Filmə gedən yol ədəbiyyatdan keçir – Aleksandr Sokurovun müsahibəsi

Kulis.az “Aleksandra”, “Günəş”, “Ata və oğul”, “Faust” kimi filmlərə rejissorluq etmiş Aleksandr Sokurovun 18 aprel 2008-ci ildə İstanbul Boğaziçi Universitetindəki məşğələ xarakterli müsahibəni təqdim edir.

– Filmlərinizə baxdığımız zaman rejissorla yanaşı rəssam cizgiləri, yazıçı nəqli ilə də qarşılaşırıq. Sizi filmə, görüntüylə nəql etmə sənətinə cəlb edən nə idi? Filmə necə başladınız?

– Əslində mənim sənətimin inkişafında, filmdən də əvvəl radio daha çox rol oynayıb. Radiodakı teatr əsərləri ilə çox yaxından maraqlanırdım. Təbii ki, ilk qaynağım ədəbiyyat və ədəbi əsərlər oldu. Əsasən də mənim böyüdüyüm zamanda və gəncliyimin ilk illərində Rusiya radiosunda teatr öz qızıl dövrünün yaşayırdı. Dostoyevski, Çexov, Tolstoy kimi ədəbiyyatçıların əsərləri radio teatrı şəklində yayımlanırdı. Mən də onları dinləyirdim. Qəribə bir etiraf olacaq amma mən filmlə həqiqi mənada çox gec tanış oldum. Öncədən mənim ürəyimə yatan teatr və ədəbi əsərlər idi. Film uzun müddət keçdikdən sonra mənim üçün ədəbiyyatda rəqib olmağa başladı.

İlk dəfə kinoya gedərkən böyük bir məcburiyyət və əziyyət çəkərək özümü fərqli bir şəraitdə hiss edirdim. Çünki rejissorun totalitar rəftarı ilə qarşı-qarşıya qalmışdım. Öz fikirlərini mənə diqtə etmək üçün şüuruma, duyğularıma və ağlıma təyziq etdiyini düşünürdüm.

Ədəbi əsəri oxuduğumuz zaman həmin əsəri xəyalımızda canlandırırıq və orda azadıq. Bir radio teatrını dinlədikdə yenə də xəyalımızda canlandıracaq çox şeylər olur. Həmin əsəri yazanın yazdıqlarına özümüz də müəyyən ölçüdə nələrsə qata bilirik. Halbuki filmə baxdığım zaman filmin mənə bir paket bağlaması kimi təqdim olunan məhsul olduğunu və “bunu belə alın” deyə bir məcburiyyət hiss etdim. Məhz bu səbəbdən mən kinonu dünyadakı bütün təhlükələrdən biri kimi dəyərləndirirəm. Çünki, kino bir görüntü məhsulu kimi təqdim olunur və burada tamaşaçının iradəsinin necəliyi meydana çıxır. Məsələn, bir rejissor filmində nasistləri müdafiə edib, sonra bunu razı salıcı bir qayda ilə tamaşaçısına diqtə edə bilər. Tutaq ki, bolşevik bir fikir irəli çıxarar və ya son dərəcə axmaq bir fikri doğruymuş kimi tamaşaçısına çatdıra bilər. Əslində isə bunları etmədən, söyləmədn tamaşaçının daxili dünyasındakı azadlığı tamaşaçının özü üçün saxlamaqdı. Bir kino rejissoru tamaşaçının iradəsini iflic edib, onu istəmədiyi istiqamətə sürükləyə bilər.

-Sovet dövründə filimləriniz qadağan olunmuşdu. Bəs özünüzü ənənəvi rus kinosundan ayrı hesab edirsiniz?

– Təbii ki, o dövrlərdə fərqli bir mövqeyim vardı. Hər insanın özünə uyğun düşüncə tərzi var. Eyni şəkildə hər insanın özünə məxsus xəyalları və gözləntiləri var. İnsan öz əsərlərini bu çərçivədə həll edir. O zaman mənim də duyğularım fərqli idi. Mən də həmin duyğuları hiss etdiyim kimi ifadə etdim. Bu səbəbdən də ümumilikdən ayrılan istiqamətim oldu.

Bir də ailəmdən söz açmaq istərdim. Mənim ailəmdə tanınmış, böyük sənət adamları olmayıb. Adi bir ailə içərisində mən öz yaradıcılığımı danışdırmaq məcburiyyətində idim. Bunu da edə bilmək üçün öz üsullarımı inkişaf etdirməliydim. Təbii ki, insan həyata keçirmək istədiklərini hər şeydən əvvəl öz düşüncələrini müdafiə etdiyi halda davam etdirə bilər. Burada da insanın özünü müdafiə mexanizmi meydana gəlir. Çünki fərqli rəhbərliklər məsələsi meydana çıxa bilər və bu rəhbərliklər sizin fikrinizlə razılaşmayıb, sizi əzmək istəyə bilər. Bunun üçün də mən öz müdafiə mexanizmimi inkişaf etdirmək məcburiyyətində idim. Bunu da heç kimdən kömək gözləmədən, öz iradəmin gücü ilə həyata keçirə bildim. Təbii ki, totalitar bir rejimdə yaşadığın zaman sənətlə məşğul olmaq çox çətindir. Lakin, mən öz müşahidələrimə əsaslanaraq onu deyə bilərəm ki, əgər bir rejim totalitar varlığını davam etdirmək istəyirsə, sənətin dəstəyinə bir mənalı şəkildə ehtiyacı var. Demokratik cəmiyyətlərlərdə sənətə qarşı dözümün olduğunu görürük. Fəqət elə cəmiyyətlərdə dözümlülüklə yanaşı sənətə qarşı qayğısızlıq daha amorf bir yaxınlaşma olur. İstər inanın, istər inanmayın amma totalitar rejimlər, öz sənət və mədəniyyətlərinin inkişafı üçün çox böyük qaynaqlardan istifadə etdilər.

Nə olursa, olsun təkbaşına silahlı bir müdafiə və ya üsyan siyasi bir problemin həlli üçün mübarizə üsulu ola bilməz. Çeçen gənclərinin həyatlarını fəda etmələri bir idealogiyanın və ya bir siyasi məsələnin haqlı çıxarılması üçün istifadə olunmamalıdı. Güc və məcburiyyətlə hər hansısa problemi həll etmək mümkün deyil. Burada əsl cinayətkar həmin gənclərin əlinə silah verən və böyük söhbətlər edən adamlardı.

Müharibələr başlandıqdan sonra insani dəyərlər də hər iki tərəf üçün məhv olunmağa başladı. Müharibənin üzərində çox dayanmaq lazım deyil. Çünki tərəflər müharibə edir, insanlar ölür amma müharibələr sonsuza qədər davam etmir. Burda əsas məsələ həmin silah yerə qoyulduqdan sonra nələrin olacağıdır. Bir-birinin boğazından yapışmış, bir-birinə atəş açmış insanların sonradan bir-birlərinin üzünə necə baxacağı, müharibədən sonra öz həyatlarını yenidən qura bilmələri çox vacibdi.

Biz də sənət adamları olaraq insanların sonrakı həyatlarına necə baxmaları lazımdır məsələsi ilə əlaqədar olmalıyıq. Sənət çox gözəl bir vasitədir. Amma bir məsələ var ki, sənət baş verən ixtilafın hər iki tərəfinə əyilmək məcburiyyətindədir. Meydana çıxmış sənət əsərlərinin insanların içərisində yığılmış, partlamağa hazır olan bəzi duyğuları yumşaltmağa, gərginlikləri azaltmağa xidmət etməlidir. İnsana bəzi pislikləri etdirən şeytan və ya təbiətdən üstün qüvvəllər deyil. Yaxşılıq kimi, pislik də insanın içərisində vardır. Burada əsas olan insanın içindəki pisliyi susdura bilməsidir. Bu səbəbdəndir ki, “Aleksandra” filmimdə yaşlı qadın silahların danışdığı nöqtəyə gedib çıxır və orada nələr baş verdiyini anlamağa çalışır. Önəmli olan başqalarının duyğularını anlaya bilmək, hörmət etmək hissini inkişaf etdirməkir. Əgər qarşınızdakının hiss etdiklərini anlamasanız, iki tərəf bir-birinin nə düşündüyünü bilməsə, o zaman ən azından bir tərəf əlinə bıçaq alıb özünü qorumaq məqsədi ilə hücuma keçə bilər. Bu barədə nəyə görə bu qədər uzun-uzadı danışdım? Çünki kino sənəti dedikdə insan açıq və səmimi olmalıdı.

-Sizin filmlərinizdə formaya ciddi mənada müdaxilə etdiyinizi görürük. Tək plan çəkir, filtrlər istifadə edir,görünüşü pozursunuz. Formanı deform edərək və formaya bu cür müdaxilə edərək tamaşaçıya söyləmək istədiyiniz şey maraqlıdır.

Həm də siz daima “Tarkovskyun varisi” şəklində xatırlanırsınız,bununla əlaqədar nə söyləmək istəyərsiniz?

– Tarkovskinin varisi olmaq məsələsi ilə başlamaq istəyirəm. O, özü “biz bir-birimizdən çox fərqliyik” deyirdi. Ancaq o, məndən böyükdür, təcrübəlidir. Və müəyyən formada onun başladığı mübarizəni başqaları davam etdirməlidir. Yəni bir xəttin davamı olanlar olacaq, olması lazımdır. Bu mənim üçün bir qürurdur. Amma mən də Tarkovski ilə eyni qənayətdəyəm, biz fərqliyik, insanlar bir-birindən fərqlidilər. Təbii ki, ikimiz də rus ədəbiyyatının toxumundan böyümüş bir ağacın, eyni budağıyıq. Bunun əsasında rus mədəniyyəti dayanır. Formayla əlaqədar olaraq, hər rejissorun özünə məxsus çox fərqli tərzi var və hər kəsin bir- birindən öyrənəcək çox şeyləri var.

Bir rejissor üçün isə üç önəmli ünsür vardır. Bunlardan birincisi təbii ssenari, ikincisi operator, üçüncüsü isə işıq mühəndisləridi. Burada önəmli olan bizə optiki yaradanlar, işığın sınmasını tapıb onu işlənməli hala gətirənlərdi. Kinonu kino edən bu əsas ünsürlər olmadıqdan sonra rejissor özü tək halda acizanə bir insandır.

-Filmlərinizdə ailəyə çox önəm verdiyiniz görürük. “Ata və oğul”, “Ana və oğul”, “Aleksandra” kimi filmlərinizdə də ailəylə bağlı bəzi metaforlar görünür. Bunların öz keçmişinizlə bir əlaqəsi var?

-Bilirsinizmi, məsələnin əsas kökü sevgidədir. Sevgi çox olanda insan da öz sevgisini göstərmək istəyir. Bunu “Ana və oğul”, “Baba və oğul” filmlərimdə görmüsünüz. Burada əsas olan insanın içindən gələn sevgini bir vasitəylə canlandırmaqdır. Əslində bu çox önəmli bir hadisədi. Mədəniyyətimizin bir parçasıdı. Fikir vermisinizsə, rus mədəniyyətində ana oğlunu çox böyük şəfqətlə bəsləyir, eyni şəkildə ata da qızına çox bağlı olur. Zaman keçdikcə uşaqlar üçün sevginin özü artıq bir təyziq formasını alır. Mən filmlərimdə məhz bu məsələnin bir hissəsini göstərməyə çalışmışam.

Çox vaxt qafqazlı dostlarla bir yerə yığışanda onlara da eyni sözləri demişəm. Hamımız yaxşı bilirik ki, qafqazlılar cəsur insanlardılar. Döyüşürlər, canlarnı fəda edirlər. Lakin digər tərəfdən vacib olan isə bu insanların bir-birlərini necə sevmələridi. Bunu dəqiq bilsək, o zaman həmin insanları bizdə sevə bilərik. Məsələnin əsas qayəsi budur ki, sevgini görmək sevmək üçün bir vasitədir. İnsanları sevməyin özü, insanın öz sevgisini görə bilməsidir. Yoxsa, çox yaxşı döyüşçünü böyük qəhrəman olduğu və yaxud da nə qədər adam öldürüb, kəsdiyi üçün sevmirik.

Bunun çox nümunəsi var. “Romeo və Culiyyeta” filmini seyr etdik və heyran olduq. Artıq italyanlar nə edirlərsə, etsinlər vacib deyil, biz onları sevdik. Çünki oradakı sevgini gördük.

-Həm uzun, həm də qısa metrajlı sənədli filmlər çəkmiş rejissorsunuz. Filmlə, sənədli filmin fərqini və əhəmyyətini necə dəyərləndirərdiniz? Bir də filmlərinizdə daima fısıltılar, səssiz danışıqlar duyulur. Bunların filmlə əlaqəsi haqqında nə deyə bilərsiniz?

-Sənədli filmdə kinonun digər sahəsidi. Burada vacib olan bir həqiqətin ifadə gücünü ortaya qoymaq, insani simaları anlada bilmək, bunlarla bir bütövlük yaratmaqdır. Kinonun mütləq həqiqəti göstərmək kimi bir qayğısı olmaya da bilər. Kinonun əsas missiyası bu deyil.

Biz sənədli film çəkdiyimiz zaman çox sıx şəkildə musiqi istifadə edirik. Musiqi istədiklərimizi izah etmk üçün çox vacib bir vasitədi. Böyük ölçüdə işıq və optik qurğulardan istifadə edirik. Çünki vacib olan insanın coşqusunu və həyəcanını hərəkətə gətirməkdi. Bunları edə bilmək üçün də əsas vasitələrimiz səs və işıqdı. Bu zaman insanları istədiyimiz fikrə, qayəyə çatdırmaq, onları yola gətirmək üçün əziyyət çəkməyimiz lazım gəlir.

Və bu nöqtəqə ədəbiyyatçının üstünlüyü ön plana çıxır. Yazıçı əlinə qələmi alır, fikirlərini, duyğularını izah edir, amma bəlli bir yerə gəlib çıxdıqda, üç nöqtə qoya bilir. Ardını isə artıq oxucunun xəyal gücünə buraxır. Ancaq biz kameranı əlimizə alıb çəkməyə başladığımızda günəşin doğuşunu, batışını, insanların ağlamağını və gülüşünü göstəririk. Beyinlərdə yaranacaq olan hər şeyi sonuna qədər biz təlqin etməli oluruq. Berqmanın bir sözü var “Söylənən sözü tamamalaya bilməmək”. Təbii ki, Berqman gözəl yazıçıdı və gözəl əsərləri var. Nəticə etibarı ilə bunu deyə bilərəm ki, ədəbiyyatsız heç nəyə nail olmaq mümkün deyil. Filmə gedən yol, mütləq şəkildə ədəbiyyatdan keçir.

-“Aleksandra” filmində Aleksandra obrazını rus operasının əfsanəvi sopranası Qalina Vişnevskaya canlandırdı. Bir opera sənətçisi necə oldu ki, öz rolunun öhdəsindən bu qədər təbii və qüsursuz formada gəldi?

-Bunun cavabı çox sadədi. Qalina Vişnevskaya əslində teatr aktrisasıdı. Uğurun səbəbi də burdan qaynaqlanır. Hər cür yükü çiyinlərinə ala biləcək vəziyyətdədir.

-Xüsusilə ailə məsələsində nə qədər həssas, sevgi dolu olduğunuz bir az əvvəl qeyd etdiniz. Bəzi tənqidçilər “Ata və oğul” filmində ata ilə oğul arasındakı inanılmaz gözəllikdə olan səmimiyyətin və sevginin homoerotik olduğunu dedilər. Bunları eşitdiyinizdə nələr hiss etdiniz, reaksiyanız necə oldu?

-Əslində bu tənqidlər “Ana və oğul” filmi üçün də edildi. Ana və oğul arasında insest əlaqəni xatırladır kimi fikirlər də səsləndi. Ancaq burda əsas olan şey insanların nəzakəti, şəfqəti hiss edə bilməsidir. Açar söz “şəfqət”di. Türkcə də bu söz çox gözəl səslənir. Biz insanları sevirik, ancaq onları itirdiyimizdə nə qədər böyük itkiyə məruz qaldığımız anlayırıq. O zaman içimizdə nə qədər böyük şəfqət bəslədiyimizin fərqinə varırıq. Burada isə önəmli olan şəfqətin ifadə edilib, edilməməsidi.

-Sovetlər Birliyi zamanında bir çox sahədə senzura tətbiq olunduğunu bilirik. Ancaq hal-hazırda da demokratik təşkilatların olmadığı Rusiyada rəsmi olmasa da sənət əsərlərinə bir müdaxilə olduğu deyilir. Bu barədə nə isə söyləmək istəyərsiniz?

-Kommunist rejim yıxıldıqdan sonra, hər hansısa əsərim surətli senzuraya uğramadı. Ən azı bu sahədə mənim bildiyim, eşitdiyim bir senzura tətbiqi yoxdur. Lakin təəssüf ki, müasir Rusiyada kütləvi informasiya vasitələri üzərindəki nəzarət mexanizmi varlığını davam etdirir. Məhz bu istiqamətdə də ölkəmin gələcəyi mövzusunda son dərəcə qayğılıyam.

-Ədəbiyyat sahəsində üzərində işlədiyiniz bir əsər varmı? Varsa, nə haqdadır?

-Təəssüf ki, yoxdur. Kaş ki, olsa mən də ədəbiyyatla əlaqəli bir işlər görə bilsəm deyə fikirləşirəm. Amma ədəbiyyat sahəsində görə biləcəyim tək iş kinonun bir sahəsi olan ssenarimin, sənədli filmlərimin bəlli bölümlərinin qələmə alınmasıdı. Ancaq bilmək olmaz bir də görərsiniz ki, məni Rusiyadan qovdular gəlib Türkiyədə yaşadım. Əminəm ki, burda çox gözəl romanlar yazaram.

-Bayaqları girişdə sənətin insanın özündəki pisliyə qarşı təskinlik verən missiya olduğu haqqında bəzi fikirlər səsləndirdiniz… Sonra isə sevgi və başqalarına anlayış göstərmək barədə fikirlərlə söhbəti davam etdirdiniz. Bu mövzuya nələrsə əlavə etmək istərdiniz?

-Daha az film izləyib, daha çox kitab oxuyun deyirəm.

-Dostoyevskinin bir əsərində belə bir fikir var: “Bizim rus ziyalısının səhvi xalqa çox şey öyrətməyə çalşımaq istəməsidir. Ancaq bir məsələ var ki, ziyalının xalqdan öyrənəcəyi çox şeylər var”. Bu fikirlə razısınızmı?

-Bu bir sənətkarın çox dəqiq olaraq təyin edib ortaya qoyduğu mövzudu. Buna qarşı söyləyəcək çox sözümüz yoxdur. Burada əsl olan həqiqətdir.

Gerçək isə şəxslə,adamla əlaqədardır və bəzən fərdlərin fikirləri , qənaətləri çox böyük kütlələrin qənaətindən fərqli ola bilər. Rusiya tarixində eləcə də Türkiyənin tarixində də bunu görərsiniz, Avropada da çox nümunələri var. Bəzi insanlar bir şeylər söyləmişdir amma geniş kütlələr buna qarşı çıxmışdır, insanlar yandırılmışdır. Rusiya nümunəsində fərqli söz söyləyənlər həbsə atılmışdır. Amma gerçək təkdir və gerçək çox vaxt fərdi insanlarda yaşayır. Dostoyevski əsərlərində, mütləq həqiqətin qaynağı olaraq həmişə xalqı göstərməyə çalışıb. Amma özü hər zaman bunun əksinə hərəkət etmişdir. Hər şeydən əvvəl, öz fərdi fikirlərini ön plana çıxarmışdır və öz xalqını xarakterizə edərkən də “geri dönülməz”, “qorxunc böyüklükdə” kimi ağır ifadələr işlədib. Bu zaman isə özü çox böyük yazıçı olmuş, rus xalqı isə yenə yaşadığı çuxurda yaşamağa davam etmişdir.

Tərcümə: Samirə Əşrəf

Share: