“Gör neçə zamandır çörək yapılmır…”

Deyirdi ki,- “Yaradıcılığımda xeyirxah adamların rolu az olmayıb. Onların arasında mənə yol açan, istiqamətləndirən, şeirlərim haqqında fikir söyləyənlər də olub. Yaxşı yadımdadır, şeirlərim “Ədəbiyyat qəzeti”ndə çıxmışdı. Dilçi alim Yusif Seyidov şeirlərimi oxuyub qəzetə açıq məktub yazmışdı.

Məktub əsasən “Təndir” və “Daşyonan” şeirlərimin üzərində qurulmuşdu və bu şeirləri işıqlandırdığı üçün baş redaktora minnətdarlıq etmişdi. Ayaz Vəfalının bildirdiyinə görə, həmin ərəfədə redaksiyaya Nəriman Həsənzadə, Ələmdar Quluzadə, Qəzənfər Paşayev, Hüseyn Abbaszadə kimi böyük şairlər zəng vuraraq mənimlə maraqlanmışdılar. Mənə ən çox qayğı göstərən adamlardan biri də Fikrət Qoca olub. Haqqımda “Tanıdığım və sevdiyim şairə” adlı rəy də yazmışdı. Dəyərli alimimiz Qəzənfər Kazımova kitab vermişdim, şeirlərim haqqında “Kredo” qəzetində çox səmimi bir yazısı çıxmışdı. Xalq şairi Fikrət Sadiq isə “Payızın yanında gözlərsən məni” kitabım haqqında “Ədəbiyyat qəzeti”nə böyük bir məqalə çap etdirmişdi və s..”
Dostların elə bir tədbiri olmazdı ki, orada görünməsin. Hamıya doğması kimi yanaşırdı. Səmimi, insanpərvər, olduğu kimi görünməyi bacaran adam idi…
Bəli, bu gün sizə 2020-ci ildə vəfat edən şair, mərhum Fərqanə Mehdiyeva haqqında söhbət açmaq istəyirəm. O, 1964-cu ildə Salyan rayonunun Ərəbqardaşbəyli kəndində dünyaya gəlmişdi. Əvvəlcə Bakı Mədəni-maarif texnikumunun Rejissorluq fakültəsini fərqlənmə diplomu ilə, daha sonra N.Tusi adına Pedaqoji Universitetin Filologiya fakültəsini bitirmişdi…
“Atam məni orta məktəbdə oxuduğum illərində rayonun “Qələbə” qəzetinin “Kürün töhfəsi” ədəbi birliyinə aparırdı. Dərnəyə ədəbiyyat müəllimi, gözəl şeirlər müəllifi Cəfər müəllim rəhbərlik edirdi. Şeirlərim tezliklə həmin qəzetdə çap olunmağa başladı. Bir gün şair Zabil Pərviz “İstedad əsasdır” başlıqlı məqaləsi ilə məni oxuculara təqdim edib “uğurlu yol” yazdı. Dərnəyimizə Bakıdan tez-tez tanınmış yazarlar gəlirdi- Xəlil Rza, Ağacavad Əlizadə, Oqtay Rza. İlk şeirim 7-ci sinifdə oxuyarkən “Qələbə” qəzetində çap olunmuşdu. Xəlil Rza atama demişdi ki, bu qızdan gözəl şair çıxacaq. Onun bu sözləri mənim üçün bir stimul oldu. Və mən daha ürəklə yazmağa başladım. Düşünürdüm ki, hər gələn həftə keçən həftədəkindən daha yaxşı olmalıdır.
Tələbə vaxtı Musa Ələkbərlinin, Məmməd İsmayılın dərnəklərində iştirak etdim. Ötən əsrin 80-ci illərində radioda, “Bulaq” verilişində müntəzəm olaraq mənim şeirlərim səslənirdi. Bakı Mədəni Maarif Texnikumunda oxuyanda bir dəfə dəyərli alimimiz Qəzənfər Paşayev mənim bayatılar şeirimi bəyəndiyini söylədi. Ayaz Vəfalı da onunla idi və söylədi ki, bu şeir sabah “Ədəbiyyat qəzeti”ndə çap olunacaq. Səhəri gün qəzeti alıb həmin şeiri gördüm və çox sevindim. Bu hadisədən sonra şeirlərim müxtəlif ədəbi qəzet və jurnallarda mütəmadi çap olunmağa başladı. Ailə qurandan sonra yaradıcılıqdan bir az uzaqlaşdım. Bir müddət mətbuatdan uzaq oldum. Ədəbi mühitə yenidən “Pərvanə” ədəbi dərnəyinə qoşulandan sonra qarışdım. Ora gedib yeni şeirlərimi oxuyurdum, müzakirələr olurdu. “Ədalət” qəzeti dərnəyimiz üçün səhifə ayırmışdı, şeirlərimiz orda çap olunurdu. Mən lap orta məktəb, tələbəlik illərindən “Ədəbiyyat qəzeti”, “Azərbaycan”, “Ulduz” jurnallarını izləyirdim. Həmişə də arzu edirdim ki, mənim də şeirlərim bu qəzet və jurnallarda çap olunsun.”- söyləyirdi…
Fərqanə xanım yaradıcılığa erkən yaşlarından başlamışdı. 1981-ci ildən respublika mətbuatında, radio, televiziya verilişlərində vaxtaşırı çıxışlar edirdi. İlk kitabı 1999-cu ildə işıq üzü görmüşdü. “Çəkdiklərim mənə bəsdi” adlı bu kitabından sonra, onun “Deyirlər dünya şirindi”, “Payızın yanında gözlərsən məni”, “İkimiz darıxsaq” kitabları da nəşr olunub…
Bəli, bu dünyada Fərqanə Mehdiyeva adlı bir şair də var idi. Amansız ölüm onu aramızdan tez aparsa da, dostlarının, sevənlərinin qəlbində, şeirlərinin sətirlərində həmişə yaşayacaq. Yaşasaydı fevralın 19-da Fərqanə xanımın 60 yaşı tamam olacaqdı. Yəqin ki, əzizlərini, dostlarını ətrafına toplayıb, bu günü qeyd edəcəkdi…
Onun “Təndir” adlı məşhur şeirini sizə təqdim etməklə, Allahdan ruhuna rəhmət diləyirəm!..
“Keçib boğazımız gəlib kəndirə,
Dərdimiz bəllidir, dərman tapılmır.
Evin dalındakı qərib təndirə,
Gör neçə zamandır çörək yapılmır
Bu uzun-uzadı ömür yolunda,
Anamla qoşaca çalışıb təndir.
Ələ düşməyəndə kibrit əvəzi
Anamın içindən alışıb təndir.
Qaçanda ağlayan uşaq səsinə,
Əlindən birbəbir düşüb kündələr.
Beləcə böyüdüb anam bizləri,
Qəlbinin odunda bişib kündələr
Təndirin tüstüsü çıxanda başdan,
Anam gözlərindən su çiləyibdi.
Küt gedən kündəni ovutmaq üçün,
Ərkyana təndiri şillələyibdi.
Əyninə özgə don geyməyən anam,
Təndir tüstüsündən yüz don geyinib.
Başını bir kəsə əyməyən anam,
Təndirə çatanda min yol əyilib.
Doğma anasıtək sevib təndiri,
Könlünə şipşirin ovqat olubdu.
Anam getməyəndə təndirə yaxın,
Təndirin sinəsi çat-çat olubdu.
Kündələr üstündə qıvrılan əllər,
Bəs bu gün görəsən nələri anır?
Bir zaman təndirdə qovrulan əllər,
İndi ehtiyacdan alışıb-yanır.
Analar neyləsin, Allahın altda
Bir az da çoxalıb um-küsüləri.
Əriyən, azalan ömürləritək,
Azalır dam altda un kisələri
Təndir anam kimi doğmadır mənə,
Mən onu müqəddəs ocaq sanacam.
Gün gəlsə olmasa anam həyatda,
Gün gəlsə olmasa anam həyətdə
Mən yanıb, közərib təndirdən betər,
Qaçıb o təndiri qucaqlayacam.
Anam bölə bilər bir tikəsini,
Anam mərd önündə dizin qatlayar.
Damdan əskiltməyin un kisəsini,
Amanın günüdü, anamdan qabaq
Həyətdə təndirin bağrı çatlayar.”
Böyük etiramla, Elman Eldaroğlu
Share: