Elnur NƏHMƏDin “MÜHARİBƏ GÜNDƏLİYİ”

IV hissə

Müəllimimin yadigarı

“İndi hər il Mirzağa müəllimin qəbri üzərində onun ruhundan kömək istəyirəm. Ondan qüvvə alıram.

İndi sinifdə istedadlı uşaqlara Mirzağa müəllim kimi yanaşmağa çalışıram”

09 iyul 2021-ci il yazımdan

Bir 1 nəfər şəkili ola bilər

****
Müharibənin 11-ci günü qonşu Ocaqlı kəndindən olan Baş leytenant Firuz Mehdiyev müəllim yaralandı. Onu Lənkəran xəstəxanasına gətirdilər. Cəlil müəllim, Araz müəllim, Mirbağır və mən Lənkərana getdik.
Müəllimi görəndə müharibənin dəhşətlərinə bir daha şahid olduq.
Firuz müəllim palatanın qaranlıq bir küncündə sayıqlayırdı: Əsgərlər, irəli. Qarabağ bizimdir! Biz qalib gəldik! Müəllimin başı sarıqlı idi. Gözləri tutulmuşdu. Aldığı yaraların ağrısından qıvrılsa da, bütün varlığıyla özünü yenə də döyüş meydanında hiss edirdi.
Yol boyu Cəlil müəllimin keçirdiyi hissləri təsvir etməyə gücüm çatmır.
BDU-da birlikdə təhsil aldığı, ali təhsildən sonra zabit rütbəsinədək birlikdə ucaldığı, illərin dostunu – Firuz müəllimi o vəziyyətdə görmək ona pis təsir etmişdi.
***
Səhəri gün Cəlil müəllimi komissarlığın həyətindən cəbhəyə yola saldıq.
Müəllim iki gündən sonra Füzulidə bölük komandiri kimi döyüşlərə atıldı.
****
Rəhmətlik Mirzağa müəllim – Cəlil müəllimin atası orta məktəbdə oxuduğum illərdə məni daim diqqətdə saxlamışdı. Elə gün olmazdı ki, ali məktəbə hazırlaşmağımla maraqlanmasın.
Mirzağa müəllim dünyasını dəyişəndə hərbi xidmətdəydim. Qayıtdıqdan sonra onun yoxluğunu hiss etdirməyən bir qüvvə vardı – Cəlil müəllim.
Cəlil müəllim universitetə hazırlaşmağıma, ixtisas seçimi etməyimə yardım etdi, Mirzağa müəllimin davamçısı kimi həmişə məni qorudu.
***
İndi nəinki kəndimizdə, hətta bütün rayonda yüzlərlə müəllim, hüquqşünas, həkim, mühəndis kimi ixtisasa sahib olan keçmiş şagirdlərin ali məktəblərə qəbul olub təhsil almasında misilsiz xidmətləri olan müəllimlərimizin həyatda qalmasına, müharibədən sağ – salamat qayıtmasına sevinməyə bilmərik.
***
Cəlil müəllim cəbhədən qayıtdıqdan sonra yeddi gün həyətlərində məclis qurdurdu. Gözaydınlığına gələnlər üçün süfrə açdı. Zarafatla “Təsəvvür edin ki, ölmüşəm, beləcə yığışacaqdınız”, – dedi.
***
Hərdən mənə elə gəlir ki, Mirzağa müəllimin ruhu Cəlil müəllimi döyüş meydanlarında belə bizim üçün qoruyub saxladı. Çünki müəllim təhsilimizin bayraqdarıdır. Çünki Cəlil müəllim Mirzağa müəllimin kəndimizdəki yadigarıdır.
Share: