Həmid Herisçi: “Yazarların özfəaliyyət dövrü bitir, mən buna ancaq sevinirəm”

Son illərdə ən yeni nəsil ədəbiyyatımızın nümayəndələri –  gənc yazarların aktivliyi, məhsuldarlığı  aşağı düşüb. Daha əvvəlki kimi tez-tez kitab çıxarmaq şövqləri də zəifləyib. Bunun səbəbi nə oldu? Bir zamanlar bum şəklində cərəyan edən romançılıq, poeziyaçılıq bu gün demək olar ki, gənc qələmlərdən kənar düşüb.

Artıq sosial şəbəkələr də gənc yazarların ədəbi “manevrləri”nə çox uymur.

Yazıçı Həmid Herisçi   açıqlamasında mövzu ilə bağlı maraqlı məqamlara toxunub. Onun fikrincə, son illərdə redaktorsuz, ədəbiyyatşünassız, ön sözsüz, korrektorsuz yaranan ədəbiyyat özünü doğrultmadı:

“Son 20 ildə Azərbaycanda biz bu ədəbiyyatı gördük. Yəni redaktorsuz, korrektorsuz, ədəbiyyatşünassız, ön sözsüz. Son 10-15 ildə kifayət qədər çox kitablar buraxıldı. Lakin cəmiyyətdən yan ötürdü. Çünki peşəkar xüsusiyyətlərdən kənar idi. Bu kitabların tez-tez çap olunmalarına gənc yazarlar da çox uydular. Ancaq  nəzərə almadılar ki, kitabın nəşri ilk növbədə qəşəng dizayndır, yəni kitabın rəssamı, redaktoru olmalıdır. Kitab ədəbiyyatşünaslığın süzgəcindən keçməlidir. Peşəkar xüsusiyyətlər nəzərə alınmadı və çıxsalar da ictimai məzmun qazanmadılar.

Mənə elə gəlir ki, ədəbiyyatda müəyyən xəyal qırıqlığı yaşandı. Bu da onunla bağlıdır ki, ədəbi proses indi təmərküzləşir. Əvvəl səpəlinmişdi, indi isə təmərküzləşir. Sözsüz ki, bu özfəaliyyət gec-tez bitməli idi. Yəni yazıçıların özfəaliyyət dövrü bitdi. Biz bilirik ki, bəzi ədəbi dəstələr özləri ədəbi proses yaradırdılar. Çünki burada böyük səhvlər var idi. Məsələn,  fikir vermişdim, bəzi saytlar özlərini elə aparırdılar ki, guya ancaq gənc yazarlar var. Başqa ədəbiyyat yoxdur, əruz yoxdur, Nizami, Nəsimi, Füzuli yoxdur. Ancaq bunlar var, Sosial şəbəkələr var. Kimsə 2-3 dənə hekayə çap edir, paylaşır, biri yazır ki, şedevr, biri yazır ki, gözəl, likelar və s. Bununla da istəyirdilər peşəkar ədəbiyyatşünaslığı, korrektoru, redaktoru əvəz etsinlər. Həm də tərcüməsiz ədəbiyyat idi. Bu ədəbiyyat heç başqa dillərə də tərcümə edilmirdi. Yəni, adi nəticələrini gördük. Özfəaliyyət dövrü bitir, peşəkarların dövrü gəlir. Mən buna ancaq sevinirəm. Əksinə, məncə gənc yazarların səngiməsi yaxşıdır, onlar deyəsən, artıq  nəyisə anlayıblar.

Yazıçıların özlərinə əlahiddə səlahiyyətlər istəmələri, özləri haqda böyük danışmaları dövrü bitdi. İş başlayır artıq. Öyrənsinlər! Redaktorla, korrektorla, ədəbiyyatşünaslarla işləməyi bacarsınlar. Siyasi sahədə müəyyən  bir tənzimləmə gördük. Görünür, ədəbi sahədə də olacaq. Bu təbitəin öz qanunudur. Bunu heç kim idarə etmir. Bunu həyat özü idarə edir”.

Share: