
Gənclərin Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almalarına dair 2024–2033-cü illər üçün Tədbirlər Plan hazırlanacaq.
-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində “Gənclərin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almalarına dair 2024–2033-cü illər üçün Tədbirlər Planı”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Fərmana əsasən, 2024–2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisəsinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna (bundan sonra – ali təhsil müəssisəsi) və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 (beş yüz) manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 (üç yüz) manat məbləğində birdəfəlik ödəmə təsis edilib. Nazirlər Kabinetinə isə 3 ay müddətində ödəmələrin verilməsi, vəsaitlərin hesablarda yerləşdirilməsi və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla həmin vəsaitlərin ödənilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.