“Bu “silah” intellektdir, iqtisadi gücdür, düşməni əsəbiləşdirən, qıcıqlandıran, iflic edən zərif diplomatiyadır, “Qarabağ Azərbaycandır!”
“İdmanda siyasətə yer yoxdur” deyirlər. Amma etiraf etmək lazımdır ki, idman həm də siyasətdir. Yaxşı, gəlin daha incə ifadə tapaq – idman diplomatiyadır. Zərif diplomatiya. Amma qıcıqlandırıcı, əsəbiləşdirici, bəzən də öldürücü diplomatiya. Bu “zərif diplomatiya” siyasət meydanındakı kobud, qaba ikili standartları elə əzir, elə əzir ki…
Və məlum olur ki, “Qarabağ” həm də çox güclü “silah”dır. Düşməni qıcıqlandıran, əsəbiləşdirən “silah”. Lüksemburqda baş verənlər bunun sübutu idi. “Qarabağ”ın avrokuboklarda çıxış etməsi ermənilərin külli miqdarda vəsait hesabına apardıqları təbliğatı “qısır” edir. Neçə illərdir ki, Londonda, Monakoda, Sent-Etyendə, Dortmundda, Madriddə, nə bilim, Finlandiyada, Kiprdə, Polşada, Hollandiyada Azərbaycan klubu “Qarabağ” meydana çıxır. Həm də Avropaya “Qarabağ Azərbaycandır!” mesajını verir.
Düşmən belə “silah”dan, ilan vuran ala çatıdan qorxurmuş kimi qorxur. Bəli, idmanda siyasətə yer yoxdur. Lakin idman həm də diplomatiyadır. Zərif, incə, amma qıcıqlandırıcı, bəzən də öldürücü diplomatiya. Amma baxır, bu incə “silah”dan kim necə yararlanır.
Bakıda Avropa Liqasının final oyunu keçiriləndə də ermənilər qıcıqlanmışdılar. Çünki, Avropa Liqasının final qarşılaşması olduqca böyük masştablı oyundur. Belə oyun hər ölkəyə, hər şəhərə həvalə edilməz. Bunun üçün infrastrukturun, iqtisadi qüdrətin olmalıdır. Erməniləri qıcıqlandıran elə bu idi. Avropa Liqasının finalı Bakıda keçirilirsə, deməli, Azərbaycanın iqtisadi qüdrətinə şəkk edə bilməzsən. Şəkk edə bilməyəndə də, təxribata əl atmaqdan başqa çarə qalmır. Zəiflərin, çarəsizlərin tutduğu yol. Həmin vaxt “Arsenal”ın futbolçusu Henrik Mxitaryanı “qurban” seçdilər. Çirkin siyasəti idmana elə qarışdırdılar ki, “Arsenal” Bakıda futbol da oynaya bilmədi. Ekspertlər o zaman deyirdilər ki, London nəhəngi bu təxribata qul olan Mxitaryanı bağışlamayacaq. Bağışlamadı da. İndi o erməni “Arsenal”da deyil.
Lüksemburqda da eyni ssenari idi. Avropanın mərkəzində “Qarabağ” oynayır və qalib gəlir. Azərbaycanın olan “Qarabağ”. Buna isə bütün Avropa şahidlik edir. Düşmən qıcıqlanmasın, əsəbiləşməsin, quduzlaşmasın, neyləsin? Amma əsəbilik, qıcıq, quduzluq şəxsin özünə ziyan gətirər. Məşhur türk atalar sözündə deyildiyi kimi, öfkəylə qalxan zərərlə oturar. Lüksemburqdakı təxribatdan da qazanan Azərbaycan, itirən ermənilər oldu. Bu, həm Lüksemburqa, UEFA-ya, bu təşkilatın ideya və prinsiplərinə, deməli, həm də quruma üzv olan ölkələrə qarşı yönələn təxribat idi.
Və məlum oldu ki, “Qarabağ” həm də çox güclü “silah”dır. Düşməni qıcıqlandıran, əsəbiləşdirən “silah”. Bu, elə bir “silah”dır ki, zərərsizləşdirmək mümkün deyil. Belə “silah”lardan çox istehsal etmək lazım. Voleybolda, həndbolda da olmalıdır belə “silah”dan. Şahmat komandanız klublararası beynəlxalq turnirlərdə “Qarabağ Azərbaycan” adı altında çıxış etməlidir.
Bu “silah” intellektdir, iqtisadi gücdür, düşməni əsəbiləşdirən, qıcıqlandıran, iflic edən zərif diplomatiyadır, “Qarabağ Azərbaycandır!” Yazıq düşmən!
Natiq MUXTARLI