UŞAĞINI TƏRBİYƏ ETMƏYİ BACARMAYANLAR MÜƏLLİMİ QINAYIR -Şərafəddin İlkin yazır

Həyacan təbili!

Bilmirəm ilk dəfə müəllimin ünvanına “saxtakar” ifadəsini deməyə kim cürət etdi. Onu bilirəm ki, o kimdisə ən böyük günahın sahibi oldu…

Müəllim müqəddəs varlıqdı. Ona hörmət etmək hər kəsin borcudu. Peyğəmbərimiz “Sənə bir hərf öyrədənə min il ibadət eylə” deməklə müəllimin haqqının ödənilməz olduğunu deyirdi. Özümüz müəllimləri cəmiyyətin ən müdafiəsiz zümrəsinə çevirdik. Özünü müdafiəsiz sayan müəllim nə etməlidi? Hər tərəfdən müəllimə təzyiq var. Yuxarı təşkilat(lar), valideyinlər, şagirdlər… hamısı müəllimə istədiyini deyə bilər, müəllimsə hamıya borcludu. Bu nə deməkdi? Bu necə yanaşmadı? Ayıbdı, vallah…
Evdə uşaq dəcəllik edir – müəllimdi günahkar, biri işinin öhdəsindən gəlmir – müəllimdi günahkar, məmur özbaşnalıq edir – müəllimdi günahkar, seçkidə saxtakarlıq var – müəllimdi günahkar, inək süd vermir, toyuq yumurtamır – müəllimdi günahkar…
Siz müəllimin bu qədər nüfuzdan salmağımızın səbəbini öyrənin. Niyə müqəddəs sayılan bir peşə sahibinin bu qədər cılız sözlərlə təhqir olunmasına şərait yaradırıq???? Olmaz, vallah olmaz. Günahdı, çox böyük günahdı…
Müəllimi haqqı onu alçaldıb, təhqir edənlərin də üstündə sonsuzdu. Bəşər tarixində heç bir müəllimin haqqı ödənilməyib. Çünki, bu haqqı ödəmək mümkün deyil. Müqəddəslər isə həmişə təzyiqə məruz qalır…
Sosial şəbəkələrdə 156 nömrəli tam orta məktəbinin şagirdinin törətdiyi biabırçı hərəkətə (məktəbdənxaric ərazidə) görə hamı direktoru qınayır, təhqir edir. Cəmiyyətdən də çox kəsgin reaksiya var bu hadisəyə. Sanki bu iyrənc hadisə direktorun göstərişi ilə olunub… Güya direktor “zarafat edib” ifadəsini işlətməklə də böyük qəbahət edib, və s. və ilaxır… Əslində direktor “zarafat edib” deməyib. “Soruşdum, dedi ki, zarafat etmişik” ifadəsini işlədib. Bir sözü təhrif edib böyük bir təhsil ocağına rəhbərlik edən, MÜƏLLİM adını daşıyan, və nəhayət azərbaycanlı bir xanımı, ananı bu şəkildə təhqir etmək, aşağılamaq nə dərəcədə doğrudu? Əksinə, günahdı. Özü də çox böyük günah.
Gəlin məsələyə soyuqqanlı, qərəzsiz yanaşaq. Birincisi, məktəb direktorunun səlahiyyətində heç bir cəzəvermə hüququ yoxdu. İkincisi, şagirdin məkdəbdənkənar yerdə törətdiyi tərbiyyəsizliyə direktor, və yaxud müəllim niyə cavabdeh olmalıdı, valideyin və cəmiyyət isə yox? Evimizdə öhdəsindən gələ bilmədiyimiz uşağın tərbiyyəsi niyə məktəbdən, müəllimdən sorulmalıdı axı?
Müəllimin şagirdin sinifdə və yaxud sinifdənxaric yerlərdə etdiyi tərbiyəsizliyə görə irad tutmaq, üstünə qışqırmaq belə ixtiyarı yoxdu. Hər hansı bir neqativ hərəkətinə görə irad bildirən, müəllimə “Sən kimsənki uşağımın üstünə qışqırmısan” deyənlərsə özlərini haqlı sayır, müəllimi ittiham edirlər. Yaxşı, müəllim nə etməlidi? Elə nənəm, belə dədəm vay.
…Nə qədər ki, müəllimə hörmətsiz, nüfuzsuz yanaşacağıq sonu bundan da betər olacaq. Həyacan təbilini çalmağın vaxtısa çoxdan keçib.

Şərafəddin İlkin,

“Orta təhsil” jurnalının baş redaktoru,
AYB-nin üzvü, prezident təqaüdçüsü.

Share: