyxa Seyidməmədova ictimai təminat nazirir, Hökumə Sultanova respublika nazirlər soveti sədrinin müavini, Tahirə Tahirova Azərbaycan SSR Nazirlər Soveti Dövlət Elm-Texnika Komitəsinin sədri, sonra xarici işlər naziri kimi yüksək vəzifələr tutmuşdular.
Amma SSRİ-nin müsəlman respublikalarında, o cümlədən Azərbaycanda qadınlar arasında savadsızlıq, işsizlik, ailə münaqişələri zəminində döyülmə və ölüm halları, kişilərlə qeyri-bərabərlik halları hələ yüksək idi. Bir çox kənd rayonlarda qız şagirdlərin xeyli hissəsi müxtəlif səbəblərdən məktəbdən ayrılırdı.
Respublika qadınlarının hüquqlarını qorumalı olan birinci katib Mir Cəfər Bağırovun həm birinci, həm də ikinci həyat yoldaşı rus millətindən idi. Ondan sonra respublikaya rəhbərlik edən İmam Mustafayev öz həyat yoldaşı ilə rəsmi olmasa da, qeyri-rəsmi olaraq ayrılmışdı. Özbəkistanın keçmiş birinci katibi (1955-1957), Sovet Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Mərkəzi Komitənin Rəyasət Heyətinin üzvü (1957-1961) Nurəddin Mühiddinov həyat yoldaşını döydüyünə görə Siyasi Büro üzvlüyündən və Mərkəzi Komitə katibi vəzifəsindən çıxarılmışdı. Əlbəttə, “nümunəvi Sovet ailəsi” haqqında miflər dolaşdığı üçün Mühiddinovun öz ərizəsi ilə işdən ayrıldığını sənədləşdirib onu Suriyaya səfir göndərmişdilər.
Axundov adına rus dili institutunda kitabxanaçı işləyən qızı Sara Tağıyeva-Sarayeva “kapitalist atası” Tağıyevin maarifpərvər, Azərbaycanın mədəniyyətinə qayğı göstərən bir şəxs olduğunu tələbələrə danışdığı üçün institutun xüsusi şöbəsi (KGB) onu müayinədən keçmək üçün psixonevroloji dispanserə göndərdi. Ambulator müayinədən sonra 1957-ci ilin iyul ayının 1-də dispanser institutun sorğusuna yazılı rəy verdi ki, Sara Zeynalovna Sarayeva əsəb-psixoloji durumuna görə maddi məsul məsələlərlə bağlı vəzifələrdə işləyə bilməz.

Rektorluq onun haqqında Mərkəzi Komitəyə yazırdı ki, “daim əsəb gərginliyi şəraitində olmaq Sarayevanın kitabxanada işləməsinə imkan vermir, tez-tez o, oxu zalından qeydiyyat aparmadan kitabları tələbələrə verir və özü də qalaq-qalaq kitabları evə aparır, halbuki oxu zalından kitabların evə verilməsinin qadağan olduğu ona məlumdur. Nəticədə rəhbərlik iki dəfə itən kitabların pulunu onun əmək haqqından tutub. Sara Sarayevada belə mümkünsüz bir ideya baş qaldırıb ki, kapitalist atası Hacı Zeynalabidin Tağıyevin adını “maarifpərvər”, Azərbaycanın mədəni həyatının “banisi” kimi bərpa etsin. Bu ideya daimi olaraq onun düşüncəsinə hakim kəsilib.” O, oxu zalının bağlanması bəhanəsi ilə işdən azad edildi.
Elə həmin vaxt ölkənin tanınmış müğənnisi, Azərbaycan SSR Əməkdar Artisti Rübaba Muradova qısqanclıq zəmində həyat yoldaşı tərəfindən döyülərək körpə uşağı ilə gecə vaxtı küçəyə atılmışdı. O, başına gələnlər barədə Mərkəzi Komitəyə ürək parçalayan təsirli məktub yazmışdı. Ölkə qadınlarının həyatında belə hallar az deyildi.
Azərbaycan qadınları arasında işsizliyin geniş yayılması bir tərəfdən təhsil səviyyəsinin aşağı olması ilə bağlı idisə, digər tərəfdən rus dilini bilməmələri ilə bağlı idi. Məsələn, bir azərbaycanlı işçi məzuniyyətə çıxmaq üçün Azərbaycan dilində ərizə gətirdikdə, qeyri-azərbaycanlı mühasib qadın həmin ərizəni onun üstünə ataraq lağ formada deyirdi: “Sənin fransız dilin mənim üçün aydın deyil”. Yüksək dövlət rəhbərlərinə demək olar ki, hər gün buna bənzər şikayətlər daxil olurdu.
Onların birində deyilirdi: “siz Azərbaycan xalqının böyük rəhbərləri və nümayəndələrisiniz. İnqilab bizə müvafiq qanunların ayrı-ayrı maddələri əsasında hüquqlar verib, biz azad yaşamalıyıq, öz idarə və müəssisələrimizdə yazı işlərimizi və şifahi danışıqlarımızı ana dilimizdə aparmalıyıq. İndi inqilabdan 35 il keçir, Azərbaycanda heç olmasa bir dənə idarə və müəssisə göstərin ki, yazı işlərini ana dilində aparsın. Qəti şəkildə deyirəm belə bir idarə və müəssisə yoxdur.
Bu onu göstərir ki, biz əzilmiş, hüquqsuz, məzlum, üdafiəsiz, tapdanmış bədbəxt bir xalqıq. Məsələn, bizim orta və ali təhsilli adamlar fəhlə, mehtər və digər aşağı vəzifələrdə işləyirlər. Çünki hara müraciət edirlərsə, ilk növbədə onlardan rus dilini bilib-bilmədiklərini soruşurlar. Əslində Azərbaycan dilində oxuyub diplom almış adamlar əlacsız qalıb fəhlə işləməyə gedirlər. (İmam Mustafayev, Sadıq Rəhimov və Mirzə İbrahimova anonim müraciət. Mart, 1955)
1956-cı ilin iyulunda Moskva “Sovxoztikintilayihə”də mühəndis işləyən Tatyana Buloxovanın Azərbaycana ezamiyyət zamanı Kirovabadda zorlanaraq öldürülməsi bütün ölkədə böyük qalmaqala səbəb olmuşdu. Hadisəni araşdırmaq üçün Sov.İKP MK Rəyasət Heyətinin tapşırığı Moskvadan respublikaya böyük istintaq qurupu göndərilmişdi.
Bu işlə bağlı Azərbaycana ezam olunmaları ilə bağlı Daxili İşlər naziri Nikolay Dudorov və Mərkəzi Komitənin inzibati orqanlar şöbəsinin bölmə müdiri Aleksey Eliçyev 1956-cı il oktyabr ayının 1-də Sov.İKP MK-nın Rəyasət Heyətinə geniş məruzə hazırlamışdılar.
Orada göstərilirdi: “Kirovabadda elə bir vəziyyət yaranmışdır ki, bu şəhərdə sovet hakimiyyətinin olduğu hiss edilmir. Əhali qorxu içərisindədir, əksəriyyəti ruslardan ibarət 4 mindən artıq işçisi olan toxuculuq kombinatını hər il 1000-ə yaxın qadın tərk edir, adamlar qorxudan demək olar ki, axşamlar parklara, kinoteatrlara və digər mədəniyyət müəssisələrinə gedə bilmirlər, rus anaları cinayətkar ünsürlərin qorxusundan hər gün qızlarını məktəbə aparıb-gətirmək məcburiyyəti qarşısında qalıblar. Şəhərdə yerləşən hərbi hissələrin zabitləri Kirovabadda yaranmış vəziyyətlə əlaqədar olaraq ailələri ilə birlikdə çox nadir hallarda axşamlar şəhərin küçələrinə çıxdıqlarından şikayətçi olduqlarını bidirirdilər”. Məsələn, sənəddə belə bir fakt göstərilirdi ki, 1955–1956-cı illərdə şəhər üzrə həbs olunanların 70 faizi işsiz əhalinin payına düşür.
Yerli qadınlar arasında işsizlik geniş yayıldığı halda az sonra Rusiyanın müxtəlif vilayətlərindən Mingəçevir toxuculuq kombinatında işləmək üçün 2 min nəfər subay qız və qadını gətirilmişdi. Yerli adamlar öz aralarında bunu ruslaşdırma siyasəti kimi şərh edirdilər.
1958-ci ilin mart ayının 20-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti respublikada uşaqların ümumi səkkizillik icbari təhsilə keçməsi haqqında qərar qəbul etdi. Bu qərar qızların erkən yaşda məktəbdən ayrılmasının qarşısının alınmasında müəyyən rol oynadı. Amma problem aradan qaldırmadı.
1960-cı ilin may ayında keçirilən respublika ziyalıların iki günlük müşavirəsində bir sıra məsələlərlə yanaşı Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov qızların təhsili məsələsinə də toxundu. Öz fikrini əsaslandırmaq üçün o, respublikada qadınlara düzgün olmayan münasibətin maraqlı mənzərəsini təsvir etdi.
Axundov dedi ki, əgər kənd məktəblərinin I-IV siniflərində qızların sayı 45 faiz olursa, X sinifdə onların sayı 32,2 faizə enir, hətta bəzi yerlərdə bu faiz göstəricisi daha aşağı düşür, məsələn, İmişli rayonunda bu göstərici 9,2 faizə, Puşkin rayonunda 11,9 faizə, Saatlı rayonunda isə 14,3 faizə bərabər olub. Axundov respublikanın kənd rayonlarında qızların erkən ərə verilməsinə aid bir sıra faktlar gətirdi və bundan ciddi narahatçılığını ifadə etdi…
Ardı var




















