Həsrəti qoca şair Hüseyn Cavan – Aysel Nəsirzadə yazır

Yaradıcılıq yeni fikirlərin və ya anlayışların və ya mövcud fikir və ya anlayışlar arasında yaranmış bir vəhdətdir. Ədəbi yaradıcılıq insan ruhunun məhsulu olduğu üçün yeni fikir çalarlarının yaranmasını və onların yenilik və orijinallığa malik bir məhsula əsaslanmasını əhatə edən bir prosesdir. Yaradıcı düşüncənin məhsullarının adətən həm orijinallığı, həm dəuyğunluğu sənəktarın yaşadığı cəmiyyat, mövcud iqtisadi və siyasi vəziyyətə görə dəyişə bilər. Məsələn, dünya ədəbiyyatına nəzər saldıqca mənəvi və zehni azad ölkələri yaradıcı insanları daha çox fəlsəfi güc, ruh aləmi, psixoloji faktorlarla zəngin bir ədəbi irs qoyur. Fövqəladə dindar xalqların ədəbiyyatı da eyni mötivlər əsasında yaranır. Amma işğal altında olan: buna müstəmləkələr, müharibə zonası, yadelli təcavüzlərə məruz qalmış, başqa güclər tərəfindən daim istismara edilən xalqların ədəbiyyatı daha üsyankar, daha ittiham edici, daha fədakar, daha kədərli və ya daha mübariz, daha təşviq edici məzmunlara köklənirlər. Bir də bununla yanaşı yaradıcılıq anlayışı hər zaman keçmişlə körpü təşkil edir. Ən mükəmməl sənət əsəri elə bu körpülərin sütunlarıdır. Qədim və ədəbiyyata malik xaqlar arasında belə bir mənəvi sütunlar daim qorunur və yenilənir. 

Aşıq yaradıcılığı hər zaman Azərbaycan ədəbiyyatının əsas sütunlarından olub. Günümüzdə dərin ədəbiyyata, dili asan, amma mənası dərin əsərlərin yaddaşlarımıza və qəlbimizə yol tapmasının əsas səbəblərindən biri də məhz elə aşıq yaradıcılığıdır.

Düşüncəmə görə şeir, qafiyə, vəznin vəhdəti özü xüsusi bir səliqə-səhman tələb edir. İnsanların qəlbininə toxunan, onu xəyallar və gerçəklik dünyasına alıb aparan da elə həmin səliqə-səhmandır. Aşıq yaradıcılığını vərəqlədikcə sanki keçmişə səyahət edirsən, bəlkə də, keçmişlə bu gün və gələcək arasında mənə mənəvi körpü qurursan. Aşıq yaradıcılığı araşdırılır, nümunələri toplanılır, sistemləşdirilir və daim gənc nəsillərə ötürülür. 

Aşıq sənətinin, aşıq şeiriyyatının poetik xüsusiyyətlərinin, ideya-məzmunun araşdırılması, ayrı-ayrı aşıqların bədii irsinin toplanması, qorunması və nəşri, gənc nəsillərə çatdırılmasıədəbiyyat və incəsənət xadimlərinin əsas vəzifələrindəndir. Qədim irsimizin nümayəndələri olan ozanların yaradıcılığın əsasən vətənpərvərliyə, igidliyə, şücaət və cəsurluğa yönəlir. Dəyişməz forma xüsusiyyətlərinə malik olan aşıq şeiri janrları mövzu dərinliyi baxımından hər zaman çox şaxəli, çox mövzulu olub.

Vətənpərvərlik,milli dəyərlərə bağlılığı ilə seçilən,xalq yaradıcılığı ənənələrinin forma xüsusiyyətlərinə peşəkarcasına bələd olan Aşıq Hüseyn Cavan 1916-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalının Uti kəndində yoxsul ailədə doğulmuşdur. Atasının vaxtsız vəfatından sonra anası Zöhrə bir yaşlı oğlu Hüseyni və üç qızını maddi-mənəvi sıxıntılardan xilas etmək ümidi ilə Şimali Azərbaycana gətirmişdir. Onlar bir müddət Ağcabədinin Şərəfxanlı kəndində, sonra Dəliməmmədlidə yaşayıblar. Hüseyn Cavan yeddi yaşından muzdurluq etmiş, qoyun-quzu otarmışanasına arxa-dayaq olmağa çalışmışdı. Onun gözəl səsini, məlahətli avazını məskunlaşdıqları ərazidə xeyirxah əməl sahibi olan Məşədi Adıgözəl eşidir və günlərin birində onu Göyçə mahalına Ustad Aşıq Ələsgərin qardaşı oğlu Musanın yanına aparır və xahiş edir ki,ona sənətin incəliklərini öyrətsin. Aşıq Musa Məşədi Adıgözəlin xahişini yerə salmayıb Hüseyni şəyirdliyə götürür. Hüseynə saz çalmağı, söz qoşmağı öyrədir. Çox keçmir ki, sənətin hər incəliyini öyrənən Hüseyn cavan ustadı Aşıq Musayla birgə el məclislərində iştirak etməyə başlayır və el məclislərinin sevilən, adlı-sanlı aşığı olur.

Göyçəli Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musanın şagirdi olduğu müddətdə (1927–1935) bu sənətin sirlərini, şifahi xalq ədəbiyyatını dərindən öyrənmiş, toy-düyünlərdə, el şənliklərində çıxış etmişdir. Onun ilk şeirləri: “Gül Azərbaycan”, “Oyan, vətəndaşım”, “Ana vətən”, “Oktyabr” və s. Təbrizdə “Vətən yolunda” qəzetində dərc olunmuşdur.

Təbriz həsrətiylə yaşayan, o həsrətin yaşatdığı acını şeirlərində əks etdirən Hüseyn Cavan 1938-ci ilin iyulunda Cənubi Azərbaycana köçüb Təbrizdə yaşamışdır. 1946-cı ilin martında Təbrizdə dövlət dram teatrı təşkil olunarkən o, direktor müavini vəzifəsində çalışmış, burada aşıqlar ansamblı yaratmışdır. Azərbaycan Demokrat Firqəsi və milli hökumət ona xalq artisti fəxri adını vermişdir. O, həmçinin 1946-cı ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist işləmişdir. Sonra Goranboy rayonunun Əzizbəyov (indiki Kəhrizli) kəndində yaşamışdır (1948-ci ildən). Ümumittifaq xalq yaradıcılıq evinin tədbirlərində dəfələrlə iştirak etmiş, Böyük teatrda çıxışı hərarətlə qarşılanmışdır. Respublika özfəaliyyət incəsənət festivalının laureatı olmuş, birinci dərəcəli diplom almışdır (1953).

Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə aşıqlar dəstəsinin bədii rəhbəri olmuşdur. “Şərəf nişanı” ordeni və fəxri mükafatlarla təltif edilmişdir.

Cənubi Azərbaycanda doğulan, amma bütöv Azərbaycan ədəbiyyatına xidməti danılmaz olan aşıq şairimiz Aşıq Hüseyn Cavan  1985-ci il noyabrın 14-də Goranboy rayonu Əzizbəyov (indiki Kəhrizli) kəndində  vəfat etmiş, elə o kənddə də dəfn olunmuşdur.

Gənc şair həmkarım Ülvi Cavanın  babam şair Aşıq Hüseyn Cavanın şeirləri deyə paylaşdığı şeirlərin sətirlərində ağrılı-acılı yaşanan ömrün izləri həmin misraları oxucunun diqqətini cəlb edirdi. Vətən məhəbbəti, yar həsrəti, baş verən haqsızlıqlara qarşı hayqırış duyulurdu şeirlərində. Uşaqlıqdan əziyyətlər içində böyüyən şairin ustalıqla yazılan  şeirləri o dövrün çətinliklərindən xəbər verirdi.

Qanlar axır ürəyimdən yarasız,

Tez yetirin əhvalımı yara siz.

Dərdli sinəm cərrah kimi yarasız,

Görəsiz ki,sol yarası çətindir.

Bu kimi bir çox ağrılı misralar məni özünə səslədi. Həyat və yaradıcılığıyla tanış olduqda anlayırıq ki, şairimiz həm də güney ilə quzey arasında mənəvi körpü olmağa çalışıb. Vətənin ağrı-acısını şeirləriylə dilə gətirib.

Xəyala düşdüm

Gözlərim vətəni qəmli görəndə,

Dərdim təzələndi, xəyala düşdüm.

Xalqın naləsindən, xalqın ahından,

Alışdım odlara, bu hala düşdüm.

Cəlladlar əlində dağılır vətən,

Ayrılır analar körpələrindən,

Elin naləsini eşitdikcə mən,

Dolandım, mahaldan mahala düşdüm.

O zaman gülərəm, xalq ola azad,

Vətəndən kəsilə bu nalə, fəryad,

brizim olarsa zülmdən azad,

Deməzlərmi dərdə zəvala düşdüm.

Onun sazı-sözü Azərbaycanın hər iki tayında azadlıq üçün mübarizəyə səsləyib, bir simvola çevrilib. Özündən sonra onlarla şagirdlər yetişdirən, onlara aşıq sənətinin sirlərini öyrətməklə milli-nədii irsimizə əbədi töhvələr vermişdir. Yüksək insani keyfiyyətə, fitri istedada malik Hüseyn Cavan hər zaman sevilib, el şənliklərinin bəzəyi olub. O, kənd-kənd, el-el, oba-oba gəzərək milli dəyərlərimizi təbliğ edir, ətrafında hər zaman özü kimi güclü və vətənpərvər insanları toplayarmış. 

Bununla yanaşı demək olar ki, aşıq şeirinin bütün növlərində əsərlər yaradan Aşıq Cavan əsasən gəraylı və qoşmalara üstünlük verir, vətənin gözəlliklərini, əmək qəhrəmanlarını öz şeirlərində məharətlə vəsf edir. H. Cavanın bədii irsinə diqqət etdikdə üç dastan, “Azadlıq mahnıları”, “Sədəfli saz”, “Danış telli sazım”, “El aşığı” və s. kimi 10-a yaxın şeirlər kitabı ilə ədəbiyyatımızda ölməzlik qazanıb. 

Güney Azərbaycanın ozanı ömrünün böyük bir hissəsini qüzeydə keçirdi. Amma heç vaxt doğulduğu torpağın qoxusunu unutmadı, müqəddəsliyinə səcdə etdi.

Aysel Nəsirzadə

Share: