Min şükür
Tanrım, dərgahına duam çatırmı?
Bu gələn yazı da gördüm, min şükür!
Hər səhər ruhumu şehli nərgizin,
Bəyaz ləçəyinə sərdim, min şükür!
.
Gecə göy üzünə gözümü dikdim,
Sən təksən, biz çoxuq, dərdini çəkdim.
Sevgimlə adına bir saray tikdim,
Daş- daş, kərpic- kərpic hördüm, min şükür!
.
Bilmək olmur kimin kimədi ərki,
Varlığın hər kəsə möcüzə, sirr ki.
Tək güllər, ağaclar çiçəkləmir ki,
Bu yaz çiçəklədi dərdim, min şükür!
.
Sübh çağı gözümə baxıb gülə dan,
Günəşin məcməyi, hanı belə dan?
Sən məni qorudun neçə bəladan,
Xan kimi bir ömür sürdüm, min şükür!
04. 04. 2026.
Neyləsin
Dağ var ki, zirvəsi dağlara təndi,
Dağ da var görünmür, dumandı, çəndi.
Ömrü çayacandı, dənizəcəndi,
Dərədə çağlayan sellər neyləsin?
.
Sevgi dərə keçə, gərək dağ aşa,
Əzəldən yox dedim cəngə, savaşa.
Edam kötüyündə kəsilən başa,
Fərman verən varsa, əllər neyləsin?
.
Ağrıdı, acıdı üzümə duran,
Eniş yox, yoxuşdu gözümə duran.
Payız soldurandı, qış da donduran,
Vədəsiz açılan güllər neyləsin?
.
Səni tərpətməsə qəlbin harayı,
Dağılar, sökülər ömrün sarayı.
Boşuna keçirtsən hər günü, ayı,
İlləri qınama, illər neyləsin?
.
Biri şəkəriydi, biri balıydı,
Biri dil- dil ötən, biri lalıydı.
Hərəsi bir ocaq qalamalıydı,
Qızları qarıyan ellər neyləsin?
26. 03. 2026.
Səksən beşin hədiyyəsi
Görkəmli yazıçı Yaşar Rzayevə
Bir ömür yaşadın çoxuna örnək,
Mübarək deyirəm səksən beşinə.
Kaş kəsə biləydik sənnən duz- çörək,
.Qarışa biləydik tale işinə.
.
Doğmalar görübdü hər diqqətimi,
Dostlarım dəribdi könül barımı.
Sınağa çəkəydin sədaqətimi,
.Görəydin dar gündə etibarımı.
.
Nə çox bu dünyada şeytana uyan,
Tanrım, özün qoru gözdən adamı.
Kimdi vəzifənin günahın yuyan?
Uzaq salmağı var sözdən adamı.
.
Sıxılanda haray qoparmısanmı?
Dərdi çox, dağ yükün götürənlərin.
Görəsən hesabın aparmısanmı?
Qədirbilənlərlə itirənlərin.
.
Hanı əvvəlki tək həvəsin, tabın?
Dünya qazancında, dünya nəfində.
Bir vaxt yazmadığın neçə kitabın,
Yeri boş qalıbdı kitab rəfində.
.
Qoy gülsün üzünə hər gələn bahar,
Qarşıla dövlətin gəlhagəlini.
Sənə səksən beşin hədiyyəsi var,
Saxlama havada bir dost əlini.
04. 04. 2026.



















