Əli Niyaz: Üzünə tutduğun andı, amanı Tövbə qarşılamaz, fələk götürməz

Əli Niyaz: Üzünə tutduğun andı, amanı Tövbə qarşılamaz, fələk götürməz

Götürməz

Girib bulandırma qəlbi bu qədər
Böyrək təmizləməz, ürək götürməz.
Sən elə aşırsan haqq dərgahını
Salam bağışlamaz, çörək götürməz.
.
Gecələr hiyləylə açıb sabahı,
Tikmə yollarında bunca günahı.
Çalıb-oynatdığın naləni, ahı
Yaradan xoşlamaz, mələk götürməz.
.
Divə bənzəyirsən, ağı qapmısan,
Ayrılıb özündən çoxdan qopmusan.
Millətin canına elə hopmusan
Leysan durulamaz, külək götürməz.
.
Sovurub külləri elə başına
Dartınıb gəlmisən tələ başına.
Dünyanı yıxmısan elə başına
Ləngər nizamlamaz, dirək götürməz.
.
Çevirib fürsətə acı yamanı,
Xeyrinə fırlatdın çürük zamanı.
Üzünə tutduğun andı, amanı
Tövbə qarşılamaz, fələk götürməz.

Gör

Düş altına oyuğundan torpağın
Orda keşiş, orda şaman, budda gör.
Ətir saçan, gül qoxuyan cənnəti,
Cəhənnəmi daim yanar odda gör.
.
Yaxşılara o dünyada şaqqa yox,
Dar ağacı, edam yeri, hoqqa yox.
Nahaq deyən əzəl gündən haqqa yox,
Ədaləti yaxşı saxla yadda, gör.
.
Haqqı ara, and yerini soraqla,
Gecə-gündüz əlindəki çıraqla.
Götür yeri kitab kimi vərəqlə
O üzünü bu üzünə qatla, gör.

Üçün

Nə ömür dilərəm, nə biçimli gün,
İki göz istərəm ağlamaq üçün.
Sənə tapşırıram sayıb üçəcən
Donuq gözlərimi bağlamaq üçün.
.
Göydən qırıq düşdü yerinə boyum,
Tükəndi, qəlbimdə qalmadı duyum.
Ümid ver qatlayım cibimə qoyum,
Qara günlərimə saxlamaq üçün.
.
Xeyirə, tamaha, sərvətə gedib,
Ya da baş döndərən şöhrətə gedib,
Qoy mənə desinlər qürbətə gedib
Vətən sevgisini yoxlamaq üçün.
Cəlilabad
Share: