Ermənilər Qarabağı əsasən bu 2 səbəbdən tərk etdilər – reinteqrasiyaya mane olmasaydılar…

Faiq Balabəyli: “Ermənilərin Qarabağı tərk etməsinin səbəblərindən biri onların içində kök salan etnik dözümsüzlük, digəri isə Ermənistanın ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına mane olması amili idi…”

Qarabağdan ermənilərin öz xoşlarına Ermənistana miqrasiya etməsinə bəzi beynəlxalq təşkilatlar tamam başqa cür don geydirməyə çalışırlar. Son günlər bəzi beynəlxalq təşkilatlar hədsiz dərəcədə qərəzli olan “səbəb” icad ediblər ki, guya Azərbaycan  onları təqib etdiyi üçün Qarabağdan köçüb gediblər. 

imgTəbii ki, beynəlxalq təşkilatların bu iddiası qəbuledilməzdir və səbəb qətiyyən onların burada hansısa təqibə məruz qalması deyil. Azərbaycan, ümumiyyətlə, ermənilərə qarşı belə bir niyyətdə olmayıb, yeganə niyyəti ermənilərin reinteqrasiyasını həyata keçirmək olub ki, bu istiqamətdə səylərini davam etdirib. Beynəlxalq qurumun reallıqdan uzaq iddialarını təhlil edərkən onların açıq qərəzi hiss olunur. Biz də Qarabağdan gedən ermənilərin bu addımının səbəblərini analiz etmişik və kiçik araşdırma zamanı iki əsas faktor diqqətimizi cəlb etdi.

Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin köçmə səbəblərinə dair səslənən iddialar əsassız və böhtan xarakterlidir. Ermənilərin Qarabağdan köçməsinin birinci səbəbi  onlara təbliğ edilən  etnik dözümsüzlük olub. İkinci səbəb isə Ermənistanın ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına mane olmaq cəhdidir. Ermənistan və məhv edən xunta rejimi heç bir vaxt istəməyib ki, ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya olunsun. Çünki onların kütləvi reinteqrasiyası Ermənistanın çirkin planlarının suya düşməsi, 30 il apardıqları etnik nifrət kampaniyasının bir andaca dağılması demək idi.

Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Prezidenti də dedi ki, onların buradan getməsinin səbəbkarı separatçı xuntanın “rəhbərləri” olub. Yəni xuntanın “rəhbərləri” onları getməyə sövq ediblər: həm Ermənistanın, həm də xuntanın təbliğ etdiyi və  onların qanına yeritdiyi etnik dözümsüzlük nəticəsində, eləcə də onların inteqrasiya səylərinə mane olduqlarına görə gediblər. Burada başqa yozuma, izaha ehtiyac yoxdur.

  • “Buna başqa rəng vermək reallıqdan uzaqdır və birmənalı şəkildə qərəzli yanaşmadır”

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Qarabağda yaşayan ermənilərdə çox ciddi etnik dözümsüzlük formalaşdırılımışdı və onlar bunu hər zaman büruzə verirdilər. Xüsusən də “Azadlıq Radiosu”, BBC kimi beynəlxalq media institutlarının onlardan hazırladıqları filmlərdə, reportajlarda ermənilər separatçı xuntanın təsiri altında Azərbaycan xalqına nifrət püskürürdülər. Sadə ermənilərin özlərinə qalsaydı onların reinteqrasiya olunmağa, bizimlə birgə dinc şəkildə yaşamağa hazır olduqlarını deyən F.Balabəyli qeyd etdi ki, amma Ermənistan, xunta və xaricdəki diaspor təşkilatları və bəzi beynəlxalq qurumların rəhbərliyi ermənilərin bu istəklərinə ciddi mane oldular.

“Bildiyimiz kimi, beynəlxalq təşkilatların çoxu Azərbaycan və Türk dünyasına qarşı qərəzli mövqe sərgiləyir. Ermənistan adı ilə dünya xəritəsinə pərçim edilən ərazidə yaşayan toplumdan və Qarabağdan gedən ermənilərdən də  elə bu mövqe üçun istifadə edilir. Onlar uzun illər Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmağa çalışdılar, amma cəhdləri alınmadı. Beynəlxalq təşkilatlar da, müxtəlif məqsədlərə xidmət edən “yardım fondları” da, diaspor da, Ermənistan da, Fransa da çalışdı ki, ermənilər Qarabağda qalıb yaşasınlar və Azərbaycan ərazisində onlara dövlət yaratsınlar. Lakin bunların heç biri baş tutmadıqda başladılar məlum “blokada”, “aclıq” şousunu ortaya atmağa, bu da baş tutmadı. Azərbaycan öz ərazilərində suverenliyini bərpa etdi. Təbii, bu da antiazərbaycan qüvvələrinin ciddi narahatlığına səbəb oldu. Azərbaycanın qələbələrindən qıcıqlandıqları üçün qara piar kampaniyası aparmağa başladılar. Azərbaycanın qələbəsi onların bütün planlarının üstündən qara bir xətt çəkdi. Bu vəziyyətdə onlar ermənilərin Qarabağdan köçüb getməsi planını işə saldı ki,  bundan  Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etsinlər.

Ermənilərin Azərbaycan ərazisindən könüllü köçməsindən indi onlar çirkin məqsədlər üçün istifadə edirlər. Faktiki olaraq, ermənilərin Qarabağı tərk etməsinin səbəblərindən biri onların içində kök salan etnik dözümsüzlük, digəri isə  Ermənistanın ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına mane olması amili idi ki, nəticədə onların çox hissəsi könüllü miqrasiya etdi. Bu amil daha realdır bə vəziyyəti tamamilə əks etdirir”-deyə F. Balabəyli qeyd etdi.

Bu gün Qərbin, xüsusən də Fransanın, bəzi beynəlxalq qurumların Qarabağdan miqrasiya etmiş ermənilərdən Azərbaycana qarşı istifadə etmək cəhdləri qərəzdən, ikili standartlardan başqa bir şey deyil. Onlar dərk etməlidirlər ki, ermənilərin Qarabağdan köçüb getməsinin Azərbaycanla heç bir əlaqəsi yoxdur. F. Balabəyli hesab edir ki, ermənilərin Qarabağdan köçürülmə planı əvvəlcədən Paşinyan-Makron cütlüyü tərəfindən hazırlanırmış. “Fikrimcə, bu plan çoxdan hazırlanıbmış. Qarabağda yaşayan erməniləri uzun illər etnik nifrət, dözümsüzlük ideologiyası təsiri altında saxlayan xunta da göstərişi havadarlarından alırdı. Çox təəssüf ki, xunta da, Ermənistan da, onların xarici havadarları da erməni toplumuna sərbəst seçim imkanı vermədilər, onların düşüncəsinə birbaşa təsir etdilər ki, siz reinteqrasiya edə bilməzsiniz. Bu reinteqrasiyasının qarşısını alanlar Qarabağdan gedən ermənilərin gələcəyini əllərindən aldılar. Təsəvvür edin ki, onlar Azərbaycan cəmiyyətinə reinteqrasiya edilsəydilər tez bir zamanda inkişaf edəcəkdilər və bu corabı 30-35 il onların başına kimlərin hördüyünü biləcəkdilər. Bu da Ermənistana qətiyyən sərf etmirdi”-deyə F. Balabəyli vurğuladı.

F. Balabəyli qeyd etdi ki, onlara etnik dözümsüzlük həddən artıq çox təlqin edilib, nəticədə də onlar çıxıb gediblər. Ermənistanın reinteqrasiya  səylərinə mane olması onların Qarabağdan çıxıb getməsinə səbəb olub:”Yəni buna başqa rəng vermək reallıqdan uzaqdır və birmənalı şəkildə qərəzli yanaşmadır. Faktlar ortadadır” – deyə müsahibimiz vurğuladı.

İradə SARIYEVA

Bakı Xəbər

Share: